Məhkəmə qərarları › İş №1(004)-251/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-251/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-251/2023 05.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Əİi oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əİi oğlu Bakı şəhəri, Nəsimi rayonu inzibati ərazisində yerləşən “Kubinka” adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,985 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata əldə edib üzərində saxlamaqla daşımış, 09 dekabr 2022-ci il tarixdə saat 22:30 dəqiqədə Bakı şəhər Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı 0,985 qram olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Əİi oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, oğurluq etdiyinə görə əvvəllər bir neçə dəfə məhkum olunmuşdur, sonuncu dəfə 2006-cı ildə azadlığa buraxılmışdır. Həmin tarixdən etibarən taksi fəaliyyəti ilə məşğul olub özünü dolandırır. Mahiyyəti üzə deyə bilər ki, son zamanlar narkotik vasitə və psixotrop maddələr qəbul etməyə başlamış, hətta bu şəbədən işlədiyi taksi fəaliyyəti ilə də arabir məşğul olur, hazırda narkotik vasitə və psixotrop maddə qəbul etdiyi üçün işsizdir. Narkotik vasitə və psixotrop maddə qəbul etmək onda asılılıq yaratdığından həmin maddələri qəbul etməyəndə dözülməz ağrıları olur. 09 dekabr 2022-ci il tarixdə təxminən saat 22:30 radələrində piyada olaraq yaşadığı ünvan 2 ünvanının qarşısında olan zaman ona mülki geyimdə olan iki nəfər polis əməkdaşı yaxınlaşaraq polis vəsiqələrini göstərib üzərində narkotik vasitə və ya psixotrop maddələri gəzdirməkdə şübhəli olduğunu bildirmişdirlər. Onu Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişdirlər. Bölmənin xidməti otağlarının birində ona təqdim edilmiş vəkil Müdafiəçi iştirakı ilə razılığı əsasında videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə aparmışlar. Şəxsi axtarış və götürmə zamanı əynindəki qara rənli şalvarının sol yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə heroin zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi o, və baxışda iştirak edən digər şəxslər öz imzaları ilə təsdiq etmişlər. Daha sonra isə üzərindən aşkar edilmiş maddə növünün və çəkisinin müəyyən etmək məqsədi ilə ekspertizaya göndərilmişdir. Şəxsi axtarış zamanı o, özünü müdafiə etmək üçün bildirmişdir ki, 09 dekabr 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı evdə yəni, ünvan 4 ünvanında bərk ağrıları olduğu üçün bacısı oğlu X5 şəxsi istifadəsi üçün narkotik vasitə heroin istəmişdir. Rəşad da ona tanımadığı şəxsdən narkotik vasitə heroini alıb ona pay verə biləcəyini bildirmiş və bayıra çıxdıqdan bir qədər sonra siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroini pulsuz olaraq ona vermişdir. O, həmin 01 ədəd bükümü açıb içərisindəki qəhvəyi rəngli, tozşəkilli maddə olan narkotik vasitə heroinin bir qismini ağrıları olduğu üçün istifadə etmiş, qalan hissəsini də daha sonra ağrıları olanda istifadə etməyi üçün əynindəki qara rəngli şalvarının sol yan cibinə qoymuşdur. Əslində isə həmin heroini 09 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində Kubinka adlanan ərazidə 01 ədəd bükümdə tanımadığı şəxsdən 10 manat pul ödəməklə şəxsi istifadəsi üçün alıb bir qismini istifadə edərək qalanını sonra istifadə etmək üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən o, həyəcanlı olduğundan yalandan narkotik vasitəni guya bacısı oğlunun ona verməsini bildirmişdir. Sonradan isə düşünmüşdür ki, əsl həqiqəti deyərsə istintaq zamanı onu düzgün anlamazlar. Lakin hazırda qərara gəlmişdir ki, həqiqəti olduğu kimi bildirsin. Bacısı oğlunun onun üzərində narkotik vasitə olmasından heç xəbəri belə olmamışdır. Əməlindən səmimi peşman olmasını, ailəli olmasını, iki övladının olmasını, Qarabağ müharibəsi veteranı olmasını, nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsi daşıyır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir münasibəti olmamışdır. 09 dekabr 2022-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat bölmə rəhbərliyinə raportla məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq verildikdən sonra yaradılmış əməliyyat qrupu tərkibində keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 09 dekabr 2022-ci il tarixdə A.M.Şərifzadə küçəsinə gəlmiş, orada bir nəfər şəxsin xarici əlamətlərinin Təqsirləndirilən şəxs xarici əlamətləri ilə üst-üstə düşən şəxs olmasını görüb saat 22:30 radələrində tərəflərindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 104 ünvanının qarşısında piyada hərəkət edən zaman saxlanılmış və özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirdikdən sonra, sonuncuya özünü təqdim etməsi təklif edilmiş, həmin şəxs özünü təqdim 06 iyul 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 104, mənzil 15-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmasında şübhəli bilindiyi bildirilərək bu səbəbdən də onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gəlmişdir. Bundan sonra təhqiqatçı tərəfindən sonuncuya hüquqlarının təmin edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra videoçəkilış aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarınm sol cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş içərisində qəhvəyi rəngli toz formada öz dediyinə ğörə " Heroin adlanan psixotrop maddə olan bükülünü, çıxarıb könüllü olaraq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə əynində olan qara rəngli şalvarının sol cibindən içərisində "Heroin" adlanan psixotrop maddə olan bir ədəd bükülünü təqdim edərək bildirmişdir ki, psixotrop vasitəni xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində ünvan 5 ünvanda yerləşən yaşadığı mənzildə bacısı oğlu X12 ona istifadə etməsi üçün pulsuz verməsi və bundan sonra onun həmin heroinin bir hissəsini istifadə etməsini və qalmış hissəsini şalvarının cibinə qoyandan sonra həmin gün saat 22:30-də ünvan 6 ünvanda RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükülü zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs Əİi oğlunun üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 10 dekabr 2022-ci il tarixli 6/6982 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №167» möhür əksi, «Şübhəli şəxs ...Təqsirləndirilən şəxs..» və s. sözlər imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,985 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli, 7878 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Əİi oğlunda Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki, həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2005-ci il təvəllüdlü X3 adlı övladları vardır. İş materiallarında olan Yasamal rayon hərbi komissarlığı tərəfindən verilmiş MV 043903 saylı, xx.xx.2000-ci il tarixli vəsiqənin surətinə əsasən Təqsirləndirilən şəxs Əİi oğlu müharibə veteranıdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını, uşaqlarının olmasını, müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Əİi oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay 26 gün (iki il beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Əİi oğlunun üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Əİi oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 109,9 manat (yüz doqquz manat 90 qəpik) Təqsirləndirilən şəxs Əİi oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,935 qram narkotik vasitə olanheroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Əİi oğlunun üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Əİi oğluna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar