Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-253/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs o, nigahdan kənar ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs ayrılmasına baxmayaraq sonuncu ilə barışmaq və əvvəllər aralarında olan münasibətləri bərpa etmək üçün xx.xx.2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 24B ünvanında yerləşən binaya gəlmiş, həmin binanın 20-ci mərtəbəsinin dəhlizində Zərərçəkmiş şəxs ilə görüşərək aralarında yaranmış narazılığa son qoymağı və onunla münasibətləri davam etdirməyi israrla tələb etdikdə sonuncu onun bu tələbini rədd etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq sonuncuya boyunun və sağ bel nahiyəsinin qançırları, sol çiyinin və sağ saidin sıyrıqları, sağ bazunun hematoması kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2015-ci ildən tanımış, aralarında sevgi münasibətləri olmuş və onun tanıdığı müddətdə Ayselin yaşadığı Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 24B ünvanda birlikdə yaşamışlar. Onunla birlikdə qeyri rəsmi ər-arvad münasibətlərində olduğu müddətdə Zərərçəkmiş şəxs və anası Şahid yaşadıqları evin kredit borclarının ödənilməsinə köməklik göstərmiş, onlara maddi və mənəvi dəstəyini göstərmişdir. 2020-ci ilin iyul ayına kimi münasibətlərləri normal olsada həmin vaxtlar Aysel onun mobil nömrəsində taksi sürücüsü işlədiyi müddətdə yazmış olduğu qadın müştərilərin nömrələrini görərək qısqanmağa başlamış və bu kimi hadisələrdən sonra münasibətləri pozulmaqda davam etmişdir. Ayselin anası Xuramanın da onların münasibətlərinə müdaxilə etməsi səbəbindən aralarında tez-tez narazılıq yaranmış və artıq Ayselin yaşadığı evə getməkdən imtina etməli olmuşdur. Buna baxmayaraq Aysel ilə kənar yerlərdə ara-sıra görüşüb barışmaq niyyətlərini bildirsələrdə Xuraman onların barışmalarına imkan verməmişdir. Bundan sonra Aysel onun telefon zənglərinə cavab verməmiş, onunla görüşməkdən imtina etmişdir. Bu səbəbdən o, Ayselin hər gün səhər saat 10-da işə getdiyini bilərək onunla yaşadığı mənzilin dəhlizində görüşmək və münasibətlərinə aydınlıq gətirmək üşün xx.xx.2020-ci il tarixdə həmin ünvana getmişdir. Ayselin və anası Xuramanın yaşadıqları 21 mərtəbəli evin 20-ci mərtəbəsinə qalxaraq dəhlizdə dayanıb onun evdən çıxmasını gözlədiyi zaman Aysel mənzildən çıxıb işə getmək istədikdə ona yaxınlaşıb söhbət etmək istədikdə Ayselin anası Xuraman mənzildən çıxaraq qızının onunla görüşməməsini təkid etmiş və onun oradan uzaqlaşmasını istəmişdir. Buna baxmayaraq o, təmkinli və sakit formada Ayselin qolundan tutaraq söhbət etmək məqsədilə pəncərəyə tərəf apararaq anasının müdaxiləsi olmadan onunla danışmaq istəsədə Aysel anasının sözü ilə ona etiraz edib əl qol atmağa, hətta onu vurmağa cəht etdikdə onu qucaqlayaraq sakitləşdirmək istəsə də Xuramanın onun köynəyindən tutub dartması və Ayselin sakitləşmək və onunla söhbət etməməsinə görə əsəbiləşərək əli ilə Ayselin sol çiynin, sağ qolundan vurmuş, hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində göstərmişdir ki, Ayseli boğmaq, pəncərədən atmaq və öldürmək niyəti olmamış və bu növ sözləri Ayselin anası Xuraman qərəzli olaraqbilərəkdən göstərmiş, heç vaxt Ayselə, yaxud anasına qarşı bu kimi hərəkətlərə yol verməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda anası Şahid ilə birlikdə yaşayır, yaşadığı binanın yaxınlığında yerləşən qadın gözəllik salonunda əmək müqaviləsi əsasında saç və dırnaq ustası işləyir. Elvin adlı şəxsi 4 ildir ki, tanıyır və əvvəllər həmin şəxslə qeyri-rəsmi münasibətdə olmuş, təxminən 3 il əvvəl Elvinlə aralarında münasibətlər pisləşdiyindən həmin şəxslə ayrılmış, lakin, Elvin həmin vaxtdan bəri onu dəfələrlə narahat etməyə başlamış və o, bu barədə dəfələrlə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. Elvinin onunla mübahisə etməsinə səbəb isə barışmaq istəməsi və onun bundan imtina etməsidir. Dəfələrlə onu döyüb və ayrı-ayrı xəsarətlər yetirmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 10:00 radələrində işə getmək üçün yaşadığı mənzildən çıxmış və binanın blokunda olan zaman Elvin qarşısına çıxmışdır. O, Elvini görən kimi qışqırmağa başlamış və səsinə anası bloka çıxaraq Elvinin köynəyindən tuturaq arxaya dartmağı başlamışdır, Elvin onu buraxmış və anasının əlindən çıxaraq əli ilə boğazından tutaraq boğmaq istəmişdir və şillə ilə sifətindən vurmuşdur, o, döşəmə üzərinə yıxıldıqda təpiklə bədəninin müxtəlif yerlərinə vurmuşdur. Həmin vaxt anası Elvini ondan aralamaq isətəyən zaman Elvin anasını da təhqir edərək təpiklə vuraraq sol ayağından xəsarət yetirmişdir. O, Elvinin əlindən çıxaraq yaşadığı mənzilə girmiş və anası polisə məlumat verdikdə Elvin qaçaraq binanını tərk etmişdir. Həmin mübahisə təxminən 5 dəqiqə davam etmiş, bunun şahidi isə anası Xuraman olmuşdur. Həmin mübahisə zamanı Elvin əl və ayaq zərbələri ilə onu vuraraq bədən xəsarətləri yetirmişdir. Elvinin hədə qorxu gəlməsi sözlə olur, real deyil, mübahisə günü isə qolundan tuturaq pəncərəyə tərəf gətirməsi onu qorxutmaq məqsədi daşıyırdı, Elvinin bütün bunları onunla barışmaq məqsədi ilə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ondan əvvəl məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş qızı Zərərçəkmiş şəxs ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək sonuncun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 108-ci vərəqəsində olan qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 20-21-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 610 №-li rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - boyunun və sağ bel nahiyəsinin qançırları, sol çiyinin və sağ saidin sıyrıqları, sağ bazunun hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin 23-24-cü vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 611 №-li rəyindən görünür ki, vətəndaş X1 bədəni üzərində müəyyən edilmiş xəsarət - sol ayaq nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 60-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Hərbi Məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, sonuncuya həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilmiş, 06 ay sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə onun zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini və əməlindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 128ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə elə qənaetə gəlir ki, təqsirləndirilən şəxs öz psixoloji durumuna görə zərərçəkmiş şəxsə və onun anası üçün təhlükə yarada bilər və gələcəkdə azadlıqda qalarsa onlara təhdid edə bilər. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 8 saata görə 48 (qırx səkkiz) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin və hökm bu hissədə icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy taboruna tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 8 saata görə 48 (qırx səkkiz) manat, Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-253/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-253/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver