Məhkəmə qərarları › İş №1(004)-253/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-253/2025

05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-253/2025 05.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, müdafiəçi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs Sirac oğlunun iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağdaş rayonunda anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Sirac oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Sirac oğlu binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2n icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən avtomobil təkərlərinin təmiri sexinin binasının qapısını təpiklə vurub sındırmaqla qanunsuz daxil olaraq oradan vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs2 məxsus olan «Toyota» markalı «Prius» modelli avtomobilə aid hər birini qiyməti 75 manat olan 15 düym ölçüdə 07 ədəd diski, Zərərçəkmiş şəxs3 məxsus «Jeep» markalı avtomobilə aid hər birinin qiyməti 175 manat olan 15 düym ölçüdə 03 ədəd diski və Zərərçəkmiş şəxs1 məxsus «BMW» markalı avtomobilə aid hər birinin qiyməti 175 manat olan 17 düyüm ölçüdə 04 ədəd diski gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 525 manat, Zərərçəkmiş şəxs3 525 manat, Zərərçəkmiş şəxs1 isə 700 manat miqdarda, ümumilikdə 1750 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Sirac oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Özü avtomobil təmiri ustasıdır. Təxminən 1 il əvvəl Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən avtomobil təmiri sexini icarəyə götürüb işlətmişdir, lakin icarə pulunu ödəyə bilmədiyi üçün həmin sexdən çıxmış və onun əvəzinə tanışı Hüseyn həmin sexi icarəyə götürərək təkər təmiri sexi kimi işlətməyə davam etmişdir. Uzun müddət idi ki idarə etdiyi Opel markalı Az ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təkərləri yaxşı vəziyyətdə olmadığı üçün təkər almaq qərarına gəlmiş, lakin təkər almaq üçün pulu olmamışdır. Belə olan halda qərar gəmişldir ki, Zərərçəkmiş şəxs2 icarəyə götürdüyü Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən sexinə daxil olaraq oradan avtomobil diskləri oğurluq edib qazanc əldə etsin. Beləliklə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 02 radələrində Hüseynin təkər təmiri sexinə gələrək sexin qapısını təpiklə vuraraq açdıqdan sonra sexə daxil olub oradan müxtəlif avtomobillərə məxsus və müxtəlif ölçülərdə olan 14 ədəd disk oğurlayaraq avtomobilinə yükləyib hamısını xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən avtomobil bazarında metal qəbulu yerinə 180 manat müqabilində satmışdır və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin disklərdən 7 ədədi Toyota Prius markalı avtomobilinə məxsus, 04 ədədi BMW markalı avtomobilinə məxsus, 03 ədədi isə Jeep markalı avtomobilə məxsus disklər olmuşdur. O, sexə daxil olan zaman onu heç kim görməmişdir. Oğurladığı disklərdən 5 ədədi metal qəbulu yerindən götürülərək qaytarılmışdır. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini və hazırda sonuncuların ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, DVD-R diskdə olan video görüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Tovuz rayonu Ağdam Ə/D Ağdam kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsində yerləşən fərdi tikilidə ailəsi ilə birlikdə yaşayır. Belə ki, təxminən 3 ay müddətə yaxındır ki, Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə küçəsində təkər təmiri sexini icarəyə götürərək oranı işlətmişdir. Ara-sıra müştərilərdən diskləri götürərək həm rəngləmə, həm də yonma işlərini görür. Obyektdə həm onun özünə məxsus olan, həm də müştərilərin diskləri olur. xx.xx.2024-cü il tarixində səhər saat 09 radələrində işə gəlmiş, işdə olan zaman obyektin arxa qapısının sınıq vəziyyətdə olduğunu gördükdən sonra ehtimal etmişdir ki, obyektdən oğurluq olmuşdur. Obyektin içərisində baxış keçirdikdən sonra ümumilikdə 14 ədəd avtomobil diskinin oğurlandığını aşkar etdim. Beləki hadisə baş verməmişdən əvvəl Zərərçəkmiş şəxs3 “Jeep” markalı avtomobilə aid 15 düymlük ölçüdə 4 ədəd təkəri təmir sexinə qoyub satmaq üçün vermişdir, həmçinin Rəşad Əhmədov da BMV markalı avtomobilə aid 17 düyü ölçüdə olan 4 ədəd disklərini rəngləmək üçün vermişdir. Oğurluq hadisəsini aşkar edən kimi dərhal üzəüz obyektin müşahidə kamerasının qeydə aldığı görüntülərinə baxış keçirmiş və görüntülərə baxan zaman görüntülərdən oğurluq etməyə gələn şəxsi tanımışdır. Belə ki, o, yaxınlıqda əvvəllər onun icarəyə götürdüyü obyektin icarədarı olmuş və orada avtomobil ustası kimi işləmiş Merac adlı şəxsin avtomobilini tanımışdhır. Bundan sonra olduğu rayonda yas düşdüyünə görə şikayət etmədən Tovuz rayonuna getdiyi üçün polisə müraciət edə bilməmişdir. Tovuz rayonundan gəldikdən sonra xx.xx.2024-cü il tarixdə faktla bağlı polisə müraciət etmişdir. Sözügedən avtomobil diskərdindən 7-si özünə məxsus olmuş, 7 ədəd diskin hər birinin qiyməti 75 manat dəyərindədir. Həmin 7 ədəd disklər Toyota Prius markalı avtomobilə aiddir və ölçüsü 15 düymlükdür. Həmin disklərdən 3 ədəd disk isə Zərərçəkmiş şəxs3 məxsusdur və həmin disklər “Jeep” markalı avtomobilə aiddir və ölçüsü 15 düymlükdür. həmin disklərdən digər BMV markalı avtomobilə 4 ədəd disk isə Zərərçəkmiş şəxs1 məxsusdur, Zərərçəkmiş şəxs1 həmin dörd ədəd diskləri hadisədən əvvəl özünə məxsus olan aid 17 düyü ölçüdə olan 4 ədəd diskləri rəngləmək üçün vermişdir.. Ona məxsus oğurlanmış 7 ədəd diskdən 5 ədədi ona qaytarılmışdır, qalıq dəymiş ziyan isə ödənişlmişdir. Bununla bağlı olaraq Təqsirləndirilən şəxs heç bir şikayəti tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs3 ona satmaq üçün verdiyi 4 ədəd disklərdən bir ədədi oğurlanmamışdır. İşlətdiyi təmir sexi ilə üzəüz obyektin müşahidə kamerası tərəfindən qeydə alınmış işlətdiyi təmir sexindən ocurluq hadisəsini özündə əks etdirən videogörüntünü telefonunun yaddaşına köçürmüşdür. Həmin videogörüntüləri diskə öçürüb istintaqa təqdim etmişdir. İlkin araşdırma zamanı disklərin dəyərini dəqiq deməmişdir ümumi olaraq dəymiş ziyanın 500 manat olduğunu qeyd etmişdir, lakin diskin bir ədədinin qiyməti 75 manat dəyərindədir. Beləliklə ona ümumilikdə dəymiş 525 manat maddi ziyan tam olaraq ödənilmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən təkər təmiri sexində işləyən Hüseyin adlı şəxsə özünə məxsus olan BMV markalı avtomobilə aid 17 düyü ölçüdə olan 4 ədəd diskləri rəngləmək üçün vermişdir. Diskləri daha sonra sataraq qazanc əldə etmək niyyətində olmuşdur. Hüseyn diskləri götürən zaman ona bildirmişdir ki, diskləri 7 gün ərzində tam rəngləyib ona təhvil verəcəkdir. xx.xx.2024-cü il tarixdə Hüseynin yanına diskləri götürməyə getmişdir, Hüseyin ona verdiyi disklər, eləcə də özünə və digər müştəriyə məxsus disklər sexdən xx.xx.2024-cü il tarixdə gecə saatlarında oğurlandığını bildirmişdir. Onun sözlərinə inanmamış, düşünmüşdür ki, onun disklərini satıb və bu səbəbdən də ona yalandan oğurlandığını bildirir. Bu səbəb xx.xx.2024-cü il tarixdə DİN 102 xidməti zəng mərkəzinə zəng edərək BMW markalı avtomobilə aid olan ona məxsus disklərin təmir edilməsi məqəsdilə Yasamal rayonu Yeni Yasamal D.Bünyadzadə 230 ünvanında işləyən Hüseyn adlı ustaya verdiyini, lakin ustanın sexindən oğurluq olması və ona məxsus disklərin oğurlanması ilə bağlı məlumat vermişdir. Məlumat verdikdən sonra Hüseyn ona sexdə baş vermiş oğurluq hadisəsinin görüntülərini göstərmiş və başa düşmüşdür ki, həqiqətəndə sexdə oğurluq hadisəsi baş vermişdir. Verdiyi məlumat ilə əlaqədar xx.xx.2024-cü il tarixdə ərizə ilə Yasamal RPİ 29cu PŞ-yə müraciət etmişdir. Həmin diskin birinin qiyməti 175 manat dəyərində olmuşdur. Beləliklə disklərinin oğurlanması nəticəsində ona 700 manat məbləğində maddi izyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin avqust ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən təkər təmiri sexində işləyən Hüseyin adlı şəxsə özünə məxsus olan hər birinin qiyməti 125 manat olan Jeep markalı avtomobilə aid 15 düym ölçüdə olan 4 ədəd diskləri, ümumilikdə 500 manat dəyərində diskləri satmaq üçün vermişdir. Hər gün işə gedərkən disk təmiri sexinin yanından keçəndə disklərin orada olduğunu görmüş , növbəti dəfə disk təmiri sexinin yanından keçərkən diskləri görməmişdir. Elə güman etmişdir ki, Hüseyn təkərləri satmışdır, idarə etdiyi avtomobili saxlayıb soruşduqda ona xx.xx.2024-cü il tarixdə gecə vaxtı naməlum şəxs daxil olaraq ona, özünə və başqa şəxsə məxsus bir neçə disklərin oğurladığını bildirmişdir. O, ilkin izahatı yazarkən güman etmişdir ki, ona məxsus disklərin 4 ədədi də oğurlanmışdır , lakin sonradan ona məlum olmuşdur ki, satmaq üçün Hüseynə verdiyi Jeep markalı avtomobilə aid 15 düym ölçüdə olan 4 ədəd disklərin yalnız üç ədədi oğurlanmış, həmin disklərdən bir ədədi isə oğurlanmamış, sexdə qalmışdır. Təmir sexindən mənim yalnız Jeep markalı avtomobilə aid 15 düym ölçüdə olan üç ədəd disklərinin oğurlanması nəticəsində ona 375 manat miqdarında maddi ziyan dəymişdir. Daha sonra Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 20 ildən artıq müddətdir ki, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən avtomobil bazarında metal qəbulu ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında bir nəfər şəxs ona yaxınlaşaraq işlənmiş avtomobil disklərinin olduğunu bildirmişdir. Disklərin tərkibi düral olduğu üçün onun bir kiloqramını 3 manata alır. Meracın ona təqdim etdiyi diskləri tərəzidə çəkmiş, onların ümumi çəkisi 600 kiloqram olduğundan ona 180 manat pul ödəyə biləcəyini söyləmişdir. Merac onunla razılaşmış və malları götürərək pulu vermişdir. Merac 07 ədəd Toyoto Prius avtomobilinə məxsus, 04 ədəd BMW markalı avtomobilə və 03 ədəd Jeep markalı avtomobil disklərini Opel markalı boz rəngli avtomobil ilə gətirmişdir. Meracdan həmin diskləri ona satarkən ondan şəxsiyyət vəsiqəsini surətini tələb edib almışdır. Merac tərəfindən ona satılmış yuxarıda qeyd olunan disklərdən 5 ədəd Toyota Prius markalı avtomobilə məxsus diskləri və şəxsiyyətini təsdiq edən sənədin surətini ilkin araşdırma zamanı təhqiqatçıya təqdim etmişdir. Meracın ona satdığı digər disklər isə təkrar emala əridilməsi üçün zavoda təhvil vermişdir. Cinayət işinin 54-55-ci vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 97-98-ci vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 16 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 99-101-ci vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 126-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9947 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmuş istifadə olunmuş 15 düym ölçüdə «Toyota» markalı «Prius» model avtomobilə aid hər bir ədədinin qiyməti 55 manat olan 5 ədəd diskin ümumi qiyməti 275 manat, ekspertiza tədqiqatına təqdim edilməyən (nəzəri qaydada) 15 düym ölçüdə «Jeep» markalı avtomobilə aid hər birinin qiyməti 175 manat olan 3 ədəd diskin ümumi qiyməti 525 manat, 17 düyüm ölçüdə «BMW» markalı avtomobilə aid hər birinin qiyməti 150 mana olan 4 ədəd diskin ümumi qiyməti 600 manat olması müəyyən edilmişdir, ekspertiza tədqiqatının nəticə hissəsində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən 01 add avtomobil üçün diskin istifadə olunması( istismar xarakterli qüsurlar) nəzərə alınmaqla və ekspertiza təyini haqqında qərarda qeyd edilən 02 adda avtomobil üçün disklərin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1400 manat müəyyən edilmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 117-118-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2024cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sirac oğlu əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 151-160-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 16 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1, D.Bünyatzadə küçəsində yerləşən avtomobil təkər təmir sexinində baş vermiş oğurluq hadisəni özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk, Şahid təqdim etdiyi Toyota Prius markalı avtomobilə aid 15 düym ölçülü 5 ədəd avtomobil diskləri və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətinin maddi sübut kimi tanınmış, 01 (bir) ədəd DVD-R diski və şəxsiyyət vəsiqəsinin surəti saxlanılması üçün cinayət işinə əlavə edilmiş, 15 düym ölçülü 05 (beş) ədəd avtomobil diskləri isə Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin 94-cü vərəqəsində olan AA6023408 seriyalı ş/v surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüqdlü 1 azyaşlı övladı vardır. Cinayət işinin materiallarında olan DVD-R diskə məhkəmə iclasında baxış zamanı DVD-R formatlı diskin yaddaşına «VİD-20231225-WA0246 2023.12.25 at 11:4.MP4 Video» adlanan video parçasında 01 dəqiqə 06 saniyə ərzində qeydə alınmış videogörüntü qeydə alınması, video görüntü mobil telefon vasitəsilə çəkilmişdir, hadisənin baş vermə tarixi xx.xx.2024-cü il saat 02:00 radələrindədir. Video görüntünün müddəti 1 dəqiqə 06 saniyə müddətindədir. Görüntüyə baxış zamanı minik avtomobilinin işıqları sönmüş halda Zərərçəkmiş şəxs2un icarəyə işlətdiyi avtomobil təklərinin təmiri sexinin yaxınlığına gəldiyi müşahidə olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi, DVD-R diskdə olan video görüntülər və digər iş materialları ilə onun binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini və hazırda sonuncuların ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 14 oktyabr 2024-cü il tarixdən 16 oktyabr 2024-cü il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalı, digər maddi sübut olan 15 düym ölçülü 05 (beş) ədəd avtomobil disklərinin isə Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Sirac oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sirac oğlunun 14 oktyabr 2024-cü il tarixdən 16 oktyabr 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 02 (iki) günü 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Sirac oğlunun üzərinə Bakı şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. Digər maddi sübut olan 15 düym ölçülü 05 (beş) ədəd avtomobil disklərinin Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Sirac oğluna göstərilmiş hüquqi xidmətə görə «Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Sirac oğlunun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar