Məhkəmə qərarları › İş №1(004)-254/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-254/2022

01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-254/2022 01.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum edilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə razılıq verilməsi ilə bağlı Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam verilməsi, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın alınmasına köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 14 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi, 55A ünvanda fəaliyyət göstərən “Cofelia” restoranda 7.500 (yeddi min beş yüz) manat və 21 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tibilisi proskpekti, 3 ünvanda yerləşən "xxxx" ASC-nin baş ofisinin qarşısında 6.000 (altı min) manat olmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 13.500 (on üç min beş yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında əvvəlcədən tanıdığı Cahangir adlı şəxs ona müraciət edərək Badamdar qəsəbəsi ərazisində boş torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini göstərdikdən sonra oranı tanışının almaq istədiyini bildirərək qeyd edilən torpaq sahəsində qeyri-yaşayış sahəsi tikmək üçün Səbail rayon İcra Hakimiyyətindən sərəncam almaqda ona köməklik göstərməyini xahiş etmişdir. O, Cahangirə həm sərəncamın alınmasında və sərəncam aldıqdan sonra torpaq sahəsinə çıxarış alınmasına köməklik göstərəcəyini vəd edərək bu işin müqabilində Səbail rayon İcra Hakimiyyətində və Əmlak Məsələləri üzrə Dövlət Xidmətində çalışan vəzifəli şəxslərə verəcəyini vəd edərək 13.500 manat pul tələb etmişdir. Cahangir onunla razılaşaraq 14 iyun 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Cofelia» restoranında ilkin olaraq 7.500 manat 1 həftə sonra isə Yasamal rayonu,Tbilisi prospektində yerləşən “Access Bank”ın baş ofisinin qarşısında geri qalan 6.000 manat pulu ona vermişdir. Cahangirdən qeyd etdiyi pulu aldıqdan sonra yaxın günlərdə torpaq sahəsi üçün rayon icra hakimiyyətindən sərəncam alacağını daha sonra isə çıxarış alaraq ona verəcəyini bildirmişdir. Lakin onun əvvəlcədən niyyəti Cahangirə vəd verərək pulunu alıb ələ keçirmək və aldatmaq olduğu üçün verdiyi vədə əməl etməmişdir. Bundan sonra Cahangir onun verdiyi vədə əməl etmədiyini gördüyü üçün verdiyi pulu geri tələb etmiş, o, isə yaxın günlərdə pulu geri qaytaracağını vəd vermişdir. Bir müddət sonra Cahangir ona zəng edərək Rusiya Federasiyasına gedəcəyini və onunla Rüfət adlı vəkilinin əlaqə saxlayacağını bildirmişdir. Bundan sonra Rüfət adlı şəxs 050-381- 16-86 saylı mobil nömrədən onun ***-***-**-** saylı mobil telefonuna zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O, 20 iyul 2021-ci il tarixdə Rüfət ilə Xətai rayonu ərazisində yerləşən “Miraj” kafesində görüşmüş və görüş zamanı Rüfət Cahangirin ona verdiyi pulu nə vaxt geri qaytaracağını soruşduqda Cahangirdən aldığı pulu yaxın günlərdə geri qaytaracağını bildirərək ona vaxt verməsini xahiş etmişdir. Bundan sonra o, “Covid-19” virusuna yoluxduğu üçün işləri qaydasında olmadığından pulu geri qaytara bilməmiş və hal-hazıradək həmin pulu geri qaytara bilməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yaşayış evlərinin yaxınlığında boş torpaq sahəsi tapmış, həmin torpaq sahəsinin sahibinin olub-olmadığını maraqlandıqda torpaq sahəsinin sahibinin olmadığını öyrənmişdir. Bundan sonra ərazidə olan MKİS-ə müraciət edərək həmin torpaq sahəsi üçün sərəncam almaq istədiyini bildirdikdə MKİS-dən onlara həmin torpaq sahəsində qeyri yaşayış sahəsinin tikintisinə yalnız rayon icra hakimiyyəti tərəfindən razılıq verilə biləcəyini bildirilmişdir. Bundan sonra əvvəlcədən tanıdığı və özünü Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşı kimi təqdim etmiş Təqsirləndirilən şəxs adlı tanışına bu işdə onlara köməklik göstərməsini xahiş etmişdir.Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə baxdıqdan sonra Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısı ilə danışaraq ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək rayon icra hakimiyyəti başçısı ilə qeyd edilən məsələni razılaşdırdığını və bu işdə köməklik göstərmək üçün 13.500 manat pul verməli olduğunu bildirmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs ümumilikdə 13500 (on üç min beş yüz) manat, 14 iyun 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Cofelia” adlı restoranda 7500 (yeddi min beş yüz) manat pul, 21 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tibilisi proskpekti, 3 nömrəli, ünvanda yerləşən "xxxx"ın qarşısında görüşərək qalıq qalan 6000 (altı min) manat pulu vermişdir. Pulu Təqsirləndirilən şəxs verən zaman yannında Şahid və Ağa adlı dostu da olmuşdur. Bir müddət sonra sərəncamın gecikdiyini gördükləri üçün o, və dostu Şahid mütəmadi olaraq Təqsirləndirilən şəxs zəng etməyə başlamış, Təqsirləndirilən şəxs isə hər dəfəsində müxtəlif bəhanələr gətirərək yaxın günlərdə sərəncamı və çıxarışı verəcəyini bildirmişdir. Bundan sonra Rusiya Federasiyasına getdiyi üçün dostu Şahid Təqsirləndirilən şəxs ilə 03 avqust 2021-ci il tarixdə görüşərək verdikləri pulu geri tələb etmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid eyni xususuatlar üzrə ifadə verərək, Zərərçəkmiş şəxs ifadəsində göstərilən halları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər, Səbail Rayon İcra Hakimiyyətinin 08 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Səbail Rayon İcra Hakimiyyətində çalışmamışdır (səh. 50). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər, Səbail Rayon Bələdiyyəsinin 25 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Səbail Rayon Bələdiyyəsində çalışmamışdır (səh. 53). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər, Səbail Rayon MKTB-nin 26 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Səbail Rayon MKTB-də çalışmamışdır (səh. 54). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs adına DİN-in BƏSİİ-dən alınmış tələbnaməsindən, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci, maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum edilmişdir (səh. 56-67). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2022-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum edilməsi nəzərə alınmışdır (səh. 108-109). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal hazırda aradan qaldırılmışdır. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2019-cu il təvəllüdlü X3 adlı övladları vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 10142 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 3379,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X2 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-254/2022 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum edilərək, 17 saylı CÇM-də azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 1(004)-254/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-254/2022 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və onun hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum edilərək, 17 saylı CÇM-də azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar