Məhkəmə qərarları › İş №1(004)-254/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-254/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-254/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə germəmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 yanvar 2023-cü il tarixdə saat 11:30 radələrində ünvan 2 ünvanda yolun kənarında dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius" markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin kilidli olmayan sağ qabaq qapısını açaraq sonuncunun yuxuya getməsindən istifadə edib Zərərçəkmiş şəxs məxsus daxilində 20 manat dəyərində 055 ***-**-** nömrəsi olan 3400 manat dəyərində 01 ədəd "iphone 13 Pro Max" markalı və daxilində 15 manat dəyərində 055 ***-**-** nömrəsi olan 450 manat dəyərində 01 ədəd Samsung A 20 markalı mobil telefonları avtomobilin salonundakı sürətlər qutusunun qarşısındakı boşluqdan gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 3885 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə saat 11:30 radələrində ünvan 3 ünvanda səkinin kənarında “Toyota Prius" markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yatılı olmasını,sürətlər qutusunun qarşısındakı boşluqda 02 ədəd mobil telefonların olmasını görmüşdür. İşsiz olduğu üçün pula ehtiyyacı olduğundan, sürücünün yatmasından istifadə etmiş, sürücünün mobil telefonlarını avtomobilin salonundan oğurlamışdır. Yolda gedərkən avtomobilə tərəf tez-tez sürücünün oyanıb-oyanmamağına baxırmış, amma sürücü yatmaqda davam etməsim görmüşdür. Yolda oğurlamış olduğu mobil telefonlara baxmış və telefonlardan biri yaşıla çalar rəndgə "İphone 13 Pro Max" markalı, digəri isə qara rəngdə Samsung A 20 markalı mobil telefonlar olmasını aşkar etmişdir. Mobil telefonların hər birində 01 ədəd, cəmi 02 ədəd olmuş GSM nömrəsini yerdən tapmış olduğu nazik sim (tel) vasitəsi ilə çıxarmış, yadında qalmadığı yerdə yolda tullamışdır. 28 yanvar 2023-cü il tarixdə saat 20 00 radələrində oğurlamış olduğu “iphone 13 Pro Max" markalı mobil telefonu satmaq niyyəti ilə mağazaya gəlmişdir. Satıcı həmin telefonların axtarış sistemi (proqramı) olduğunu və telefonu həmin sistemlə sonradan rahat tapmağın mümkün olduğunu, bu baxımdan iphone 13 Pro Max markalı mobil telefonu sənədsiz sata bilmədiyini demişdir. O, mağazadan çıxdıqda 3 nəfər polis əməkdaşı həmin mağzaya daxil olmuş, polis əməkdaşlarından biri ona çox şübhəli baxmışdır. Polisdən qaça bilməyəcəyini başa düşdüyü üçün 50-60 metr qaçdıqdan sonra yolda dayanmış və törətdiyi cinayət əməlini etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 27-cı PB-nə gəlmiş və orada mobil telefonları təhqiqatçıya təqdim edərək avtomobildən oğurlanmasını etiraf etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs telefon vasitəsi ilə məhkəmə ilə əlaqə saxlayaraq, işlərinin çox olmasını, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini ona dəymiş ziyanın ödənildiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, taksi fəaliyyəti ilə məşğul olur, bu səbəbdən müştəri tapmaq üçün ünvan 3 ünvanın qarşısına gəlmişdir. Lakin yuxusuzluqdan gözləri yumulduğundan, həmin vəziyyətdə avtomobil idarə edə bilməyəcəyini düşünüb avtomobili yolun kənarında saxlamışdır. Daha sonra özünə məxsus "İphone 13 Pro Max" markalı və ‘Samsung A 20" markalı mobil telefonları avtomobilin salonundakı sürətlər qutusunun qarşısındakı boşluğa qoymuş və yatmışdır Həmin gün saat 12:45-də yuxudan oyanmış və mobil telefonlarının oğurlandığını aşkar etmişdir. Yatdığı zaman avtomobilin pəncərələri bağlı olsa da onun qapıları içəridən kilidlənməmişdir. Avtomobildən çıxaraq yol kənarında dayanmış tanımadığı bır nəfər şəxsə yaxınlaşıb onun mobil telefonunu xahiş edərək alıb DİN-in 102 Xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 27 yanvar 2023-cü il tarixdə sonradan adını Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs işlədiyi dükana daxil olaraq "İphone 13 Pro Max" mobil telefonu olduğunu və onu satmaq istədiyini demişdir. Ona sənədləri ilə birlikdə telefon aldığını əks təqdirdə mobil telefon alqı-satqısı etmədiyini demişdir. Heç həmin şəxsin mobil telefonuna belə baxa bilməmişdir. Həmin zaman dükanda müştəri çox olduğundan başı qarışıq olmuşdur. Səhəri gün yəni 28 yanvar 2023-cü il tarixdə axşam saatlarında yenə Təqsirləndirilən şəxs işlədiyi dükana daxil olmuş və “İphone 13 Pro Max" markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin zaman mobil telefonu ona göstərmək üçün cibindən çıxarmışdır. Mehrab özünü şübhəli aparmışdır və həmin zaman üzdən tanıdığı polis əməkdaşları mağazaya daxil olmuşdur. Mehrabın hərəkətləri onlarda şübhə yaratmış, Mehrab isə mağazanın qarşısına çıxmış və qaçmağa başlamışdır. Həmin polislər Mehrabın arxası ilə getmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPl-nin 27-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Çingiz Qurbanov tərəfindən tərtib edilmiş 27 yanvar 2023- cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən məlum olur ki, hadisə yeri ünvan 2 ünvanıdır (səh. 10-15). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPl-nin 27-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Çingiz Qurbanov tərəfindən 29 yanvar 2023-cü il tarixdə tərtib edilmiş “könüllü təqdim etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə oğurladığı bir ədəd yaşıl rəngli «İphone 13 Pro Мах» markalı və bir ədəd qara rəngli «Samsung A10S» markalı mobil telefonları təqdim etmişdir (səh. 18). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 mart 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında”qərardan və qəbzdən görünür ki, “lphone"markalı “13 Pro Max” modelli. **********182869 və **********27517 İMEİ kodlu, “Samsung" markalı “SM-A107F/DS modelli, **********439334 və **********39332 İMEİ kodlu mobil telefonlar Zərərçəkmiş şəxs təhvil verilmişdir (səh. 104-109, 117). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı törətmiş olduğu oğurluq hadisəsi ilə bağlı ifadələrində hadisə yerində bir daha bildirmişdir (səh. 79-82). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BƏSli-dən əldə edilmiş 08 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (səh. 91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 32-34). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmişdir (səh. 73-78). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu 5-ci Yasamal küçəsi ev 17/60 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək bardə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “İphone’markalı “13 Pro Max" modelli, **********182869 və **********27517 İMEİ kodlu, “Samsung" markalı “SM-A107F/DS modelli, **********439334 və **********39332 İMEİ kodlu mobil telefonlar 17 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-254/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 13 aprel 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilməklə, 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri Yasamal rayonu 5-ci Yasamal küçəsi ev 17/60 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “İphone’markalı “13 Pro Max" modelli, **********182869 və **********27517 İMEİ kodlu, “Samsung" markalı “SM-A107F/DS modelli, **********439334 və **********39332 İMEİ kodlu mobil telefonlar 17 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar