Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-255/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X5 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmaqla fərdi qaydada fəaliyyət göstərən vəkil X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. X9 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Rubrika.az” saytının baş redaktoru X6, ona verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol vermişdir. Belə ki, o, 2017-ci ildən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri 214 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləmiş, bir müddət sonra isə Bakı şəhəri 20 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. O, qabaqcıl təhsil işçisi olmaqla uzun müddətdir (37 ildir) təhsil sistemində işləyir. Əməkdar müəllim, ilin müəllimi müsabiqəsinin qalibi olmuşdur. Buna baxmayaraq Nicat Mahmudov “Rubrika.az" saytının xx.xx.2020-ci il tarixli buraxılışında “199 minlik “direktor əməliyyatı” - Esmira Ağayeva 20 nömrəli məktəb-liseyə direktor gətirilir" adlı məqaləsini dərc etdirmişdir. Həmin məqalə ilə X6 tərəfindən onun barəsində şər və böhtan dolu yalan, həqiqətə uyğun olmayan məlumatlar yayılmış, habelə o, ağır cinayət törətməkdə ittiham olunmuşdur. Eyni zamanda X6 tərəfindən “Fasebook” sosial şəbəkədə də həmin məlumatlar yayılmışdır. Şikayət ərizəsində qeyd edilmişdir ki, X6 tərəfindən “Rubrika.az” saytının xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixli buraxılışlarında eyni tipli məlumatlar yayılmışdır. Belə ki, Nicat Mahmudovun həmin məqaləsində qeyd olunmuşdur: “Adı mətbuata yaxından tanış olan, təhsillə yaxından-uzaqdan bağlılığı olan şəxslərin yaxşı tanıdığı Nizami rayonunda yerləşən 214 saylı tam orta məktəbin direktoru Esmira Ağayeva haqqında olduqca ilginc məlumatlar almışıq. Rubrika.az-a verilən məlumatlarda özünü təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəfiqəsi (əslində qohumu) adlandıran məktəb direktorunun yeni planları öz əksini tapır. Öncə xatırladaq ki, E.Ağayeva haqqında media üzərindən qısa araşdırma apararkən onun haqqında xeyli rüşvət, korrupsiya iddiaları ilə rastlaşdıq. Elə “Rubrika.az”-a daxil olan məlumatlarda da bu barədə bəhs olunur. Bildirilir ki, məktəb direktoru müxtəlif adlar altında müəllimlərdən qanunsuz pul toplayır, bayramlarda, əlamətdar günlərdə xüsusi “bayrampayı" alınır. Ümumiyyətlə E.Ağayevanın məktəbdə despotik idarəetmə üsulu formalaşdırdığı qeyd edilir. Hətta laborantlara, digər texniki işçilərə müəllimlərin səs yazısını yazmağa məcbur edildiyi də bildirilir. Rubrika.az-a verilən məlumata görə, məktəbdə olduğu müddət ərzində ancaq kameralar vasitəsilə müəllimləri izləyən direktor onların hər addımından “pul çıxardır”. Hətta müəllimlərə məktəbdə baş verənlərin başqa yerlərdə danışılmayacağı barədə qeyri-rəsmi kağıza imza atdırıldığı da bildirilir. Etiraz edənlər isə incidilirlər. E.Ağayevanın rəhbərlik etdiyi məktəbə 49 min manat rüşvət verərək direktor təyin olunduğunu söyləməsi barədə yəqin ki, bilməyən yoxdur. Özü də buranı özü üçün tramplin hesab edən direktor rəhbərlik etdiyi məktəbi öz “səviyyəsinə” yaraşdırmır. Çünki, dəfələrlə müxtəlif səviyyəli tədbirlərdə səsləndirib ki, buranın kontingenti mənim səviyyəmdə deyil və bilsəydim bir ətək pul sayıb bura gəlməzdim. Həmçinin E.Ağayevanın burada pul toplayıb daha yüksək vəzifəyə getməyə hazırlaşdığı barədə də dəfələrlə məlumat verilib. “Rubrika.az”a E.Ağayevanın bu bitib-tükənməyən iştahası barədə yeni məlumatlar daxil olub. Qeyd etdiyi kimi E.Ağayeva özünü Məhəbbət Vəliyevanın ən yaxın rəfiqəsi kimi təqdim edir. Aldığı məlumata görə, onlar rəfiqə olmaqdan əlavə eyni zamanda qohumdurlar. Məhz bu qohumluq əlaqələrindən istifadə edən direktor rəhbərlik etdiyi məktəbdə baş verən bir çox olayları-hətta cinayət tərkibli hadisələri gizlədə bilib. Belə ki, ötən ilin aprelində məktəbdə baş verən bıçaqlanma hadisəsi məhz nazir müavininin müdaxiləsi nəticəsində ört-basdır edilib. Yəqin ki, hüquqmühafizə orqanları bu barədə daha dərindən araşdırma aparsalar çox mətləblər üzə çıxa bilər. İndi isə öz yaxın rəfiqəsinin köməkliyi ilə daha prestijli məktəbə direktor gəlməyi hədəfləyən E.Ağayeva paytaxtın 20 saylı məktəbini gözaltı edib. Ölkənin ən nüfuzlu təhsil ocaqlarından birinə direktor olmaq üçün E.Ağayevanın qohumuna 150 min manat verdiyi də daxil olan məlumatlar sırasındadır. 49 min manata 214 saylı məktəbi E.Ağayevanın nə vəziyyətə saldığı iddia edilirsə 150 min manta 20 saylı məktəbi hansı günə salacağını düşünəndə adam dəhşətə gəlir. Baş verənlər Azərbaycan təhsili adına bir utanc hesab olunmalıdır. Qohumların, rəfiqələrin əlbir olub məhv etdiyi təhsil sistemi ağır durumdadır. Üzümüzü təhsilin böyük himayədarı Mehriban xanıma tuturuq: Uzun illərdir ki, bilavasitə sizin himayədarlığınız, xüsusi səylərinizlə təhsil sahəsində ciddi islahatlar aparılır. Amma gördüyünüz kimi bir qrup şəxs sizin gördüyünüz işlərə kölgə salmağa, öz şəxsi maraqlarını gerçəkləşdirməyə çalışır. E.Ağayevanın 214 saylı məktəbdə təhsilin keyfiyyətinə, tədrisin vəziyyətinə vurduğu zərbələr yəqin ki, uzun zaman sağalmayacaq. Belə bir şəxsin Məhəbbət Vəliyevanın himayədarlığı ilə paytaxtın ən nüfuzlu bir təhsil ocağına direktor təyin edilməsinə çalışmaq təhsilə ikiqat zərbədir. Belə bir hal reallaşarsa bunun fəsadları daha ağır olacaq və onu aradan qaldırmaq mümkünsüzdür. İnanırıq ki, belə bir təhlükənin reallaşmasına yol verilməyəcək, 20 saylı məktəb bu bəladan xilas olacaq!” Ərizədə əlavə olaraq bildirilmişdir ki, həmin saytdan yayımlanan məlumatlar “Rubrika.az” saytına istinad edilərək digər saytlarda da dərc edilmişdir. Məqalədə dərc edilmiş məlumatlar böhtan və şər xarakterli olmaqla onun şərəf və ləyaqəti alçaldılmış, habelə “mənimsəmə, rüşvətxorluq” və “cinayəti gizlətmə” kimi ağır cinayətlərin törətməsində əsassız olaraq ittiham olunmuşdur. Eyni zamanda həmin məqalədə onun böyük miqyaslı şəkli də yerləşdirilmişdir. Geniş kütləyə açıq olan həmin saytda dərc olunanlar onun işgüzar nüfuzunu ictimaiyyət arasında aşağı salmış, uzun müddət təhsil sistemində yüksək peşəkarlığı, fəaliyyətindəki şəffaflıq və dürüstlüyünü şübhə altına almışdır. Bu isə öz növbəsində ona etimad göstərib məktəb direktoru vəzifəsinə təyin edən yuxarı orqanların qanuni fəaliyyətinə də kölgə salmışdır. Ərizədə vurğulanmışdır ki, korrupsiyaya və rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparıldığı bir dövrdə “dördüncü hakimiyyət” adlanan kütləvi informasiya vasitələrinin bu sahədə ictimai nəzarət funksiyasını həyata keçirmələri zəruridir və labüddür. Lakin bu funksiyanı yerinə yetirməsi zamanı dərc olunan məqalələrdə obyektivlik nümayiş etdirilməli, mənbəyi bəlli olmayan, əsasını yalan və böhtan xarakterli məlumatlar təşkil edən məlumatların dərc olunmasından çəkinilməlidir. Lakin sözügedən “Rubrika.az” saytında Nicat Mahmudovun dərc etdirdiyi onun “rüşvətxor”, tabeliyində olan əməkdaşların və şagirdlərin “hər addımından pul çıxardan”, məktəbdə “despotik idarəetmə üsulu formalaşdıran” və “müəllimləri susmağa məcbur edən” şəxs kimi qələmə verilən məqalədə göstərilənlər həqiqəti əks etdirmir. Sayt onu ağır cinayətləri törətməkdə ittiham edir, ona böhtan atır, şərəf və ləyaqətini alçaldır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Lakin “Rubrika.az” saytında Nicat Mahmudov tərəfindən o, korrupsioner dövlət məmuru kimi göstərilməyə cəhd olunsa da, bu yalnız söz yığımından başqa bir şey deyildir. Onun Azərbaycan Respublikası Cinayət Qanununun “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” fəslinə aid edilən hər hansı cinayət əməlinin, o cümlədən vəzifə səlahiyyətlərindən suiistifadə, vəzifə səlahiyyətlərini aşma, rüşvət alma, rüşvət vermə cinayətlərinin törədilməsində ittiham olunmağı, cinayət məsuliyyətinə cəlb olunmağı və ya məhkum olunmağı barədə cinayət təqibi orqanının qanuni qüvvəsini almış hər hansı qərarı və ya məhkəmə hökmü mövcud deyildir. Digər tərəfdən böyük sayda şagirdin təhsil aldığı, habelə böyük müəllim heyətinin çalışdığı 214 nömrəli tam orta məktəbə rəhbərlik etdiyi dövrdə hər hansı qanunsuz hərəkətlər etmiş olsaydı, bu barədə hüquq mühafizə orqanlarına heç olmasa bir dəfə şikayət daxil olardı. Saytın rəhbərliyi isə bu məlumatı rəhbər tutub içtimailəşdirərdi. Lakin o, müəllim adını daima yüksək tutmuş, ona göstərilən etimadı doğrultmağa çalışmış və fəaliyyətində yalnız qanunun aliliyini rəhbər tutmuş bir şəxsdir. Fəaliyyət göstərdiyi illər ərzində tərəfindən heç bir qanunsuzluğa yol verilməmiş, bununla bağlı barəsində hüquq mühafizə orqanlarında və ya məktəbin fəaliyyətinə nəzarət edən yuxarı inzibati orqanlarda hər hansı araşdırma aparılmamışdır. Barəsində şikayət verilmiş Nicat Mahmudov, öz yalan və böhtanlarını davam edərək məqalədə bildirmişdir ki, 214 nömrəli məktəbdə güya bıçaqlama hadisəsi baş vermiş, o, isə həmin hadisəni “ört-basdır” etmişdir. Lakin həmin hadisənin nə vaxt, kimlər arasında baş verməsi, habelə xəsarət alan şəxslər barədə konkret məlumat verilməmişdir. Çünki 214 nömrəli məktəbdə rəhbərlik etdiyi dövrdə bu kimi hadisə baş verməmişdir, yazılanlar saytın uydurmasından başqa bir şey deyildir. Bu həqiqət olsaydı özünü “qanun keşikçisi” kimi göstərməyə çalışan sayt çoxdan bu barədə hüquq mühafizə orqanlarına məlumat verərdi. Bunlardan başqa, məqalədə onun rəhbərlik etmiş olduğu 214 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olunmağı üçün güya 49.000 manat rüşvət verməyi, hazırda isə 20 nömrəli məktəbin direktoru vəzifəsinə təyin olmaq üçün 150.000 manat rüşvət verməyi barədə həqiqətə uyğun olmayan məlumatlar da yerləşdirilmişdir. Heç bir əsası olmayan bu məlumatları dərc edən “Rubrika.az” saytı, ona söz haqqı belə tanımamışdır. Bütün bunlar əsas verir ki, o, məlum olmayan qüvvələrin “qara kompaniyasının” hədəfinə çevrilmişdir. Məktəb direktoru vəzifəsinə təyin edilmə proseduru normativ hüquqi aktlarla tənzimlənir və “rüşvət vermə”, “qohumluq və ya dostluq əlaqələrindən istifadə etmə” bu prosedura daxil deyildir. “Rüşvət verən” kimi onun adının yanında həm də Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyevanın adının da hallandırılması bütün təhsil sisteminin, bu sistemdəki şəxslərin fəaliyyətinin şəffaflığının şübhə altına alınmasına və təhsil sisteminin inkişafı üçün görülən tədbirlərin üzərindən qara xətt çəkilməsinə yönələn cəhddən başqa bir şey deyildir. Bütün bu yalanlar əsasında o, qurulan məqalədə dərc olunanlardan sonra psixoloji travma yaşamış, bütün bu baş verənlər onun psixoloji sarsıntı keçirməsinə, rəhbərlik etmiş olduğu 214 nömrəli məktəbdə, təhsil sistemində və cəmiyyət arasında nüfuzdan düşə biləcəyinə yönəlmiş yalan məlumatlardan sarsılmışdır. Həqiqətə uyğun olmayan bu məlumatlar əsasında cəmiyyət arasında illərdi uğurla vəzifədə çalışan, vətəninə və dövlətinə hər zaman xidmət edən şəxs kimi şərəf və ləyaqəti alçaldılmış, onu tanıyan şəxslər qarşısında utanc hissi yaşamış və mənəvi sarsıntı keçirmişdir. Belə ki, Nicat Mahmudovun məqaləsində ifadə olunmuş həmin fikirlər tamamilə yalandır, təhsil sistemində və ictimaiyyət arasında ona etimadsızlığın yaradılması, habelə nüfuzdan salınması məqsədi güdür. Bununla da işgüzar nüfuzu zədələnmiş, şərəf və ləyaqəti alçaldılmış, cavabdehlərin hərəkətləri nəticəsində ona mənəvi zərər dəymişdir. İşgüzar nüfuzuna ona görə xələl gəlmişdir ki, dərc olunmuş həmin məqalənin mətnində ona münasibətdə həqiqətə uyğun gəlməyən, böhtan xarakteri daşıyan məlumatlar yer almışdır. Nicat Mahmudovun “Rubrika.az” saytında xx.xx.2020-ci il tarixində dərc etdirdiyi yalanlar nəticəsində o, əsəb sarsıntısı və mənəvi iztirab keçirmişdir. O, ali təhsilli, uğurlu karyeraya sahib olan, qabaqcıl təhsil işçisi, əməkdar müəllimdir, cəmiyyətdə nüfuz qazanan bir xanımdır və məqalədə göstərilən hallar ona tamamilə yaddır. Nicat Mahmudov barəsində əxlaqi prinsiplərə zidd ifadə və məlumatları əks etdirən məqaləni internet vasitəsi ilə yaymaqla ona böhtan atmış, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna toxunmuş, ona mənəvi ziyan vurmuşdur. Bu səbəbdən, o, xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlər nəzərə alınmaqla şikayətçi Esmira Ağayeva barəsində xüsusi ittiham qaydasında şikayət verilən “Rubrika.az” saytının baş redaktoru X1 Azərbaycan Respublikasının CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X7 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məlumat verilməsinə baxmayaraq o, məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittihamçı X5 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X8 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 xüsusi ittiham qaydasında şikayətə etiraz edərək bildirmişdir ki, X11 Rayon Məhkəməsinə barəsində həmçinin şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia ərizəsi üzrə mülki iş üzrə məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. İddia ərizəsində sadalan hallar eyni ilə xüsusi ittiham qaydasında şikayət ərizəsində də əks etdirilmişdir. O, hesab edir ki, barəsində olan mülki qaydada işə baxılanadək xüsusi ittiham qaydada şikayətə baxıla bilməz. Bundan başqa onun əməlində Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrinin tərkib əlamətləri yoxdur. Odur ki, göstərilən xüsusatlar nəzərə alınaraq barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək vəzifəsi həmin ərizəni vermiş şəxsin üzərinə düşür, yəni xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ərizəni Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq tərtib etməli, məhkəmə aidiyyətini düzgün müəyyən etməli, eyni zamanda məhkəmə iclasında şəxsən iştirak etməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin məhkəmə iclasında üzrsüz səbəbdən iştirak etməməsi ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi üçün birbaşa olaraq əsas rolunu oynayır. Həmçinin xüsusi ittihamçı nümayəndəsinin onun hüquqlarını təmsil etməsi ilə bağlı məhkəməyə vəsatət verməmişdir. Bundan başqa X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, o, Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, hansı hərəkətlərin və ya yayılan məlumatların cinayət qanununun hansı maddəsi ilə məsuliyyət yaratması konkret istinadlarla göstərilməmişdir. Daha əvvəl mülki mühakimə icraatı qaydasında məhkəməyə təqdim edilmiş mülki iddia ərizəsindən də görünür ki, hər iki ərizənin məzmunu tam olaraq eynilik təşkil edir. Eyni zamanda, məhkəmə aidiyyəti düzgün müəyyən edilməmiş, belə ki, qeyd olunan məlumatlar pandemiya ilə bağlı ölkədə mövcud sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə barəsində şikayət verilmiş X12 şəhərində olarkən yayımlanmışdır. Dolayısı ilə hesab edir ki, ehtimal olunan əməl Şamaxı şəhərində törədildiyindən həmin inzibati ərazi vahidi üzrə rayon məhkəməsində işə baxılmalıdır. Sonda Müdafiəçi qeyd etmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsiəsassız olduğundan və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi,onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, xüsusi ittihamçı qanunvericiliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Belə ki, ərizədə törədilməsi ehtimal edilən Azərbaycan Respublkası CM-nin 147.1, 147.2 və 148-ci maddələrinin törədilməsi vaxtı və yeri, cinayət nəticəsində dəymiş zərərin həcmi barədə məlumat, o cümlədən hansı məlumatın yayımlanması nəticəsində hansı cinayət əməlinin törədilməsi konkret istinadlarla qeyd edilməmişdir. Ərizədə yalnız məlumatların ümumi olaraq “Publika.az” və ona istinadən digər xəbər portallarında yayımlanması qeyd edilmiş, lakin dəqiq vaxt, saatı və baxış sayı göstərilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Esmira Ağayeva xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə yanaşı eyni fakt üzrə, yəni Nicat Mahmudov tərəfindən onun şərəfini, ləyaqətini və işgzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mülki mühakimə icraatı qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və hazırda məhkəmənin icraatında həmin məsələ üzrə mülki iş vardır. İş materiallarında olan X5 X2 qarşı verilmiş həm xüsusi ittiham qaydasında şikayət ərizəsinin, həm də mülki iddia ərizəsinin məzmunundan görünür ki, hər iki ərizənin məzmunu eynilik təşkil edir. Bundan başqa iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2 (004)-1901/2020 nömrəli qərardadından müəyyən edilir ki, iddiaçı Esmira Ağayevanın cavabdeh “Rubrika.az” saytına qarşı “şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və həmin müki iş hazırda məhkəmənin icraatında olmaqla iş üzrə iclas xx xxxxxxx 2020-ci il tarixə saat 10:45-ə təyin edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən cavabdehin əməlində Azərbaycan Respublikası CM-nin müvafiq maddələrində nəzərdə tutulmuş təhqir və böhtanın tərkib əlamətlərini müəyyən etdikdə Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq zərərçəkənin və ya onun nümayəndəsinin bu barədə şikayəti olduğu hallarda cinayət işi başlaya bilər. Lakin cinayət işi başlanılmasının rədd edilməsi, başlamış cinayət işinin xitam edilməsi, habelə hökmün çıxarılması mülki mühakimə icraatı qaydasında şərəf və ləyaqətin müdafiəsini istisna etmir. Ali Məhkəmənin Plenumunun qeyd edilən Qərarının məzmunundan da göründüyü kimi, şərəf və ləyaqətin müdafiəsi üzrə mülki işə baxan hakim cinayət tərkibinin əlamətləri olduqda ərizəçinin müraciəti əsasında zəruri tədbirlər görə bilər və cinayət işinin başlanması rədd edildikdə, başlanmış cinayət işinə xitam verildiyi halda eyni məsələ üzrə mülki işə baxılması istisna edilmir. Dolayısı ilə şərəf və ləyaqətin müdafiəsi üzrə şəxs eyni fakt üzrə həm mülki, həm də cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin eyni fakt üzrə yanaşı olaraq həm mülki, həm də cinayət mühakimə icraatı qaydasında araşdırma aparıla bilməz. İşin hazırki hallarından isə görünür ki, X9 ilkin olaraq mülki mühakimə icraatı qaydasında Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və hazırda iş məhkəmənin icraatındadır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, o cümlədən eyni fakt üzrə yanaşı olaraq həm mülki, həm də cinayət mühakimə icraatı qaydasında araşdırma aparılması qanunvericiliyin tələblərinə görə mümkün olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X9 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-255/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-255/2020
01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver