Məhkəmə qərarları › İş №1(004)-255/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-255/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-255/2025 23.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1976-cı il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyəti ilə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 kürəkəni Şahid1 Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən şöbəsində işlə təmin edəcəyinə dair yalan vəd verərək Zərərçəkmiş şəxs1 inam və etibarını qazandıqdan sonra özünə məxsus "Kapital Bank” ASC-nə aid 5404 0852 3834 6573 seriyalı bank kartı hesabına xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən “Tac” marketdəki “Million” ödəniş terminalı vasitəsilə 2000 manat, özünün istifadəsində olmuş şəxsiyyəti istintaqa məlum olmayan tanışlarına məxsus 416973******3160 seriyalı bank kartı hesabına xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən “Günəş Store” marketdəki “Million” ödəniş terminalı vasitəsilə 1500 manat və digər 416974******7528 seriyalı bank kartı hesabına xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Atabəylər prospekti 156 В ünvanında yerləşən “313” marketdəki “Million” ödəniş terminalı vasitəsilə 2504 manat pul köçürtdürməklə, 06 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 317 ünvanında yerləşən Milli Onkologiya xəstəxanasının həyətində Şahid1 vasitəsilə 2000 manat pul alaraq vahid niyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs1 8004 manat, yəni xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyəti ilə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən şöbəsində işlə təmin edəcəyinə dair yalan vəd verərək sonuncunun inam və etibarını qazandıqdan sonra özünə məxsus "xxxx" ASC-nə aid 5404 0852 3834 6573 seriyalı bank kartı hesabına Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən “Araz” marketdəki “Mpay” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 4000 manat və 2023-cü ilin may ayının sonlarında 40 manat pul köçürtdürdükdən sonra sonuncudan 2023-cü ilin may ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsi 317 ünvanında yerləşən Milli Onkologiya xəstəxanasının həyətində 4000 manat pul alaraq vahid niyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs2 8040 manat, yəni xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 pulu hissə-hissə almışdır. X2 Hallar Nazirliyində işə düzəltmək məqsədi ilə. Alınmayıb, pul xərclənib. Ümumi 8040 manat birindən almışdır, 8040 manat da digərindən. Əvvəlcədən pulu qaytarmayacağını bilmirdi. İşə düzəltməklə bağlı hər hansı tədbir görməmişdir. Səhhəti ilə bağlı xərcləmişdir. Ziyandan ödəniş etməmişdir. Lakin hissə-hissə ödəyəcəkdir, aralarında bununla bağlı barışıq sazişi var. İlk dəfə cinayət törətməsini və səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəzanın təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onlarla 2 ev aralı qonşudur. Kürəkəni müharibədə iştirak edirdi. Müharibədən qayıdandan sonra dedi ki, o, başqa işə düzəlmək istəyir. Yasin deyib ki, onun yeznəsini Fövqəladə Halların xilasetmə bölməsinə düzəldəcək. O da deyib ki, bu oğlunun həyatı deyil, qızının həyatıdır. Nəsə problem yaranmasını istəmir. Deyib ki, oğlu-qızı ölsün, elə şey ola bilməz. 2000 bir dəfə alıb. Deyib təcili atın, işə düzəldir. Aradan 5-10 gün keçib, deyib yenə pul vurun. Türkiyədə zəlzələ olub, hamı ora gedib. Onların işləri aprel ayında həll olacaq, bir az ləngiyir. Dəfələrlə qapısına gedib. Atası təzə rəhmətə getmişdi, qızı başlayıb atasını söyməyə. Deyib ki, o, onun qapısına niyə gəlir? O da deyib ki, onların qapısına çörəyə-suya gəlməmişdir. Qızının da körpəsi var. Bütün qızılları aparıb girov qoyub. Onun atası da deyib ki, ona az müddətdə pul lazımdır. Pulu bankdan götürmüşdülər. Çətin vəziyyətdə yaşayırlar. Onu söyüb, polislə hədələyib. Gəlib evinə. Hətta hissə-hissə ödənilməsini də təklif etmişdir. Yenə də söyülüb, qayıdıb. Neçə dəfə zəng edib. Qolunu yalandan sistemə qoyub ki, guya xəstədir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, idmançıdır. Azərbaycan Respublikasının bayrağını müxtəlif idman yarışlarında dalğalandırır. Bu hadisədən sonra necə geri düşübsə, idmanı buraxıb. İndi fəhlədir. Ona 8000 manat ziyan vurub. Aldatmaq məqsədi ilə alıb. X8 Nazirliyində vəzifə söz vermişdi. Əvvəl 4000 manat istəyib, deyib ki, 4000 manatı sonra verər. O, 4000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Üstündən bir həftə keçməmiş axşam vaxtı zəng edib ki, o biri 4000 manatı da atsın. O, deyib ki, niyə belə tez. Deyib ki, təcili lazımdır, atmalıdır. O da həmin gecə borc-xərc pulu tapıb verib. Çünki demişdir ki, indi verməsə, o birisi 4000 də batır. İndiyə kimi zərərdən 1 qəpik də ödəməyib. Ziyanın ödənilməsi ilə bağlı mediasiya təşkilatında barışıq sazişi bağlayıblar, odur ki, şəxsin tutulmasını istəmir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs qaynanasıgilin qonşusudur. Ona deyiblər ki, işədüzəlmə məsələsi var. Pulu oradan 8000-ə düzəldib veriblər. Əvvəl 2000 istəyib, deyib ki, sonra qalanın verər. Amma dərhal deyib ki, iş getmir. Qalanın da göndərmək lazımdır. 2000 manatın o, əlbəəl vermişdir. X9 xanım tərəfindən 8000 manat pul verilib. Arxasından da 40 manat verilib. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 onun oğludur, Zərərçəkmiş şəxs1 isə qohumudur. Cəfərov X1 qonşuluğunda yaşamışdır. Təqsirləndirilən şəxs tanımasa da, həyat yoldaşı tanımışdır, onlar eyni qəsəbədə yaşamışdırlar. 2023-cü ilin yanvar ayında həyat yoldaşı Şahinin xalası oğlu Ramin, yəni Ülviyyənin həyat yoldaşı Şahinə bildirmişdir ki, qonşusu Təqsirləndirilən şəxs onun kürəkəni X6 Nizirliyinin Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən xilasedici şöbəsində işə düzəldəcək və bir nəfər də, olsa onu da həmin işə düzəldə bilər. O da oğlu Pərvizi həmin işə düzəltməyi düşünmüşlər. Bundan sonra onlar Yasinlə görüşmüş, Təqsirləndirilən şəxs Rəhman və Pərvizi qeyd olunan işə düzəltməsi üçün hər birindən 8.000 manat pul istəmişdir. Onlar razılaşdıqdan sonra Yasin onlara kart nömrəsi verərək pulu həmin karta köçürmələrini istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhərində yerləşən «Araz» marketdəki “Million” aparatından 4000 manat pulu Yasinin kartına köçürmüşdür. Bir müddət sonra Yasin zəng edərək qalan pulu da tələb etmişdir. Təxminən 2023-cü il may ayının sonlarında Zərərçəkmiş şəxs2 Bakıya gedərək Yasinlə görüşmüş və qalan 4000 manat pulu Yasamal rayonu ərazisində Yasinə vermişdir. Yasin pulu aldıqdan sonra Pərvizə bir ay müddətində işin düzələcəyini bildirmişdir. Onlar 1-2 ay gözləsələr də, Yasindən xəbər çıxmamışdır. Onlar Yasinə zəng etsələr də, Yasin hər dəfə bir yalan danışaraq nə Pərvizi işə düzəltmiş, nədə ki, pulu qaytarmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2003-cü il təvəllüdlü X4, xx.xx.2004-cü təvəllüdlü X5 və xx.xx.2011-ci təvəllüdlü X7 adlı uşaqları vardır. İş materiallarında olan Yevlax rayonu 01 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli barışıq sazişlərindən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs arasında Yevlax rayonu 01 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış, sazişə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hər birinə olan 8000 min manat borcu hər ay 250 manat olmaq şərtilə tam məbləğ bitənə qədər hər ayın 20-nən geci 30-a qədər könüllü olaraq ödəyəcək. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət işi üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, ilk dəfə cinayət törətməsini, ailəli olmasını və himayəsində 3 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulmuş, bundan sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Bundan sonra 02 dekabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs Yasamal RPİ MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 2 (iki) ay 4 (dörd) gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə olduğu 28 sentyabr 2024-cü il tarixdən 02 dekabr 2024-cü il tarixədək olan 2 (iki) ay 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaq hesabı ilə 4 (dörd) ay 8 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 22 (iyirmi iki gün) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 5 iş saatına görə 30 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 25 iş saatına görə 275 manat, cəmi 305 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar