Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-258/2024 10.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: X4 xx xxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31270,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,00 manat, cəmi 31300,00 manat məbləğində pul vəsaitini X4 xeyrinə ödəməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 aprel 2021-ci il tarixli, 2(004)-2678/2021 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin məhkəmənin 07 yanvar 2022-ci il tarixli, 3(004)-218/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə, 26 may 2023-cü il tarixli, 3(004)-2973/2023 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün və 12 oktyabr 2023-cü il tarixli, 3(004)-5252/2023 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icrasını təmin etməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 12 oktyabr 2023-cü il tarixdə rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 27 noyabr 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə zərər çəkmiş şəxs X6 həmin məbləğdə maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamda özünü təqsirli bilmir. O, hal-hazırda ödəniş gətirmişdir. O, işləyir, təzə işə girib. Hissə-hissə ödənişləri ödəyə bilər. O, hal-hazırda Yasamal rayonu, 2-ci Alatavada yaşayır. Həmin ev də plana düşüb, 5 aya, 1 ilə gedər, şəhərsalmaya da təqdim olunub, onda da 15000- 20000 birdəfəlik şəkildə ödəyə bilər. Əlindən gələni edəcək ki, məbləğlər daha böyük olsun ki, borcu qısa müddətdə bağlansın. Qətnaməni maddi imkanı olmaması ucbatından icra edə bilmədiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş X9 ifadəsində göstərmişdir ki, qətnamə 2021-ci ilin 28 aprel tarixində çıxıb. Həmçinin təqsirləndirilən şəxs Şahid1 yanında ona hədə-qorxu gəlib. O, DİN-ə şikayət vermişdir. Şikayəti 29-cu Polis İdarəsinə göndərilmişdir. Həmin vaxt təqsirləndirilən şəxs öz izahatında bildirib ki, onun X6 heç bir borcu yoxdur, əksinə onun ona borcu var. O, səs yazılarını, görüntüləri təqdim edəcəkdir. Təqsirləndirilən şəxs ziyanı ödəməmişdir, ona görə də ən ağır formada ciddi cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Yasamal rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsi üzrə Təqsirləndirilən şəxs 31270 manat tutularaq X6 ödənilməlidir. Həmin ilin iyun ayında icraata başlamaq haqqında qərar olsa da, üstündən artıq 3 il keçməsinə baxmayaraq icra sənədi icra olunmamışdır. Bu 4 il ərzində tələbkara tələbin icrası ilə bağlı könüllü bildiriş verilmiş, onun əmlak gəlirləri yoxlanılmış, daha sonra məşğulluq və işləməsi ilə bağlı sorğular edilmiş və həmin dövr ərzində müsbətə doğru heç bir məlumat əldə edilməmişdir. Bundan sonra dəfələrlə xəbərdarlıq olunsa da borclu şəxs borcunu ödəməyəcəyini söyləmişdir. Daha sonra iş Ədliyyə Nazirliyinin İstintaq orqanına göndərilmiş, orada istintaq tədbirləri həyata keçirilib məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Yasamal rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, işin icra məmuru o olmamışdır, sadəcə olaraq Şöbənin icraatında olub, problemli iş olub, onunla bağlı məlumatları olub. 2021-ci ildən Şöbənin icraatındadır, şəxsdə heç bir əmlak aşkar olunmayıb, inzibati məsuliyyətə də cəlb olunub, sonra istintaqa da cinayət işinin başlanması üçün müvafiq təqdimat göndərilib. Onda məlumat var ki, hər hansı əmlak aşkar olunmayıb, bildiyinə görə bu gün 300 manat pul ödəmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)- 2678/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsinə və həmin qətnamə əsasında xx.xx.2021-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 31270 manat borc və 30 manat dövlət rüsumu, cəmi 31300 manat sabit pul tutularaq X6 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında” qərara əsasən xx.xx.2021-ci il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-218/2022 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən icra vərəqəsində göstərilən tələbləri icra etmədiyinə və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 2973/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən həmin məhkəmə aktı üzrə icra vərəqəsində göstərilən tələbləri icra etmədiyinə və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbi yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 5252/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən həmin məhkəmə aktı üzrə icra vərəqəsində göstərilən tələbi icra etmədiyinə və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbi yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin böyük müstəntiqi Ramil Qəhrəmanova ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, o, Bakı Şəhəri Rayon Məhkəməsinin 2(001)-2678/2021 saylı, 28 aprel 2021-ci il tarixli qərnaməsini əsassız hesab edir, Azər Kərimliyə borcunun olmadığını, ümumiyyətlə ona heç vaxt borc ödəməyəcəyini, buna görə də həmin pulun ondan tələb edilməməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri cəzası, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həm də azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə isə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Həmçinin məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə icra edilməyən qətnamə pul məbləği ilə əlaqədar olduğundan, pul məbləğini ödəyə bilməyən şəxsin cərimələnməsi də lüzumsuz olar. Bu səbəbdən də maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın təyin edilməsi də mümkünsüzdür. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar da olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzanın çəkilməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Bununla da cəzanın məqsədlərinə də nail oluna bilər. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 5515 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən 300 manat X6 icra ödənişi ilə əlaqədar Yasamal rayon icra şöbəsinə köçürülmüşdür. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı övladları vardır. Həmçinin iş üzrə müəyyən edildi ki, təqsirləndirilən şəxsin əmlak və maddi vəziyyəti icra məmurları tərəfindən yoxlanılmış, qətnamələrin icrası üçün tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı, gəliri, pulunun olması müəyyən edilə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, maddi vəziyyətinin aşağı olmasını, ailəli olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-258/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-258/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver