Məhkəmə qərarları › İş №1(004)-259/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-259/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-259/2025 04.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Əsgərova Təhminə Xeybər qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 31A, mənzil 30-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 48, mənzil 55-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə saat 18 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndində nəzərdə tutulan “hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir” kimi tələblərə riayət etməyərək, yəni alkoqollu içkilərin qəbulu nəticəsində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “BMW 528İ” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində “Space TV” telekanalın binası istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən, həmin Qanunun 50-ci maddəsinin 1ci hissəsində nəzərdə tutulan “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qeyd olunan tələblərə riayət etməyərək, hərəkətini davam etdirməsi nəticəsində idarə etdiyi avtomobilin qabaq hissəsi həmin küçədə 7 ünvanında yerləşən Azərbaycan Milli Konservatoriyasının inzibati binasının qarşısında Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi əsasında etibarnamə olmadan əri Şahid məxsus geriyə dönmə əməliyyatı etdiyi «Hyundai Accent» markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq yan hissəsi ilə toqquşmuş və nəticədə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sol İİ qabırğanın yerini dəyişmiş sınığı, sol baldır, sağ diz, sağ sarğı nahiyələrinin qançırları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 03 iyun 2024-cü il tarixində, saat 15 radələrində evdə nahar edərkən təxminən 250-300 qram araq qəbul etmiş, lakin özünü sərxoş hesab etmədiyi üçün sükan arxasına keçmişdir. Təxminən saat 18:00-da ona məxsus “BMW 528İ” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Space TV” telekanal istiqamətində hərəkətdə olarkən yolun ortasında dönmə əməliyyatı edən bir “Hyundai Accent” avtomobili görmüşdür. Düşünmüşdür ki, həmin avtomobilin sürücüsü onu görüb dayanacaq. Ona görə də, əks istiqamətli hərəkət zolağına çıxaraq keçməyə cəhd göstərmişdir. Lakin qarşı tərəfdəki sürücü hərəkəti dayandırmadığı üçün toqquşma baş vermişdir. Hadisədən dərhal sonra avtomobildən düşərək yol kənarında oturmuş, az sonra hadisə yerinə gələn polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları tərəfindən sərxoşluq müayinəsinə aparılmışdır. Müayinədə spirtli içki qəbul etdiyi təsdiqlənmiş, hadisə zamanı isə sağ qabırğasından xəsarət almışdır. Hadisədən sonra qarşı avtomobilin qadın sürücüsünün – Zərərçəkmiş şəxs xəsarət aldığını bilmişdir. Həmçinin törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, idarə etdiyi “Hyundai Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi nikahla ərinə məxsusdur və etibarnamə əsasında həmin avtomobili idarə edir. Hadisə baş verən gün, 03 iyun 2024-cü il tarixində, azyaşlı övladını Azərbaycan Milli Konservatoriyasının yerləşdiyi Gimnastika mərkəzinə aparmış və saat 18 radələrində avtomobilə geri əyləşərək övladını gözləmək üçün qarşı tərəfə keçmək məqsədilə avtomobillə geriyə dönmək istəmişdir. Hərəkət zamanı qarşıdan və arxadan gələn nəqliyyat vasitələrinin hərəkət etmədiyini görərək dönmə əməliyyatına başlamış, bardura toxunduğu üçün avtomobili bir qədər geri çəkmişdir. Bu zaman qarşıdan, əks istiqamətdə “BMW” markalı bir avtomobilin sürətlə gəldiyini görmüş, lakin düşünmüşdür ki, həmin avtomobil öz hərəkət zolağında hərəkət edər. Lakin 1-2 saniyə sonra “BMW” markalı avtomobil onun idarə etdiyi avtomobilin sol qabaq hissəsinə çırpılmışdır. Hadisədən sonra avtomobildən düşürülmüş və ətrafdakı şəxslərdən həmin sürücünün spirtli içkinin təsiri altında olduğunu eşitmişdir. Daha sonra hadisə yerinə gələn yol polisi əməkdaşları tərəfindən müayinəyə aparılmış, orada məlum olmuşdur ki, qarşı avtomobilin sürücüsü – Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə sükan arxasında olmuşdur. Hadisə nəticəsində özü də ciddi bədən xəsarətləri almış, xüsusilə qabırğa sınığı və bədən nahiyələrində qançırlar yaranmışdır. Tibbi yardımla təmin edilmiş və bu günə olan vəziyyətdə Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəsmi nikahlı həyat yoldaşıdır və hadisə baş verən avtomobil – “Hyundai Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı maşın ona məxsusdur. Uzun müddət ərzində düşünmüşdür ki, həyat yoldaşı ilə rəsmi nikahda olduğu üçün avtomobilin idarə edilməsinə dair etibarnaməyə ehtiyac yoxdur. Lakin sonradan qanunvericiliyə əsasən belə etibarnamənin vacib olduğunu öyrəndiyi üçün 2024-cü ilin noyabrında həyat yoldaşına rəsmi etibarnamə vermişdir. Hadisə baş verən gün işdə olduğu zaman həyat yoldaşı ona zəng edərək, yol-nəqliyyat hadisəsi baş verdiyini, avtomobilinin vurulduğunu və özünün də xəsarət aldığını bildirmişdir. Dərhal hadisə yerinə getmiş, lakin həyat yoldaşının artıq xəstəxanaya aparıldığını, qarşı avtomobilin – “BMW” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə hələ də hadisə yerində olduğunu görmüşdür. Sürücü ilə danışmağa çalışsa da, onun sərxoş vəziyyətdə olduğunu açıq şəkildə müşahidə etmiş və hadisənin təfərrüatını izah edə bilmədiyini görmüşdür. Sonradan həyat yoldaşının qabırğa sınığı və digər ciddi xəsarətlər aldığını öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin növü toqquşma olmuş, hadisə yeri sürücü Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Yol-nəqliyyat hadisəsi yeri ünvan 1 ünvanıdır. Yolun hərəkət hissəsi düzdür. Örtüyün növü asfalt-beton olmaqla, örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 8,6 metrdir. Hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 8 metrdir. Hərəkət hissədə qırıq-qırıq xətlər vardır. Hərəkət hissəsi birləşir: sağdan piyada səkisi, soldan piyada səkisi, sonra sağdan binalar, soldan binalar, hərəkət nizamlama üsulu nizamla, yol nişanları zonası yoxdur, yol (küçə) şəhər elektrik işığı ilə işıqlandırılır. Velosipeddən qalma izlər aşkar olunmadı. Nəqliyyat vasitələri qəzalı vəziyyətdə hadisə yerində olmuşlar. Şinlərin izləri, tormozlanma izləri, nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri aşkar edilməmişdir. Fara stop, plastik sınıqlar aşkar edilmişdir. Nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri aşkar edilməmiş, digər izlər yağ və tormoz mayesi dağıntıları aşkar edilmişdir, izlərin götürülməsi haqqında məlumat aşkar edilmədi (i.v. 6-11). “Nəqliyyat vasitəsinin və texniki vəziyyətinin yoxlanılması haqqında” 03 iyun 2024-cü il tarixli protokolundan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “Hyundaı Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan və ön hissəsində zədələr aşkar edilmiş, nəqliyyat vasitəsinin üzərində izlərin və digər maddi sübutların olması, nəqliyyat vasitəsinin ox və təkərlərinin sayı 2x4, nəqliyyat vasitəsinin yüklülük dərəcəsi, yükün, xarakteri, ölçüləri və bağlanması, yükün zədələri aşkar edilməmiş, əl əyləc dəstəyinin və sürət ötürücüsünün vəziyyəti, sükan və idarə sisteminin vəziyyəti, əyləc sisteminin vəziyyəti saz vəziyyətdə olmuşdur (i.v. 12-13); “Nəqliyyat vasitəsinin və texniki vəziyyətinin yoxlanılması haqqında” 03 iyun 2024-cü il tarixli protokolundan görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “BMW- 528İ” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində çoxsaylı zədələri aşkar edilmiş, nəqliyyat vasitəsinin üzərində izlərin və digər maddi sübutların olması, nəqliyyat vasitəsinin ox və təkərlərinin sayı 2x4, nəqliyyat vasitəsinin yüklülük dərəcəsi, yükün, xarakteri, ölçüləri və bağlanması, yükün zədələri aşkar edilməmiş, əl əyləc dəstəyinin və sürət ötürücüsünün vəziyyəti, sükan və idarə sisteminin vəziyyəti, əyləc sisteminin vəziyyəti saz vəziyyətdə olmuşdur (i.v. 14-15); 03 iyun 2024-cü il tarixli, 2/29895 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə günü Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (i.v. 16). 03 iyun 2024-cü il tarixli, 2/29933 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə günü Zərərçəkmiş şəxs alkoqol qəbulu əlamətləri olmamaqla ayıq olmuşdur (i.v. 17). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibb Ekspertiza və X2” X5 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 10 iyun 2024-cü il tarixli, 618 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol İİ qabırğanın yerini dəyişmiş sınığı, sol baldır, sağ diz, sağ sağrı nahiyələrinin qançırları, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs adına KTM-da tərtib edilmiş tibbi sənəddə qeyd olunan “Boyunun səthi travması” diaqnozunun obyektiv əlamətləri (qançır, sıyrıq, yara, sınıq və s.) qeyd olunmadığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyil (i.v. 37-40). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibb Ekspertiza və X2” X5 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 13 iyun 2024-cü il tarixli, 638 nömrəli rəyindən görünür ki, Vət Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət sağ dirsək oynağının sıyrığı, küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. “Premiun Clinic” kinikasında vət Təqsirləndirilən şəxs rentgen müayinəsində müəyyən edilmiş, sağ tərəfdə Vİİ və Vİİİ qabırğalarda bitişməkdə olan sınıq Birliyin ekspert - radioloqun müayinəsi zamanı öz təsdiqini tapmamışdır (i.v. 41-43). Premimum Clinic tərəfindən verilmiş rentgen müayinəsinin nəticəsindən görünür ki, xəstə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müayinə edilərkən döş qəfəsi orqanlarının R-skopiyası və R-qramması zamanı: ağ ciyərlərdə ocaqlı infiltrativ kölgəliklər aşkar edilmir. Ağ ciyər kökləri hər iki tərəfdə qeyri strukturludur, genişlənib şaxəlidir. Ağ ciyər və bronx-damar şəkli hər iki tərəfdə kökyanı nahiyyədən orta və aşağı paya diffuz güclənib. Hər iki tərəfdə əsasən sağ tərəfdə perivaskulyar güclənmələr qeyd edilir. R-ji divararlığı kölgəsi genişlənməyib. Diafraqmanın konturları hamardır, sərbəst hərəkətlidir. Sinuslar azaddır. Ürək və aorta norma daxilindədir. Sağ tərəfdə Vİİ və Vİİİ qabırğalarda bitişməkdə olan sınıq xətti aşkar edilir (i.v. 54). Zərərçəkmiş şəxs qismində tanınma haqqında 30 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 62). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 daxil olmuş 18 fevral 2025-ci il tarixli, 3-28-29-3-28/2-1762/2025 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmayıblar (i.v. 85). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-16/2-38286/2025 nömrəli məktubdan görünür ki, DİN-in Baş X6 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BA 011673 nömrəli “B” kateqoriyalı və xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BB 254826 nömrəli “B1 B” kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v. 86). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 06 yanvar 2025-ci il tarixli, 8/2328 nömrəli rəyindən görünür ki, 1.3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW 528İ markalı, 77- LD-528 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəktlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 2.4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Accent markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 87-91). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən verilmiş 03 mart 2025-ci il tarixli, 3-13-16/2-41910/2025 nömrəli məktubdan görünür ki, DİN-in Baş X6 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Hyundai Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən Şahid adında qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixədək Zərərçəkmiş şəxs istifadəsinə verilməsi barədə DİN Baş X6 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur (i.v. 97). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibb Ekspertiza və X2” X5 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 11 mart 2025-ci il tarixli, T 158/2025 nömrəli rəyindən görünür ki, 1-3. Vətəndaş Təqsirləndirilən şəxs sağ dirsək oynağının sıyrığı olmuşdur. Qeyd edilən xəsarət küt yaranma mexanizminə malik olmaqla, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (i.v. 135-138). “Sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 263- 1.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci, Şahid barəsində isə həmin Məcəllənin 335.1-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surətinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin DYPŞ-yə göndərilməsi, Yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 528İ” markalı, **-LD-*** və Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin maddi sübut kimi tanınması və sahiblərinə təhvil verilməsinin nəzərə alınması, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin ifadəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 Yasamal rayon şöbəsinin 21 iyun 2024-cü il tarixli 618 və 04 iyul 2024-cü il tarixli 638 nömrəli rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin 12 mart 2025-ci il tarixli T 158/2025 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli 8/2328 nömrəli rəyi, 03 iyun 2024-cü il tarixli 2/29895 nömrəli tibbi müayinə protokolu və digər istintaq sənədlərinin iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (i.v. 140-151). Notarius tərəfindən təsdiq edilmiş 8İ-2417 nömrəli ərizədən görünür ki, həmin ərizədə Rəhimzadə X1 Rəşad Bayram oğlu ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 may 2025-ci il tarixli, 3-13-16/2-101152/2025 nömrəli məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs tərəfindən 2024 və 2025-ci illərdə AR İXM-nin 469.3, 339.1-1, 328.1, 328.2 və 328.3-cü maddələrində nəzərdə tutulan inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3/2/2455/25 nömrəli məktubdan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyil. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 1); AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 83); “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsindən həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir (i.v. 100-101); “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 103- 104); “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 131). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Əvvəla, təqsirləndirilən şəxs bu cinayəti ilk dəfə törətmiş, əvvəllər məhkum olunmamışdır. Onun məhkəmə istintaqı zamanı təqsirini könüllü olaraq etiraf etməsi, əməlindən peşmançılıq keçirdiyini bildirməsi və bu davranışları ilə istintaqın obyektiv aparılmasına kömək göstərməsi məhkəmə tərəfindən cəzanın yüngülləşdirici halları kimi qiymətləndirilmişdir. İkincisi, təqsirləndirilən şəxs hadisə nəticəsində zərər çəkmiş şəxslə barışmış və bununla da zərərçəkmişin ona qarşı hər hansı şikayət və tələbinin olmamasına nail olmuşdur. Bu isə cəzanın məqsədlərindən biri olan ictimai barış və ədalətin bərpasına xidmət edir. Eyni zamanda, cərimə cəzasının verilməsi təqsirləndirilənin islah olunması baxımından daha məqsədəuyğun hesab edilmişdir. Onun cəmiyyət üçün ciddi təhlükə törətməməsi, sabit yaşayış yeri və sosial əlaqələrinin olması, azadlıqdan məhrumetmədən kənar cəza tədbirləri ilə də hüquqazidd davranışdan çəkindirilməsinin mümkünlüyü nəzərə alınmışdır. Bütün bu hallar məhkəməyə əsas verir ki, qanunla nəzərdə tutulmuş azadlıqdan məhrumetməyə alternativ cəza – yüksək məbləğdə cərimə tətbiq edilsin. Bu, həm təqsirləndirilənin islah olmasına xidmət edir, həm də qanunun tələblərinə və ədalət prinsipinə uyğun sayılır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəza növlərindən cərimə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməli (CPM-198.1.) və həmçinin iş üzrə maddi sübut yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 528İ” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8000 manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödəsilsin. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 528İ” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixli məhkəmə iclasınadək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 05 iş saatına görə 30 manat və xx.xx.2025-ci il tarixli məhkəmə iclasından sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 16 iş saatına görə 176 manat, cəmi 206 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar