Məhkəmə qərarları › İş №1(004)-26/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-26/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-26/2021 03.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Zərdabi 7 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2. 177.2.3 və 177.2.3-1-ci maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X10 və X8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 00:30-da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilin giriş qapısını ling vasitəsi ilə sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla, X8 zərərçəkmiş şəxslərin gələcəyi təqdirdə onlara xəbər vermək məqsədilə qeyd edilən mənzilin yerləşdiyi binanın qarşısında dayanmış, Təqsirləndirilən şəxs və Orxan Orucov həmin mənzilin qonaq otağında yerləşən dolabdan içərisində Zərərçəkmiş şəxs1 məxsus 10000 manat və milli pul ekvivalenti ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları, cəmi 18500 manat nəğd pul vəsaiti olan Zərərçəkmiş şəxs2 məxsus 02 ədəd ehtiyat açarını, ümumi dəyəri 150 manat olan seyfi və həmin otaqda stolun üzərindən Zərərçəkmiş şəxs2 məxsus dəyəri 600 manat olan 1 ədəd “İphone” markalı A1661 (7plus) modelli mobil telefonu vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 18500 manat, Zərərçəkmiş şəxs2 750 manat olmaqla, ümumilikdə 19250 manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə günorta saatlarında tanışı Orxana zəng vuraraq onunla işi olduğunu bildirmiş və onu “Papanin” adlanan yerə dəvət etmişdir. Orxan həmin yerə Xəyal adlı dostunun avtomobili ilə gəlmişdir. “Papanin” adlanan yerdə Xəyalın avtomaşının yanında söhbət zamanı Orxan ona Xəyalın oğurluq etmək üçün münasib evlər tanıdığını bildirmiş, Xəyal da Orxanın dediklərini təsdiq etmişdir. Daha sonra Xəyal «Günəş» yanacaqdoldurma məntəqəsinin yaxınlığında «Bizim» market istiqamətində yolun solundakı doqquzmərtəbəli binada Şəhla adında qadın yaşadığını və hər gün gecə 00:00 radələrində rəfiqələri ilə birlikdə şəhərdə yerləşən klublara getdikləri üçün evdə heç kəsin olmadığını, özünün də Şəhlanın rəfiqələri ilə yaşadığı həmin evə gediş-gəlişi olduğunu, həmin evin qonaq otağında olan seyfin içərisində 20.000 manat pul olduğunu dəqiqliklə bildiyini demişdir. O, bu söhbəti eşidib birlikdə oğurluq etməyə razı olduğunu bildirmişdir. Onlar səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə axşam saatlarında görüşərək birlikdə oğurluq edəcəkləri barədə plan qurmuşlar. Daha sonra xx.xx.2019-cu il tarixdə, axşam saat 18:00da “Papanin” adlanan yerdə yenidən Orxan və Xəyalla görüşmüşlər. O, həmin yerdə gizlətdiyi tutacaq hissəsi qara parça ilə bağlanmış lingi götürərək, təxminən 15 dəqiqə sonra geri qayıdıb avtomaşına əyləşmişdir. Birlikdə bir neçə saat şəhərin müxtəlif yerlərində gəzdikdən sonra təxminən 23:30 radələrində həmin məhəlləyə qayıdaraq Şəhla və rəfiqələrinin evdən çıxmasını gözləmişlər. Saat 00:00-da Xəyalın Şəhla adlandırdığı qız, 2 nəfər rəfiqəsi ilə birlikdə evdən çıxmış, təxminən 15 dəqiqə onların uzaqlaşmalarını gözlədikdən sonra o, linglə mənzilə qalxmışdır. Mənzilin qapısını ling vasitəsilə açmaq istəmiş, lakin qapı açılmamışdır. Buna görə də bir müddət sonra geri qayıdaraq ling vasitəsilə qapını aça bilmədiyini və kömək lazım olduğunu bildirmişdir. Xəyal isə avtomaşında olan uc hissəsi onun lingindən fərqli olaraq əyri olan lingi avtomaşının yük yerindən götürüb ona vermişdir. Bundan sonra Orxanla birlikdə yuxarı qalxmış, Xəyal isə Şəhlagili tanıdığı üçün onların gəlmə ehtimalına qarşı məhəllədə qalmışdır. O, Orxanla birlikdə 8-ci mərtəbəyə qalxmış, o, ling vasitəsilə qapının kilid hissəsini qırmış, qapını içəriyə doğru itələmiş və açmışdır. O, Orxanla birlikdə mənzilə daxil olmuş, Xəyalın dediyi qonaq otağında olan şkafın yuxarıdan ikinci gözündəki seyfi tapmış, onu mavi rəngli sellofan torbaya qoyub evdən çıxarkən Orxan stolun üstündə olan “İphone” markalı ağ rəngli mobil telefonu da götürmüşdür. Onlar evdən çıxıb Xəyalın avtomobilinə əyləşmiş, avtomobildə o, sellofan torbada seyf olduğunu bildirmiş, Orxan isə cibindən “İphone” markalı mobil telefonu çıxarmışdır. Xəyal seyfi açmaq məqsədi ilə Abşeron rayonu Masazır qəsəbəsinə getməyi təklif etmiş, onlar birlikdə həmin yerə getmişlər. Gecə saatları olmasına baxmayaraq Abşeron rayonu Masazır qəsəbəsində adamların çox olduğunu görüb Xəyalın yaşadığı ünvanın yanında olan və sonuncunun qaynanasına məxsus olan kirayə verdiyi mənzilin boş hamamına getmişlər. Orada birlikdə seyfi açmış və seyfin içində 200 manat pul, Zərərçəkmiş şəxs2 məxsus “AccessBank” kartı, “Unibank”ın ödəniş çeki, seyfin 2 ədəd ehtiyat açarı və kartın şifrəsi olan kağız olmuşdur. Onlar pulu öz aralarında bölmüş, həmin puldan 100 manatını o götürmüş, 50 manatını Xəyala, 50 manatını isə Orxana vermişdir. Xəyal öz pulundan 5 manatına avtomaşınına benzin vurmuşdur. Bundan sonra onda kartın şifrəsi olduğu üçün kartda pul olub-olmadığını yoxlamaq istəmiş, birlikdə “Masazır dairəsi”nə getmiş, orada o, aptekdən qara rəngli ağızlıq maska almışdır. Daha sonra oradakı “Access Bank”ın ətrafında çoxlu kameralar olduğu üçün başqa yerə getməyi təklif etmiş, Xəyal isə avtomobili bildiyi ən yaxın bankomata, yəni Binəqədi rayonuna – Bakı Metropoliteninin “Azadlıq” stansiyasının yaxınlığına sürmüşdür. O, tanınmamaq üçün aptekdən aldığı ağızlıq maskanı taxmış, başına papaq qoyub kartı yoxlamağa getmişdir. Kartı bankomata daxil etsə də, kartın işləmədiyi ona məlum olmuşdur. Geri qayıdaraq avtomaşına əyləşmiş və kartın işləmədiyini bildirmişdir. Daha sonra onlar aeroport yolundan Yeni Suraxanı yoluna hərəkət etmiş və onu Yeni Suraxanıda yaşadığı ünvanın yaxınlığında küçədə düşürmüşlər. Özləri isə onun bilmədiyi istiqamətə getmişlər. xx.xx.2019-cu il tarixdə, təxminən saat 18 radələrində Orxan ona zəng etmiş, söhbət əsnasında o, Orxana öz anasının yanına gedib oğurladığı telefonu anasına guya Orxanın arvadının telefonu olduğunu deməklə girov qoyaraq pul almağı bildirmiş, Orxan onunla razılaşaraq onun evinə getmişdir. Orxan onun dediyi qaydada anasına maddi problemləri olduğunu və ona borc verməsini bildirmişdir. Daha sonra Orxan oğurladıqları “İphone 7 plus” markalı mobil telefonun arvadına məxsus olduğunu bildirərək onu girov qoymuş və onun anasından 100 manat məbləğində pul almışdır. Həmin puldan 30 manatını Orxana vermiş, qalan 70 manatı isə özünə götürmüşdür. O, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, Şəhlanın Xəyalın tanışı olduğunu bilmiş, baş vermiş cinayət hadisəsini törətməkdə ona Orxan və Xəyal adlı şəxslərdən başqa heç kim köməklik etməmişdir. Həmin mənzildən oğurladıqları seyfin içərisində yalnız 200 manat pul, Zərərçəkmiş şəxs2 məxsus “AccessBank”a məxsus kart, “Unibank”ın ödəniş çeki, seyfin 2 ədəd ehtiyat açarı və kartın şifrəsi olan kağız olmuşdur. Həmin seyfdə 10000 manat və 5000 ABŞ dolları pul olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki tanıyır və aralarında yaxın münasibət olmuşdur. Nərminə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksində özünə məxsus mənzil almaq üçün anası Mətanətdən 10000 manat və 5000 ABŞ dolları pul almış, həmin gün onun yaşadığı evə gələrək bir müddət qalmaq istədiyini bildirmiş, o, Nərminə ilə razılaşmışdır. Nərminə evdə seyfin olduğunu görmüş və həmin pulu təhlükəsiz olduğu üçün seyfə qoymuşdur. xx.xx.2019-cu il tarixində ortaq rəfiqələri olan həmin gün Şamaxı rayonundan gələn X6 ilə birgə gecə saat 12 radələrində şəhərə getmişlər və müxtəlif yerlərdə olmuşlar. Təxminən saat 06:40 radələrində birgə evə qayıdan zaman mənzilin qapısının açıq olduğunu görmüş və dərhal içəri girmişlər. Qapı qırılmış vəziyyətdə olmuş, onlar dərhal qonaq otağına getmiş və orada yuxarıdan 2-ci siyirmədə olan içərisində Nərminəyə məxsus olan pulun olduğu seyfin yerində olmadığını və şkafda olan paltarların dağıdıldığını görmüşlər. Bundan başqa stolun üzərində olan və istifadə etmədiyi “İphone 7 plus” markalı mobil telefonun oğurlandığını aşkar etmişlər. Nərminə dərhal DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Baş vermiş hadisə zamanı ona məxsus olan dəyəri 600 manat olan “İphone 7 plus” markalı **********79605 İMEİ kodlu mobil telefondan başqa 150 manat dəyərində seyf, seyfin içərsində isə ona məxsus içərisində pul vəsaiti olmayan «AccesBank» kartı və heç bir dəyəri olmayan həmin seyfin 02 ədəd ehtiyat açarı oğurlanmışdır. Hadisə nəticəsində ona cəmi 750 manat maddi ziyan dəymişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 uzun müddətdir ki tanıyır və aralarında yaxın dostluq münasibəti olmuşdur. xx.xx.2019-cu il tarxində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış konpleksində özünə mənzil almaq üçün anası X1 ona 10000 manat və 5000 ABŞ dolları pul bağışlamışdır. O, anasından pulu aldıqdan sonra rəfiqəsi Şəhlagilə getmiş və bir müddət həmin mənzildə Şəhla ilə birgə qalmağı qərarlaşdırmış, Şəhla isə buna razılıq vermişdir. O, Şəhlagildə olan zaman həmin mənzildə seyf olduğunu görmüş və Şəhlanın icazəsi ilə təhlükəsiz olduğu üçün pulu həmin seyfə qoymuşdur. xx.xx.2019-cu il tarixində ortaq rəfiqələri olan həmin gün Şamaxı rayonundan gələn X6 ilə birgə saat gecə 12 radələrində şəhərə getmişlər və müxtəlif yerlərdə olmuşlar. Təxminən saat 06:40 radələrində birgə evə qayıdan zaman mənzilin qapısının açıq olduğunu görmüş və dərhal içəri girmişlər. Qapı qırılmış vəziyyətdə olmuş, onlar dərhal qonaq otağına getmişlər və orada şkafda yuxarıdan 2-ci siyirmədə yerləşən seyfin yerində olmadığını və şkafda olan paltarların dağıdıldığını görmüşlər. Bundan başqa, rəfiqəsi Şəhlanın stolun üzərində olan və istifadə etmədiyi “İphone 7 plus” markalı mobil telefonunun oğurlandığını aşkar etmişlər. O dərhal DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Baş vermiş hadisə zamanı ona 10000 manat və 5000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərmişdir ki, oğlu X7 bir neçə dəfə məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdə oğlu ona zəng edərək dostu Orxanın pul ilə bağlı problemlərinin olmasını bildirmiş və Orxanı qəbul edərək imkan daxilində ona köməklik etməsini xahiş etmişdir. Həmin gün Xaqaninin dostu kimi tanıdığı Orxan onun evinə gəlmiş və söhbət zamanı bildirmişdir ki, kirayə yaşadığı evin pulunu bu gün mütləq ödəməlidir. Bu səbəbdən girov olaraq bir günlük onun deməsinə görə arvadına məxsus olan ağ rəngli “İphone” markalı telefonu girov qoyaraq ona 100 manat pul verməsini xahiş etmiş, o isə Orxana özündə pul olmadığını bildirmişdir. Lakin Orxan isə inadla yenidən pul tapmağa köməklik etməyi xahiş etdiyindən həmin zaman onunla ticarət aparmaq üçün evinə gələn Şahid2 həmin telefonu bir günlük girova götürməyi və əvəzində 100 manat pul verməyi xahiş etmiş, Vurğun da onun xahişini nəzərə alaraq telefonu götürmüş və ona 100 manat pul vermişdir. O, həmin pulu Orxana vermiş və sonuncu ertəsi gün 100 manat pulu gətirib verərək telefonunu götürəcəyinə söz vermişdir. Lakin Orxan dediyi sözə əməl etməmişdir. Həmin vaxtdan “İphone” markalı telefon Vurğunda qalmışdır. O, Orxanın ona verdiyi ağ rəngli “İphone” markalı mobil telefonun oğurluq əşya olduğunu bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə ticarət əlaqəsi saxladığı Şahid1 evinə sonuncudan ona olan 450 manat pul borcunu almaq məqsədi ilə getmiş, həmin vaxt Gülnarənin evinə tanımadığı bir nəfər şəxs gəlmişdir. Bir müddət sonra Gülnarə ona yaxınlaşaraq evə gələn həmin şəxsin ailəsini kirayə qaldıqları evdən pulu vermədiklərinə görə çıxarmaq istədiklərini bildirmiş və ona verməli olduğu 450 manat pul əvəzinə 350 manat verməsini, qalan 100 manatı isə həmin şəxsə verməsini xahiş etmiş və iki gündən sonra pulu qaytaracağını bildirmişdir. Daha sonra Gülnarə həmin şəxsə məxsus olan telefonu girov kimi o özündə saxlamasını təklif etmiş, o, Gülnarla razılaşaraq telefonu götürmüşdür. Lakin həmin gündən uzun müddət keçməsinə baxmayaraq ona 100 manat pul qaytarılmamış və həmin vaxtdan telefon onda qalmışdır. O, Şahid1 ona verdiyi ağ rəngli “İphone” markalı mobil telefonun oğurluq əşya olmasını bilməmiş, yalnız həmin söhbətdən 10 gün keçdikdən sonra Gülnarə ilə telefonla danışan zaman sonuncu ona polisdən zəng edildiyini və ona girov qoyulan telefonun oğurluq olduğunun deyildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 3/516 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş 17,23 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs sağ ovucun hipotenar hissəsindən, 20,24,25 saylı daktilolentlərin səthindəki ovuc izləri onun sol ovucun hipotenar hissəsindən qalmışdır. Təqdim edilmiş 15,21,22 saylı daktilolentlərin səthindəki ovuc izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental ovuclarından qalmamışdır. Ekspertiza xərci 161,11 (yüz altmış bir manat, on bir qəpik) manat təşkil edir (İİ cild, i.v. 97- 106). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1499 saylı ekspert rəyinin (surətinin) nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd “İphone” markalı, «A 1661» (7 plus) model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla orta bazar qiyməti təxminən 600,00 manat müəyyən olunur (cild İİ, i.v. 289-291). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə müəssisənin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “tutma haqqında protokol”dan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:00-da tutulmuşdur (cild İİ, i.v. 19). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 02 ay 07 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixli qərarla barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə hadisə yerindən götürülmüş 17, 20, 23, 24, 25 saylı daktilolentlər maddi sübut hesab edilərək Yasamal RPİ-nin saxlama yerinə təhvil verilməsi, ********* nömrəli cinayət işi üzrə hadisə yerinə baxış protokolu, Azərbaycan Respublikası ƏN MEM-in xx xxxxxx 2020-ci il tarixli 1499 saylı rəyi, xx xxxx 2020-ci il tarixli 4151 saylı rəyi, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası ƏN MEM-in xx xxxx 2020-ci il tarixli 3/516 saylı rəyi, təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ifadələrin yerində yoxlanılması protokolları, əşyanın tanınması protokolu və digər sənədlər sübut növü kimi qəbul edilməsi, ********* nömrəli cinayət işi üzrə 01 ədəd ling, X5 məxsus avtomaşından götürülmüş Zərərçəkmiş şəxs2 məxsus “AccessBank” kartı, «İphone» markalı, «A 1661» (7 plus) model mobil telefon və hadisə yerindən götürülmüş 01 ədəd ling və 4,6,11,12,14 saylı daktilolentlərin maddi sübut hesab edilməsi, X10 və X2 177.2.1,177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilmələrəinə dair ********* saylı cinayət işinin xx xxxx 2020-ci il tarixdə itttiham aktı ilə Yasamal rayon prokurorluğuna göndərilməsinin nəzərə alınması qərara alınmışdır (cild İİ, i.v. 107-117). İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü, xx.xx.2010-cu il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 161,11 (yüz altmış bir manat, on bir qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, üzrə maddi sübut kimi tanınmış 17, 20, 23, 24, 25 saylı daktilolentlərin Yasamal RPİ-nin saxlama yerində saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi və X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli hesabatdan aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilməklə, 45 (qırx beş) saat hüquqi yardım göstərilmişdir. Həmçinin, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(004)-225/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 70 (yetmiş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 70 (yetmiş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 17, 20, 23, 24, 25 saylı daktilolentlərin Yasamal RPİ-nin saxlama yerində saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə-daktiloskopik ekspertizasının keçirilməsinə xərclənmiş 161,11 (yüz altmış bir manat, on bir qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar