Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-26/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2sində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, 13 iyun 2022-ci il tarixdə gecə saat 00:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi 15/1 saylı binanın qarşısında ictimaiyyətin gözü önündə, heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşaiyət edilən qərəzli hərəkətlərlə vətəndaş Zərərçəkmiş şəxs ünvanına nəlayiq ifadələr işlətmiş və bu zəmində aralarında yaranmış münaqişə zamanı sonuncunun sifət nahiyəsinə yumruqları ilə vuraraq ona baş beyin silkələnməsi ilə müşayət olunan sol ənsə nahiyəsinin hematoması, sol gözaltı və sol gicgah nahiyəsini əhatə edən sahənin şişkinliyi və qançır, üst dodağın sağ yarısının, sol saidin və diz oynağının sıyrıqları ilə müşaiyət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saat 00:05 radələrində avtomobilini idarə edərək Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi ilə “Musabəyov” bağı istiqamətində hərəkət edərkən və H.Cavid prospeti ilə kəsişmədə yerləşən işıqfora yaxınlaşdıqda ondan irəlidə hərəkət edən “Ravon” markalı avtomobilin tanımadığı sürücüsü avtomobilini ləng idarə edib işıqforun yaşıl işığı tam sönməmiş avtomobilini saxlamaq istədikdə o, avtomobilinin faralarını yandırıb söndürərək ondan avtomobilini sürməsini, ya da ona yol verməsini işarə etmişdir. Həmin avtomobilin sürücüsü onun işarələrinə əhəmiyyət verməyərək onu ləngitmişdi. İşıqforun yaşıl işığı yandıqdan sonra o, həmin avtomobil ilə yanbayan hərəkət etdikdə əl işarəsi ilə ondan nəyə görə belə etdiyini soruşduqda sürücü ona nalayiq işarələrlə cavab vermişdir. Buna görə o, məsələyə aydınlıq gətirməsi üçün əl işarəsi ilə avtomobilini saxlamasını tapşırdıqda həmin sürücü Zahid Xəlilov küçəsi ilə kəsişmədəki işıqfora çatmamış, “Nənəmin təndiri” təndirxanasından təxminən 20 metr aralıda avtomobilini saxlamışdır. O, öz avtomobilini onun avtomobilinin qarşısında saxlayaraq avtomobildən düşdükdə həmin sürücünün əl-qol ölçərək üstünə gəlməsini görmüşdür. Həmin şəxs ona yaxınlaşıb onu nalayiq sözlərlə təhqir edib ona əl-qol atmaq istədikdə o, onu qabaqlayaraq onun sifətindən bir neçə dəfə yumruqları ilə vurmuşdur. Həmin vaxt küçədə olan tanımadığı şəxslər onları sakitləşdirdikdə o, avtomobilinə minib oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs həmçinin münaqişənin təxminən 5 dəqiqə davam etməsini, hadisəni həmin vaxt küçədə olan tanımadığı şəxslərin görmələrini, münaqişə zamanı heç bir xəsarət almamasını qeyd etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş iş üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 13 iyun 2022-ci il tarixdə gecə saat 00:05 radələrində avtomobilini idarə edərək Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi ilə “Musabəyov” bağı istiqmətində hərəkət edərkən və H.Cavid prospeti ilə kəsişmədə yerləşən işıqforun işığının sarı rənginin yandığını gördükdə avtomobilini saxlamışdı. Həmin vaxt arxasınca gələn “Toyota” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarə etdiyi avtomobilin faralarını yandırıb söndürərək avtomobilini sürməsini tapşırdığını işarə etdiyini görsə də qırmızı işıqda keçdiyinə görə 60 manat cərimə olunacağından ehtiyatlanaraq onun işarələrinə əhəmiyyət verməmişdir. İşıqforun yaşıl işığı yandıqdan sonra avtomobilini təxminən 200 metr idarə etdikdə həmin avtomobilin sürücüsü arxasınca gəlib yanına çatdıqda və əl işarəsi ilə avtomobilini saxlamasını tapşırdıqda o, Zahid Xəlilov küçəsi ilə kəsişmədəki işıqfora çatmamış, “Nənəmin təndiri” təndirxanasından təxminən 20 metr aralıda avtomobilini saxlamış və yerə düşərək onun avtomobilinin qarşısında saxlamış həmin avtomobilin sürücüsünə doğru irəliləmişdir. Həmin şəxsə yaxınlaşdıqda o, ona “özünə problemlər axtarırsan?” sözlərini deyib onunla dalaşmaq istədiyini gördükdə “get, get, lənət şeytana” sözlərini deyib ondan aralanıb avtomobilinə tərəf getmişdir. Həmin şəxs ondan əl çəkməyərək arxasınca ünvanına təhqiramiz ifadələr işlədərək avtomobilinə oturarkən qapını tutub saxlamış və onu avtomobilində oturmağa qoymamışdır. Həmin şəxs yenə də, “özünə problemlər axtarırsan? Hə cavab ver də” sözlərini deyərək qəflətən sifətindən ardıcıl yumruq zərbələri vurduqda, zərbələrin təsirindən müvazinətini saxlaya bilməyib arxası üstə yerə yıxıldıqda başının arxası zərblə səkinin kənarına dəymişdir. Bundan sonra həmin şəxs yenə də ünvanına nalayiq söyüşlər işlədərək oradan uzaqlaşmışdır. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng etmiş və onu vuran şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün ərizə ilə 28-ci PB- nə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində əvvəllər tanımadığı ağ rəngli “Ravon” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobilini onun qarşısında saxladıqdan sonra boz metallik rəngli “Toyota Prius” markalı avtomobilin sürücüsü də avtomobilini həmin avtomobilin qarşısında saxlamışdır. “Toyota Prius” markalı avtomobilin sürücüsü nalayiq küçə söyüşləri söyərək “Ravon” markalı avtomobilin sürücüsünün üstünə yerimiş və onlar üzbəüz gəldikdə o da onların dalaşmamalan üçün onlara yaxınlaşmışdır. Bu zaman, sonradan adının Əli olduğu ona məlum olan “Toyota Prius” avtomobilinin sürücüsü “Ravon” markalı avtomobilin sürücüsünə “özünə problemlər axtarırsan?” sözlərini deyib dalaşmaq istədikdə “Ravon” markalı avtomobilin Sərvər adlı sürücüsü “get, get, lənət şeytana” sözlərini deyib ondan aralanaraq öz avtomobilinə doğru getmişdir. Lakin Əli ondan əl çəkməyərək nalayiq ifadələr işlədərək Sərvər avtomobilinə oturarkən qapını tutub saxlamış və onu avtomobilində oturmağına qoymamışdır. Əli yenə də Sərvərə “özünə problemlər axtanrsan? Hə, cavab ver də” sözlərini demiş və qəflətən Sərvərin sifətindən ardıcıl yumruq zərbələri vurmuşdu. Sərvər zərbələrin təsirindən müvazinətini saxlaya bilməyərək arxası üstə yıxıldıqda o və küçədən keçən tanımadığı 3 nəfər onların arasına girərək yenidən dalaşmalarına imkan verməmişdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir (səh: 9). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 582 saylı xx.xx.2022-ci il tarixli rəyi ilə təsdiq edilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayət olunan sol ənsə nahiyəsinin hematoması, sol gözaltı və sol gicgah nahiyəsini əhatə edən sahənin şişkinliyl və qançırı, üst dodağın sağ yarısının, sol saidin və diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər (səh: 22-24). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 iyun 2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(011)-344/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (səh: 60-61; 62-69). Məhkəməyədək sadələşdirilmiş icraat materialından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə iltizam imzalayaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında olacağını bildirmişdir. Lakin, bir neçə məhkəmə prosesində iştirak etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-373/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-373/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “axtarış” elan olunmaqla barəsində “həbs qətimkan tədbiri” seçilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli xx/xx-8839 saylı məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli axtarış qərarı ilə barəsində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizədən görünür ki, ona vurulmuş maddi zərər tam ödənilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi və digər maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirərək həmin əməli etiraf etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli 1(011)-344/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1 maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olması halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1 maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olması və qısa müddət sonra yenidən cinayət törətməsi halının, onun cinayət törətməyə meyilli şəxs kimi şəxsiyyətini xarakterizə edən hal olmasını nəzərə alır və onun qısa müddətə cəmiyyətdən təcrid olunmasını islah olunması məqsədilə zəruri hesab edir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-373/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 16 sentyabr 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına 300 (üç yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-26/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-26/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver