Məhkəmə qərarları › İş №1(004)-260/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-260/2022

20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-260/2022 20.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 11:25 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 15 fevral 2022-ci il tarixdə, səhər saatlarında Şamaxinka adlanan ərazidə məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli kağıza bükülmüş təmiz çəkisi 0,341 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış 16 fevral 2022-ci il tarixdə, saat 02:45-dəqiqədə ünvan 2 ünvanın qarşısında Yasamal RPİ-nin X9 Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş təmiz çəkisi 0,341 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, narkotik vasitə qəbul edir. 15 fevral 2022-ci il tarixdə, səhər saatlarında “Şamaxinka” adlanan əraziyə gedərək orada üzdən tanıdığı, narkotik maddələrin satışı ilə məşğul olduğunu bildiyi şəxsdən öz istifadəsi üçün 10 manata narkotik vasitə olan heroin almışdır. O, bir ədəd siqaretin qızılı kağızına bükülmüş vəziyyətdə narkotik vasitə heroin olan bükümü üzərində olan göy rəngli klassik şalvarının sağ yan cibinə qoymuş və yaşadığı ünvana getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 02:40 radələrində siqaret çəkmək üçün yaşadığı evin yaxınlığına çıxan zaman 3 nəfər polis geyim formasında olan şəxsin ona yaxınlaşaraq ondan üzərində şəxsiyyət vəsiqəsinin olub-olmamasını, gecə vaxtı nə etdiyini soruşduqda o, qeyri-dəqiq cavab verməyə başlamış və buna görədə polis əməkdaşları onu Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişdirlər. Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasında müdafiəçinin də iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılmış və həmin zaman o, üzərində olan göy rəngli klassik şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş bağlamada olan bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və o da imza etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Azər oğlu ifadəsində göstərdi ki, Yasamal RPİ-nin X9 Alayının 6-cı Patrul Bölüyündə polis nəfəri kimi xidmət edir. 16 fevral 2022-ci il tarixdə polis nəfərləri Şahid3 və Şahid2la saat 02-03 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində avto patrulda xidmətdə olarkən həmin küçədə saat 02:45-dəqiqədə 130 D saylı ünvanın qarşısında bir nəfər şəxsin dayandığını görmüşdürlər. Gecə vaxtı olmasını nəzərə alaraq həmin şəxsə yaxınlaşıb özünü təqdim etməsini təklif etmişlər. Həmin şəxs onların suallarına qeyri dəqiq və həyəcanlı cavab verdiyindən həmin şəxsin anket məlumatlarını müəyyən etmək məqsədi ilə üzərində şəxsiyyət vəsiqəsinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığını bildirərək yenədə onlarla qeyri dəqiq şəkildə danışmağa başlamışdır. Həmin şəxs qeyri adekvat hərəkətlər etdiyindən onlarda şübhə yarandığından həmin şəxsi avtopatrula əyləşdirərək Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxsin xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Şöbənin Təhqiqat şöbəsinin təhqiqatçısı Anar Əlizadəyə həvalə olunmuşdur. Bununla bağlı, X11 Məmmədlinin üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl müdafiəçi dəvət etmişdir. Anar Əlizadə tərəfindən Təqsirləndirilən şəxs 16 fevral 2022-cu il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. O, həmin təklifi qəbul edir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli klassik şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağızda olan bükümü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içindəki maddə heroin kimi bildiyi narkotik vasitə olmasını bildirmişdir. Həmin narkotik vasitəni 15 fevral 2022-ci il tarixdə “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, adını və anket və məlumatlarını bilmədiyi şəxsdən özünün istifadəsi üçün almışdır. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülməsi ilə bağlı protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 81-84-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, O Yasamal RPİ-nin X9 Alayının 6-cı Patrul Bölüyündə polis nəfəri kimi xidmət edir, polis serjantıdır. 16 fevral 2022-ci il tarixdə polis nəfərləri Şahid3 və Şahid1la saat 02-03 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində avtopatrulda xidmətdə olarkən həmin küçədə saat 02:45 dəqiqədə 130 D saylı ünvanın qarşısında bir nəfər şəxsin dayandığını görmüşlər. Gecə vaxtı olmasını nəzərə alaraq həmin şəxsə yaxınlaşıb özlərini təqdim etməsini təklif etmişlər. Həmin şəxs onların suallarına qeyri dəqiq və həyəcanlı cavab verdiyindən onun anket məlumatlarını müəyyən etmək məqsədi ilə üzərində şəxsiyyət vəsiqəsinin olub-olmamasını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığını bildirərək yenədə onlarla qeyri dəqiq şəkildə danışmağa başlamışlar. Həmin şəxs qeyri adekvat hərəkətlər etdiyindən onlardan şübhə yarandığından onlar həmin şəxsi avtopatrula əyləşdirərək Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində həmin şəxsin xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Şöbəyə gətirilməsi barədə dərhal raport əsasında Şöbə rəhbərliyinə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Anar Əlizadəyə həvalə olunmuşdur. Bununla bağlı, X11 Məmmədlinin üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüquqlarını izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə olunmasını istədiyindən təhqiqatçı Anar Əlizadə vəkil Müdafiəçi Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişdir. Anar Əlizadə tərəfindən Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video yazan texniki vasitə kimi «Samsung» markalı mobil telefonun video çəkmə funksiyasından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs də həmin təklifi qəbul edərək əynində olan göy rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin büküm açıldıqda qəhvəyi rəngli maddə kütlələri aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki maddənin narkotik vasitə kimi bildiyi heroin olmasını və üzərindən aşkar edilmiş həmin narkotik vasitəni 15 fevral 2022-ci il tarixdə “Şamaxinka” adlanan ərazidə 10 manat pul ödəyərək tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra Anar Əlizadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin bükümün Təqsirləndirilən şəxs aşkar olunubgötürülməsi ilə bağlı Anar Əlizadə tərəfindən müvafiq protokol tərtib olunmaqla onlardan aşkar olunmuş həmin maddələr zərfə qoyuldu və möhürlənərək götürülmüşdür. O da şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «Samsung» markalı mobil telefonun video çəkmə funkiyası ilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 fevral 2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, şübhəli şəxş Təqsirləndirilən şəxs üzərinə Müdafiəçi, X9 Alayının 6cı Patrul Bölüyünün polis nəfərləri, polis serjantı Şahid1, polis serjantı Şahid3, polis serjantı Şahid2 iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli klassik şalvarının sağ yan cibindən qızılı rəngli kağızda olan bükümü təqdim edərək masanın üzərin qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmur. Təqsirləndirilən şəxsun təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə heroin kimi bildiyi narkotik vasitə olduğunu və həmin narkotik vasitəni 15 fevral 2022-ci il tarixdə səhər saalarında Şamaxinka adlanan ərazidə 10 manat ödəməklə üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən əldə etdiyini bildirmişdir. Həmin bükülü boş olan ağ rəngli zərfin içərisinə qoyularaq DİN-in Zərflər üçün 169 saylı möhürü ilə möhürlənib imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Şəxsi axtarış və götürmə aparılan videoçəkiliş 01(bir)ədəd DVD diskə yazılaraq protokola əlavə edilir. (i.v.26-27) “DVD diskdə video görüntüyə baxış keçirilməsi haqqında” 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Diskdə 01 ədəd 20220216_140759 sözləri yazılmış 06 dəqiqə 44 saniyə video fayl vardır. Həmin video faylda olan görüntülərdən görünür ki, Azərbaycan Respublikası DİN-in 29-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X4, X9 Alayının 6-cı Patrul Bölüyünün polis nəfərləri, polis serjantı Şahid1, polis serjantı Şahid3, Şahid2, Müdafiəçi iştirakları ilə 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində həmin tarixdə saat 03:45-dəqiqədə şəxsi axtarışın aparılacağını elan edir. İstintaq hərəkətinin Samsung markalı mobil telefon vasitəsi ilə qeydə alınacağını bildirir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşur Təqsirləndirilən şəxs isə heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunub-olunmadığını soruşur. Təqsirləndirilən şəxs saxlanılarkən AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquqların izah olunmasını və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını təhqiqatçıya bildirir. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs AR CPM-nin 246-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir və onların üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində göy rəngli klassik şalvarın sağ yan cibindən qızılı rəngli bükülünü təqdim edərək masanın üzərin qoyur. Təhqiqatçı həmin bükümdə nə olduğunu soruşduqda şübhəli şəxs heroin deyilən narkotik vasitə olmasını bildirir, həmin narkotik vasitəni Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış zamanı qəhvəyi rəngli maddələr aşkar edilir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılır lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd qızılı rəngli bükülüdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılır və AR DİN-in 169 saylı möhürü ilə möhürlənir. Qablaşdırılmış zərflər Təqsirləndirilən şəxs, Müdafiəçi, polis əməkdaşları tərəfindən imzalanır. Daha sonra təhqiqatçı içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd edir. (i.v.74-75) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/952 saylı, 16 fevral 2022-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,341 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.31-36) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 1125 saylı, 05 mart 2022-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.97-98) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd “DVD-R” markalı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0.341 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq 0.291 qram təşkil edən hissəsi saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmişdir.şəxsi axtarış və götürmə barədə protokol, Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə kimyəvi və narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar və əhəmiyyət kəsb etməklə ziddiətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilmişdir. (i.v.101-109) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,341 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:45-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 15-16) Bakı Şəhər Yasmal Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqminat təmin edilməmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 65-73) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.95-96) Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,291 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərində bir ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə narkoloji ekspertizasının 1125 saylı, 05 mart 2022-ci il tarixli rəyinə əsasən o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 16 fevral 2022ci il tarixdən 17 fevral 2022-ci il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,291 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD-R modelli disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar