Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-260/2023 01.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməyə cəhd etmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs tamalı niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə 14 oktyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi 3 saylı binanın qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs gördükdə arxadan ona yaxınlaşaraq sonuncunun çiynindən asdığı 50 manat dəyərində qara rəngli çantanın tutacağından tutub dartaraq ələ keçirmək istədikdə zərərçəkmiş şəxs çantanı əlindən buraxmadığı üçün yenidən zor tətbiq edib çantanı ələ keçirmək istədikdə sonuncu ilə birlikdə yerə yıxılaraq Zərərçəkmiş şəxs sol budun hematoması (yumşaq toxumaların arasına qan yığılması) başın ənsə nahiyəsinin şişkinlik halında əzilməsi kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuş, öz cinayətkar hərəkətlərini davam etdirərək Könül Şahlaxtinskinin əlində tutduğu 5 manat dəyərində ***-***-**-** GSM nömrə ilə işləyən 1500 manat dəyərində «Xiaomi G 50» markalı mobil telefonu götürüb hadisə yerindən qaçaraq uzaqlaşmaq istədikdə yaranmış səs-küyə görə həmin yerə gəlmiş şəxslər tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilməsinə görə bilavəsitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1555 manat dəyərində əmlakı açıq talama yolu ilə ələ keçirmək niyyətini öz iradəsindən aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyib insanların həyalı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq elməklə soyğunçuluq etməyə cəhd etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 29,180.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi ilə bağlı Xəyal adlı bir şəxslə ədavəti vardır. Ədavətinə səbəb həmin şəxsin onun yoldaşı Şahid2 işlədiyi Sumqayıt şəhərində yerləşən aptekdə onunla tanış olmağa cəhd göstərməsi olmuşdur. Bu səbəbdən, o, onun nömrəsini tapmağa çalışsa da müvəffəq olmamışdır. Xəyalın həyat yoldaşını üzdən görmüş və tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Xəyalın yaşayış ünvanı kimi bildiyi Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 2 ünvanına gəlmişdir. Məqsədi Xəyalı və ya Xəyalın yoldaşını tapmaq olmuşdur. Onun həyat yoldaşına oxşayan, tez-tez telefonda '’həyatım" deyə danışan bir nəfər qadının ona doğru yaxınlaşmağını görmüşdür. Həmin qadın onun yanından keçərkən qadının əlindən telefonu alıb Xəyal deyə yazılıb-yazmamasını öyrənmək istəmişdir, bu səbəbdən də aralarında dava-dalaş yaranmışdır. Qətiyyən niyyəti həmin xanımı döymək olmamışdır. Məqsədi telefona baxıb kontaktı müəyyən etmək olmuşdur. Qonşuluqda yaşayan şəxslər gələrək məsələni aydınlaşdırdıqdan sonra polis əməkdaşları onlara yaxınlaşmışdırlar. İttiham olunduğu cinayət əməlini törətmək niyyətinin olmadığını bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə saat 22:20 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə küçəsində piyada hərəkətdə olub evə gedən zaman tanımadığı şəxs qəflətən yaxınlaşaraq çiynindən asdığı çantanı dartıb çıxartmağa çalışmış, o, çantasını tutub saxlamaqla ona müqavimət göstərmiş və həmin vaxt həmin şəxsin onun çantasını dartması nəticəsində çanta ilə birlikdə yerə yıxılmış, mobil telefonu əlidən yerə düşmüş və həmin şəxs telefonunu götürüb qaçmağa çalışmışdır. Həmin vaxt onların hadisəni kənardan şahidi olan bina sakinləri qışqırıq səslərinə o olduğu yerə gəlmiş və əvvəlcə çantasını, ardınca isə mobil telefonunu talamağa çalışmış şəxsi tutub saxlamışlar və Yasamal RPİ-nin 29-cu PŞ-yə təhvil vermişdirlər. Əşyasını talamağa çalışmış şəxs çantasını oğurlamağa çalışarkən onu dartdığı yerə yıxılmış və xəsarətlər almışdır. Əlavə olaraq bildirmişdir ki, çantanı təxminən 1 il qabaq xatırlamadığı dükandan 50 manata almışdır. Mobil telefonu isə təxminən 3 ay öncə almışdır və telefonun orta bazar qiyməti 1200 manat təşkil edir. Qeyd etmişdir ki, nə telefonuna, nə də çantasına heç bir zərər dəyməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş, məhkəmədən təqsirləndirilən şəxs barəsində ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Onların münasibətləri normal olmuşdur. 14 oktyabr 2022-ci il tarixdə saat 22:20 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə küçəsində yaşayış evinin yaxınlığında olarkən Könül piyada hərəkətdə olub evə gedən zaman tanımadıqları şəxs qəflətən yaxınlaşaraq Könülün çiynindən asdığı çantanı dartıb çıxartmağa çalışmış, Könül çantasını tutub saxlamaqla ona müqavimət göstərmiş və həmin vaxt həmin şəxsin Könülün çantasını dartması nəticəsində çanta ilə birlikdə yerə yıxılmışlar, mobil telefonu Könülün əlindən yerə düşmüş və həmin şəxs Könülün telefonunu götürüb qaçmağa çalışmışdır. Həmin vaxt hadisənin başdan bilənədək o, və onun yanında olan bina sakinləri şahidi olmuşlar. Onlar, yəni hadisənin şahidləri dərhal həmin şəxsi saxlamış və polisə xəbər verdikdən sonra Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-yə təhvil vermişdirlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Azərbaycan Respublikası CPM-nin 329-cu maddəsinə uyğun olaraq iş üzrə şahid qismində keçən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadədə o, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Birgə nikahdan onların 2 (iki) azyaşlı uşaqları vardır. O, Sumqayıt şəhər inzibati ərazisində yerləşən aptekdə işləyir. Təxminən 2022-ci ilin oktyabr ayının əvvələrində o, aptekdə olan zaman tanımadığı, özünü ona Xəyal kimi təqdim edən şəxs onunla tanış olmağa cəhd elmişdir. O, həmin şəxsə ailəli olduğunu bildirmişdir. Lakin bundan sonra bir neçə dəfə həmin şəxs yenə aptekdə dərman almaq adı ilə gəlmişdir. Bu barədə Xəyal adlı şəxsə bildirmişdir ki, ərinə deyəcəkdir. Bundan sonra Xəyal adlı şəxs aptekə gəlməmişdir. Bunu söhbət əsnasında Vüqara bildirmişdir. Bundan sonra Vüqar həmin şəxsi axtarmağa səy göstərmişdir. Çünki, həmin şəxs markasını bilmədiyi qara rəngli cip markalı avtomobillə gəlmişdir. Lakin qeydiyyat nişanının orta hissəsi yadında qalmamışdır. Sonradan bilmişdir ki, Vüqar 14 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə küçəsində yaşayış evinin yaxınlığında səhvən adını sonradan bildiyi Könül adlı qadını Xəyal adlı şəxsin arvadı zənn etmiş və Könül adlı qadının telefonundan Xəyalın mobil nömrəsini götürmək üçün telefona baxmaq istədikdə də tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətinin törədilməsi ilə əlaqədar rayon polis idarəsinin 29-cu polis şöbəsində toplanmış HK-1/4898 nömrəli material üzrə fakta görə Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (i.v. 1) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təyin edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1081 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət sol budun hematoması (yumşaq toxumaların arasına qan yığılması), başın ənsə nahiyəsinin şişkinlik halında əzilməsi kül əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlğa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətləri Zərərçəkmiş şəxs özü-özünə yetirə bilməsi inkar olunur. (i.v.13-16) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin icraaata qəbul edilməsi” haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nadir Heydərovun icraatına qəbul edilmişdir. (i.v.18) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, qaranlıq hava şəraitində bir nəfər kişi cinsli şəxs bir nəfər qadın cinsli şəxsin belin asdığı çantanı götürməyə cəhd edərkən hər iki şəxs yerə yıxılır. Bu zaman kişi cinsli şəxs həmin qadının mobil telefonunu götürüb qaçmağa cəhd edir. Lakin həmin vaxt binanın qarşısında dayanmış sakinlər həmin kişi cinsli şəxsi tutub saxlayırlar. (i.v.33) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.42) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi tutma barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə vətəndaş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v.47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan görünür ki, tutulmanın əvvəli xx.xx.2022-ci il tarixdə saat 12:00-dan hesablanmışdır. (i.v.57) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilsin. (i.v.72) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş iki ədəd doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır: xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5. (i.v.86-87) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçmə haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.97) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraarı təzələnmiş və Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Nadir Heydərovun icraatına qəbul edilməklə istintaq davam etdirilmişdir. (i.v.114) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (i.v.120) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.121) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir və Yasamal RPİnin İŞ-nin müstəntiqi, polis mayoru Nadir Heydərovun icraatına qəbul edilməklə istintaqı davam etdirilmişdir. (i.v.125) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsindən həmin Məcəllənin 29,180.2.4cü maddəsinə tövsif edilməklə Təqsirləndirilən şəxs həmin maddə ilə yenidən ittiham elan edilmiş, barəsində xx.xx.2022-ci il tarixdə seçilmiş başqa yerə getməmək barədə iltizam tədbiri öz qüvvəsində saxlanılmış, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə protokolu, əşyalara baxış protokolu və digər istintaq sənədləri sübut növü kimi, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD disk və Zərərçəkmiş şəxs məxsus bir ədəd Xiaomi markalı mobil telefonla, bir ədəd qadın çantası maddi sübut kimi qiymətləndirilərək tanınmışdır. (i.v.132-138) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək və yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29,180.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (i.v.139) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v.155) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir və Yasamal RPİnin İŞ-nin müstəntiqi, polis mayoru Nadir Heydərovun icraatına qəbul edilməklə istintaqı davam etdirilmişdir. (i.v.158) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama — insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi,yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-nin 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əlayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş, biri digərini tamamlayan sübutlara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 29, 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, üzləşmə protokolları və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskində olan 17 saniyəlik videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, qaranlıq hava şəraitində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs K.T.Şahtaxtinskayanın üzərində olan çantadan yapışaraq onu götürməyə cəhd edir və bunun nəticəsində hər iki şəxs müvazinətlərini itirərək yerə yıxılırlar. Bu zaman Təqsirləndirilən şəxs ayağa qalxmağa və K.T.Şahtaxtinskayanın mobil telefonunu götürərək ordan uzaqlaşmağa cəhd edir. K.T.Şahtaxtinskaya ayağa qalxaraq Təqsirləndirilən şəxs telefonunu geri almağa çalışır. Bu zaman binanın həyətində yerləşdirilmiş oturacaqlarda əyləşmiş şəxslər baş vermiş hadisəyə müdaxilə edirlər. Nəticədə də, Təqsirləndirilən şəxs həmin şəxslər tərəfindən saxlanılır. Bundan başqa qeyd olunan faktlar zərərçəkmiş şəxs K.Şahtaxtinskayanın və iş üzrə Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində də öz təsdiqini tapmışdır. Bununla da, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən boyun qaçırmaq üçün bu məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs “Xəyal adlı bir şəxslə ədavətinin olması, ədavətinə səbəb həmin şəxsin onun yoldaşı Şahid2 işlədiyi Sumqayıt şəhərində yerləşən aptekdə onunla tanış olmağa cəhd göstərməsi olması, Xəyalın həyat yoldaşını üzdən görməsi və tanıması, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Xəyalın yaşayış ünvanı kimi bildiyi Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə 2 ünvanına gəlməkdə məqsədi Xəyalı və ya Xəyalın yoldaşını tapmaq olması, onun həyat yoldaşına oxşayan bir şəxsin tez-tez telefonda '’həyatım" deyə danışan bir nəfər qadının ona doğru yaxınlaşmağını gördükdən sonra həmin qadın onun yanından keçərkən qadının əlindən telefonu alıb Xəyal deyə yazılıb-yazmamasını öyrənmək istəməsi” ilə bağlı dəlilləri barədə məhkəmə bilidirir ki, təqsirləndirilən şəxsin gətirdiyi dəlillər məhkəmə istintaqı zamanı dindirilmiş, hadisənin bilavasitə şahidləri olmuş Şahid1 etibarlılıq baxımından şübhə doğurmayan ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan DVD diskdə olan videogörüntü ilə, ekspertiza rəyi ilə, üzləşmə protokolları ilə tamamilə inkar olunur. Təqsirləndirilən şəxslərin xeyrinə verilmiş kimi hesab edilə bilən Şahid2 verdiyi ifadəsi “O, Sumqayıt şəhər inzibati ərazisində yerləşən aptekdə işləyir. Təxminən 2022-ci ilin oktyabr ayının əvvələrində o, aptekdə olan zaman tanımadığı, özünü ona Xəyal kimi təqdim edən şəxs onunla tanış olmağa cəhd elmişdir. O, həmin şəxsə ailəli olduğunu bildirmişdir. Lakin bundan sonra bir neçə dəfə həmin şəxs yenə aptekdə dərman almaq adı ilə gəlmişdir. Bu barədə Xəyal adlı şəxsə bildirmişdir ki, ərinə deyəcəkdir. Bundan sonra Xəyal adlı şəxs aptekə gəlməmişdir. Bunu söhbət əsnasında Vüqara bildirmişdir. Bundan sonra Vüqar həmin şəxsi axtarmağa səy göstərmişdir. Çünki, həmin şəxs markasını bilmədiyi qara rəngli cip markalı avtomobillə gəlmişdir. Lakin qeydiyyat nişanının orta hissəsi yadında qalmamışdır. Sonradan bilmişdir ki, Vüqar 14 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, D.Bünyadzadə küçəsində yaşayış evinin yaxınlığında səhvən adını sonradan bildiyi Könül adlı qadını Xəyal adlı şəxsin arvadı zənn etmiş və Könül adlı qadının telefonundan Xəyalın mobil nömrəsini götürmək üçün telefona baxmaq istəməsi” ilə bağlı ifadsəsi ağlabatan deyildir. Digər tərəfdən məhkəmə hesab edir ki, nəzərə alınsa ki, Şahid2 təqsirləndirilən şəxs arvadıdır onda belə qənaətə gəlinir ki, sözügüdən ifadə şəxsi münasibətlər zəminində təqsirləndirilən şəxslərin mənafeyinin müdafiəsi baxımından ifadə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin "cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). "Qavazov Bolqarıstana qarşı iş üzrə” xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Əsaslı şübhədən kənar” standartı adından göründüyü kimi onu ifadə edir ki, cinayət işində şəxsin təqsirliliyində heç bir əsaslı (ağlabatan) şübhə qalmamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 29,180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspert rəyləri ilə, iş materiallarıda olan disklə, üzləşmə protokolu ilə, həmçinin digər cinayət işinin materialları ilə tamamilə təsdiq edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.2.4-cü maddəsi ilə tövsif edilmişdir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CMnın 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı övladının olmasını və ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 29,180.2.4cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,180.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcud olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəza növlərindən azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixdək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmə haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməli, maddi sübut olan bir ədəd “Xiaomi” markalı mobil telefonun və bir ədəd qadın çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 01 ədəd “DVD” disk və 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır (CPM-132). Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-260/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixdək tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 01 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk və 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut bir ədəd “Xiaomi” markalı mobil telefonun və bir ədəd qadın çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-260/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-260/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver