Məhkəmə qərarları › İş №1(004)-260/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-260/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-260/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti 86 ünvanında inzibati binada qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi, rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,271 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 15:40-da Yasamal rayon Polis İdarəsinin 27-ci PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq 27-ci PŞ-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindəki bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,271 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ittihamın mahiyyəti ona tam aydındır, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir, əməlindən peşmandır, qısa olaraq bildirir ki, məhləyə çıxmışdır, tanımadığı adama yaxınlaşıb demişdir ki, belə bir şey tapa bilər, demişdir taparam, o da demişdir 10 manat pulu var, deyib var, gətirib vermişdir ona narkotik vasitəni. Əməlini etiraf etməsini, səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, polis baş leytenantı rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 oktyabr 2023-cü il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1967-ci ildə ünvan 4 ünvanda qeydiyyatda olan və ünvan 5v X4 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində məşğul olmasında şübhəlidir, həmin məlumat haqqında dərhal raport əsasında Yasamal RPİ-nin 27-ci PŞ-nin əhbərliyinə məruzə etmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək rəhbərliyi altında və əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq ərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Polis şöbəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış ədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni 10 oktyabr 2023-cü il arixdə saat 15:40 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 7 ünvanın yaxınlığında dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətən də o, xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ona Yasamal RPİ-nin 27-ci PŞ-nə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan Yasamal RPİ-nin 27-ci PŞ-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi 27-ci Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru X7 həvalə olunmuşdur. Bununla bağlı, baş təhqiqatçı X10 RPİ-nin 27-ci PŞ-də iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah etdərək Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmiş, Təqsirləndirilən şəxs həmin vəkillərin siyahısından istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsini, lakin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından dəvət olunacaq vəkilin cinayət prosesində onun müdafiəsi ilə bağlı xidmətləri dövlət büdcəsi hesabına təmin edilməsini xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. Bununla bağlı, baş təhqiqatçı Tahir Əzizov dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili X2 Yasamal RPİ-nin 27-ci PŞ-nə dəvət etmişdir. Bundan sonra isə baş təhqiqatçı Tahir Əzizov, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Ceyhun Bayramovu təqdim etdi və o da, təqdim olunan vəkil Ceyhun Bayramov tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra baş təhqiqatçı Tahir Əzizov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də mənim və əməliyyat qrupunun üzvü əməliyyat müvəkkili Şahid2 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, baş təhqiqatçı Tahir Əzizov, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra baş təhqiqatçı Tahir Əzizov hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığmı soruşmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatət və etirazın olmadığını bildirmişlər, bundan sonra baş təhqiqatçı Tahir Əzizov Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi təklif olunmuş, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirdi, baş təhqiqatçı Tahir Əzizov şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazınıq olmadığını bildirmiş, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək masanın üzərin qoymuş, baş təhqiqatçı X13 Səfərovun təqdim etdiyi bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuş, eyni zamanda baş təhqiqatçı Tahir Əzizov tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi məqsədilə alaraq üzərində saxlayıb daşımasını, xx.xx.2023-cü il tarixdə saat 15:40 radələrində ünvan 3 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PŞ-nə gətirilməsini bildirmişdir, daha sonra baş təhqiqatçı Tahir Əzizov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin onun üzərindən heç bir əşya aşkar olunmamış, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürlənmiş. Qablaşdırılmış zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Ceyhun Bayramov, polis əməkdaşları və baş təhqiqatçı Tahir Əzizov tərəfindən imzalanmış, baş təhqiqatçı Tahir Əzizov şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bükümdə olan maddə qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini, aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığını bildirmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunubgötürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı baş təhqiqatçı Tahir Əzizov tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da protokolu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatladan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşqul olur, narkomaniyaya qurşanmış şəxsdir. Üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümdə olan narkotik vasitə heroini Təqsirləndirilən şəxs öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin narkotik vasitə hesab edilən heroini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən heroinin mənbəsi ilə bağlı onun eləcə də xidmət etdiyi bölmənin digər əməkdaşları müvafiq qayda da təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdikləri ifadəsində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 11 oktyabr 2023-cü il tarixli 3-16-16/2-6/5289 saylı rəyinə əsasən, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN “Zərflər üçün №168” möhür əksi olan, «Təqsirləndirilən şəxs götürülmüş saxlanılan...» və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,271 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2024-cü il tarixli, 547 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicətə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahidlərin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki, həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatəin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da həmin müddətdə o, 02 gün həbsdə qalmışdır. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə Yasamal RPİ tərəfindən tutularaq MSY-yə təhvil verilmiş, cinayət işi üzrə icraat təzələnmiş, sonradan xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Bununla da həmin müddətdə o, 02 gün həbsdə qalmışdır. Beləliklə o, ibtidai istintaq dövründə ümumilikdə 04 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, ona 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 04 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 05 ay 22 gün (iki il beş ay iyirmi iki gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,221 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 110 manat (yüz on manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar