Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-261/2021 12.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək 25 mart 2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 2 ay 1 gün vaxtından əvvəl şərti azad olunmuş və hazırda üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 2 ay 1 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 29 may 2021-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə kustar üsulla hazırlanmış qəhvəyi rəngli təmiz çəkisi 0,297 qram təşkil edən narkotik vasitə hesab edilən heroini əldə edib, üzərində saxlayaraq daşımış, həmin gün saat 12:00-da Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən Yasamal rayonu, Qədirli küçəsi 11 saylı ünvanın qarşısında saxlanılaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində şübhəli bilindiyi üçün həmin polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeyd edilən narkotik vasitə hesab edilən heroin əynində olan qara rəngli idman şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər müxtəlif vaxtlarda olmaqla 4 dəfə məhkumluğu olmuşdur. Sonuncu məhkumluğu ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixdə qərarı ilə 02 ay 01 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, təxminən 10 ilə yaxın müddətdir ki, mütəmadi olaraq narkotik vasitə olan heroin qəbul edir və adətən qəbul etdiyi narkotik vasitələri Bakı şəhərində müxtəlif yerlərdən tanımadığı şəxslərdən pul müqabilində əldə edərək istifadə etmişdir. Sonuncu dəfə isə o, tutulduğu gün, yəni 29 may 2021-ci il tarixdə saat 09 radələrində öz şəxsi istifadəsi üçün yenidən narkotik vasitə olan heroin əldə etmək məqsədilə təkbaşına Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan əraziyə getmişdir. Bu zaman o, üzdən tanıdığı, adını və digər anket məlumatlarını bilmədiyi təxminən 40 yaşlı kişiyə yaxınlaşaraq öz istifadəsi üçün narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Qarşılıqlı razılıq əsasında o, 15 manata həmin şəxsdən bir ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə içərisində heroin olan narkotik vasitəsini alaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. O, narkotik vasitəni aldıqdan sonra “Kubinka” adlanan ərazidən çıxıb piyada yaşadığı evə tərəf gələndə, həmin gün saat 12 radələrində Yasamal rayonu, Qədirli küçəsi 11 saylı ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdə, o, sonuncuların Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkilləri olduqlarını bilmişdir. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Yasamal RPİnin 26-cı PB-nə getməsini təklif etmişlər. O, isə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə qeyd edilən polis bölməsinə getmişdir. Yasamal RPİ-nin 26-cı PB-də olarkən ona təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, daha sonra hüquq və vəzifələri izah edilərək hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilib ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. O, da əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmiş və içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin vasitəni 29 may 2021-ci il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün Nəsimi rayonu «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Aşkar edilən narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, o müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə tərtib edilmiş protokolu və zərfi imzalamışdır. Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 may 2021-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin 26-cı PB-nə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal onun tərəfindən raportla bölmənin rəisinə məruzə edilərək məlumatın təxirə salınmadan yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla təxirəsalınmaz tədbirlərin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilmiş, əməliyyat qrupuna rəhbərlik isə ona həvalə edilmişdir. 29.05.2021-ci il tarixdə saat 12 radələrində əməliyyat qrupunun üzvü Şahid2lə birlikdə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında aşkar edilərək saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini ona təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirib ondan Yasamal RPİ-nin 26-cı PB-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşıb onlarla birlikdə oradan Yasamal RPİ-nin 26-cı PB-nə gəlmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilməsi barədə dərhal raport əsasında şöbənin rəisinə məruzə edilmiş və zəruri təhqiqat hərəkətlərinin keçirilməsi bölmənin təhqiqatçısı Ramil Qafarova həvalə olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim edilən siyahıdan istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən qərar əsasında “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs 29.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, bundan sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofan bükümünü könüllü olaraq təqdim edib içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini 29.05.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən özünün istifadəsi üçün 15 manata aldığını, əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyduğunu bildirmişdir. Həmin bükülü açıldıqda içərisində narkotik maddə hesab olunan heroinə oxşar maddə aşkar edilmişdir. Daha sonra keçirilmiş şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs aşkar olunmuş həmin maddə zərfə qoyularaq möhürlənmişdir. O, da şəxsi axtarışda iştirak edərək bütün iştirakçılar kimi həmin protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən «iPhone» markalı telefon vasitəsilə video çəkiliş aparılıb qeydə alınmış görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsi elan edildikdə müəyyən edildi ki, o, Şahid1 oğlunun ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 29 may 2021-ci il tarixli raportlar, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 bölmənin rəisi Faiq Bədəlova müraciət edərək Yasamal rayonu, 2-cı Nərimanov döngəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması və sonuncunun cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin rəisi Faiq Bədəlov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə bölmənin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 daxil edilməklə, qrupa rəhbərliyin baş əməliyyat müvəkkili Şahid1 həvalə edilməsinə dair Ə27-092-21 nömrəli əmr verilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar bölmənin rəisi Faiq Bədəlov tərəfindən təsdiq edilmişdir. Üzərində 29 may 2021-ci il tarixli 472 nömrəli daxil olma ştampı olan, baş əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə olunması və istifadəsində şübhəli olan Təqsirləndirilən şəxs 29 may 2021-ci il tarixdə saat 12:00-da Yasamal rayonu, Qədirli küçəsi 11 saylı ünvanın qarşısında saxlanılaraq 26-cı PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Ramil Qafarov tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.: 4-13; 24) İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 29 may 2021ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmiş, həmin bükülü açılan zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 170 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı digər qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “iPhone” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. (iş vər.: 35-36) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında 29 may 2021-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 29 may 2021-ci il tarixli 5(004)-475/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd edilən materiallar məhkəmə tərəfindən sübut kimi qəbul edilir. (iş vər.: 49) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2021-ci il tarixli 6/2152 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,297 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (iş vər.: 41-46) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 dair ekspert komissiyasının 01 iyun 2021-ci il tarixli 1680 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər.: 90-91) Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,297 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə 29 may 2021-ci il saat 12:00-dan hesablanmışdır. (iş vər.: 24) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və Yasamal Rayon Məhkəməsinin eyni tarixli 4(004)-282/2021 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli 29 may 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (iş vər.: 67-68; 79-81) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 08 iyun 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. O, sonuncu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 1(004)-159/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 mart 2020-ci il tarixli qərarına əsasən 02 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (iş vər.: 93-101) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən həmin Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu hazırki ittiham üzrə cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin sadə residivini yaradır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 29 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,247 qram narkotik maddə heroin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (iş vər.: 102-107) Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vər.: 102-107) İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki qəpik) manat təşkil edir. (iş vər.: 42) Beləliklə maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,247 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri cəmi 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 29 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,247 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X6 filialı, Bankın kodu 805142, VÖEN ********** AZ39İBAZ********************, SWİFT İBAZAZ2X M/h AZ03NABZ013501**********2944 (VÖEN **********) hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-261/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-261/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver