Məhkəmə qərarları › İş №1(004)-262/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-262/2020

20.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-262/2020 20.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, xüsusi ittihamçı X4 və onun nümayəndəsi və vəkili Müdafiəçi1, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X6 xüsusi ittihamçı X7 tərəfindən ondan ötrü ittiham olunmuşdur ki, o, yalan olduğunu bilə-bilə X4 şərəf və ləyaqətini ləkələyən, sonuncunu nüfuzdan salan məlumatları xx xxxxxxxx 2020-ci il tarixdə “YOUTUBE”-da “Kanal 13-də “Azərbaycanı HEYRƏTƏ salacaq 1 MİLYONLUQ DƏRMAN ƏMƏLİYYATİNİN GİZLİNLƏRL:İDDİA” başlığı altında 06:51 dəqiqəlik kadrda yalan və böhtan xarakterli məlumatlar yaymaqla X5 ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə “Kanal 13” internet kanalında “Azərbaycanı HEYRƏTƏ salacaq 1 MİLYONLUQ DƏRMAN ƏMƏLİYYATİNİN GİZLİNLƏRİ: İDDİA” - başlıqlı X2 həmin İnternet kanala verdiyi müsahibəsi əsasında şər və böhtan dolu bir yayım olmuşdur. Həmin müsahibənin qısa xülasəsi belədir: “Hər il Qızıl Aypara Cəmiyyəti müharibə şəraitində olan müsəlman ölkələrinə, o cümlədən Azərbaycana xeyriyyə olaraq pulsuz dərman preparatları paylayır. Ancaq cəbhədə döyüşən əsgərlər və yaralı hərbiçilər üçün tırlarla verilən 1 milyonluq dəyəri olan həmin dərmanların Bakıda çalışan İran vətəndaşı Məhəmməd Həsəni və onun Bakı şəhərində yerləşən İran klinikasında laborotoriya müdiri kimi çalışan həyat yoldaşı tərəfindən əlbir olaraq əl altından “MedERA Hospital” klinikasında satılır. Eyni zamanda, G.O.Salamova iddia etdiyi dərman satışı əməliyyatında Məhəmməd Həsəniyə bəzi azərbaycanlı məmurların və onun həmyerliləri olan İran səfirliyinin əməkdaşlarının ona kömək etdiyini və əvvəlki İran səfirinin bundan xəbərdar olduğunu deyir. Həmçinin, G.O.Salamovaya azərbaycandakı bəzi səhiyyə işçilərinin də bu işin içində əlbir olduğunu söyləyir. G.O.Salamova qeyd edir ki, hətta İran İslam Respublikasının səfirinin vaxtından öncə geri çağırılmasına səbəb kimi İran İslam Respublikasında dövlət səviyyəsində ictimailəşən 1 milyonluq dərman qalmaqalının da təsiri olub. O söyləyir ki, bu məsələni bir müddət öncə ictimailəşdirdikdən sonra İran rəsmiləri həmin 1 milyonluq məbləği “MedERA Hospital” klinikasına bir günün içində dərhal geri ödətdiriblər.” Şikayətdə qeyd olunur ki, G.O.Salamovanın onun barəsində yaydığı məlumatlar həqiqətə uyğun deyil və tamamilə böhtan xarakterlidir. Göründüyü kimi, G.O.Salamova xx xxxxxxxx 2020-ci il tarixdə “Kanal13” internet kanalına verdiyi “Azərbaycanı HEYRƏTƏ salacaq 1 MİLYONLUQ DƏRMAN ƏMƏLİYYATİNİN GİZLİNLƏRİ: İDDİA” başlıqlı müsahibədə dediklərinin yalan olduğunu bilə-bilə onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaymaqla böhtan atmışdır. Bundan əlavə, xx xxxxxxxx 2020-ci il tarixli “Kanal13” internet kanalına verdiyi müsahibədə onu “dələduzluqda” və “mənimsəmə və israf etmədə” günahlandırmaqla, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3-cü və 179.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham etmişdir. Bununla da, G.O.Salamova Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. G.O.Salamovanın Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirən “Kanal13” İnternet kanalında xx xxxxxxxx 2020-ci il tarixdə yazılmış “Azərbaycanı HEYRƏTƏ salacaq 1 MİLYONLUQ DƏRMAN ƏMƏLİYYATİNİN GİZLİNLƏRİ: İDDİA” başlıqlı müsahibə disk şəklində şikayətə əlavə edilir. Göstərilələrə əsasən G.O.Salamovanın Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X7 şikayətini müdafiə edərək bildirdimişdir ki, o, 2 ilə yaxındır ki, G.O.Salamovanı tanıyır. Onun həyat yoldaşı da İran İslam Respublikasının vətəndaşıdır. O, G.O.Salamovanı “MedEra” hospitalına işə düzəlməsinə köməklik edib. Sonradan hospitalın rəhbərliyi ilə sonuncunun arasında sözsöhbət yarandığına görə G.O.Salamova ordan ayrılmışdır. O, həmçinin qeyd etmişdir ki, onun həyat yoldaşı azərbaycanlıdır və “MedEra” hospitalında laboratoriya müdiri kimi fəaliyyət göstərir, nə özü nə də həyat yoldaşı heç bir zaman qanunsuz dərman satışı ilə məşqul olmayıblar və ümumiyyətlə “Qızıl Aypara” Cəmiyyəti ilə heç bir əlaqələri olmayıb. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçının nümayəndəsi və vəkili Müdafiəçi1 şikayəti müdafiə edərək G.O.Salamovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs G.O.Salamova xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, onun həyat yoldaşı İran İslam Respublikasının vətəndaşıdır. Bir müddət əvvəl həyat yoldaşının köməkliyi ilə o, özünə sonuncunun tanışı olan X4 vasitəsi ilə “UZİ” aparatı almışdır. Həmin avadanlıq “MedEra” hospitalında olduğuna görə ona təklif olunmuşdur ki, orada fəaliyyət göstərsin. O, bununla razılaşaraq bir müddət həmin hospitalda çalışmış, sonradan ona məlum olmuşdur ki, aparatda texniki problemlər var və həmin qurğunun heç bir pasportu yoxdur. Məhz buna görə də, hospitalın rəhbəri ilə onun mübahisəsi yaranmışdır. Orada işləyən dövrdə ona məlum olmuşdur ki, X7 və onun həyat yoldaşı “MedEra” da “Qızıl Aypara” Cəmiyyəti vasitəsi ilə Azərbaycana hər il 1 milyon ABŞ dolları həcmində pulsuz verilən dərmanları, hər ikisi tərəfindən satılır və əldə olunan vəsait mənimsənilir. Buna görə də o “YOUTUBE” vasitəsilə bu barədə ictimayyətə məlumat vermişdir. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beləliklə, təqsirləndirilən şəxs G.O.Salamova özünü təqsirli bilməsə də onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli olması, DVD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs G.O.Salamova “YOUTUBE”-da “Kanal 13”-də xx xxxxxxxx 2020-ci il tarixdə müsahibə verərək bildirir ki: “Hər il Qızıl Aypara Cəmiyyəti müharibə şəraitində olan müsəlman ölkələrinə, o cümlədən Azərbaycana xeyriyyə olaraq pulsuz dərman preparatları paylayır. Ancaq cəbhədə döyüşən əsgərlər və yaralı hərbiçilər üçün tırlarla verilən 1 milyonluq dəyəri olan həmin dərmanların Bakıda çalışan İran vətəndaşı Məhəmməd Həsəni və onun Bakı şəhərində yerləşən İran klinikasında laborotoriya müdiri kimi çalışan həyat yoldaşı tərəfindən əlbir olaraq əl altından “MedERA Hospital” klinikasında satılır.” Eyni zamanda, G.O.Salamova iddia etdiyi dərman satışı əməliyyatında Məhəmməd Həsəniyə bəzi azərbaycanlı məmurların və onun həmyerliləri olan İran səfirliyinin əməkdaşlarının ona kömək etdiyini və əvvəlki İran səfirinin bundan xəbərdar olduğunu deyir. Həmçinin, G.O.Salamovayazərbaycandakı bəzi səhiyyə işçilərinin də bu işin içində əlbir olduğunu söyləyir. G.O.Salamova qeyd edir ki, hətta İran səfirinin vaxtından öncə geri çağırılmasına səbəb kimi İran İslam Respublikasında dövlət səviyyəsində ictimailəşən 1 milyonluq dərman qalmaqalının da təsiri olub. O söyləyir ki, bu məsələni bir müddət öncə ictimailəşdirdikdən sonra İran rəsmiləri həmin 1 milyonluq məbləği “MedERA Hospital” klinikasına bir günün içində dərhal geri ödətdiriblər. Məhkəmə xüsusi ittihamçının, onun nümayəndəsi və vəkilinin, təqsirləndirilən şəxs G.O.Salamovanın ifadələrini dinləyərək, həmçinin cinayət işi üzrə toplanılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, G.O.Salamovanın əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il, 1(004)-262/2020 saylı qərarı ilə G.O.Salamovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. İş materiallarında olan tibbi arayışlardan görünür ki, G.O.Salamova “döş xərçəngi” onkoloji xəstəliyi müşahidə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, G.O.Salamova əvvəllər məhkum edilməmişdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, təqsirləndirilən şəxs G.O.Salamovanın törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, xüsusi ittihamçının, onun nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə G.O.Salamovanın yalan olduğunu bilə-bilə xüsusi ittihamçı X4 şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3 və 179.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsini bildirməklə) kütləvi informasiya vasitəsində yayaraq ağır cinayət törətməkdə ittiham etməklə böhtan cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Bununla da, G.O.Salamovanın əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs G.O.Salamova kütləvi informasiya vasitəsində xüsusi ittihamçı X4 digər şəxslərlə birlikdə hər il “Qızıl Aypara” Cəmiyyətinin müharibə şəraitində olan müsəlman ölkələrinə, o cümlədən, Azərbaycan Respublikasına xeyriyyə məqsədi ilə pulsuz payladığı dərman preparatlarını mənimsəyərək “MedERA Hospital” adlanan klinikasında satdığını bildirsə də yaydığı məlumatların doğru olmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs G.O.Salamova tərəfindən məhkəmə iclasında verilmiş ifadələrə qiymət verərək hesab edir ki, həmin ifadələr mötəbər hesab edilə bilməz, özünü müdafiə xarakteri daşıyır, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Bütün bu göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, G.O.Salamovanın əlində heç bir mötəbər sübutu olmadan X4 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayaraq sonuncunu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3 və 179.3-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə ittiham etməsi, X5 ağır cinayətdə ittiham etməklə böhtan atması kimi qiymətləndirilməli və onun bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə tövsif edilməlidir. Göründüyü kimi, G.O.Salamova xüsusi ittihamçı X4 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığını dərk etmiş və bunu arzu etmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli, xüsusi ittihamçı X4 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayıldığı andan başa çatmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin V hissəsinə əsasən Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Həmin Qanunun «Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi»ndən bəhs edən 10-cu maddəsində deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Konvensiyanın istinad olunan 10-cu maddəsində də nəzərdə tutulur ki, maddənin 1-ci bəndində təminat verilən azadlıqların (fikri ifadə etmək azadlığı) həyata keçirilməsi « …mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün,…qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of x xxxx 1986, Series A no. 103, p. 28/46). Məlumatda mövcud fakt kimi göstərilmiş hallar hər hansı mötəbər sübuta deyil (ümumiyyətlə müəllif belə bir araşdırma da aparmamışdır), əsası müəyyənləşdirilə bilməyən şayələrə əsaslanmışdır.(müqayisə et, məsələn, Lingens qərarı, p. 28/46). Məhkəmə araşıdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs G.O.Salamova tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununula əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» xx xxx 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxxxx 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndinin 5-ci abzasına əsasən kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Subyektiv cəhətdən birbaşa qəsdlə törədilən bu cinayət hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar yayıldığı andan başa çatmış sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla G.O.Salamovaya cəza təyin edərkən onun qadın olmasını, onkoloji xəstəlikdən əziyyət çəkməsini və əvvəllər məhkum edilməməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən G.O.Salamovanın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə G.O.Salamovaya cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, G.O.Salamovanı cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs G.O.Salamovanın cəza çəkmə müddətinin əvvəli onun işlədiyi, qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs G.O.Salamovanın yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs G.O.Salamovaya tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs G.O.Salamovanın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, G.O.Salamovaya göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 26 saata görə 156 (bir yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01(bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət X2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. X3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 26 saata görə 156 (bir yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X8 şöbəsi, Bankın kodu 805142, VÖEN ********** Müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, hesablaşma hesabı AZ39İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökm ondan apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar