Məhkəmə qərarları › İş №1(004)-264/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-264/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-264/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə Şamaxı Rayon Məhkəməsindən daxil olmuş materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən xüsusi ittiham qaydasında şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Şamaxı Rayon Məhkəməsi 08 iyun 2021-ci il tarixli, 1(074)-72/2021 nömrəli qərarla həmin xüsusi ittiham qaydasında şikayət ərizəsini ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İşin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Şamaxı Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə bağlı fikir ayrılığı yaranır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, böhtan və təhqir hesab edilən məlumatlar “Reallıq TV” internet televiziyasında yayımlamışdır. Şamaxı Rayon Məhkəməsi 08 iyun 2021-ci il tarixli, 1(074)-72/2021 nömrəli qərarında göstərilmişdir ki, X2 müdafiəçisi Müdafiəçi1 məhkəməyə vəsatət təqdim edərək, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini və “Reallıq TV”-nin faktiki fəaliyyət göstərdiyi ünvanın Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, Nəşriyyat binasının 7-ci mərtəbəsi olması səbəbindən xüsusi ittihamçı X5 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayəti aidiyyatı üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(074)-72/2021 nömrəli qərarında göstərdiyi, şikayətin verilməsinə əsas olan X2 müdafiəçisi Müdafiəçi1 tərəfindən təqdim edilən vəsatətdə “Reallıq TV” internet televiziyasının Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, Nəşriyyat binasının 7-ci mərtəbəsində yerləşməsi göstərilmişsə də, lakin iş materiallarına buna dair hər hansı rəsmi sənəd əlavə edilməmişdir. Ümumiyyətlə “Reallıq TV”-nin bütün videoları “youtube” saytının vasitəsi ilə yayımlanır. Lakin iş materiallarında “Youtube” portalının Azərbaycanda qeydiyyatdan keçməsi barədə hər hansı rəsmi sənəd yoxdur. Məhkəmə hesab edir ki, “Reallıq TV” internet televiziyasının “youtube” kanalı üzərindən yayımlandığından və həmin kanalın hüquqi ünvanı xaricdə qeydiyyatda olduğundan; böhtan və təhqir xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində yaymış şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sabirabad Rayon Təhsil Şöbəsi Mirhüseyn Məmmədov adına Nizami kənd tam orta məktəb tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli 21 nömrəli arayışdan görünür ki,X1 rayonu, Nizami kənd M.Məmmədov adına tam orta məktəbdə müəllim işləyir. İş materiallarında olan Azərbaycan Respublikası Sabirabad Rayon İcra Hakimiyyəti Nizami kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli 428 nömrəli arayışdan görünür ki, X1 rayonu, Nizami kəndində yaşayır. Hüquqi anlamda, ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan”ı fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində təşkilatın “hüquqi ünvanı” hüquqi əhəmiyyət kəsb edir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə Şamaxı Rayon Məhkəməsi 08 iyun 2021-ci il tarixli, 1(074)-72/2021 nömrəli qərarında göstərilən əsaslarla razılaşıla bilinməz. Ona görə ki, Ali Məhkəmə Plenumunun 21.02.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən KİV-in hüquqi ünvanı müəyyən edilmədikdə isə şəxsin yaşayış yeri üzrə baxılır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Beləliklə yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Şamaxı Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə bağlı fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığına hüquqi qiymət verilməsi üçün xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 77-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə material ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar