Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-264/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 16:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkmuluğu ödənilmiş, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, Ağdam rayonu, Qullar kəndində pasport qeydiyyatında olmaqla ünvan 3-da yaşayan, barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə saat 11:20 radələrində ünvan 1 ünvanının yaxınlığında özünə məxsus “Toyota Prius” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə təhlükəsiz hərəkət etməsi üçün ondan yol istəməsi, lakin onun yol verməməsi və sonuncunun ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona irad bildirməsini bəhanə edib özünün şəxsiyyətini həmin şəxsin şəxsiyyətinin fövqündə qoymaqla qeyd olunan ünvanda heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən zərbələr vuraraq sonuncuya qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol orbitanın alt divarında minimal çökmə sınığı, sol alın nahiyənin hematoması, alın nahiyyəsində ortada qançır, burun belinin səthi əzilmiş yarası, sol gözaltı nahiyənin şişkinliyi və qançırı, sol saidin sıyrığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “Dairəvi yolla” Yeni Yasamal istiqamətinə gedərkən “Toyota Prius” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobil siqnal verərək ondan yol istəmişdir. Halbuki həmin vaxt yol boş olmuşdur. O əlini şüşədən çıxararaq yolun boş olduğunu işarə etmişdir. Lakin sürücü siqnal verməkdə davam edirmiş və o da şüşədən yolun boş olduğunu, onun cəhənnəm olub keçməsini demişdir. Həmin avtomobilin sürücüsü ona işarə edərək saxlamağını bildirmişdir. Yeni Yasamalda “MİDA” yaşayış kompleksinin yaxınlığında həmin avtomobil saxlamış və hər ikisi avtomobildən düşmüşlər. Ailə üzvləri avtomobildə qalmışdır. “Toyota Prius” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürətlə ona yaxınlaşaraq ona niyə görə “cəhənnəm ol” dediyimi soruşmuşdur. O, da ona söyüş söymədiyini, sadəcə “cəhənnəm ol” dediyini demişdir. Bu vaxt aralarında mübahisə yaranmış və həmin şəxs üstünə gəlməyə başlamışdır. O vəziyyətin gərginləşdiyini gördükdə 2-3 dəfə yumruq zərbəsi ilə qarşındakı şəxsi sifət nahiyəsindən vurmuşdur ki, həmin şəxs ona xəsarət yetirə bilməsin. Həmin şəxs də ayağı ilə onun sol ayağına zərbə vurmuşdur. Bu vaxt küçədən keçən tanımadığı şəxs yaxınlaşaraq onları ayırmış və azyaşlı oğlu Ədalət avtomobildən düşərək ona yaxınlaşmış, o uşağın yanında mübahisəni uzatmamaq üçün demişdir ki, adı Səxavət, telefon nömrəm ***-***-**-**-dir. Bu sözləri dedikdən sonra övladı Ədalətlə öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olmasını, həyat yoldaşının ankoloji xəstə olmasını, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11:20 radələrində avtomobillə Lökbatan qəsəbəsindən Yeni Yasamala gələn zaman, kənar dairəvi yolda arxadan sürətlə gələn markası və qeydiyyat nişanına fikir vermədiyi avtomobil siqnal verərək ondan yol istəmişdir. O, həmin avtomobilə yol vermək üçün ondan sağda gedən “Toyota Prius” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə siqnal verərək yol istəmişdir. Həmin avtomobilin sürücüsü ona fikir vermədiyi üçün növbəti dəfə siqnal verərək yol istəmişdir. Lakin həmin avtomobilin kişi cinsindən olan sürücüsü yan şüşəni açaraq əl ilə ona işarə edərək ünvanına nalayiq ifadələr işlətmişdir. O avtomobilin yan şüşəsini açaraq həmin avtomobilin sürücüsündən nəyə görə nalayiq ifadələr işlətdiyini soruşduqda həmin sürücü ona “get cəhənnəm ol” demiş və sürüb getmişdir. O həmin avtomobilin arxası ilə sürüb ona işıq siqnalları ilə işarə edərək saxlamağını bildirmişdir. Məqsədi o idi ki, sürücünün onu hansı səbəbdən təhqir etdiyini aydınlaşdırsın. Yeni Yasamalda “MİDA” yaşayış kompleksinin yaxınlığında həmin avtomobil saxlamış və hər ikisi avtomobildən düşmüşlər. “Toyota Prius” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürətlə ona yaxınlaşaraq demişdir ki, nə istəyirsən, avtomobildə ailə var. O demişdir ki, əgər belədirsə onda nəyə görə məni təhqir edirsən? Bu vaxt həmin şəxs 2-3 dəfə sinəsindən itələyərək onu növbəti dəfə təhqir etmiş və üstünə gəlməyə başlamışdır. O vəziyyətin gərginləşdiyini gördükdə həmin şəxsdən uzaqlaşmaq istəmiş və bu vaxt həmin şəxs gözlənilmədən 3-4 dəfə yumruq zərbəsi ilə onu sifət nahiyəsindən vurmuşdur. Bu vaxt burun nahiyəsində kəskin ağrı hiss etmişdir. O özünü müdafiə etmək üçün həmin şəxsi itələyib uzaqlaşdırmaq istəyəndə tanımadığı bir şəxs yaxınlaşıb onları ayırmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 eyni xususuatlar üzrə ifadə verərək Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri ünvan 1 ünvanının yaxınlığında yerləşir (səh. 15-17) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Yasamal rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 933 saylı məhkəmətibbi ekspertizasının rəyi ilə təsdiq olunur ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol orbitanın alt divarında minimal şökmə sınığı, sol alın nahiyənin hematoması, alın nahiyyəsində ortada qançır, burun belinin səthi əzilmiş yarası, sol gözaltı nahiyənin şişkinliyi və qançırı, sol saidin sıyrığı kimi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər (səh. 19-22). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bundan başqa, Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib barəsində hər ay gəlirindən 10% dövlət nəfmə tutulmaqla 01 il islah işləri və 300 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respubliaksı CM-in 83.3.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmişdir (səh. 45-46). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir (səh. 60- 61). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “axtarışda olan şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur (səh. 32-34). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 fevral 2023-cü il tarixli “Qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmişdir (səh. 106-108). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı 18209768 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü İsmayılzadə Əzizə adlı azyaşlı uşağı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq etdiyi ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 16-cı bəndinə əsasən, sağlamlığın uzun müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməklə səmimi peşmançılığını, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, bundan başqa, Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib barəsində hər ay gəlirindən 10% dövlət nəfinə tutulmaqla 01 il islah işləri və 300 manat cərimə cəzası təyin edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs münasibətdə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxsə barışmasını, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirməli və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməli, Bakı şəhəri və Abşeron rayon ərazisi hüdudlarını tərk etməməli, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməli, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-264/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-264/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver