Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-264/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs: X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs: X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan X6 onu - “Futbol+” qəzetinin baş redaktoru X3 informasiya vasitəsində - internet informasiya ehtiyatlarında təhqir etmişdir. Şikayəti ona qarşı yol verilmiş cinayət əməlinin araşdırılması və həmin əməllərə cinayət hüquqi qiymət verilməsi tələbi ilə bağlıdır. Jurnalistdir, müxtəlif media qurumlarında çalışmışdır. 30 ilə yaxındır ki, “Futbol+” qəzetinin baş redaktorudur. İdman, xüsusilə də futbol sahəsində müxtəlif televiziya, radio proqramlarında təcrübəli jurnalist-ekspert kimi çıxışlar edir. Rəhbərlik etdiyi qəzet dəfələrlə müxtəlif qurumlar tərəfindən “Azərbaycanın ən yaxşı idman nəşri” sayılıb. X6 2022-23-cü illərdə baş redaktoru olduğu “Futbol+” qəzeti ilə əməkdaşlıq edib. Onunla olan xidmət müqaviləsinin müddəti 2023-cü ilin dekabr ayının sonunda başa çatıb. Yanvar ayının ortalarında jurnalist həmkarları, yaxınları, qohumları vasitəsilə Abdulla İbrahimimin sosial mediada, müxtəlif saytlarda barəsində aşağılayıcı məzmunda məqalələr, statuslar yaymasından xəbər tutmuşdur. Abdulla İbrahimli 2 aydan artıqdır ki, insanın şərəf və ləyaqətini aşağılayan, ona mənəvi iztirab verən, nalayiq məzmunda paylaşımlarını, yazılarını davam etdirir, həmin paylaşım və yazılar sosial media platformalarında yayılmağa davam edir. Abdulla İbrahimli tərəfindən sosial mediada, xüsusilə də “facebook” platformasında yayılan, ona yönəlmiş aşağılayıcı, təhqiredici məzmunlu məlumatlar yüzlərlə vətəndaş, həmkarı, rəhbərlik etdiyi kollektivin üzvləri tərəfindən izlənilib və izləyicilər onun şərəf və ləyaqətinə qarşı yönəlmiş belə nalayiq məlumatları qınayıblar. Belə məlumatlar əvvəlcə A.İbrahimli tərəfindən demotiya.com saytında yayılıb. A.İbrahimli müəllifi olduğu “Futbol+”un psevdovətənpərvərliyi” sərlövhəli məqalədə baş redaktoru olduğu qəzeti, onun kollektivinin fəaliyyətinin məzmununu aşağılamağa, gözdən salmağa çalışıb: "Hazırda ucuz popülizm ilə reytinq toplamağa çalışan qurumdan biri də “Futbol+” qəzetidi... Futbolu siyasətə qarışdırmaq, onu milliyətçilik mətbəxinə salmaq psevdovətənpərvərlikdən və ucuz populizmdən başqa bir şey deyil ki, "Futbol+ ” bu ampluada diqqət çəkməklə məşğuldu. ... Mahir əfəndi və təqlidlə məşğul olan həmkar deyə bilməyəcəyi cavan “jurnalist”lər... ” A.İbrahimli məqaləsində ona xitabən “Yardımlıdan olan baş redaktor” ifadəsini işlətməklə şəxsən onu aşağılamağa çalışıb. Bu ifadə özlüyündə təhqiredici məzmunlu deyil, ancaq məqalə müəllifi həmin ifadəni dəfələrlə, yeri gəldi-gəlmədi işlətməklə öz ələmində onu gözdən salmaq məqsədi güdüb. A.İbrahimli “Futbol+”un psevdovətənpərvərliyi” məqaləsində onu içki düşkünü, əyyaş kimi təqdim etməklə gözdən salmağa, təhqir etməyə çalışıb: ‘‘Yardımlıdan olan baş redaktor vaxtaşırı Gəncə və Ağsu şərab evinin istehsalı olan araqları başına çəkməkdədi... Deməyi o ki, Mahir bəy arağın təsirindən yuxarıdakı ifadəni işlətsəydi, bunu başa düşüb yola vermək olardı. İş orasındadı ki, oyaq halda məntiqə sığmayan mülahizələr irəli sürür. Qəzet başqanının ruslar demiş “trezvi” vaxtında Bojoviç haqqında yazı dərc etdirməsi "Leon” filmindəki Matildanın bolluca şampanla dolu qədəhləri başına çəkib dəm olmasından sonra yüksək səslə hırıldayıb diqqət çəkməsinə bənzəyir”. Bu ifadələrin arasında “içki düşkünü”, “əyyaş” kimi ifadələr birbaşa işlədilməsə də, mətnin ümumi məzmunundan aydın görünür ki, müəllifin əsas məqsədi həmkarları, oxucular arasında onu nüfuzdan, gözdən salmaq, aşağılamaq, təhqir etmək olub. A.İbrahimli qeyd edilən məqalədən başqa “facebook” platformasında mövcud olan onlarla qrup və səhifədə onu və rəhbəri olduğu qəzetin kollektivini aşağılayan məqaləni paylaşıb. O, bundan başqa, digər statuslar da yazıb və paylaşıb, paylaşmaqda davam edir. Məsələn, fevral ayının 27-də “facebook”da azı 7 səhifədə ona xitabən “lüzer” ifadəsini işlədərək, barəsində və qəzetinin kollektivinin üzvləri haqqında minlərlə insanın oxuduğu aşağıdakı ifadələri yazıb, on illərdir ki, fəaliyyət göstərən və idman ictimaiyyətinin hörmətini qazanan qəzetin kollektivinin üzvərini “zurnalist” adlandırıb: ‘‘..."savadı” püskürənlərin idman mətbuatında ideya qardaşı Mahir Rüstəmli kimi siyasət ilə idmanı bir- birinə qarışdıran, çay daşıyan donosçunu 6 ilin jurnalistinə və işçisinin üzünə durğuzan ... zurnalist in olması normal haldi... ”. Belə paylaşımların sayı onlarladır, o həmin paylaşımların hamısını izləyə bilməmişdir. Güman ki, xəbərdar olmadığı, ancaq A.İbrahimli tərəfindən onu təhqir etmək, gözdən salmaq niyyətilə yayılmış olan başqa məlumatlar da var. A.İbrahimlinin onun haqqında yaydığı həqiqətə uyğun olmayan məlumatlar ayrı-ayrı ifadələri detallı araşdırılmadan, ümumilikdə, onun şərəf və ləyaqətini aşağılamaq, onu nüfuzdan salmaq məzmundadır. O, kütləvi informasiya vasitələrində ona xitabən yalan olduğunu bilə-bilə qəsdən aşağılayıcı ifadələri işlədib yaymaqla, şərəf və ləyaqətini başqalarının gözündə ləkələyib, onun nüfuzunu aşağılayıb. O həyatının bütün hissəsini jurnalistikaya həsr etmiş, peşə fəaliyyəti ilə bağlı heç vaxt hər hansı qüsuru olmayıb. Rəhbəri olduğu qəzet həmişə idmanı, xüsusilə futbolu təşviq edib, bu sahədə dövlətin yürütdüyü siyasətə dəstək verib. Bütün idaman ictimaiyyətinin yaxından tanıdığı ona və rəhbəri olduğu qəzetə qarşı aşağılayıcı ifadələrdən və müqayisələrdən istifadə etmək, ən yüngül halda təhqirdən başqa bir şey deyil. A.İbrahimli onun barəsində yalan məlumatları qəsdən yaymaqla təhqirə yol verib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, təhqirə yol vermək cinayət məsuliyyəti yaradır. A.İbrahimlinin əməllərinə hüquqi qiymət verilməli və o Cinayət Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunmalıdır. Göstərilənləri nəzərə alaraq X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, ona həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X10 şikayətin dəlillərinə uyğun çıxış etdərək, şikayətin Bakı Şəhəri Yasamal rayon Məhkəməsində icraata qəbul edilərək baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, X1 əməli “Facebook” sosial şəbəkəsində etdiyi paylaşım olmuşdur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 şikayəti qəbul etməyərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X4 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətinə baxılması Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 300.1 və 300.1.4-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsidir; 302.1 və 302.1.1-ci maddələrinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2 və 302.2.1-ci maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 12-ci bəndi ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarından müəyyən edilir ki, X10 xususi ittham qaydasında ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edirək X4 barəsində xüsusi ittiham qaydasında cinayət işinin başlanmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırınmişdir ki, X2 nümayiş etdirilən “Facebook” sosial şəbəkəsində X8 təhqir etmiş və barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Elektron Məhkəmə Sisteminin Şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən çıxarışdan görünür ki, X7 xx.xx.1990-cı il tarixdə Qazax rayonunda doğulmuş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 14a ünvanında yaşayır. Məhkəmə belə qənaəti gəlir ki, xususi ittiham qaydasında şikayətdə qeyd edilən hazırkı halda xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş məlumatların yayıldığı “Facebook” sosial şəbəkəsinin Azərbaycan Respublikasında hüquqi ünvanı mövcud deyildir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 isə yaşadığı ünvanı ünvan 2. Həmin ünvan isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı xüsusi ittiham qaydasında şikayətə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 74.1, 75.1, 299.1, 299.3.1, 300.1.4, 302.1.1, 302.2.1 və 302.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X10 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-264/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-264/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver