Məhkəmə qərarları › İş №1(004)-265/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-265/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-265/2020 20.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 45 nömrəli binanın arxa tərəfində tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən yumruqla Asim Abbasovun çənə nahiyəsindən vuraraq sonuncuya sol gicgah nahiyəsinin qançırı - hematoması (yumşaq toxuma arasına qan yığılması) alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 5-6 ildir ki ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Yaşadığı binanın sakinləri tərəfindən həyətdə ümumi sahəsi təxmini 15 kv metr olan bir otaqlı sahə tikilmiş, həmin tikilinin içərisinə bir masa və ətrafına oturacaqlar qoyulmuşdur. Binanın sakinləri həmin tikilinin içərisində oturub söhbət edib, masaüstü oyunlar oynamışlar. xx.xx.2020-ci il tarixdə, təxminən saat 24 radələrində qonşular binanın həyətində yerləşən tikilidə əyləşib masaüstü oyunlar oynamışlar. O, qonşusu Namiqlə nərd, digər qonşusu Zərərçəkmiş şəxs isə Anarla birlikdə domino oynamışlar. Təxminən saat 00:25 radələrində o, sakinlər səs-küydən yata bilmədikləri üçün onların masaüstü oyunlar oynamalarına narazılıq etdilləri üçün gecə saat 00:30-da hər kəsin masadan durub evlərinə getməli olduğunu bildirmişdir. Lakin Asim ona etiraz edərək domino oynamağa davam edəcəklərini, onlara müdaxilə etməməsini demişdir. O, təkrar olaraq Asimə qonşular tərəfindən həmin tikilinin açarının ona həvalə olunduğunu, gec saatlarda domino, nərd oynayanda səs yayıldığından insanların narahat olduqlarını, sakinlərin saat 00:30-da həmin sahənin bağlanması barədə qərara gəldiklərini bildirmişdir. Asim təkidlə oyun oynayacağını bildirmiş və onu tikilidən kənara çəkmişdir. Onlar tikilinin arxa tərəfinə keçmiş, o, Asimə tikilini saat 00:30-da bağlayacağını bir daha bildirib geri qayıdan zaman Asim ona ağıllı olmağını domino oynamağa davam edəcəyini demişdir. Bu zaman o, əsəbiləşərək yumruq zərbəsi ilə Asimin çənə nahiyəsindən vurmuş, Asim yerə yıxılmışdır. Daha sonra o, həmin yerdən uzaqlaşıb getmiş, Asim isə yerdən durub çıxıb getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə 5-6 ildir ki, ünvan 3 ünvanında yaşayır. Yaşadığı binanın sakinləri tərəfindən həyətdə ümumi sahəsi təxmini 15 kv metr olan bir otaqlı sahə tikilmiş, həmin tikilinin içərisinə bir masa və ətrafına oturacaqlar qoyulmuşdur. Binanın sakinləri həmin tikilinin içərisində oturub söhbət edib, masaüstü oyunlar oynamışlar. 08.09 2020-ci il tarixdə təxminən saat 24 radələrində qonşular binanın hətəyində yerləşən tikilidə əyləşib masaüstü oyunlar oynamışlar. O, qonşusu Anarla domino, qonşusu Təqsirləndirilən şəxs isə Namiqlə birlikdə nərd oynamışdır. Saat təxminən 00:25 radələrində Ramil Səfərov bildirmiş ki, gecə saat 00:30-da hər kəs masadan durub evlərinə getməlidir. O, Ramilə oturub domino oynamağa davam edəcəklərini bildirmişdir. Ramil qonşular tərəfindən tikilinin açarının ona həvalə olunduğunu, gec saatlarda domino, nərd oynayanda səs yayıldığını, insanların yata bilmədiyini, narahat olduqlarını və sakinlər tərəfindən 00:30-da həmin tikilinin bağlanması barədə qərara gəldiklərini bildirmişdir. O, Ramilə oyun oynayacaqlarını bildirmiş və Ramili oturduqları yerdən kənara çəkmişdir. Əyləşdikləri masanın arxa tərəfinə keçdikdə o, Ramilə tikilidə oturmaqlarına qarşı çıxmağının düzgün hərəkət olmadığını demişdir. Ramil isə həmin tikilinin ona həvalə olunduğunu demiş, o, təkidlə həmin tikilidə oturacaqlarını nalayiq formada bildirmişdir. Bu zaman Ramil yumruq zərbəsi ilə onun çənə nahiyəsindən bir dəfə vurmuş, o, yerə yıxılmışdır. Ramil oradan uzaqlaşıb getmiş o, isə yerdən durub polisə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda o Təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsinə etiraz etmir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X4” tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 734 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərindəki aşkar edilmiş xəsarətlər – sol gicgah nahiyəsinin qançırı - hematoması (yumşaq toxuma arasına qan yığılması) alt dodağın iç səthinin əzilmiş-cırılmış yarası, alt çənənin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətində və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar və yıxılması zamanı törənməsi inkar olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin sahə rəisi, polis mayoru Qafqaz Hümbətov tərəfindən tərtib edilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs, ailəlidir, 2 azyaşlı övladı var, 7 ildir ki ünvan 4 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır, Azərbaycan Texniki Universitetinin Avtomobil və Nəqliyyatın Təşkili fakültəsini bitirmişdir, hal-hazırda fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs işlədiyi kollektiv arasında səmimi münasibət qurmuş, iş yoldaşılarının dərin hörmətini qazanmışdır. Yaşadığı məhlədə qonuşlar arasında dərin hörməti vardır, qonşularla ünsiyyətdə təmkinli və nəzakətlidir, qonşular arasında müsbət xarakterizə olunur, spirtli içkilərin və narkotik vasitələrin aludəçisi deyil, cinayət və digər hüquqpozmalara meyilliliyi yoxdur, fiziki və psixi cəhətdən sağlamdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 və Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-265/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli vəkil hesabatından aydın olur ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilməklə, 12 (on iki) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar