Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-265/2021 12.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 25 mart 2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Yasamal rayonu Ümid Əkbərov küçəsi 128V ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasarın üzərindən keçməklə evin giriş hissəsində yerləşən zirzəminin qapısının açıq olmasından istifadə edib saxlanc yerinə qanunsuz daxil olaraq sonuncuya məxsus 80 manat dəyərində bir ədəd “X4 AT8316B” yazıları olan Çində istehsal edilmiş, böyük ölçülü laqonda və 200 manat dəyərində mis materialdan olan bir ədəd samovarı, bundan iki gün sonra isə 27 mart 2021-ci il tarixdə saat 03 radələrində həmin evin həyətyanı sahəsinə eyni üsulla daxil olub hamam otağının qarşısında olan 100 manat dəyərindəki bir ədəd “Rambo” markalı qızılı rəngli üzərində rəng qopuqları, sükanında əyləc sistemi olan sürət keçiricili gənclər üçün nəzərdə tutulmuş velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 380 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 mart 2021-ci il tarixdə Yasamal rayonunun keçmiş 13-cü Xribtovi, indiki Ümid Əkbərov küçəsində yerləşən həyət evlərindən birinin qapısı açıq olduğundan orada bir ədəd velosiped görmüş və velosipedi oğurlamaq qərarına gəlmişdir. 25.03.2021-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvana getmiş, orada həyətin dəmir darvazasının qapısının üzərindən aşaraq həyətə daxil olmuş, velosipedin həyətdə hamam otağının yanında olduğunu görmüş, velosipedi götürmək istəyərkən həyətdən toyuq səslərinin gəldiyini eşidib səsin haradan gəlməsini yoxlamaq üçün taxta pilləkənləri olan zirzəminin metal tordan ibarət heç bir kilidi olmayan qapısını açmışdır. Zirzəmiyə endikdə əlavə bir qapının da olduğunu müəyyən etmişdir. Həmin qapıda kilidin olmadığını görmüş, qapını açdıqda orada anbar kimi məişət əşyalarının yığılı vəziyyətdə olduğunu görüb, oradan dəyərli olan bir ədəd samovar və bir ədəd laqonda adlanan elektrik mişarını götürmüşdür. Götürdüyü əşyalar ağır olduğu üçün velosipedi oğurlaya bilməmişdir. Həyətin darvaza qapısını içəridən açıb çölə çıxmışdır. Oğurladığı bir ədəd laqonda adlanan elektrik mişarını və bir ədəd samovarı yaşadığı ünvan 4 ünvanına aparmışdır. Oğurladığı əşyaları anasının görməməsindən ötrü evin fasad hissəsində gizlətdikdən sonra evə gedib yatmışdır. 25.03.2021-ci il tarixdə saat 12 radələrində oğurladığı bir ədəd samovarı görünməyən torbaya qoyaraq İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Metal qəbulu məntəqəsinə sahiblik edən şəxsə samovarı satmaq istədiyini bildirmiş, lakin həmin şəxs onun təklifini rədd etmişdir. Metal qəbulu məntəqəsindən çıxıb oradan uzaqlaşaraq samovarla birlikdə yaşadığı ünvana doğru gedərkən yolda səyyari formada metal qəbulu ilə məşğul olan şəxslərin olmasını görmüş və həmin şəxslərə samovarı satmaq istədiyini bildirmişdir. Onlar həmin samovarı 10 manata almaq istədiklərini bildirdikləri üçün samovarı onlara həmin məbləğə satmışdır. Sonra yenidən evə gedərək saat 16 radələrində laqonda adlanan elektrik mişarını görünməyən torbaya qoyaraq Şərifzadə küçəsində yerləşən “1001 xırdavat” mağazasını işlədən adını bilmədiyi şəxsin yanına getmiş, həmin şəxsə usta olduğunu və Binədə yaşadığını bildirmiş, evə getmək üçün pulunun olmadığını deyib ona laqondanı satın almağı təklif etmiş, lakin həmin şəxs laqondanı almaq istəmədiyini bildirib evə getməsi üçün ona 10 manat pul vermişdir. O, həmin şəxsdən laqondanı mağazasında saxlamağı xahiş etmiş, ertəsi gün onun verdiyi pulu geri qaytardıqdan sonra laqondanı götürəcəyini demiş, lakin həmin şəxs onun təklifi ilə razılaşmamışdır. Lakin o, laqondanın ağır olduğunu və evə apara bilməyəcəyini dediyi üçün həmin şəxs onun təklifini qəbul edərək laqondanı mağazada saxlamağa razılaşmışdır. Pulu aldıqdan sonra həmin şəxsin yanından uzaqlaşmış və laqondanı götürmək üçün bir daha həmin yerə geri qayıtmamışdır. Oğurladığı əşyaların satışından əldə etdiyi pulu gündəlik xərcləri üçün istifadə etmişdir. Bundan sonra yenidən həmin həyət evinə oğurluq etməyə girmək üçün münasib vaxt axtarmışdır. Odur ki, 27.03.2021-ci il tarixdə gecə saat 03 radələrində bir ədəd samovar və bir ədəd laqonda adlanan elektrik mişarını oğurladığı Yasamal rayonu 13-cü Xribtovı küçəsində yerləşən həmin həyət evinə getmişdir. Yenə də həyətdə olan dərmir darvazanın üzərindən həyətə daxil olmuşdur. Həyətdə olan hamam və ayaqyolunun qarşısında qoyulmuş qızılı rəngli velosipedi oğurlayaraq həyətin dəmir darvazasının qapısını açıb həyətdən çıxmışdır. Velosipedi sürərək yaşadığı ünvan 4 ünvanına aparıb evin həyətyanı sahəsində yerləşən hamamın arxa hissəsində gizlətmişdir. 27.03.2021-ci il tarixdə saat 11 radələrində oğurladığı velosipedi gizlətdiyi yerdən götürərək satmaq üçün aparmış və Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən “Günəş petrol”un yaxınlığındakı 1001 xırdavat mağazısına getmişdir. Mağazanın sahibinə velosipedi satmaq istədiyini bildirmiş, mağazanın sahibi olan qadın ona oğlu mağazada olmadığı üçün müvəqqəti mağazada əyləşməsini demişdir. Velosipedi almaq üçün ondan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Yaxınlıqdakı foto yerindən şəxsiyyət vəsiqəsinin surətini çıxarıb yenidən “1001 xırdavat” mağazasına qayıtmışdır. Bu zaman mağazada həmin qadından başqa bir oğlanın olduğunu görmüşdür. Həmin oğlana “velosipedi neçəyə alarsan” deyib soruşduqda, ona velosiped köhnə olduğu üçün 10 (on) manata almaq istədiyini demişdir. Həmin şəxsin təklifi ilə razılaşmış və şəxsiyyət vəsiqəsinin surətini mağazaya verməklə 10 manat pul müqabilində velosipedi satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu gündəlik tələbatları üçün xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 mart 2021-ci il tarixdə səhər saat 09:30 radələrində yaşadığı ünvan 5 ünvanının həyətyanı sahəsinə çıxıb vanna otağına gedən zaman hamamın qarşısında saxlanılan “Rambo” markalı velosipedin orada olmadığını müəyyən etmiş və həyətin darvaza qapısının açıq olmasını görərək oğlunun mağazaya getdiyini fikirləşmişdir. Daha sonra evə keçdikdə oğlunun evdə yatdığını görmüşdür. Velosipedin oğurlandığını düşünərək evin zirzəmisində olan əşyaları yoxlamaq üçün zirzəmiyə endikdə bir ədəd “Atec” markalı elektrik mişarının və bir ədəd mis materialdan olan samovarın zirzəmidə olmadığını müəyyən etdiyindən əşyaların oğurlandığını bilib dərhal polisə məlumat vermişdir. O, ifadəsində bildirmişdir ki, “Atec” markalı elektrik mişarının dəyəri 80 (səksən) manat, “Rambo” markalı velosipedin dəyəri 100 (bir yüz) manat, mis materialdan olan samovarın dəyəri isə 200 (iki yüz) manatdır. Odur ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona 380 manat məbləğində maddi ziyan vurulmuşdur. O, ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyinə görə onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edib bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır, bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, cəza təyin edilməsi zamanı ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri İnşaatçılar metrosunun yaxınlığında yerləşən metal qəbulu məntəqəsində tullantı məhsulların alışı ilə məşğul olur. 27 mart 2021-ci il tarixdə saat 12 radələrində əvvəllər tanımadığı bir nəfər şəxs metal qəbulu məntəqəsinə yaxınlaşaraq özü ilə gətirdiyi samovarı satmaq istədiyini bildirmişdir. O, samovarın oğurluq olmasından şübhələndiyi üçün həmin şəxsə qiymətini belə soruşmadan samovarı almaq istəmədiyini demiş və həmin şəxs heç bir söz demədən oradan uzaqlaşmışdır. Bu hadisədən bir-iki gün keçdikdən sonra həmin şəxs yanında 3 nəfər polis əməkdaşı ilə metal qəbulu məntəqəsinə gələrək orada fəhlə işləyən Şahid4 göstərib samovarı ona satdığını demişdir. Lakin Şahid4 həmin şəxsdən samovar almadığını bildirmişdir. Buna görə də onlar baş vermiş hadisə ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gəlib izahat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrosunun yaxınlığında yerləşən tullantı məhsullarının alışı məntəqəsində fəhlə işləyir. 2021-ci ilin mart ayının sonlarında 3 nəfər polis əməkdaşı və yanlarında bir nəfər şəxs tullantı məhsullarının alışı məntəqəsinə gələrək polis əməkdaşlarına onu göstərib samovarı ona satmasını bildirmiş, buna görə də o, Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət edilmişdir. Şahid4 ifadəsində Təqsirləndirilən şəxs ilk dəfə polis əməkdaşlarının yanında gördüyünü və ondan samovar almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2011-ci ildən Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən Ticarət Mərkəzinin içərisində olan 1001 xırdavat-tikinti malları mağazası işlədir. 27.03.2021-ci il tarixdə axşam saat 21 radələrində mağazada olarkən əvvəllər tanımadığı bir şəxs ona yaxınlaşaraq laqonda satmaq istədiyini bildirmişdir. O, isə laqondanı almaq istəmədiyini demişdir. Lakin həmin şəxs ona usta olduğunu, işdən çıxdığı üçün pulunun olmadığını, Binə adlanan ərazidə yaşadığını bildirmiş, cibində pulu olmadığına görə ondan 10 manat pul istəmiş və yolu uzaq olduğundan laqondanın mağazada qalmasını xahiş etmiş, səhəri gün gəlib borc aldığı 10 manat pulu qaytararaq laqondanı da götürüb gedəcəyini demiş, o da onun təklifi ilə razılaşdığından həmin şəxsə 10 manat pul verərək laqondanı mağazada saxlamış və bundan sonra mağazanı bağlayıb evinə getmişdir. 30.03.2021-ci il tarixdə mağazaya polis əməkdaşları və özünü usta kimi təqdim etmiş həmin şəxs gələrək ona həmin şəxsin laqonda satıb-satmaması ilə maraqlanmışlar, o, da olanları polis əməkdaşlarına danışıb həmin şəxsdən laqonda almadığını, pulu olmadığı üçün kömək məqsədi ilə ona 10 manat pul verdiyini demişdir. Polis əməkdaşları laqondanın oğurluq olduğunu bildirərək maddi sübut kimi götürmüşlər və o, polis əməkdaşları birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gedib izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yerləşən 1001 xırdavat mağazasının sahibidir. 27.03.2021-ci il tarixdə anası Şahid2 həmin mağazada olarkən əvvəllər tanımadığı bir şəxsin anasına yaxınlaşıb “Rambo” markalı istifadə olunmuş velosipedi satmaq istədiyini bildirmiş, anası velosipedi satmaq istəməsinin səbəbini soruşanda həmin şəxs uşaq artıq böyüdüyü üçün ehtiyac olmadığına görə velosipedi satmaq istədiyini demişdir. Anası velosipedi şəxsiyyət vəsiqəsi ilə alacağını dedikdən sonra həmin şəxs şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək velosipedi 20 manata satmaq istədiyini demiş, anası isə velosipedə 10 manat pul verəcəyini bildirdiyindən həmin şəxs razılaşmış və velosipedi 10 manata satmışdır. 28.03.2021-ci il tarixdə isə o, velosipedi təmir edib 80 manata satışa çıxarmışdır. Lakin həmin gün saat 12 radələrində əvvəllər tanımadığı bir şəxs mağazaya yaxınlaşaraq həmin velosipedin ona məxsus olduğunu və velosipedi haradan aldığını soruşmuş, o da həmin şəxsə velosipedi satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini göstərib 10 manat müqabilində velosipedi ondan satın aldığını bildirmiş, həmin şəxsiyyət vəsiqəsindəki şəxsi tanımadığını demişdir. O, həmin şəxsə 10 manat ödəyib velosipedi aparmasını dedikdə o, razılaşmayaraq polisə müraciət edəcəyini bildirmiş, o da polisə müraciət etməsini və polis əməkdaşları gəldikdən sonra velosipedi onlara təhvil verəcəyini demişdir. Daha sonra polis əməkdaşları mağazaya gələrək velosipedin oğurluq olduğunu bildirib götürüb aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yerləşən 1001 xırdavat mağazası oğlu Şahid1 məxsusdur. O, isə həmin mağazada işçi olaraq çalışır. 27.03.2021-ci il tarixdə o, mağazada tək olarkən əvvəllər tanımadığı bir nəfər şəxs “Rambo” markalı istifadə olunmuş velosiped gətirib satmaq istədiyini bildirmiş, həmin şəxs velosipedi uşağı böyüdüyü üçün ehtiyac olmadığından satmaq istədiyini demişdir. Velosipedi şəxsiyyət vəsiqəsi ilə alacağını dedikdən sonra həmin şəxs şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək 10 manat pul müqabilində velosipedi satmışdır. 28.03.2021-ci il tarixdə oğlu Şahid1 mağazada olarkən tanımadığı bir şəxs oğluna yaxınlaşaraq velosipedin ona məxsus olduğunu və velosipedi haradan almasını soruşmuş, oğlu həmin şəxsə velosipedi satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini göstərmiş, həmin şəxs velosipedi satan şəxsi tanımamışdır. Daha sonra oğlu həmin şəxsə polisə müraciət etməsini və polis əməkdaşları gəldikdən sonra velosipedi onlara təhvil verəcəyini demişdir. Sonradan polis əməkdaşları mağazaya gəlib velosipedin oğurluq olduğunu bildirib aparmışlar. Məhkəmə Təqsirləndirilən şəxs, eyni zamanda zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 31 mart 2021-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən göstərilən xüsusatları, yəni müvafiq əşyaları oğurladığı yerləri əyani olaraq göstərərək bir daha təsdiq etmişdir. (iş vər.: 61) İş materiallarında olan 27 mart 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, oğurluq hadisəsi baş vermiş ünvan Bakı şəhəri Yasamal rayonu Ümid Əkbərov küçəsində yerləşən 128V nömrəli həyət evidir. (iş vər.: 10-13) İş materiallarında olan 30 mart 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, Şahid5 təqdim etdiyi üzərində “Atec” yazıları olan elektrik mişarına baxış keçirilərək götürülmüşdür. (iş vər.: 23-24) İş materiallarında olan 30 mart 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, Şahid1 təqdim etdiyi qızılı rəngli, sükanında əyləc sistemi olan, arxa təkər hissəsi sarı rəngə boyanmıış velosipedə baxış keçirilərək götürülmüşdür. (iş vər.: 25-26) İş materiallarında olan 31 mart 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan müəyyən edilir ki, istintaq zamanı Şahid5 təqdim etdiyi üzərində “Atec” yazıları olan elektrik mişarı Zərərçəkmiş şəxs təqdim edilərkən o, həmin mişarı tanıyaraq ona məxsus olmaqla həyətində baş vermiş oğurluq hadisəsi nəticəsində oğurlanmış əşyalardan olduğunu bildirdi. (iş vər.: 59) İş materiallarında olan 31 mart 2021-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan müəyyən edilir ki, istintaq zamanı Şahid1 təqdim etdiyi “Rambo” markalı velosiped Zərərçəkmiş şəxs təqdim edilərkən o, həmin velosipedi tanıyaraq ona məxsus olmaqla həyətində baş vermiş oğurluq hadisəsi nəticəsində oğurlanmış əşyalardan olduğunu bildirdi. (iş vər.: 60) İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 iyun 2021-ci il tarixli 9/2830 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istismar intensivliyi parametrlərinə uygun olaraq 2021ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 160,0 manat müəyyən edilir. O cümlədən: 01 ədəd üzərində X4 AT8316B yazıları olan Çində istehsal edilmiş böyük ölçülü laqonda 60.00 manat; 01 ədəd qızılı rəngli üzərində rəng qopuqları, sükanında əyləc sistemi olan sürət keçiricili gənclər üçün nəzərdə tutulmuş velosiped 100.00 manat dəyərində müəyyən edilmişdir. (iş vər.: 119-121) İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurlanmış bir ədəd “X4 AT8316B” markalı laqonda və bir ədəd “Rambo” markalı velosiped 12 iyun 2021-ci il tarixdə iş üzrə maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (İş vər.: 162) Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun fərdi yaşayış evinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs məxsus 380 manat dəyərində müxtəlif əşyaları oğurlayaraq ona ziyan vurması, bununla da, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2-ci maddəsi ümumilikdə az ağır cinayətlər kateqoriyasına daxil olmaqla 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 20-ci bəndinə görə yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna isə maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 31.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru Elman Süleymanovun 31 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Hüseynovun 31 mart 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 19.04.2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini, onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31.03.2021-ci il tarixdə 1 gün tutulduğu müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin saxlanc yerində saxlanılan bir ədəd “X4 AT8316B” markalı laqonda və bir ədəd “Rambo” markalı velosiped hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi - Zərərçəkmiş şəxs qaytarılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfinə daxil olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31.03.2021-ci il tarixdə 1 gün tutulduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd “X4 AT8316B” markalı laqonda və bir ədəd “Rambo” markalı velosiped hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Məhkəmə ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-265/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-265/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver