Məhkəmə qərarları › İş №1(004)-267/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-267/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-267/2024 30.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, X1 iştirakları ilə, xx xxxx 1982-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Balakən şəhəri, Ə.Ansuxski küçəsi, ev 5, mənzil 25-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 iyul 2023-cü il tarixdə saat 04 radələrində ünvan 1 ünvanında yerləşən X5 məxsus açıq məkanda yerləşən kafedən 01 ədəd 600 manat dəyərində vitrin soyuducunu, 01 ədəd 600 manat dəyərində balaca ölçülü soyuducunu, 01 ədəd 200 manat dəyərində qaz sobasını və 01 ədəd 100 manat dəyərində yuyucu mexanizmi gizli olaraq talayıb zərərçəkmiş şəxs X5 ümumilikdə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə azad edilmişdir. Metal qırıntıları yığıb satması ilə məşğul olur. 11 iyul 2023-cü il tarixdə saat 04 radələrində ünvan 1 ünvanında yerləşən kafenin ətrafına gəlmiş və oradan 02 ədəd soyuducunu, 01 ədəd qaz sobasını və 01 ədəd yuyucu mexanizmini oğurlayıb özənə məxsus arabaya yükləyib oradan uzaqlaşmışdır. Səhər açıldıqda oğurladığı əşyaları Nəsimi rayonu, ərazisində yerləşən «Ocaq» kafesinin sahibinə soyuducunun birini 80 manata, qaz sobasını isə 60 manata satmışdır. Etdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X7 onun atasıdır. Atası xx.xx.2023-cü il tarixdə ölmüşdür. Atasın ünvan 2 ünvanında yerləşən kafeni işlətmişdir. Həmin kafedən dəqiq hansı əşyaların oğurlandığını xatırlamır. Hadisə nəticəsində onun atasına təxminən 1500 manat məbləğində maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini və onunla barışmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş mərhum X7 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 61-64-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən 22 ildir ki, Bakı şəhəri,Yasamal rayonu, M.Həsənov küçəsi ev 1-də yerləşən ərazini yay mövsümü ilə əlaqədar açıq kafe kimi işlədir. Həmin ərazi açıq olduğu üçün qış mövsümündə işləmiş, lakin kafeyə aid olan avadanlıqlar və əşyalar götürülmədən orada saxlanılır. 10 iyul 2023-cü il tarixdə yay mövsümü ilə əlaqədər həmin kafeyə gedib təmizlik işələri aparılmasını düşünmüş, lakin həmin gün köməyə adam tapa bilmədiyi üçün növbəti gün kömək götürüb kafeyə getmək qərarına gəlmişdir. 11 iyul 2023-cü il tarixdə səhər saatlarında qonşu obyekti işlədən tanışı ona zəng edərək ərazini təmizləyən şəxsin ona məxsus kafedən bəzi avadanlıqları naməlum şəxs tərəfindən oğurlanmasını bildirdiyini söyləmişdir. O, bu məlumatı aldıqdan sonra həmin gün saat 18 radələrində açıq məkanda olan kafeyə gəlmiş və ümumi dəyəri 1500 manat olan 2 ədəd soyuducu, 01 ədəd qaz sobasının və yuyucu mexanizminin oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona məxsus açıq məkənda olan kafedən 600 manat dəyərində 01 ədəd vitrin soyuducu, 600 manat dəyərində ağ rəngli balaca ölçülü soyducu, 200 manat dəyrəində qaz sobası və 100 manat dəyərində yuyucu mexanizm oğurlanmışdır. Ona dəymiş zərərin gələcəkdə iş üzrə keçiriləcək məhkəmə-əmtəəşunaslıq ekspertizasının vermiş yolduğu rəyinə uyğun deyil, oğurlanmış əşyların dəyərini onun göstərəməyimə əsasən qəbul edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 75-77-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 52 ünvanında yerləşən «Ocaq» restoranını icarə əsasında işlədir. 11 iyul 2023-cü il tarixdə təxminən saat 08 radələrində işlədiyi restoranda olduğu zaman üzdən ərazidə tullantı yığın kimi tanıdığı bir nəfər şəxs ona yaxınlaşaraq 02 ədəd soyuducu və bir ədəd qaz sobası satdığını bildirmişdir. O, həmin şəxslə bir ədəd vitrin soyuducunu 80 manata, qaz sobasını isə 60 manata alacağına razılaşmış, digər soyuducunu istəmədiyini bildirmişdir.Beləliklə həmin şəxsə virtrin soyuducunun 80 manatını vermiş, 60 manatı isə bir qədər sonra verəcəyini demişdir. Həmin şəxs razılaşmış və 80 manatı pulu aldıqdan sonra çıxıb getmişdir.O, restoranı tərk edib təxminən 2-3 saatdan sonra qayıdıb gəldikdə qaz sobasının yerində olmadığını görmüş. bu barədə işçilərdən soruşduqda, ona həmin qaz sobasını satan şəxsin gəlib götürüb aparmasını demişlər. 24 iyul 2023-cü il tarixdə polis əməkdaşları işlədiyi restorana gələrək ona soyuducu satan şəxsin həmin soyuducunu oğurluq yolu ilə əldə etməsini demiş, o, polis əməkdaşlarına həmin soyuducunu təqdim etmişdir.Həmin şəxs ona soyducunu və qaz sobasını satarkən özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmasını demişdir. Əgər oğurluq yolu ilə əldə olunmasını bilsəydi almazdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 11 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən çay evidir. (i.v. 9-11) “Diskə baxış keçirilməsi haqında” 20 iyul 2023-cü il və 24 iyul 2023-cü il tarixli protokollardan görünür ki, 11 iyul 2023-cü il tarixdən 04 radələrində ünvan 1 ünvanında yerləşən X5 məxsus açıq məkanda yerləşən kafedən bir nəfər şəxsin 02 ədəd soyuducunu, 01 ədəd qaz sobasını və yuyucu mexanizmini oğurlayıb arabaya yükləyib həmin yerən uzaqlaşması müəyyən olunmuş, baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə əks olunan şəxsin özü olduğunu, həmin yerdən 02 ədəd soyuducu, 01 ədəd qaz sobası və 01 ədəd yüyucu mexanizmi oğurladığını bildirmişdir. (i.v. 15, 52) “Təqdim etmə və götürmə haqqında” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 11 iyul 2023-cü il tarixdən 04 radələrində ünvan 1 ünvanında yerləşən X5 məxsus açıq məkanda yerləşən kafedən bir nəfər şəxsin 02 ədəd soyuducunu, 01 ədəd qaz sobasını və yuyucu mexanizmini oğurlayıb arabaya yükləyib həmin yerən uzaqlaşması müəyyən olunmuş, baxışda iştirak edən Təqsirləndirilən şəxs görüntüdə əks olunan şəxsin özü olduğunu , həmin yerdən 02 ədəd soyuducu, 01 ədəd qaz sobası və 01 ədəd yüyucu mexanizmi oğurladığını bildirmişdir. (i.v. 31) “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X7 21 sentyabr 2023-cü il tarixdə ölmüşdür. (i.v. 106) “Zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında” 13 oktyabr 2023-cü il gtarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mərhum atası X3 hüquqi varisi qismində təyin edilmişdir. (i.v. 109) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli 9/8734 nömrəli ekspert rəyinə əsasən analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd uzun müddət istifadədə olmuş, hündürlüyü 1.90 metr, eni 0.60 metr, dərinliyi 0.50 metr olan vitrin soyuducusunun 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200.00 manat müəyyən edilmişdir. (i.v. 127-129) “Sübutların qiymətləndirilməsi haqqında” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin kamera tərəfindən qeydə alındığı videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 172-178) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.1-ci maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 iyul 2023-cü il tarixdə saat 04 radələrində ünvan 1 ünvanında yerləşən X5 məxsus açıq məkanda yerləşən kafedən 01 ədəd 600 manat dəyərində vitrin soyuducunu, 01 ədəd 600 manat dəyərində balaca ölçülü soyuducunu, 01 ədəd 200 manat dəyərində qaz sobasını və 01 ədəd 100 manat dəyərində yuyucu mexanizmi gizli olaraq talayıb zərərçəkmiş şəxs X5 ümumilikdə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli 9/8734 nömrəli ekspert rəyinə əsasən analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd uzun müddət istifadədə olmuş, hündürlüyü 1.90 metr, eni 0.60 metr, dərinliyi 0.50 metr olan vitrin soyuducusunun 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200.00 manat müəyyən edilmişdir. (i.v. 127-129) İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd vitrin soyuducusu 600 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 11 yanvar 2024-cü il tarixli 9/8734 saylı rəyində həmin vitrin soyuducusunun qiymətinin 200 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vitrin soyuducusunu oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 200 (iki yüz) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 24 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 42-43) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 79-80) “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 81-82) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-386/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmuş və o ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 117) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli 11 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 23 yanvar 2024-cü il tarixdə cəzsının sonu ilə azad edilmişdir. (i.v. 133) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-267/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(006)-356/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə əlaqədar barəsində həbsetmənin əvvəli 13 iyul 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edıimış, əsaslar uzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-386/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Onun törətdiyi əməl Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)- 386/2023 saylı hökmündən əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, barəsində olan cinayət işinin məhkəmə istintaqı dövründə bir daha cinayət əməlinin törətməsini və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsinə baxmayaraq, o barəsində olan digər cinayət işi üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(001)-386/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplanmalı və ona qəti olaraq cəzası təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə 05 avqust 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün və hazırki cinayət işi üzrə 24 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 06 (altı) ay 01 (bir) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilməli, cəzaçəkmənin əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-386/2024 saylı, 11 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplansın və ona qəti olaraq 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə 05 avqust 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün və hazırki cinayət işi üzrə 24 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 06 (altı) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar