Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-268/2020 13.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1951-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin təhqiqatçısı Tahir Əzizov tərəfindən tərtib edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorunun müavini Rəşadət Orucov tərəfindən təsdiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli yekun protokol məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə birlikdə mahiyyəti üzrə baxılması üçün xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsi, 31 A saylı evin qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən yumruqla Zərərçəkmiş şəxs sol göz nahiyəsindən vuraraq sonuncuya sol gözün konyuktivası altına (ağlı qişaya) qansızma ilə müşayiət olunan sol göz ətrafının qançırı kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur və onunla bir qonşu kimi heç vaxt aralarında dava-dalaş və ya hər hansı bir formada mübahisə olmamışdır. Bir neçə vaxtdır ki, o, qonşusu Zərərçəkmiş şəxs onun arxasınca normal fikirlər söyləməməsi barədə şayələr eşitmişdir. Bu səbəbdən də, o, məsələyə aydınlıq gətirmək üçün xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı evə getmişdir. O, ünvanda olarkən Zərərçəkmiş şəxs evinin qapısı bağlı olduğundan qapını döyməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs qapını açdıqda nə üçün onun arxasınca danışaraq oğlunu “oğru” adlandırmasının səbəbini soruşmuşdur. Bu vaxt onlar arasında mübahisə başlamışdır. Mübahisə zamanı əsəbləşərək Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir dəfə yumruqla zərbə vurub oradan uzaqlaşıb çıxıb getmişdir. Sonradan ona məlum olmuşdur ki, hadisədən sonra qonşusu Zərərçəkmiş şəxs polisə gedərək ondan şikayət etmişdir. Aralarındakı mübahisə Yasamal rayonu, Ə.Abdullayev küçəsi, 31 saylı evin qarşısında baş vermişdir. Mübahisə zamanı həyəcanlı olduğundan hadisənin kimlərin şahidi olmasına diqqət etməmiş, ona görə də bu barədə məlumatı yoxdur. O, özü isə hadisə zamanı hər hansı bir bədən xəsarəti almamışdır. Təqsirləndirilən şəxs hazırda əməlindən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, vurulmuş zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı hazırda heç bir şikayətinin və tələbinin olmamasını bildirərək barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək zərər çəkmiş şəxslə barışdığını bildirib məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, bir qonşu kimi onların münasibətləri normal olmuşdur. Hadisədən əvvəl məhəllədə yaşayan qonşuların evinin birində oğurluq hadisəsi baş vermiş, faktla bağlı araşdırma gedir, buna baxmayaraq qonşular arasında gedən söhbətlərdən anlamışdır ki, onun oğlunun adı hallandırılır. Buna görə də Təqsirləndirilən şəxs bu barədə özü xəbərdarlıq etmiş, lakin Təqsirləndirilən şəxs onu düzgün anlamamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 20:25 radələrində o, evində olarkən evin qapısı bərk döyüldüyünü eşidib o, həyətə çıxmış və bu zaman qonşusu Hüseyni görüb ona nə üçün qapını bərk döydüyünü soruşmuşdur. Cavabında isə Təqsirləndirilən şəxs ona nə üçün oğlunun arxasınca oğru deməsinin səbəbini soruşmuşdur. Bu vaxt o, Hüseynə onun arxasınca danışmadığını deyib bunların yalan olmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona inanmayıb mübahisə etməyə başlamışdır. Onlar arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onun və digər ailə üzvlərinin ünvanına nalayiq sözlər işlədərək təhqir etmişdir. O, sonuncuya əxlaqlı danışmasını və özünü normal insan kimi aparmasını tələb etmişdir. Bundan sonra gözləmədiyi bir anda Təqsirləndirilən şəxs yumruğu ilə bir dəfə onun sol göz nahiyyəsinə möhkəm zərbə vurmuş və ünvanına nalayiq sözlər işlədərək oradan uzaqlaşıb çıxıb getmişdir. Onların arasındakı dava-dalaş təxminən 1-2 dəqiqə müddət ərzində davam etmiş və həmin vaxt orada kənar şəxslər olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs qonşusu Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin tam şəkildə ödənildiyini, ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını, ona görə də sonuncu barəsində sadələşdirilmiş icraat materialı üzrə başlanılmış cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X4 rayon şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 764 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs sol gözün konyuktivası altına (ağlı qişaya) qansızma ilə müşayiət olunan sol göz ətrafının qançırı ilə nəticələnən xəsarət aşkar edilmiş, həmin xəsarət küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxxxx 2020-ci il tarixdə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (iş vər.: 15-16) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. (iş vər.: 45) İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsi, ev 31 A-dır. (iş vər.: 8-9) Beləliklə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi şəxslərin özlərinin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsəməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tam olaraq ödəməsini nəzərə alaraq hesab edir ki, onun cinayət məsuliyyətindən azad olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onunbarəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun Kapital Bank 1 saylı Yasamal filialı, Bankın kodu 200037, VÖEN ********** Müxbir hesabı AZ37NABZ********************, SWİFT BİK AİİBAZ 2 X, hesablaşma hesabı AZ32AİİB******************** (VÖEN **********) hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəriYasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-268/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-268/2020
13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver