Məhkəmə qərarları › İş №1(004)-268/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-268/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-268/2021 14.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X8 iclas katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X2 və onun etibarnamə üzrə nümayəndəsi, eyni zamanda vəkili Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət təqibinin başlanmasını xahiş etmişdir. X5 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 2001-ci ildə Gəncə Dövlət Universitetinin riyaziyyat və informatika ixtisasını bitirib 43 saylı orta məktəbdə müəllim və Azərbaycan Müəllimlər İnstitutunda labarant vəzifələrində işləmiş, hal-hazırda isə 13 nömrəli Körpələr evi - Uşaq bağçasının müdiri vəzifəsində işləyir. Əvvəllər o, X10 ilə nikahda olmuş, həmin nikahdan 3 övladı var, lakin hazırda keçmiş ərinin ona qarşı qəddar rəftarı nəticəsində boşanmışlar. “Globall.az” ictimai-siyasi onlayn qəzetinin təsisçisi və baş redaktoru X6 onun işgüzar nüfuzuna xələl gətirmək məqsədi ilə Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşlarına onun barəsində şərböhtandan xarakterli məlumatlar, o cümlədən onun ailə münaqişəsi zəminində keçmiş əri ilə aralarında olan mübahisənin videogörüntüsünü təqdim etmişdir. X6 bununla da kifayətlənməyərək, qeyd olunan videogörüntünü 12 iyun 2021-ci il tarixdə “Globall.az” ictimai-siyasi onlayn qəzetində yayımlamış, ona aid fotoşəkilləri paylaşmış, ona və ailə üzvlərinə (anama, qardaşıma, əməm oğlanlarına) şər-böhtan ataraq, guya onun müəllimliyə yaraşmayan hərəkətlərə yol verməsini, əmək kitabçasını saxtalaşdırdığını, qohumlarının Almaniya Federativ Respublikasında mühacirət etdiklərini, orada anti- Azərbaycan təbliğatı ilə məşğul olmalarını, onların Azərbaycana qarşı təşkil olunan piketlərin ən fəal iştirakçıları olmaları barədə həqiqətə uyğun olmayan məlumatları yaymışdır. Həmin onlayn məqalədə Gəncə şəhər İcra Hakimiyyətinin hüquqşünası Xaqani Əbdülrəzimovun yuxarıda qeyd edilən xüsusatlardan xəbərdar olmasını bildirilməsi onu göstərir ki, həqiqətən də Mehriban Ələsgərova jurnalist vəzifəsindən sui-istifadə edərək öz səlahiyyətinə aid olmayan hərəkətlərə yol verib onun barəsində şər-böhtan xarakterli məlumatların əks olunduğu ərizəni və ailə münaqişəsinə aid videogörüntünü İcra Hakimiyyətinin məsul əməkdaşlarına təqdim etmişdir. Ərizədə qeyd edilmişdir ki, X6 guya redaksiyaya daxil olan ehtimal edilən məktubun (elə bir məktubun məhz redaksiyaya daxil olması hələ sual altındadır) həqiqiliyini araşdırmış, həqiqətdə isə o, müəmmalı səbəbdən real məsələlərə olduqca qərəzli münasibət göstərərək, məqalədə heç bir jurnalist araşdırması aparılmadan, müvafiq sənədlərə və sübutlara istinad edilmədən onun barəsində yalan, həqiqətə uyğun olmayan məlumatlar vermiş və bununla da, onun işgüzar nüfuzuna ziyan vurmuşdur. Bundan başqa, yayımlanmış həmin məqalədə onu təhqir edən ifadələrə yol verilmişdir. Belə ki, onlayn məqalədə Mehriban Ələsgərova onun barəsində “hərəkətlərinə nəzarət edə bilməyən, istənilən olaya instinktiv reaksiya verən, pedaqoqluq bir yana, əxlaqi-mənəvi dəyərlərə avekvat addım ata bilməyən bir xanım olduğunu” deyərək təhqir etmiş, “istənilən zümrənin istənilməyən də olsa əxlaq daşıyıcısı, kirli işlər görən” adlandıraraq ona şər atmışdır. Həmçinin yayımlanmış məqalədə Mehriban Ələsgərova qeyd etmişdir ki: “Araşdırmamız nəticəsində məlum oldu ki, Pərvanə xanım əmək kitabçasına saxta staj yazdırıbmış.” Xüsusi ittihamçı ərizəsində göstərmişdir ki, o, qeyd olunan məqaləni Mehriban Ələsgərovanın hansı səbəbdən yazmasına aydınlıq gətirmək istəyir. Belə ki, o, müəyyən etmək istəyir ki, məqalə onu Azərbaycanda rüsvay etməyə yoxsa işdən xaric olunmasına yönəlmişdir və jurnalist hansı araşdırmanın nəticəsində bu nəticəyə gəlmişdir. Xüsusi ittihamçı qeyd etmişdir ki, o, öz namusu və zəhməti ilə təkbaşına çətinliklə uşaq böyüdür və Mehriban Ələsgərovanın redaktoru olduğu qəzetdə bu cür şər-böhtanlarla dolu ifadələrin yayılması onun dinc yaşayışını pozmuş, həmin şər-böhtanlar onun şərəf və ləyaqətini alçaltmış, işgüzar nüfuzuna xələl gətirmişdir. O, barəsində yayılmış böhtanlar nəticəsində mənəvi sarsıntı və əziyyət, mənəvi iztirablar keçirmişdir. Belə ki, Mehriban Ələsgərova ona böhtan atmasına baxmayaraq barəsində yaydığı məlumatları sübut edə bilməmiş, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yaymış, ona böhtan atmışdır. Xüsusi ittihamçı X5 göstərilənlərə əsasən X3 əməlinə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrinə əsasən hüquqi qiymət verilərək cinayət təqibinin başlanması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X5 izahatında bildirmişdir ki, ərizəsində qeyd olunan məlumatlar X6 tərəfindən “Globall.az” ictimai-siyasi onlayn qəzetində yayımlanmışdır. Qeyd olunan məlumatlar yalan və həqiqətə uyğun olmayan böhtan xarakterli olmaqla yanaşı, həmçinin onun şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmışdır. Göstərilənlərə əsasən o, ərizəsinin məhkəmənin icraatına qəbul edilərək X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında X5 əlavə olaraq bildirmişdir ki, o, eyni fakta görə X6 barəsində Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verməklə yanaşı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili Müdafiəçi şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında Müdafiəçi əlavə olaraq bildirmişdir ki, xüsusi ittihamçı eyni fakta görə X6 barəsində Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verməklə yanaşı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında iddia qaldırmışdır. Həmin iddia ərizəsi hazırda məhkəmənin icratında olmaqla baxış mərhələsindədir. O, həmçinin qeyd etmişdir ki, məlumatların yayıldığı “Globall.az” ictimai-siyasi onlayn qəzetinin faktiki yerləşdiyi yer Yasamal rayonu Mətbuat prospekti 24 olmasına baxmayaraq, onun hüquqi ünvanına dair məhkəməyə hər hansı bir rəsmi sənəd təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 şikayət ərizəsinin dəlillərinə etiraz edib əsassız olduğundan məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallar əsasında X6 eyni tərəflər arasında eyni fakta görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında mülki işin olmasını təsdiq etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X14 çıxışında bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək vəzifəsi həmin ərizəni vermiş şəxsin üzərinə düşür, yəni xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ərizəni Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq tərtib etməli və məhkəmə aidiyyətini düzgün müəyyən etməlidir. X1 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, o, Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, hadisənin törədildiyi yer hesab edilən və məlumatların yayılması iddia edilən “Globall.az” ictimai-siyasi onlayn qəzetinin hüquqi ünvanı ümumiyyətlə müəyyənləşdirilməmiş, ərizənin tərtib edildiyi yer göstərilməmiş, eyni zamanda ərizənin məzmununda konkret olaraq hansı ifadələrin CMnin hansı maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaratması əsaslandırılmamışdır. Bundan başqa şikayət ərizəsində törədilməsi ehtimal edilən cinayət əməlinin mahiyyəti, onun törədilməsi vaxtı, yayılmış məlumatların baxış sayı və s. göstərilməmişdir. Eləcə də, müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X5 hazırki ərizə ilə yanaşı eyni fakta görə, eyni şəxs barəsində şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldırmışdır. Buna görə də hesab edir ki, hazırda mülki qaydada işə mahiyyəti üzrə baxılanadək xüsusi ittiham qaydada şikayətə baxıla bilməz. Odur ki, göstərilənlərə əsasən vəkil M.M.Abbasov xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1)şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2)törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3)cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4)şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5)cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7)şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Beləliklə, məhkəmənin hazırlıq iclasında hər bir halda həll edilməli olan məsələlərlə bağlı məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Azərbaycan Respublikası CPM-nin müvafiq normalarının məzmunundan göründüyü kimi yalnız xüsusi ittiham qaydasında şikayətin materiallarında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilə bilər. Qeyd olunur ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məhkəmənin hazırlıq iclasında hər bir halda baxılmalı olan məsələ olmaqla yanaşı, həmin məhkəməyə aid olmaması müəyyənləşdirildiyi təqdirdə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən hallardan biridir. Hazırlıq iclasında məhkəmə şikayətin həmin məhkəməyə aid olmadığını aşkar etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edir. Hazırki iş üzrə xüsusi ittiham qaydasında şikayət vermiş X5 və onun nümayəndəsi, eyni zamanda vəkili Müdafiəçi şikayətin Yasamal Rayon Məhkəməsinə verilməsini məhkəmənin hazırlıq iclası zamanı onunla əsaslandırmışdır ki, ərizədə qeyd olunan məlumatların yayıldığı kütləvi informasiya vasitəsinin faktiki yerləşdiyi ünvanı Yasamal rayon ərazisində yerləşdiyindən, hazırki şikayət ərizəsinə Yasamal Rayon Məhkəməsində baxılmasını xahiş edirlər. Lakin onlar məlumatların yayıldığı kütləvi informasiya vasitəsitəsinin hüquqi ünvanına dair məhkəməyə hər hansı sənəd təqdim edə bilməmişlər. Ona görə məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 12-ci bəndinə görə xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə isə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Həmin Qərarın 5-ci bəndinə görə isə kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə məlumatların yayıldığı “Globall.az” ictimai-siyasi onlayn qəzetinin hüquqi ünvanı ümumiyyətlə müəyyənləşdirilməmiş və ərizənin tərtib edildiyi yer göstərilməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə yanaşı eyni fakt üzrə, yəni X6 tərəfindən onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mülki mühakimə icraatı qaydasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş və hazırda məhkəmənin icraatında həmin məsələ üzrə mülki iş vardır. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən cavabdehin əməlində Azərbaycan Respublikası CM-nin müvafiq maddələrində nəzərdə tutulmuş təhqir və böhtanın tərkib əlamətlərini müəyyən etdikdə Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq zərərçəkənin və ya onun nümayəndəsinin bu barədə şikayəti olduğu hallarda cinayət işi başlaya bilər. Lakin cinayət işi başlanılmasının rədd edilməsi, başlamış cinayət işinin xitam edilməsi, habelə hökmün çıxarılması mülki mühakimə icraatı qaydasında şərəf və ləyaqətin müdafiəsini istisna etmir. Ali Məhkəmənin Plenumunun qeyd edilən Qərarının məzmunundan da göründüyü kimi, şərəf və ləyaqətin müdafiəsi üzrə mülki işə baxan hakim cinayət tərkibinin əlamətləri olduqda ərizəçinin müraciəti əsasında zəruri tədbirlər görə bilər və cinayət işinin başlanması rədd edildikdə, başlanmış cinayət işinə xitam verildiyi halda eyni məsələ üzrə mülki işə baxılması istisna edilmir. Dolayısı ilə şərəf və ləyaqətin müdafiəsi üzrə şəxs eyni fakt üzrə həm mülki, həm də cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin eyni fakt üzrə yanaşı olaraq həm mülki, həm də cinayət mühakimə icraatı qaydasına araşdırma aparıla bilməz. İşin hazırki hallarından isə görünür ki, X5 mülki mühakimə icraatı qaydasında da aidiyyəti üzrə məhkəməyə müraciət etmiş və hazırda iş həmin məhkəmənin icraatındadır. Belə ki, “Elekton Məhkəmə Sisteminə” baxış keçirildikdə müəyyən edildi ki, həqiqətən də həmin mülki iş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatındadır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, o cümlədən eyni fakta görə məhkəmənin icraatında mülki iş olduğundan xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X12 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 nömrəli Qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilmiş və Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə hər iş saatı üçün ödəniləcək məbləğ 6 manat müəyyən edilmişdir. Odur ki, vəkili X12 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ona ödənilməsi üçün Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X5 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkil X12 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ona ödənilməsi üçün Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar