Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-269/2024 13.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Tərcüməçi: X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda olarkən ev işlərinə köməklik edib zal otağında masanı təmizləyərkən masanın açılıb-bağlanan hissəsinə qoyulmuş pul kisəsinin içərisindən Zərərçəkmiş şəxs məxsus 500 manat pulu və qiyməti 1500 manat dəyərində 1 cüt qızıl sırğanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ona elan edilmiş ittihamda özünü təqsirli bilir. Evində kömək edirmiş, onlar ailəvi dostular, gediş-gəliş var deyə elə-belə köməklik edirmiş. O, təcili pul axtarırmış ki, anasına dərman alsın, anası İ qrup əlildir, yığışdıranda onu görmüşdür, bir anlıq götürmüşdür. Bunlardan əlavə təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu və hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyi, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığı üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Mixaylaovna ifadəsində göstərmişdir ki, o bilmirmiş, Nigar ona əvvəlcədən desəydi, o heç vaxt onu polisə şikayət etməzdi. Onların yanında narkomanlar yaşayır, qapılar balkonlar bağlı olmuşdur, hər şey bağlı idi, əşyalar yerində yox idi, qorxub şikayət etmişdir. Əvvəlcədən bilsəydi ki, oğurluq edən odur, heç vaxt şikayət etməzdi. O hətta polis şöbəsində də ərizə yazaraq şikayətinin omadığını bildirmişdir. Bundan əlavə zərər çəkmiş şəxs artıq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbnin olmadığını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, oğurluq, yəni tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama əməlinin törədilməsi CM-nin 177.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, hazırkı iş üzrə törədilən əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə iclasında müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Ona görə də həm zərər çəkmiş şəxs, həm də təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə aşağıdakı hüquq normalarına əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmçinin Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama-üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2. və 177.1-ci maddələrindən görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham edilir. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1-ci qrup əlil olan anası var. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, cinayət hadisəsi 04 mart 2023-cü il tarixdə baş vermiş, lakin cinayət işi 25 dekabr 2023-cü il tarixdə başlanılmışdır. Həmçinin 25 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs qismində dindirilərkən artıq Təqsirləndirilən şəxs şikayətin olmadığını bildirmişdir. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmişdir. Lakin bundan sonra təqsirləndirlən şəxs oğurladığı əmlakı zərərçəkmişə qaytarmış, yəni, ona vurduğu zərəri tam aradan qaldırmış, onunla barışıq əldə etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsini və həmin maddənin şərh edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 iyul 2022- ci il tarixli qərarında nəzərdə tutulmuş məhkəmənin böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad etməsi hüququnun olduğunu, təqsirləndirilən şəxsin himayəsində 1-ci qrup əlil olan anasının olduğunu, zərərçəkmişə vurduğu ziyanı tam olaraq aradan qaldırdığını və onunla barışdığını, həmçinin zərərçəkmiş şəxsin təqsirləndirlən şəxslə barışdığını, onu bağışladığını və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad еdilməli və onun barəsində оlan cinayət işi üzrə cinayət təqibinə xitam vеrilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qarıunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-269/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-269/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver