Məhkəmə qərarları › İş №1(004)-269/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-269/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-269/2025 22.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Cəmcəmli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10-cu mikrorayonda ünvansız fərdi tikilidə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-cü il tarixdə, saat 07 radələrində ünvan 2 ünvanın qarşısında dostu Zərərçəkmiş şəxs aralarında şəxsi münasibətlərinin pozulması zəmnində yaranmış mübahisə zamanı ağız nahiyyəsindən qəsdən yumruq zərbəsi ilə vuraraq, ona üz nahiyyəsində asimmetriya ilə nəticələnən sol almaçıq-yanaq nahiyyəsinin qançır- şişkinliyi, sol yanağın selikli qişasının əzilmiş-cırılmış yarasına səbəb olan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərəri tamamilə ödəməsini nəzərə alaraq barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini və sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş zərəri tam ödəmiş və göstərilənləri, həmçinin özünü təqsirli bilməsini nəzərə alaraq barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəməyədək sadələşdirilmiş icraat açılmasına dair” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi üzrə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (İ/V. 01). “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 3 ünvanın qarşısıdır. (İ/V. 8-14). Cinayət işində olan MTE və PA Birliyi pubik hüquqi şəxsin Yasamal rayon şöbəsinin 11,03.2025-ci il tarixli 206 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər - üz nahiyyəsində asimmetriya ilə nəticələnən sol almaçıq-yanaq nahiyyəsinin qançır-şişkinliyi, sol yanağın selikli qişasının əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11,03.2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (İ/V. 20-22). Cinayət işində olan Təqsirləndirilən şəxs adına DİN-in BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, o əvvəllər məhkum olunmamışdır. (İ/V. 64). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədədir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-269/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 32 saylı Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar