Məhkəmə qərarları › İş №1(004)-27/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-27/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-27/2023 09.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Qazi-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.3 və 126.3-cü maddələri ilə 09 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə azadlıqdan məhrum edilmə cəzası 08 ilə endirilmiş, xx.xx.2017-ci ildə Xəzər rayon Məkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 06 ay 13 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olamaqla, Göyçay rayonu, Bəydövül kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 aprel 2022-ci il tarixdə saat 13:38 radələrində tanışı Zərərçəkmiş şəxs Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 5 ünvanda yerləşən “Hacı Cavad" məscidində namaz qılmasından istifadə edərək öz iştirakı ilə müvəqqəti idarə etməsinə icazə verməsi səbəbindən həmin vaxt əyləşdiyi Zərərçəkmiş şəxs müvəqqəti idarə etdiyi və sonuncunun qardaşı Şahid1 məxsus 4000 manat dəyərində Mercedes Benz 190 markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirib idarə edərək həmin ünvandan uzaqlaşmaqla Bakı şəhərindən uzaq məsafədə olan yaşadığı Göyçay rayonu Bəydövül kəndinə gələrək 30 aprel 2022-ci il tarixədək rayon ərazisində ödəniş müqabilində sərnişin daşımaqla taksiçilik fəaliyyəti ilə məşğul olub ələ keçirdiyi əmlak üzərində sərəncam verməklə özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 4000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək törətdiyi cinayət əməlini qismən etiraf edərək ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonuna “Ayıq sürücü" kimi başqa avtomaşın aparmış, apardığı avtomaşını təhvil verdikdən sonra adı sonradan məlum olan Zərərçəkmiş şəxs taksi kimi istifadə etdiyi “Mercedes Benz-190" markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşmişdir. Yolda sürücü ilə tanış olduqdan sonra onunla Şirvan şəhərinə getmiş, Nasim isə Saatlı rayonuna getmiş, təxminən saat 11 radələrində Nasim Şirvan şəhərinə gəlib onu avtomobilinə götürərək birlikdə Bakı şəhərinə gəlmişlər. Nasim Bakı şəhərində idarə etdiyi avtomobili idarə etmək üçün ona vermişdir. Onlar birlikdə 22 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 5 ünvanda yerləşən “Hacı Cavad" məscidinin qarşısına gəlmişlər. Nasim günorta namazı qılmaq üçün məscidə girmiş, o, isə avtomobildə Nasimin namazını bitirməsini gözləmişdir. Həmin vaxt avtomobil həvaskarı olduğundan avtomobillə onda uzaq yol getmək istəyi yaranmışdır. Nasimi məsciddə qoyub, ona xəbərdarlıq etmədən onun “Mercedes Benz-190” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilini sürüb Bakı şəhərindən çıxaraq yaşadığı Göyçay rayonu Bəydövül kəndinə gəlmişdir. Kənddə qaldığı müddətdə Nasimə məxsus “Mercedes Benz-190” markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin daşıyıb pul qazanaraq maddi tələbatlarını, ödəmiş, yemək içmək, siqaret, avtomobil üçün isə benzin almışdır. 30 aprel 2022-ci il tarixdə saat 18 radələrində Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları yaşadığı Bəydövül kəndinə gələrək onu yaxalayaraq avtomobillə birlikdə Bakı şəhəri Yasamal RPİnin İstintaq Şöbəsinə gətirib İstintaq şöbəsinə təhvil vermişlər. İfadəsinin sonunda bildirmişdir ki, Zərərçəkmiş şəxs avtomobilini oğurlamaq niyyəti olmamış, onun avtomobilini talama məqsədi olmadan qaçırmışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə avtomobili oğurlamaması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq və gələcəkdə ona qarşı verilə biləcək mülki iddiadan yayınmaq məqsədi güdmüşdür. Zərərçəkmiş şəxsin fadiəsini, istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etməsi cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə saat 05 radələrində Saatlı rayonuna getmək üçün idarə etdiyi Mercedes-Benz-190" markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomaşınla yaşadığı Mərdəkan qəsəbəsindən yola düşmüş, yolda gedərkən Ramana kəndində yolun sağında dayanmış əvvəllər tanımadığı sonradan şəxsiyyəti ona məlum olan Göyçay rayonu Bəydövül kəndində yaşayan Təqsirləndirilən şəxs əli ilə işarə edərək onu saxlatmışdır. Təqsirləndirilən şəxs Xəzər rayonuna getdiyini bildirərək avtomobildə ön sağ oturacaqda əyləşmiş, yolda gedərkən o da “ayıq sürücü" işlədiyini və həmkar olduqlarını bildirmişdir. Söhbət əsnasında doğulub boya başa çatdığı Saatlı rayonuna getməsini və həmin gün də Bakıya qayıdacağını bildirdikdə Təqsirləndirilən şəxs onu da Şirvan şəhərinə aparıb, qaytarmağını xahiş etmişdir. Amidin sürücü həmkarı olması səbəbindən ona etiraz etməmiş, avtomobillə Bakı şəhərindən Şirvan şəhərinə gəlib əlaqə saxlamaları üçün bir-birlərinə mobil telefon nömrələrini vermiş və Amidi orada düşürmüşdür. O, isə yoluna davam edərək Saatlı rayonu Əhmədbəyli kəndinə gəlmiş, kənddə şəxsi işlərini qurarıb Bakıya qayıtmaq üçün idarə etdiyi avtomobillə yola düşərək həmin gün saat 11 radələrində Şirvan şəhərinə gəlmiş, Amidi də avtomobilinə götürərək yoluna davam edib Bakı şəhərinə gəlmişdir. Şəhərin girişində yorulduğu üçün avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs vermiş və ona günorta namazını qılmaq üçün avtomobili ünvan 5 ünvanda yerləşən ‘'Hacı Cavad” məscidinə sürməyini bildirmişdir. Təqsirləndirilən şəxs də avtomobili sürüb saat 13:20 radələrində “Hacı Cavad” məscidinin qarşısına gələrək saxlamışdır. O, avtomobildən düşmüş və Təqsirləndirilən şəxs gözləməsini deyərək məscidə daxil olmuşdur. Məsciddə namazını bitirib bayıra çıxdıqda avtomobilini saxlandığı yerdə görməmiş, əvvəlcə Təqsirləndirilən şəxs harasa getməsini və avtomobili qaytaracağını düşünmüş, lakin avtomobili qaytarmamış, onun mobil telefonuna zəng vursa da Amidin telefonu bağlı olmuşdur. Artıq Təqsirləndirilən şəxs avtomobilini qaçırmağını düşünərək saat 13:38 radələrində avtomobilinin qaçırılması haqqında Azərbaycan Respublikası DtN-nin “102” Xidməti Zəng mərkəzinə məlumat vermişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin “102” Xidməti Zəng Mərkəzinə mobil telefonla məlumat və Yasamal RPİ-nin 28-ci PB-nə etdiyi müraciətdə 22 aprel 2022-ci il saat 13:38 radələrində ünvan 7 ünvanda yerləşən “Hacı Cavad” məscidinin qarşısında park edib saxladığı Mercedes Benz 190 markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilini naməlum şəxs tərəfindən qaçırılmasını göstərmişdir. Baş vermiş hadisə ilə bağlı olaraq Yasamal RPİ-nin 28-ci PBnin rəisi tərəfindən bölmənin əməkdaşları təlimatlandırılmış və cinayət əməlini törətmiş şəxsi yaxalamaq və onun ələ keçirdiyi Mercedes Benz 190 markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin yerini müəyyən etmək istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. 30 aprel 2022-ci il tarixdə etibarlı mənbədən verilmiş məlumatda Göyçay rayonu Bəydövül kəndində yaşayan əvvəllər məhkumluq həyatı yaşamış Təqsirləndirilən şəxs tərəfində Mercedes Benz 190 markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobil qaçırılması və yaşadığı kəndə aparması, həmin avtomobillə Göyçay rayon ərazisində taksiçilik fəaliyyəti ilə məşğul olması barədə məlumat daxil olmuşdur. 30 aprel 2022-ci il tarixdə Yasamal RPİ-nin 28-cı Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantları: Şahid4 və Şahid3 ibarət tərkibdə Göyçay rayonu Bəydövül kəndinə gedərək əməliyyat-axtarış tədbirləri ilə həmin gün saat 18:00 radələrindənTəqsirləndirilən şəxs kənddə yaxalayaraq onun ələ keçirdiyi Zərərçəkmiş şəxs məxsus Mercedes Benz 190 markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Bakı şəhərinə gətirib raportla 28-ci PB-nin rəisinə məruzə edilərək aidiyyəti üzrə material üzrə ilkin yoxlama aparan Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı Nicat Abdullayevə təhvil vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməliyyat axtarış üzrə əməliyyat müvəkkilləri: Şahid3 və Şahid4 oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, onlar eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki. 22 aprel 2022-ci il tarixdə axşam saat 14 radələrində Nasim ona mobil telefonla zəng vuraraq həmin gün saat 13:38 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 5 ünvanda yerləşən “Hacı Cavad” məscidində namaz qılarkən məscidin qarşısında saxladığı “Mercedes-Benz- 190” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili naməlum şəxs tərəfindən qaçırıldığını xəbər vermişdir. Sonradan ona avtomobili Göyçay rayon sakinui Təqsirləndirilən şəxs tərəfindən qardaşı Nasimin “Hacı Cavad” adına məsciddə namaz qılarkən Təqsirləndirilən şəxs bundan istifadə edərək məscidin qarşısında saxlanılmış Nasimin “Mercedes-Benz-190” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili oğurlamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 may 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları bir daha onun üzünə qarşı demişdir (səh. 106-108). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 may 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadəsinin yerində yoxlanılması zamanı ifadəsində göstərilən yerin mövcud olmasını, yəni ünvan 8 ünvanda yerləşən “Hacı Cavad” məscidini göstərərək həmin “Mercedes-Benz-190” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirdiyini, öz hərkətlərinin xarakter və xüsusiyyətləri ilə əlaqədar ayrı-ayrı halların müəyyən edilməsini düzgün və dəqiq göstərərək ifadəsini bir daha təsdiq etmişdir (səh. 92-94). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 08 iyun 2022-ci il tarixli 9/3836 nömrəli rəyi ilə təsdiq olunur ki, Respublikada şəhərlərində yerləşən avtobazalarda, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə etməklə qərarda göstərilən 1986-cı il buraxılışlı, AAN-761245 nömrəli qeydiyyat şəhadətnaməsi əsasında Mercedes Benz 190 minik markalı, mühərrik nömrəsi **********2137, ban nömrəsi WDB 2011221F19612 nömrəli ** XL *** dövlət qeydiyyat nişanlı, 2000 cm-3 mühərrik həcimli avtomobilin normal vəziyyətdə 2022-ci il aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 4000 manat müəyyən olunur (səh.135-137). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, ünvan 9 ünvanda yerləşən “Hacı Cavad” məscidinin qarşısında baş vermişdir (səh. 10-11). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 may 2022-ci il tarixli “avtomaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 may 2022-ci il tarixdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan “Mercedes Benz-190” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilə hər hansı bir zərər yetirilməmiş, avtomobil saz vəziyyətdə olmuşdur (səh. 59-64). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli “cinayət işi üzrə sübutlara qiymət verilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan “Mercedes Benz-190” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobil istintaqın gedişində maddi sübut kimi tanınmış və məhkəmə hökmü qanuni qüvvəyə minənə kimi saxlanc üçün qəbzlə zərərçəkən Zərərçəkmiş şəxs qaytarılmışdır (səh. 166-174,193). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmün və qərarın surətlərindənn görünür ki, o, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.3 və 126.3-cü maddələri ilə 09 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə azadlıqdan məhrum edilmə cəzası 08 ilə endirilmişdkr. xx.xx.2017-ci ildə Xəzər rayon Məkəməsinin xx.xx.2017ci il tarixli qərarı ilə 06 ay 13 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuşdur (səh. 102-103,131-134). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 aprel 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özgənin avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq qaçırmasına əsaslı şübhələr olduğu üçün o, iş üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh. 30-31). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 may 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir (səh. 87-88). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 iyun 2022-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş və 02 may 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilərək barəsində 08 iyun 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan seçilmişdir (səh. 157-158). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-380/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı İstintaq təcridxanasının xx.xx.2022-ci il tarixli xx/xx-8400 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən məlum olur ki, Hacıyev X2 şəhəri, C.Cabbarlı küçəsi ev 8 ünvanda qeydiyyatda olamaqla, Göyçay rayonu, Bəydövül kəndində yaşayır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.3 və 126.3-cü maddələri ilə 09 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunması, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə azadlıqdan məhrum edilmə cəzasının 08 ilə endirilməsi, xx.xx.2017-ci ildə Xəzər rayon Məkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 06 ay 13 gün vaxtından əvvəl cəzadan şərti azad olunması halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, onlar həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz 190 markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün və 17 noyabr 2022-ci il tarixindən həbsdə saxlanıldığı 85 (səksən beş) gün müddət müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X1 vəkil işlədiyi Bakı şəhəri Zəfər Vəkil Bürosunun hesabına və Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oölunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-380/2022 saylı qərarı ilə və xx.xx.2022-ci il tarixli, 1(004)-380/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçilər ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə,təqsirləndirilən şəxslə görüşməyə sərf edilmiş vaxtın 15 (on beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vəsatətlər verməyə, sorğular verib cavab almağa, məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Zəfər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün və 17 noyabr 2022-ci il tarixindən həbsdə saxlanıldığı 85 (səksən beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Göyçay rayonu, Bəydövül kəndində olan yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Mercedes Benz 190 markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Zəfər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində, Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar