Məhkəmə qərarları › İş №1(004)-270/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-270/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-270/2022 24.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 11:45 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1977-ci ildə Quba rayonu, Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Quba rayonu, Zərdabi kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitələri əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 05 aprel 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu “Şamaxinka” adlı ərazidə məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,289 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış, 05 aprel 2022-ci il tarixdə, saat 18:00 dəqiqədə ünvan 2 ünvanın qarşısında Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,289 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, himayəsində 2 övladı var, hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Təxminən 2 ildir ki, narkotik vasitə olan heroin qəbul edir. 05 aprel 2022-ci il tarixdə, səhər saatlarında bədənində ağrılarının başlayacağını əvvəlcədən düşünüb narkotik vasitə heroin əldə etmək qərarına gəlmiş və bu məqsədlə o, “Şamaxinka” adlanan əraziyə gəlib orada üzdən tanıdığı, şəxsdən şəxsi istifadəsi üçün 20 manata narkotik vasitə olan heroin almışdır. Həmin gün, saat 18 radələrində isə yaşadığı ünvan 4 ünvanın qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə əldə etməyilə bağlı şübhələr əsasında onu Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O, da heç bir etiraz etmədən onlarla birlikdə Polis şöbəsinə gəldikdən sonra xidməti otaqların birinə dəvət edilmiş və orada təhqiqatçı tərəfindən ona təyin edilmiş müdafiəçinin iştirakı ilə ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilmişdir. Həmin vaxt videoçəkiliş aparılmışdır. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin olan bir ədəd qızılı rəngli bükümü çıxarıb təhqiqatçıya təqdim etmiş və həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirib hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Bundan sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş və o, da imza etmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı şöbəyə məlumat daxil olduğundan Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və 05 aprel 2022-ci il tarixdə, saat təxminən 17 radələrində 29-cu Polis şöbəsinin sahə inspektoru Şahid2lə birlikdə Təqsirləndirilən şəxs saxlamaq məqsədi ilə Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsinə getmişlər. Həmin gün saat 18:00-da ünvan 5 ünvanın qarşısında dayanan, əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra onu Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində video çəkiliş aparılmaqla onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxararaq təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını etiraf etmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin sahə inspektoru vəzifəsində 2020-ci ildən xidmət edir. Quba rayon sakini olmaqla Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı şöbəyə məlumat daxil olduğundan Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin rəisinin əmri əsasında əməliyyat qrupu təşkil olunmuş və 05 aprel 2022-ci il tarixdə saat təxminən 17 radələrində 29-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1la birlikdə əməliyyat tədbirlərinin keçirilməsi üçün Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsinə yollanaraq güdmə əməliyyat tədbirini həyata keçirmişlər. Həmin gün saat 18:00-da ünvan 5 ünvanın qarşısında dayanan, əməliyyat məlumatı əsasında xarici görünüşü onlara məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək ona hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Yasamal RPİnin 29-cu Polis şöbəsinə dəvət etmişlər. O, da təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Bundan sonra isə xidməti otaqların birində təhqiqatçı onu şübhəli şəxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra video çəkiliş aparılmaqla onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. O, isə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü çıxararaq təhqiqatçıya təqdim etmişdir. Onların və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisində qəhvəyi rəngli kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman, həmin kütlənin heroin olmasını və şəxsi istifadəsi üçün həmin gün səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə narkotik satışı ilə məşğul olan üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd qızılı rəngli siqaret kağızı bükümünün içərisində olan narkotik vasitənin heroin olmasını və şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində əldə etməsini göstərmişdir. (i.v. 33-34) “DVD-R diskinə baxış keçirilməsi haqqında” 10 aprel 2022-ci il tarixli protokoldan görünür ki, 05 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşlarının və 22 saylı vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin olan bir ədəd qızılı rəngli kağız bükümünü çıxararaq təqdim etmiş və narkotik vasitə heroini şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə Bakı şəhəri Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə anket məlumatlarını bilmədiyi şəxsdən 20 (iyirmi) manat müqabilində əldə etməsini göstərmişdir. (i.v 86-87) Məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2022-ci il tarixli, 6/1863 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,289 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. (i.v.42-46) Məhkəmə narkoloji ekspertizasının 22 aprel 2022-ci il tarixli, 2008 nömrəli ekspert rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq aindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 109-110) “Maddi sübut qismində tanıma haqqında” 10 aprel 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntülərinin əks olunduğu üzərində 16 X 4.7 GB/120 min söz və rəqəmləri həkk olunmuş “BİNGO” markalı bir ədəd DVD-R modelli disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, 0,289 qram çəkidə narkotik vasitə heroin isə 10 aprel 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq tədqiqat keçirildikdən sonra qalan 0,239 qram hissəsi Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v 88-91) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,289 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 22-25) Bakı Şəhər Yasmal Rayon Prokurorunun 07 aprel 2022-ci il “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. (i.v. 77-80) “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 81-83) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 28 iyun 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 iyun 2007ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli Aminstiya Qərarının 1.3-cü bəndinə əsasən azad olunmuşdur. (i.v.92-99) Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs A.Abbasov küçəsi 11 saylı evin 92 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxsdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,239 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzərində 16 X 4.7 GB/120 min söz və rəqəmləri həkk olunmuş “BİNGO” markalı bir ədəd DVD-R modelli disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə narkoloji ekspertizasının 22 aprel 2022-ci il tarixli, 2008 nömrəli ekspert rəyinə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 05 aprel 2022ci il tarixdən 07 aprel 2022-ci il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,239 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, üzərində 16 X 4.7 GB/120 min söz və rəqəmləri həkk olunmuş “BİNGO” markalı bir ədəd DVD-R modelli disk cinayət işinin materiallarında saxlanılsın Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar