Məhkəmə qərarları › İş №1(004)-271/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-271/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-271/2021 30.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1993-cü il tarixində Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 5da qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 28 aprel 2021-ci il tarixdə saat 11 radələrində Yasamal rayonu “Kubinka" adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,509 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 28.04.2021-ci il tarixdə saat 14:30-da ünvan 1 ünvanının qarşısında olarkən Yasamal RPl-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPl-nin 26-cı polis bölməsinə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,509 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 aprel 2021-ci il tarixdə saat 11 radələrində Yasamal rayonu «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan «kakosu» 20 manata alaraq özündə saxlamışdır. Həmin şəffaf sellofan bükümü qeyd etdiyi maddə ilə birlikdə əynində olan şalvarın sağ yan cibində saxlamışdır ki, sonra istifadə etsin. ünvan 3 ünvanının qarşısında dayanan vaxt ona iki nəfər yaxınlaşıb özlərini Yasamal RPl-nin 26-cı PB-nin əməkdaşı kimi təqdim etmişlər. Həmçinin həmin şəxslər ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu ehtimal etdiklərini bildirib onu özləri ilə birlikdə ərazi üzrə Yasamal RPl-nin 26-cı polis bölməsinə getməsini bildirmişlər. Polis əməkdaşlarına etiraz etməyərək Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinə getmişdir. Polis bölməsinə çatdıqda şəxsiyyəti müəyyən edilmiş, həmçinin Yasamal RPlnin təhqiqatçısı Roman Məmmədov tərəfindən polis bölməsinin xidməti otaqlarından birində ona hüquqları izah edilərək aydınlaşdırılmışdır. Həmçinin ona üzərində şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Bundan imtina etmədikdə hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri «Mərkəz» Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Ona üzərində şəxsi axtarış və götürmənin video çəkilişlə aparılacağı izah edilmiş və həmin çəkilişdən imtina etməmişdir. X4 tərəfindən aparılan şəxsi axtarış və götürmədə o, müdafiəçisi Müdafiəçi və onu polis bölməsinə gətirmiş mülki geyimli əməkdaşlar iştirak etmişlər. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl ondan üzərində olan daşınması və saxlanılması qanunsuz hesab edilən hər-hansı bir əşyanı, maddəni təqdim etməsi tələb edilmişdir. Bu zaman əynindəki qara rəngli şalvarın sağ yan cibində olan şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükülünün içərisi açıldıqda orada qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli heroinə oxşar maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı həmin maddənin narkotik vasitə olan kakos, yəni heroin olduğunu, bir gün əvvəl «Kubinka» adlanan ərazidə şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını və əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq gəzdirdiyini demişdir. Sonra üzərində şəxsi axtarış aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya maddə aşkar edilməmişdir. Üzərindən götürülmüş qeyd edilən maddə təhqiqatçı tərəfindən boş zərfə qoyularaq zərfin üzəri möhürlənmiş və bütün iştirakçılar tərəfindən zərfin üzəri və sonradan tərtib edilmiş protokol tərəflərindən tanış olduqdan sonra imzalanmışdır. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPl-nin 26-cı polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində polis leytenantı xüsusi rütbəsi ilə xidmət edir. 28 aprel 2021-ci il tarixdə Yasamal RPl-nin 26-cı polis bölməsinə Yasamal rayonu S.Dağlı küçəsi 30 pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri o, iştirakçısı isə Şahid2 təyin edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 28 aprel 2021-ci il tarixdə saat 14:30 radələrində Yasamal rayonu Ə.Ələkbərov küçəsi ev 34 ünvanının qarşısında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin həmin şəxsin Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən edildiyi üçün ona narkotik vasitə əldə etməsində şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPl-nin 26-cı polis bölməsinə gətirmişlər. Bundan sonra Yasamal RPl-nin 26-cı polis bölməsinin inzibati binasında müvafiq araşdırmanın aparılması 26-cı polis bölməsinin təhqiqatçısı polis mayoru Roman Məmmədova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının Dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın yan və arxa ciblərinə o cümlədən əynindəki gödəkçənin ciblərinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli bükümə baxış keçirilmiş, həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmin maddə bir ədəd içərisi boş olan zərfin içərisinə qoyularaq üzəri DİN-in «zərflər üçün 170 saylı» möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yasamal RPl-nin 26-cı polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı xüsusi rütbəsi ilə xidmət edir. 28 aprel 2021-ci il tarixdə Yasamal RPl-nin 26-cı polis bölməsinə Yasamal rayonu S.Dağlı küçəsi 30 pasport qeydiyyatında olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı verilmişdir. Həmin məlumat Yasamal RPl-nin 26-cı polis bölməsinin rəhbərliyinə raport şəklində məruzə edildikdən sonra, müvafiq əməliyyat- axtarış tədbirləri keçirilməsi üçün onun və 26-cı PBnin əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Müvafiq əmrə əsasən qrupun rəhbəri Şahid1, iştirakçısı isə o, təyin edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 28 aprel 2021-ci il tarixdə saat 14:30 radələrində Yasamal rayonu Ə.Ələkbərov küçəsi ev 34 ünvanının qarşısında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs müəyyən edilmiş və onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmçinin həmin şəxsin Təqsirləndirilən şəxs olması tərəflərindən müəyyən edildiyi üçün ona narkotik vasitə əldə etməsində şübhəli olması bildirilərək onu özləri ilə ərazi üzrə Yasamal RPl-nin 26-cı polis bölməsinə gətirmişlər. Təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış və prosessual qanunvericiliyə müvafiq olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri ona izah edilmiş, onun öz istəyinə uyğun şəkildə hüquqlarının Dövlət tərəfindən vəkillə müdafiəsi təmin edilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış və götürülmə aparılmış, həmçinin həmin prosessual hərəkət video çəkilişlə müşaiyət edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın yan və arxa ciblərinə o cümlədən əynindəki gödəkçənin ciblərinə baxış keçirilsə də iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli bükümə baxış keçirilmiş, həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Prosessual sənədləşmə protokol iştirakçılarına ucadan oxunmuş, doğru tərtib edildiyi üçün onların hər birinin imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin təhqiqatçısı polis mayoru məmmədov Roman Yunsur oğlu tərəfindən tərtib edilmiş, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və həmin bölmənin digər əməliyyat müvəkkili polis leytenantı Şahid1, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 28 aprel 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun məzmunundan görünür ki, 28 aprel 2021-ci il tarixdə, saat 14:30-da Yasamal RPl-nin 26-cı PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında saxlanılaraq həmin bölməyə aparılmış Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmiş, həmin şəffaf sellofana bükülmüş bükümün içərisində, narkotik vasitə hesab edilən heroinə oxşar vasitə aşkar edilərək götürülmüş, bu zaman Təqsirləndirilən şəxs həmin bükümdəki vasitənin heroin olduğunu bildirmişdir (cild 1, səh. 29-30). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 28.04.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə ona təklif edildikdən sonra əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarapaq, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 28 aprel 2021-ci il tarixdə saat 11 radələrində «Kubinka» adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən öz istifadəsi məqsədi ilə 20 manata alaraq özündə saxladığını və göstərilən məddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 29.04.2021-ci il tarixli 6/1710 Nfi-li məhkəmə-kimyəvi ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 170" möhür əksi, "Saxlanılan şəxs... Təqsirləndirilən şəxs” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,509qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 1, səh. 37-42). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş 20.05.2021-ci il tarixli 1564 №-li məhkəmə-narkoloji ekspert rəyində göstərilmişdir ki. müayinə zamanı Təqsirləndirilən şəxs tiryək X1 X6 X3 Sui-İstifadə edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 101-102). İş materiallarında olan 16 iyun 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 28.04.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 1 ədəd disk maddi sübut kimi tanınmış və iş materialına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 0,459 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhkəmənin yekun hökmünədək saxlnaması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, səh. 104-112). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, səh. 85). İş materiallarına əlavə olunmuş 28.04.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur (cild 1, səh. 18) İş materiallarına əlavə olunmuş 30 aprel 2021-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 aprel 2021-ci il tarixdən “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 78-79). İş materiallarında olan MKTB 64 saylı Mənzil Kommunal İstismar sahəsinin 07.06.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan MKTB 64 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən məlum olurki, Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 109 (yüz doqquz) manat 90 qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla ona məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus, ekspertiza tədqiqatı keçirildikdən sonra qalıq çəkisi 0,459 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-271/2021 saylı, 16.07.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28.04.2021-ci il tarixdən 30.04.2021-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat 90 qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,459 qram narkotik vasitəheroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar