Məhkəmə qərarları › İş №1(004)-271/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-271/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-271/2023 04.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 24 ünvanında qeydiyyatında olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 29 yanvar 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,219 qram psixotrop maddə olan metamfetamini 8 manat pul müqabilində gümüşü rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümdə alıb əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 15:00-da Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq oğurluq və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün həmin polis bölməsinə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə, təmiz çəkisi 1,219 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. 29 yanvar 2023-cü il tarixdə saat təxminən 15:00 radələrində yaşadığı ünvan 3 ünvanının qarşısında olan zaman 2 nəfər mülki gеyimli şəхs ona yахınlаşıb özlərini Yasamal RPİ-nin 28-ci PB-nin əməkdаşlаrı kimi təqdim etmişlər. Daha sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 28-ci PB-nin binasında olan otaqlardan birinə gətirmişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamış, lakin polis əməkdaşları ona psixotrop maddə olan metamfetamin verərək və zor tətbiq edərək video çəkiliş zamanı üzərindən çıxardaraq ona məxsusmuş kimi polis əməkdaşlarına təqdim etməsini tələb etmişlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları tərəfindən ona təqdim olunmuş narkotik vasitəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, bir ədəd bükülünü masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin var, həmin psixotrop maddəni həmin gün “Papanin” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddə olan metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əlavə olaraq bildirmişdir ki, o Fəxri Xiyabandan məzarın üzərinə qoyulmuş qərənfil güllərini götürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, Yasamal RPİ-nin 28-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Yasamal RPİ-nin 28-ci PB-nə Fəxri Xiyabanda dəfn edilmiş R.Heydərovun məzarının üzərindən güllərin oğurlanması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qruppu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı məlum olmuşdur ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. Bundan sonra 29 yanvar 2023-cü il tarixdə saat 15:00-da Yasamal rayonu Ələsgər Ələkbərov 24 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq 28-ci PB-nə gətirilmişdir. Onların sualına cavab olaraq Qeybulla bildirmişdir ki, 15-20 gün əvvəl vaxt narkotik vasitə təsirində olmuş, Fəxri Xiyabandan məzarın üzərinə qoyulmuş təxminən 15-20 ədəd qərənfil gülünü götürmüş və oranı tərk etdikdən sonra həmin gülləri yolun kənarına xatırlamadığı yerdə atmışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs təyin edilmiş müdafiəçinin iştirakı ilə ona üzərində daşınması qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Qeybulla həmin bükülünün içərisində olan psixotrop maddə metamfetamini həmin gün Baki şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Papanin” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 08 manata alıb üzərində saxladığını bildirmişdir. Həmin psixotrop maddə olan metamfetamin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu,Ə.Ələkbərov 24 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (i.v. 44-45) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 yanvar 2023-cü il tаriхli 6/546 sаylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zəriflər üçün №167” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə..” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1.219 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına ( Siyahı İ) daxildir. (i.v. 53-57) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, təxminən 02 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. 29 yanvar 2023-cü il tarixdə saat 11 radələrində “Papanin” adlanan əraziyə getmiş və narkotik vasitə, psixotrop maddə satıcısı kimi üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb yaxınlaşaraq “patı” lazım olduğunu bildirmişdir. Həmin şəxsdən 08 manat müqabilində 01 ədəd siqaretin gümüşü rəngli kağızı bükümündə “patı” almışdır. Həmin maddəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir ki, daha sonra istifadə edər və sonra yaşadığı evə gəlmişdir. 29 yanvar 2023cü il tarixdə saat təxminən 15:00 radələrində yaşadığı ünvan 3 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və bildirmişlər ki, Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşlarıdır. Narkotik vasitələrin qanunsuz istifadəsində, eləcə də oğurluqda şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 28-ci PB-yə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 26-cı PB-nin inzibati binasına getmişdir. PB-də ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 28-ci PB-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmiş və müdafiəçinin iştirakı ilə qərarla tanış olub imza etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı, 01 ədəd gümüşü rəngli kağız bükümdə içində psixotrop maddə metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 01 ədəd gümüşü rəngli bükümü açdıqda içində psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə psixotrop maddə metamfetamindir, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni 29 yanvar 2023-cü il tarixdə saat 11 radələrində “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 8 manata öz istifadəsi üçün alıb üzərində saxlamış, saat təxminən 15 radələrində polis əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılmış və əməkdaşlarla birlikdə 28-ci Polis Bölməsinə gəlmişdir. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd gümüşü rəngli büküm içərisindəki “patı” maddəsi ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzərinə möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olubolmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş vəkilin və polis əməkdaşları tərəfindən imzalanmışdır.Bundan başqa, Təqsirləndirilən şəxs bildirirmişdir ki, təxminən 15-20 gün əvvəl saat 22:00 radələrində ünvan 7 ünvanında yerləşən 2-ci Fəxri Xiyabanın yanından keçərkən qapıdan oraya daxil olmuşdur. Həmin vaxt narkotik vasitə heroindən istifadə etdiyi üçün həmin maddənin təsirində olmuşdur. Fəxri Xiyabanın ərazisində bir müddət gəzişdikdən sonra şəhid Rafiq Heydərovun məzarına yaxınlaşmış və üzərinə qoyulmuş təxminən 15-20 ədəd qərənfil gülünü götürmüşdür. Həmin vaxt orada heç kim olmamışdır. Bundan sonra oranı tərk etmiş və bir müddət piyada gəzmişdir. Narkotik vasitə təsirində olduğundan gülləri niyə götürdüyünü bilmir. Sonradan bu hərəkət özünə də qəribə gəlmiş və peşman olmuşdur. Həmin vaxt təxminən 15-20 ədəd qərənfil gülünü xatırlamadığı yerdə yolun kənarına atmış və çıxıb getmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki,istifadə etdiyi maddələri müxtəlif şəxslərdən almış, onların heç birini tanımır. Sonuncu dəfə “patı” əldə etdiyi şəxsdən də bir neçə dəfə heroin, patı almış, üzdən tanısa da adını bilmir.Narkotik vasitə və psixotrop maddə istifadəçisidir, şəxsi istifadəsi üçün almışdır.Metamfetamini heç kimə satmamışdır, heç kimə də bağışlamamışdır. Narkotik vasitə aldığı şəxsi üzdən tanıyır, orta boylu, 38-40 yaşlarında qaraşın, seyrək saçlı, arıq bədən quruluşlu oğlandır.2-ci Fəxri Xiyabanda şəhid Rafiq Heydərovun məzarının üzərinə qoyulmuş təxminən 15-20 ədəd qərənfil gülü götürmüş, həmin vaxt narkotik vasitə təsirində olmuş, oraya təsadüfən yoldan keçən zaman daxil olmuş və təxminən 5-7 dəqiqə 2-ci Fəxri Xiyaban ərazisində gəzişdikdən sonra şəhid Rafiq Heydərovun məzarının üzərinə qoyulmuş təxminən 15-20 ədəd qərənfil gülünü götürmüş və oranı tərk etdikdən sonra həmin gülləri yolun kənarına xatırlamadığı yerdə atmışdır. 2-ci Fəxri Xiyabanda başqa məzarların üzərindən gül, yaxud başqa əşya götürməmişdir. 2-ci Fəxri Xiyabanda olan zaman orada olan qəbirlərdən hər hansı birinə ziyan vurmamış, yaxud qəbir üzərində hər hansı təhqiredici hərəkətlər etməmişdir. (i.v. 76-80) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 4(004)-96/2023 nömrəli qərarından görünür ki, Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, şübhəli şəxs qismində saxlanılarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamış və iş materialları ilə tanış olmuşdur. (i.v. 87-91) “Diskə baxış keçirilməsi haqqında” 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı diskdə olan 01 ədəd faylda 06 dəqiqə 38 saniyə müddətində olan görüntülərin olduğu müəyyən edildi. Görüntülərdə Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında həmin bölmənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülməsi, zərfdə qablaşdırıldıqdan sonra möhürlənməsi və həmin zərfin iştirakçılar tərəfindən imza edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümün içində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, 29 yanvar 2023-cü il tarixdə saat 11:00 radələrində “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 8 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirdiyi müəyyən edilmişdir. (i.v. 107) “Maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında” 05 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,219 qram psixotrop maddə metamfeamin və Təqsirləndirilən şəxs üzərindən Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut qismində tanınmışdır. Ekspert tədqiqatından sonra qalıq 1,119 qram olan psixotrop maddə metamfetamin iş üzrə sübut əhəmiyyətini nəzərə alaraq maddi sübut qismində saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (i.v. 108-109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 20 fevral 2023-cü il tаriхli 968 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.118-119); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-3669/2023 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədəninə baxış keçirilərkən xəsarət aşkar edilməmişdir. 20 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs izahat verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı izahatında göstərdiyi 29 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə dedikləri öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə olmaması və polis əməkdaşları tərəfindən döyülməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 1.219 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 29 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 34) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 4(004)-96/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 87-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(004)- 168/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Səbail rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29.177.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə cəzasına məhkum edilmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2019-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu il azad edilmişdir. (i.v. 110-112, 114-116) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli 1(004)-168/2019 nömrəli hökmü ilə təyin edilmiş 01 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 02 iyun 2021-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 04 noyabr 2019-cu il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.119 qram qalıq çəkisi olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 29 yanvar 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə metamfetamin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 29 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 1.119 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar