Məhkəmə qərarları › İş №1(004)-271/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-271/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-271/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X5, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X2 və onun nümayəndəsi vəkil Nümayəndə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X10 və onun müdafiəçisi X6 X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 və onun nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 və onun nümayəndəsi vəkil Nümayəndə tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs - X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş böhtan əməlini, yəni yalan olduğunu bilə-bilə xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla törətmişdir. Belə ki, X2 Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 13 nömrəli uşaq Poliklinikasında "Fizioterapiya kabineti" şöbəsinin müdiri vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə X10 azyaşlı uşağı X3 "yastıpəncəlik" diaqnozu ilə prosedurların keçirilməsi barədə poliklinikaya müraciət etmişdir. Prosedurlar özündə elektrofarez, xüsusi massaj və gimnastikanı fasiləsiz 10 gün müddətində ehtiva edirlər. Bundan sonra bir neçə gün ardıcıl uşağı gətirmədiyi üçün X9 Əliyevaya zəng etmiş və nəhayət xx.xx.2024-cü il tarixdə prosedurlar başlanılmışdır. Vətəndaşın müraciəti üzrə xx.xx.2024-cü il tarixədək tam prosedur seansı keçirilmişdir, azyaşlı uşağa lazımi tibbi xidmət göstərilmişdir. Təlimatlara uyğun olaraq bütün tibbi xidmətlər tam ödənişsiz həyata keçirilmişdir. Lakin, bizə məlum olmayan səbəbdən xx.xx.2024-cü il tarixdə gecə saatlarında X10 "Tik-Tok" sosial şəbəkəsi vasitəsi ilə videomüraciət yayaraq bildirmişdir ki, 13 saylı Uşaq Poliklinikasında şöbə müdiri Pərvanə Ələkbərova tərəfindən ondan 150 rüşvət tələb edilib, habelə elektrofarezin hər seansı üçün 5 manatdan, tibbi massajın hər seansına görə 4 manatdan və gimnastikaya görə hər seans üçün 3 manatdan (hər biri 10 günə vurulmaqla) əlavə ödənişlərin edilməsi tələb edilib. Həmin videomüraciətin şərhlər bölümündə isə müxtəlif vətəndaşların suallarına cavablar verərək 13 sayh Uşaq Poliklinikasının rüşvətxorluq yuvası olduğunu açıq aşkar sürətdə bəyan edir və şəxsən Pərvanə xanımın bu işin başında durduğunu iddia edir. Həmçinin onda hansısa sübutların olduğunu bildirir və əhali kütləsində əsaslı çaşqınlıq yaradır. (Tik Tok sosial şəbəkəsində Əliyeva Günay tərəfindən yayımlanmış həmin videoblog CD-R diskə yazılaraq məhkəməyə təqdim edilir). Ümumiyyətlə özünü "bloqer" adlandıran və *Gunka Bakinka* adı ilə Tik Tok sosial şəbəkəsində kifayət qədər izləyicisi olan Günay Əliyeva bu tip əsassız ittihamedici videoları ilə məşhurlaşmışdır. Daha öncələr uşaq bağçasında rüşvət halı ilə qarşılaşdığını bildirmiş, dəfələrlə şəhərin aktual məsələlərinə toxunaraq dövlətə qarşı narazılıqlar yaranmasına dair ifadələr işlətmişdir. Qeyd edir ki, onun izləyici sayı 6790 şəxs olmasına baxmayaraq, konkret poliklinika barədə sözügedən videonun 35 mindən çox izlənilməsi qeydə alınmışdır. 2200-dən çox bəyənmə, 890 rəy verilmişdir. Rəylərdən görünür ki, izləyicilərin əksəriyyəti həmin poliklinikanı və şəxsən Pərvanə xanımı tanıyırlar, ittihamların əsassız olması rəylərinə isə Günay Əliyeva cavab verir ki, bu onun profililidir, öz profilində nə istəyir yaya bilər və əlavə edir ki, sübutları vardır. Pərvanə Ələkbərovanın konstitusion hüquqları pozulmuş, təqsirsizlik prezumpsiyasına zidd olaraq rüşvət tələb etmə və rüşvət alma əməllərində açıq aşkar ittiham edilmişdir. Bu hərəkətlərdən güclü mənəvi sarsıntı keçirmiş, mənəvi izdirab və stresslə üzləşmişdir, cəmiyyətdə olan nüfuzuna zərər vurulmuşdur. Onu da əlavə edir ki, sözügüdən video ilə bağlı TƏBİB tərəfindən araşdırma aparılmış, poliklinikadakı videomüşahidə kameralarının görüntüləri yoxlanılmış, tibbi personalın izahatları alınmış və Pərvanə Ələkbərovanın hərəkətlərində hər hansı pozuntunun olmaması müəyyən edilmişdir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 ərizə təqdim edərək bildirmişdir ki, X10 ilə barışmışdır. Ondan şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 və onun müdafiəçisi X6 xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.2.3-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə, CPM-in 302.1.8-ci maddəsinin tələblərini, yəni şikayəti vermiş şəxs X2 tərəfindən şikayətdən imtina edildiyindən və X10 ilə barışdığını nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – X4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 299.1. 299.3, 300.1.3, 300.5, 302.1.8 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 və onun nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X7 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 (əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar