Məhkəmə qərarları › İş №1(004)-272/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-272/2021

11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-272/2021 11.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,215 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 29 may 2021-ci il tarixdə saat 17:00-da Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,215 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. O, uzun müddətdir ki, narkotik vasitə hesab edilən heroindən istifadə edir. Əvvəllər də oğurluq cinayəti törətdiyinə görə 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 26.03.2020-ci il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir. 29 may 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman Polis Əməkdaşları onu çağıraraq həyətə çıxmağını tələb etmişlər. O yaşadığı evdən çıxdıqdan sonra həmin Polis Əməkdaşları onu 28-ci PB-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib onlarla ilə birlikdə polis bölməsinə gəlmişdir. Orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etməyi təklif olunmuşdur. O, könüllü olaraq əynində olan qara rəngli şalvarın arxa sağ cibində olan narkotik vasitə heroini masanın üzərinə quyaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroindir və həmin heroini o, “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata alıb üzərində saxlamışdır. Lakin həmin vaxt o yalan demişdir və həmin narkotik vasitə ona polis əməkdaşları tərəfindən verilmişdir. Bundan sonra ondan aşkar edilmiş bir ədəd bükülüdə olan maddəni, müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən DİO-da xidmət edir. Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsi ev 68-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılıb. 29 may 2021-ci il tarixdə saat 17 radələrində o, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Yasamal rayonu, X.Mustafayev küçəsi 68 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirlmişdir. Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı X4 xidməti otağında onun, əməliyyat müvəkili Şahid1 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onun vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarın arxa sağ cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içərisində “kakos” adlanan narkotik vasitə heroindir və həmin heroini iki gün əvvəl “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata almışdır. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 90-92-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır, 2018-ci ildən DİO-da xidmət edir, tutduğu vəzifədə isə 2020-ci ildən işləyir. 29 may 2021-ci il tarixdə saat 17 radələrində o, Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Həsənov X10 ilə birlikdə əməliyyat qrupu yaradılıb Bakı şəhəri, Yasamal rayonu, X.Mustafayev küçəsi ev 68-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadə etməsi barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Yasamal rayonu, X.Mustafayev küçəsi 68 saylı ünvanın qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirlmişdir. Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 xidməti otağında onun, əməliyyat müvəkili Şahid1 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili Müdafiəçi Qaməd oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarın arxa sağ cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içərisində kakos deyilən narkotik vasitə heroindir və həmin heroini iki gün əvvəl “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin baxış zamanı heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qabalşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişlər. Baxış keçirilən zaman onlar tərəfindən bütün hadisələr telefon vasitəsi ilə video çəkiliş olunmuşdur. Şahid2 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun natrkotik vasitə heroinin satışı ilə məşqul olması müəyyən edilməmiş, Təqsirləndirilən şəxs yalnız narkotik vasitənin istifadəsi ilə məşqul olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 may 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17:00 radələrində Yasamal rayonu, X.Mustafayev küçəsi 68 saylı ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarın arxa sağ cibindən bir ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş büklülünü təqdim edərək, həmin bükümün içərisində “kokos” deyilən narkotik vasitə olan heroin olduğunu bildirərək aşkar edilmiş maddənin ona məxsus olmasını və həmin maddəni iki gün əvvəl “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 30 manata alıb bir qismini istifadə etmiş, qalanını isə sonradan istifadə etmək üçün əyninə geyindiyi qara rəngli şalvarın arxa sağ cibində saxlamışdır. Bundan sonra şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb DİN-nin zərflər üçün olan 167 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. (i.v. 25-26) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2021-ci il tarixli, 6/2163 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 167” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd kağız bükümdə təmiz çəkisi 0,215 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci 28 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 33-37) “Diskə baxış keçirilməsi haqqında” 30 may 2021-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 01 ədəd fayıl vardır, fayılda olan videogörüntü 29 may 2021-ci tarixdə çəkilmişdir. Çəkilmiş videoçəkilişdən görünür ki, baxış keçirilməsi Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 xidməti iş otağında aparılmış, baxışda 28-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis baş leytenantı Şahid1 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili Müdafiəçi iştirak etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın arxa sağ cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisinə baxdıqda qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kakos deyilən narkotik vasitə hesab edilən horoindir, həmin narkotik vasitəni iki gün əvvəl “Kubinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Daha sonra Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X7 Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, lakin baxış zamanı hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolda və zərfdə Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə imza etmişlər. (i.v. 49) “Maddi sübut kimi tanımaq haqqında” 01 iyun 2021-ci il tarixli qərardan görünür ki, təhqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq çəkisi 0,165 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmişdir. (i.v. 78-79) “Maddi sübut kimi tanımaq haqqında” 11 iyun 2021-ci il tarixli qərardan görünür ki iş üzrə madi sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. (i.v. 87-88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 nəticələrinə dair 01.06.2021-ci il tarixli 1678 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 103-104) “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyun 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə qeyd olunan ilkin materiallar, baxış keçirilməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, şahidlərin və təqsirləndirlən şəxsin ifadələri, maddi sübutun tanınması qərarları sübut növükimi qiymətləndirilmişdir. (i.v. 105-112) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni onun üzərində olan və özünün təqdim etdiyi narkotik vasitə olan heroinin onun olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.215 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 29 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 17) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 4(004)-285/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 29 may 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 75-77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair 05.06.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. 07.07.2020-ci il tarixdə cəzanı tam çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v. 81-82) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli, 1(004)-226/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2018-ci il tarixdən – 15 aprel 2018-ci il tarixədək, 2 (iki) gün həbsdə saxlama müddətinin təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v. 99-102) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 11 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 07 (yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzası başa çatmışdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli, 1(004)-226/2018 saylı hökmü ilə 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə 03 (üç) ay 07 (yeddi) gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 26.03.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 ay 7 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzası 07.07.2020-ci il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli, 1(004)-226/2018 saylı hökmü ilə təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3 və 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 26.03.2020-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 05 iyul 2018-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.165 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halları habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 29 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 0.165 qram qalıq çəkisi olan heroin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X2, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ013501**********1944; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar