Məhkəmə qərarları › İş №1(004)-272/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-272/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-272/2024 02.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X11 iclas katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş – X4 və onun nümayəndəsi-vəkili Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 iştirakı ilə, X10 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin binasında açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X15 və X5 xx.xx.2024-cü il tarixdə saat 15-16 radələrində ünvan 1 ünvanda yerləşən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin binasında şərəf və ləyaqətini alçaldan və nüfuzdan salan ifadələrlə, söyüşlərlə onu döyüb təhqir eməklə kütləvi çıxış etmələri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilmələri və onlara həmin maddənin sanksiyası həddində ən ağır cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsində təsisçisi və direktoru olduğu "xxxx" MMC-də mühasib vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə 37.035 manat pulunu ələ keçirib ona xeyli məbləğdə ziyan vurmaqla dələduzluq etmə ilə bağlı ********* nömrəli cinayət işi üzrə X15 Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunur. X15 barəsində ibtidai istintaq zamanı “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. X15 törətmiş olduğu cinayət əməli ilə bağlı onu etmiş olduğu şikayətdən çəkindirmək və imtina etdirmək məqsədilə mütəmadi olaraq həyat yoldaşı X12 ilə birlikdə təhdid və təzyiqlərə məruz qoyaraq aparılan cinayət işi üzrə istintaqın gedişinə maneçiliklər yaratmışlar. Belə ki, onun yaşadığı Bakı şəhəri Nərimanov rayonunun ərazisində X15 istifadə etdiyi (051)39756 6 saylı mobil telefonda WhatsApp yazışmaları vasitəsilə onu və ailə üzvlərini təhdid və təhqir etdiyinə görə aparılan araşdırma nəticəsində Nerimanov RPİ 18-ci Polis Şöbəsinin rəisi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu naddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Ona təzyiq etmək məqsədilə X10 barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci imaddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-109/024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət əsassız hesab edilərək məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin tarixdə saat 15-16 radələrində X15 həyat yoldaşı X12 ilə birlikdə ictimai yer hesab edilən ünvan 1 ünvanda yerləşən Yasamal rayon Məhkəməsinin binasında onu nalayiq ifadələrlə söyüb təhqir edərək zorakılıqla hücum edib xəsarətlər yetirmişlər. Bu xüsusatla bağlı Yasamal RPİ İstintaq Şöbəsinin baş müstəntiqi Valeh Nəbiyev tərəfindən araşdırma aparılaraq fakt təsdiq edilsə də, toplanmış material üzrə xuliqanlıq cinayəti əlamətlərinin müəyyən edilməməsi əsasında xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 15-16 radələrində X15 barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci imaddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)- 109/024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət əsassız hesab edilərək məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsindən narazı qalaraq əvəz və hayıf çıxmaq məqsədi ilə həyat yoldaşı X12 ilə birlikdə ünvan 1 ünvanda yerləşən Yasamal rayon Məhkəməsinin binasında X3, xidmət aparan DİN-nin Baş Mühafizə İdarəsinin Yasamal rayon Mühafizə İdarəsinin mühafizəçi polis nəfərləri X16 və X13 gözləri qarşısında şərəf və ləyaqətini alçaldan və nüfuzdan salan ifadələrlə, söyüşlərlə təhqir eməklə kütləvi çıxış etmiş, Rəfiqə Babayeva sillə və yumruq zərbələri ilə sinə və sifət nahiyəsinə, Vüsal Babayev isə güclü yumruq zərbəsi ilə sol göz və gicgah nahiyəmə zərbələr endirmiş, nəticədə onun mənəvi və fiziki sarsıntılar keçirməyinə səbəb olan hərəkətlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Yasamal RPİ İstintaq Şöbəsində material üzrə araşdırma zamanı DİN-nin X18 etmə Xidmətinə sorğu edilərək götürülmüş 1 ədəd diskdə ünvan 1 ünvanda yerləşən Yasamal rayon Məhkəməsinin binasının qarşısında quraşdırılmış TŞ-2-088 nömrəli müşahidə video kamerasının xx.xx.2024-cü il tarixli saat 14:55-dən saat 14:59-dək olan arxiv görüntüsüsü ilə müəyyən edilir ki, Rəfiqə Babayeva sillə və yumruq zərbələri ilə sinə və sifət nahiyəsinə, Vüsal Babayev isə güclü yumruq zərbəsi ilə sol göz və gicgah nahiyəsinə zərbələr endirərək onu döymüşlər. Yasamal RPİ İstintaq Şöbəsində material üzrə araşdırma zamanı Bakı şəhəri Yasamal rayon Məhkəməsindən sorğu edilərək götürülmüş 1 ədəd diskdə ünvan 1 ünvanda yerləşən Yasamal rayon Məhkəməsinin İçərisində birinci mərtəbədə əsas giriş qapısının qarşısına quraşdırılmış video kameranın xx.xx.2024-cü il tarixli saat 14:54-dən saat 14:55-dək olan arxiv görüntüsüsü ilə müəyyən edilir ki, o, giriş qapısından küçəyə çıxarkən Rəfiqə Babayeva tərəfindən təhdid və söyüşlərlə təhqir edilir. Odur ki, X15 və X5 xx.xx.2024-cü il tarixdə saat 15-16 radələrində ünvan 1 ünvanda yerləşən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin binasında şərəf və ləyaqətini alçaldan və nüfuzdan salan ifadələrlə, söyüşlərlə onu döyüb təhqir eməklə kütləvi çıxış etmələri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilmələri və onlara həmin maddənin sanksiyası həddində ən ağır cəza verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X7 izahatında ərizəsində göstərilənləri müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X4 nümayəndəsi-vəkili Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 X4 ərizəsində göstərilənləri müdafiə edərək şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X15 çıxışında bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək vəzifəsi həmin ərizəni vermiş şəxsin üzərinə düşür, yəni xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ərizəni Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq tərtib etməli və məhkəmə aidiyyətini düzgün müəyyən etməlidir. X1 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məzmunundan aşkar surətdə görünür ki, o, Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, ərizənin tərtib edildiyi yer göstərilməmiş, eyni zamanda ərizənin məzmununda konkret olaraq hansı ifadələrin CM-nin hansı maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaratması əsaslandırılmamışdır. Bundan başqa şikayət ərizəsində törədilməsi ehtimal edilən cinayət əməlinin mahiyyəti və s. göstərilməmişdir. Ərizənin tərtib edildiyi yer qeyd olunmamışdır. Odur ki, göstərilənlərə əsasən X15 xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X2 Rəfiqə Əşrəf qızı ilə eyni məzmunlu izahat verərək xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini, şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.1 və 299.3.3-cü maddələrinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə və xüsusi ittiham qaydasında şikayətin məzmununun Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 301.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticəsində xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda və xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə məhkəmə baxışı təyin edilir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə həmçinin qeyd edir ki, CPM-nin 302.1.3-cü maddəsinin tələbindən göründüyü kimi xüsusi ittiham qaydasında şikayət ərizəsi Məcəllənin 293.3.1-293.3.7ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə istinadən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində 1)şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 2)törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 3)cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 4)şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 5)cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 6) şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 7) şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikasının CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPMnin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizənin forma məzmunu düzgün tərtib edilməmiş, ərizənin verildiyi yer qeyd edilməmiş, eyni zamanda ərizədə məlumatın yayılmasının kütləviliyi əsaslandırılmamış, konkret olaraq hansı ifadələrin CM-nin 148-ci maddəsilə nəzərdə tutulmuş cinayət tərkibini yaratması əsaslandırılmamışdır. Bundan başqa şikayət ərizəsində törədilməsi ehtimal edilən cinayət əməlinin mahiyyəti və s. göstərilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X10 və X5 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının CPM-nin 293-cü maddəsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X10 və X5 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar