Məhkəmə qərarları › İş №1(004)-277/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-277/2021

01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-277/2021 01.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1989-cu il tarixdə Rusiya Federasiyası, Çita şəhərində anadan olmuş, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 105, mənzil 23 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 mart 2021-ci il tarixdə saat 23:00 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilin qonaq otağında həyat yoldaşı Zərərçəkmiş şəxs anası ilə telefonla danışması səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı qəsdən yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bir neçə dəfə vuraraq sonuncuya sağ budun qançırı-hematoması və sağ baldırın qançırı kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 8 il olar ki, Zərərçəkmiş şəxs tanımış və 28.02.2021-ci il tarixdə onunla rəsmi nigaha girərək ailə qurmuşdur. Ailə qurduqdan sonra Aytacın valideynləri hər xırda söz-söhbətə görə onların ailə işlərinə qarışıb Aytacı onun əleyhinə yönəltdiklərindən aralarında tez-tez mübahisələr baş vermişdir. 28.03.2021-ci il tarixdə gecə saat 23:00 radələrində o, sərxoş vəziyyətdə həyat yoldaşı ilə birgə yaşadıqları Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə gəldikdə sərxoş olduğuna görə Aytac ona iradlarını bildirmiş, buna görə aralarında mübahisə baş vermişdir. Bir qədərdən sonra Aytac vanna otağına yuyunmağa getmiş və mobil telefonunu enerji yığması üçün yataq otağında qoymuşdur. Aytacın mobil telefonuna baxdıqda onun öz anası ilə xeyli müddət danışmasını görmüşdür. Aytacdan anası ilə danışıb-danışmamasını soruşduqda Aytac onu aldadaraq inkar cavabı vermişdir. O, buna görə əsəbləşərək onu divana itələmiş, Aytac divanda oturaq vəziyyətdə olduqda əli ilə onun bud nahiyəsindən, ayağı ilə ayağından vurmuş və Aytaca bir daha yalan danışmamasını tapşırmışdır. Təqsirləndirilən şəxs həmçinin ona verilmiş suallara cavab olaraq münaqişənin təxminən 5-10 dəqiqə davam etməsini, hadisəni heç kimin görməməsini, Aytacın ona heç bir xəsarət yetirməməsini, buna görə də məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etməsini qeyd etmişdir. Həmçinin Zərərçəkmiş şəxs qızıllarına görə lombarda 580 manat qaytarıb, qızılları götürməyi və bir kartdan götürülmüş 950 manat pulu qaytarmağa söz verir. Bunlardan əlavə təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olmasını və hazırda zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, ona dəymiş ziyanı tam ödədiyi üçün işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən 8 il olar ki, Təqsirləndirilən şəxs tanımış və 28.02.2021-ci il tarixdə onunla rəsmi nigaha girərək ailə qurmuşdur. Ailə qurduqdan sonra Ramil cəmi iki gün onunla mehriban dolanmış, bundan sonra spirtli içkilər içərək səbəb olmadan münaqişələr salmağa, onu valideyinlərilə telefon əlaqəsi saxlamamağa, valideynlərini evlərinə buraxmamağa başlamışdır. Sonradan ona məlum olmuşdur ki, Ramil başqa qadınla yaşayır və onun acığına onunla etdiyi mübahisələri həmin qadına bildirirdi. 28.03.2021-ci il tarixdə gecə saat 23:00 radələrində Ramil yenə də sərxoş vəziyyətdə birgə yaşadıqları Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzilə gəldikdə qəsdən ona müxtəlif tapşırıqlar verib lağa qoymağa başlamışdır. O, Ramilin bütün tapşırıqlarını yerinə yetirdikdən sonra vanna otağına yuyunmağa getmiş və mobil telefonunu enerji yığması üçün yataq otağında qoymuşdu. Bir müddətdən sonra yuyunub çıxdıqda mobil telefonunun Ramildə olduğunu və Ramilin onun gün ərzində kimlərlə danışdığını yoxlamasını görmüşdür. Ramil ondan anası ilə danışıb-danışmamasını soruşduqda əvvəlcə bunu ondan gizlədərək inkar cavabı vermişdir. Lakin Ramil ona anası ilə 11 dəqiqə danışdığını söyləyərək üstünə cumub onu divana itələmiş, o, divanda oturaq vəziyyətdə olduqda yumruqları ilə kürəyindən, bud nahiyəsindən və ayağı ilə sağ ayağından zərbələr endirmişdir. Bundan sonra Ramil ondan aralanaraq mətbəxə getdikdə o, Ramilin oradan bıçaq götürəcəyindən ehtiyatlanaraq tez qonaq otağının qapısını onun arxasınca bağlamışdır. Lakin Ramil qapını təpiyi ilə vurub açmış və bundan sonra qapını düzəltməkdə ona köməklik etməsini üçün yanına çağırdıqda o, onun yenidən onu döyəcəyindən ehtiyatlanaraq yanına getməmişdir. Bir neçə dəqiqədən sonra Ramil qapını düzəltdikdə onu yanına çağıraraq bir daha onu aldatmamasını tapşırmışdır. Həmin vaxt valideynləri Salyan rayonundan evlərinə gəlmiş və onu götürərək öz evlərinə aparmışlar. O, öz əşyalarını yığarkən təsadüfən Ramilə məxsus mobil telefon da öz əşyalarına qatışmışdır. Əvvəlcə Ramilin onu döyməsi barədə şikayət etmək istəməmiş, lakin sonradan Ramilin mobil telefonunda başqa qadınla yazışmaların məzmununu görərək Ramilin həmin qadınla onun barəsində təhqiramiz ifadələr işlətməsini görüb ondan şikayət etmək qərarına gəlmiş və 31.03.2021-ci il tarixdə ərizə ilə 29-cu PŞ-nə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin münaqişənin təxminən 5-10 dəqiqə davam etməsini, evdə tək olduqlarından hadisəni heç kimin görməməsini qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs s.s verir ki, onun qızıllarına görə lombarda 580 manat qaytarıb, qızılları götürəcəyini və bir kartdan götürülmüş 950 manat pulu ona qaytarmağa söz verdiyi üçün, şikayətini davam etdirmir. Bundan əlavə zərər çəkmiş şəxs artıq təqsirləndirilən şəxslə barışdığını, səhhətinə vurulmuş xəsarətlə bağlı ona dəymiş ziyanın tam ödənildiyini, bununla əlaqədar təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 245 saylı, 01.04.2021-ci il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər, sağ budun qançırı-hematoması və sağ baldırın qançırı küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 28.03.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, özünü ona qarşı verilmiş ittiham üzrə tam təqsirli bilir, əməlindən peşmandır, zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışmışdır, səhhətinə vurulmuş xəsarətlə bağlı zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, bununla əlaqədar zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, 03.09.2021-ci il tarixdə tutularaq, 06.09.2021-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırkı vaxtadək həbsdədir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icaat üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 350 (üç yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar