Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-278/2024 05.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyətcə azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, dalan 3, ev 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixə keçən gecə saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi məhəllə 534-də yerləşən 3 saylı yaşayış binasının qarşısında dayanan, Zərərçəkmiş şəxs məxsus “Hyundai Tucson” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının pəncərə şüşəsini sındırmaqla avtomobilin salonundan dəyəri 200 manat olan, içərisində ***-***-**-** GSM nömrəsi istifadə olunan bir ədəd “Samsung” markalı, Galaxy J5 Prime modelli mobil telefonu, bir ədəd dəyəri 60 manat olan “Huawei” markalı qulaqlıqları, bir ədəd 380 manat dəyərində “Swatch” markalı qol saatını və 1200 manat dəyərində bir ədəd “Leica Disto D5” markalı lazerli məsafə ölçən aparatı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs cəmi 1840 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin 221.3, 234.1 və 177-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməyə görə məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə saat 03 radələrində Yasamal rayonu, Məmməd Rahim küçəsində yerləşən yaşayış binasının qarşısından keçən zaman orada “Hyundai Tucson” markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili görüb onun içərisinə pəncərədən baxıb ön oturacaqların ortasındakı hissədə bir ədəd mobil telefon və bir ədəd qara dəri qabın içərisində nə isə olmasını görmüşdür. Həmin əşyaları oğurlamaq qərarına gəlmiş və həmin vaxt özündə olan, avtomobilin mühərrikinin normal işləməsi üçün nəzərdə tutulan ehtiyat hissəsi şamı (sveçanı) əlinə alıb avtomobilin ön sağ pəncərəsini sındırmışdır. Avtomobilin içərəsindən bir ədəd “S4” markalı mobil telefonu, telefona aid ağ rəngli qulaqlığı, bir ədəd qol saatını və həmin vaxt nə olduğunu dəqiq bilmədiyi, qara dəri qabın içərisindəki cihazı götürüb həmin vaxt kirayədə yaşadığı Yasamal rayonu Qədirli küçəsində yerləşən evə getmişdir. Avtomobildən digər əşya və pul oğurlamaq məqsədi ilə avtomobildə axtarış aparmamışdır. Həmin telefonu və “lazer cihazı” olduğunu sonradan öyrəndiyi cihazı sata bilmədiyi üçün özündə saxlamışdır. Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları yaşadığı yerdə onu saxlayandan sonra lazer aparatı ilə mobil telefonu polisə təhvil vermişdir. Törətdiyi əməli etiraf etməsini, səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. Azərbaycan Respublikası CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində işlədiyi şirkətə məxsus olan, istifadəsindəki 2019-cu il buraxılışlı, ağ rəngli “Hyunday Tucson” markalı avtomobili evinin ümumi həyətində saxlayıb evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində avtomobilinə yaxınlaşan zaman avtomobilinin sağ qabaq şüşəsinin sındığını müəyyən etmiş, avtomobilin qapısını açıb salona baxmış və salondan oğurluq olduğunu başa düşmüşdür. Qabaq oturacaqların arasında olan, su qabı qoymaq üçün nəzərdə tutulmuş yerə qoyduğu “Samsung” markalı qara rəngli, içərisində ***-***-**-** SİM nömrə olan, 200 manat dəyərində mobil telefonunun, qara rəngli “Huavey” markalı 60 manat dəyərində qulaqcıqların və saxlanc yerində (bardaçokda) olan 1200 manat dəyərində “Leica” markalı məsafə ölçən lazer aparatının oğurlandığını aşkar etmişdir. Daha sonra isə evi axtarıb 2020-ci ilin sonlarında Şəki şəhərindən 380 manata aldığı “Swatch” markalı qol saatının evdə olmadığını görüb onu da avtomobildə qoyduğunu xatırlamış və yenidən avtomobilə baxıb həmin qol saatının da oğurlandığını bilmişdir. Ona oğurluq nəticəsində cəmi 1840 manat maddi ziyan dəymiş, avtomobilinin şüşəsinin sınması nəticəsində isə ona 500 manat maddi ziyan dəymişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/9335 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1 ədəd Vyetnam istehsalı, 3520xx/xx/856562/0 və 3520xx/xx/856562/8 İMEİ kodlu, “Samsung Galaxy J5 Prime” markalı, “SM-G570F/DS” model mobil telefon-50,00 manat, 01 ədəd Avstriya istehsalı, “Leica Disto D5” markalı məsafə ölçən lazer aparatı- 350 manat, nəzəri qaydada 02 ədəd “HUAWEİ” markalı qulaqcıq-60,00 manat (2 ədəd x 30,00 manat), 01 ədəd qutusunun üzərində olan məlumata əsasən “SWATCH” markalı, “SUOB708A” model kişi qol saatı-120,00 manat təşkil edir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, 19 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixə keçən gecə saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi məhəllə 534-də yerləşən 3 saylı yaşayış binasının qarşısında dayanan, Zərərçəkmiş şəxs məxsus “Hyundai Tucson” markalı **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının pəncərə şüşəsini sındırmaqla avtomobilin salonundan dəyəri 200 manat olan, içərisində ***-***-**-** GSM nömrəsi istifadə olunan bir ədəd “Samsung” markalı, Galaxy J5 Prime modelli mobil telefonu, bir ədəd dəyəri 60 manat olan “Huawei” markalı qulaqlıqları, bir ədəd 380 manat dəyərində “Swatch” markalı qol saatını və 1200 manat dəyərində bir ədəd “Leica Disto D5” markalı lazerli məsafə ölçən aparatı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs cəmi 1840 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9335 nömrəli ekspert rəyinə əsasən təqdim edilmiş 1 ədəd Vyetnam istehsalı, 3520xx/xx/856562/0 və 3520xx/xx/856562/8 İMEİ kodlu, “Samsung Galaxy J5 Prime” markalı, “SM-G570F/DS” model mobil telefon – 50,00 manat, 01 ədəd Avstriya istehsalı, “Leica Disto D5” markalı məsafə ölçən lazer aparatı – 350 manat; nəzəri qaydada 02 ədəd “HUAWEİ” markalı qulaqcıq – 60,00 manat (2 ədəd x 30,00 manat), 01 ədəd qutusunun üzərində olan məlumata əsasən “SWATCH” markalı, “SUOB708A” model kişi qol saatı –120,00 manat müəyyən edilir. X1 müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə oğurladığı əşyalara görə vurduğu maddi ziyanın miqdarının 580 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin qanunvericlik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 3 dəfə məhkum edilmişdir. Sonuncu dəfə o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, azadlıqdan məhrumetmə cazası 6 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə ona təyin edilmiş cəza müddəti qurtardığı üçün cəza çəkməkdən azad edilmişdir. Bununla da həmin hökm üzrə məhkumluğu ödənilməmişdir. Hazırkı cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsin ziyanı tam ödənilməmişdir. Məhkəmə cinayətin xarakterini, vurulmuş ziyanın hələ də tam qaytarılmamasını, zərərçəkmiş şəxsin onunla barışmamasını, şikayətçi olmasını təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf eməsini, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, 02 gün həbsdə olmuşdur. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış “Leica Distro D5” markalı məsafə ölçən lazer aparatı və “Samsung Galaxy J5 Prime” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 13 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Leica Distro D5” markalı məsafə ölçən lazer aparatı və “Samsung Galaxy J5 Prime” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-278/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-278/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver