Məhkəmə qərarları › İş №1(004)-279/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-279/2021

06.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-279/2021 06.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Təqsirləndirilən şəxs Həmzə oğlunun və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3, xx xxxxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi, ev 18-də qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Həmzə oğlunun Təqsirləndirilən şəxs Həmzə oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Həmzə oğlu Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 03.07.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 aprel 2021-ci il tarixdə saat 05 radələrində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "xxxx" MMC-nin balansında olmaqla ünvan 1 ünvanda yerləşən rabitə kanal-kanalizasiya quyusuna qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 60 manat dəyərində bir ədəd rabitə kanal-kanalizasiya quyusunun çuqun materialdan olan qapağını və dövlət əhəmiyyətli rabitə xətti hesab edilən bir metri 22 manat 72 qəpik dəyərində olmaqla 55 metr uzunluğunda cəmi 1249 manat 60 qəpik dəyərində TPP-300X2 markalı rabitə kabelini özü ilə gətirdiyi dəmirkəsən mişarla kəsib çıxarmaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus ümumilikdə 1309 manat 60 qəpik məbləğində əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Həmzə oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, vaxtaşırı müxtəlif narkotik vasitələrdən istifadə edir. Nəsimi Rayon Məhkəməsinin 08.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 03.07.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 03 aprel 2021-ci il tarixdə təxminən gecə saat 05 radələrində Yasamal rayonu Z.Əhmədbəyov küçəsində olan yarım tikilinin həyətinə daxil olub orada mis, dəmir və digər əlvan metallar axtarmağa başlamışdır. Bu zaman o taxtadan olan hasarın giriş hissəsində kanalizasiya quyusunun açıq olduğunu görmüş və əyilib ora nəzər kerçirdikdə orada mis tərkibli rabitə kabelinin olduğunu görmüşdür. Bundan sonra o, həmin rabitə kabellərini kəsib oğurlamaq qərarına gəlmiş və üzərində olan oboy kəsən bıçağı çıxarıb kabelin təxminən 50-60 metr uzunluğunda olan hissəsini kəsib quyunun içərisindən çıxartmış və həmin kabeli oğurlayaraq oranı tərk edib yaşadığı evə gəlmişdir. O, evə gəldikdən sonra evinin həyətində oğurlayaraq gətirdiyi 50-60 metr uzunluğunda olan rabitə kabelinin üzlüyünü yandırmış və içərisindəki misləri çıxarıb bir tərəfə yığmışdır. Bundan sonra hamin misi kisəyə yığıb tanışı Talehdən xahiş etmişdir ki, misləri idarə etdiyi avtomobilə “Şamaxinka” deyilən əraziyə aparsın. Taleyin sualına cavab olaraq o, həmin miss naqillərini ona iş yerindən pay verildiyini demişdir. Bundan sonra Taleh idarə etdiyi avtomobillə onu “Şamaxinka” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Metal qəbulu məntəqəsi şəxsiyyət vəsiqəsi istədiyindən, üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün Talehdən xahiş etmişdir ki, şəxsiyyət vəsiqəsini versin. Orada əlvan metal qəbulu işi ilə məşğul olan qadına Talehin şəxsiyyət vəsiqəsinin surətini verərək oğuladığı miss naqillərdən əldə etdiyi misin 1 kilolqramı 8 manat olmaqla 15 kiloqram miss naqili 120 manata satmışdır. Əldə etdiyi 120 manat pulu isə “20 Yanvar” metro stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi yaşlı bir kişidən şəxsi istifadəsi üçün narkotik vasitələr alıb qəbul etmişdir. Əlavə olaraq həmin vaxt 50-60 metr uzunluğunda miss kabellər oğurlasa da, quyu qapağı oğurlamadığını bildirmişdir. Yekun olaraq o əməlindən peşiman olduğunu, ailəli olmaqla himayəsində 3 övladının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 03 aprel 2021-ci il tarixdə 1 saylı rabitə xidmətləri mərkəzinin “E Ateis 594/595” xətt mühəndisi Şahid1 ərazidə gəzinti aparan zaman ünvan 2 ünvanında telefon kabelinin kəsildiyini aşkar etmiş və bu barədə idarəyə məlumat vermişdir. Bundan sonra onlar hadisə yerinə getmişlər və orada 55 metr uzunluğunda “TPP-300x2” kabelinin kəsilərək oğurlandığını, həmçinin telefon rabitə kabellərinin quyusuna məxsus 1 ədəd çuqun qapağın oğurlandığını aşkar etmişlər. Bundan sonra bu barədə hüquq mühafizə orqanlarına məlumat vermişlər. Əlavə olaraq bildirmişdir ki, 55 metr “TPP-300x2” markalı telefon kabelinin hər bir metri 22 manat 72 qəpik olmaqla ümumilikdə 1249 manat 60 qəpik, bir ədəd çuğun qapağın qiyməti isə 60 manat təşkil etmiş, təmir bərpa işləri nəticəsində MMC-ə ümumilikdə 1918,20 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilmədiyini və həmin məbləğdə ödənişi tələb etdiklərini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X7 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Rahidoviç ifadəsində göstərdi ki, 03 aprel 2021-ci il tarixdə polis nəfəri Şahid3 ilə birlikdə xidmətdə olarkən Bakı şəhər, Yasamal rayonu, S.Salayev küçəsində baş vermiş şüşə qırma hadisəsi ilə bağlı həmin ərazidə bir nəfər şəxsi şübhəli şəxs qismində saxlamışlar və həmin şəxsin əlində olan çantasından bir ədəd balta, bir ədəd dəmir kəsən mişar və bir ədəd dəmir açar aşkar etmişlər. Həmin şəxs onlara şübhə doğurduğundan onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Polis Bölməsində müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1977-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs Həmzə oğludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər şahid X7 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini öz ifadəsi ilə bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 03 aprel 2021-ci il tarixdə saat 23:15 radələrində əvəllər tanımadığı 2 nəfər şəxs məntəqəyə yaxınlaşaraq, onlarda miss metal olduğunu və həmin miss metalı satmaq istədiklərini bildirmişlər. O,da həmin şəxslərdən şəxsiyyət vəsiqəsinin surətini tələb etmişdir. Həmin şəxslərdən birinin şəxsiyyət vəsiqəsinin sürətinə nəzər yetirdikdə ona həmin şəxsin adının Şahid4 olduğu məlum olmuşdur. Daha sonra isə onlardan 15 kiloqram mis naqil alaraq 120 manat ödəmişdir. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. Sonradan polis əməkdaşları metal qəbulu məntəqəsinə gələn zaman bilmişdir ki, aldığı miss naqillər oğurluq yolu ilə əldə edilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 96-98-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 03 aprel 2021-ci il tarixdə axşaam saatlarında qonşuluqdan tanıdığı İlham ona yaxınlaşaraq onda olan miss naqilləri Alatavada yerləşən əlvan metal qəbulu məntəqəsinə idarə etdiyi avtomaşınla aparmasını xahiş etmişdir. O, da İlhamı tanıdığı üçün etiraz etməmiş və İlhamı metal qəbulu məntəqəsinə aparmışdır. Həmin vaxt metal qəbulu məntəqəsində işləyən qadın metal qəbulu üçün mütləq şəxsiyyət vəsiqəsi lazım olduğunu bildirmişdir. Həmin vaxt İlhamın şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün ondan xahiş etmişdir ki, o, şəxsiyyət vəsiqəni təqdim etsin. O, şəxsiyyət vəsiqəsini verməmişdən əvvəl İlhamdan miss naqillərin oğurluq olub-olmamasını soruşmuşdur. İlham cavabında həmin miss naqilləri iş yerindən pay kimi verildiyini, xəstəsi olduğu üçün təcili pul lazım olduğunu demişdir. Bundan sonra o, İlhama inanıb şəxsiyyət vəsiqəsini təqdim edib miss naqilləri təhvil vermişlər. Oradan isə çıxıb evlərinə gəlmişlər. Mis naqillərin çəkisini və nə qədər pul etdiyini bilməmişdir. O, İlhamın qonşuluqda yaşayan kimi tanımış, İlhamın əvəllər H.Əliyev adına hava limanında fəhlə kimi işləməsini bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan ünvan 3li mövcu olmaqla mühafizə olunmayan yerdir. Qeyd olunan ünvana baxış zamanı müəyyən olunmuşdur ki, Z.Əhmədbəyov 6 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus rabitə kabelləri, bir ədəd rabitə kanalizasiya quyu qapağınının oğurlandığı və kabelin bir hissəsinin zədələnməsi müşahidə olunmuşdur. (i.v. 12-14) "xxxx" MMC tərəfindən tərtib edilmiş 16 aprel 2021-ci il tarixdə təsdiqlənmiş 03.04.2021-ci il tarixli 000275 nömrəli smetadan görünür ki, Zivər Əhmədbəyov küçəsi 6 ünvanında naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış kabellərin bərpa smetasının dəyəri 1918.20 manat təşkil edir. (i.v. 18) İfadənin yerində yoxlanılması haqqında 09 aprel 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, Z.Əhmədov küçəsi 6 ünvanında yerləşir. Təqsirləndirilən şəxs Həmzə oğlu bildirmişdir ki, 03.04.2021-ci il tarixdə saat 05 radələrində ünvan 5 ünvanda yerləşən yarımtikilinin həyətinə daxil olub oradan "xxxx" MMC-yə məxsus rabitə kanal quyusundan kabelləri kəsdiyini ifadənin yerində yoxlanması zamanı bir daha təsdiq etdi. Daha sonra həmin şəxs ünvan 6 ünvanda oğurladığı rabitə kabellərini yandırdığı yeri göstərərək ifadəsində göstərdiyi xüsusiyyatları bir daha ifadənin yerində yoxlanması zamanı təsdiq etdi. (i.v. 40-43) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2021-ci il tarixli, 9/2449 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, respublika ərazisində yerləşən ticarət şəbəkələrində,internet saytlarında, bazarlarında, Mərkəzdə olan məlumatlarda, eləcə də "xxxx" MMC tərəfindən tərtib edilmiş 16.04.2021-ci il tarixli məktubdan istifadə edilməklə, ekspertiza tədqiqatında təqdim edilmiş kabelin istifadədə olunması nəzərə alınmaqla və ekspertiza təyini haqqında qərarda göstərilən çuqun qapağın istifadədə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir:

1. Təqdim edilmiş TPP-300x2 tipli kabelin təqdim edilmiş nümunə əsasında 1 metri – 15.0 manat, 55 metri – 825.0 manat,

2. Ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd çuqun qapaq – 40.0 manat. (i.v. 118-120) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 07 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Həmzə oğlunun ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X7, şahid qismində dindirilmiş Şahid1, Şahid2 Rahidoviç, Şahid3, Şahid4 və Şahid5 ifadələri və "xxxx" MMC-ə tərəfindən tərtib edilmiş smeta sübut kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs Həmzə oğlundan götürülmüş bir ədəd balta, bir ədəd dəmir kəsən mişar və bir ədəd dəmir açar maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v. 123-128) Təqsirləndirilən şəxs Həmzə oğlu məhkəmə istintaqı zamanı verdiyi ifadəsində kanalizasiya quyusunun qapağını götürmədiyini göstərsə də, məhkəmə Təqsirləndirilən şəxs bu ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Həmzə oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Həmzə oğlunun əməli CMnin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs Həmzə oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Həmzə oğluna CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Həmzə oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 63-64) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 22.04.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Kazımov X10 Rayon Məhkəməsinin 08.07.2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 03.07.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 93-94) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.07.2019-cu il tarixli 1(006)-192/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Həmzə oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 104-110) Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin 24 may 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Həmzəli oğlu İ.İsmayılov 18 saylı ünvanda qeydiyyatdadır. Ailə tərkibi həyat yoldaşı X8, oğulları X6, X9, X4r. (i.v. 111) Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin 24 may 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Həmzə oğlu xx.xx.1977-ci ildə anadan olmuşdur. Təqsirləndirilən şəxs Həmzə oğlu MKİS-də olan sənədlərə əsasən hal-hazırda ünvan 7 ünvanda pasport qeydiyyatındadır. Azərbaycanlıdır, ailəlidir. Həmin ünvanda qeydiyyatda olduğu müddətdə onun haqqında ünvan 8r Sahəsinə yazılı surətdə heç bir şikayət daxil olmamışdır. (i.v. 112) AZE seriyalı 11104145 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, 22.04.2004-cü il təvəllüdlü X18 atası Təqsirləndirilən şəxsdır. (i.v. 115) AZE seriyalı 11104161 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, 28.12.2006-cı il təvəllüdlü Kazımov Məhəmmədin atası Təqsirləndirilən şəxsdır. (i.v. 117) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.07.2021-ci il tarixli 4(006)-280/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs haqqında 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, az ağır cinayət əməlinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.07.2019-cu il tarixli 1(006)-192/2019 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə Təqsirləndirilən şəxs Həmzə oğlunun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Həmzə oğlunun məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 03.07.2020-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs Həmzə oğlu 08.07.2019-cu il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən bu, onun barəsində CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs Həmzə oğlunun törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını və ailəli olmaqla himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Həmzə oğlunun əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Həmzə oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs Həmzə oğluna məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-nin 99-1.1.1-ci maddəsinə əsasən Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1.1-ci maddəsində sadalanmış əmlaklar müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Həmzə oğlunun CM-in 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş bir ədəd balta, bir ədəd dəmir kəsən mişar və bir ədəd dəmir açar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə başqa maddi sübut yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs Həmzə oğlundan tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Həmzə oğlu CMin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), iş üzrə maddi sübut kimi tanınan və Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş bir ədəd balta, bir ədəd dəmir kəsən mişar və bir ədəd dəmir açar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı (CM-nin 99-1.1.1), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Həmzə oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Həmzə oğluna göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 36 (otuz altı) saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Həmzə oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Həmzə oğlu hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Həmzə oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs Həmzə oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.07.2021-ci il tarixli 4(006)-280/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs Həmzə oğlu barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş bir ədəd balta, bir ədəd dəmir kəsən mişar və bir ədəd dəmir açar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs Həmzə oğlundan tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs Həmzə oğluna göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 36 (otuz altı) saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ013501**********1944; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar