Məhkəmə qərarları › İş №1(004)-28/2019

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-28/2019

13.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-28/2019 13.03.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 01 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 2, mənzil 47-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə saat 16:00-da istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 455,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış və həmin tarixdə saat 16:30-da ünvan 1 ünvanının qarşısında Yasamal RPt-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə dəvət olunaraq orada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli naxışlı sviterin sol qoltuğunun altından çıxararaq təqdim etdiyi bir ədəd polietilen torbada həmin narkotik vasitə götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamüzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu, M.Muxtarov küçəsi 144 mənzil 2-də yaşayır. Hal-hazırda rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 128-ci maddələri ilə məhkum olunmuşdur. xx xxxx 2018-ci il tarixdə saat 16:30 radələrində Yasamal rayonu, M.Muxtarov küçəsi 144 saylı ünvanın qarşısında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 27-ci PB-nə gəldikdən sonra bölmədə xidməti otaqların birinə daxil olmuşlar. Polis əməkdaşları hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər və iştirakı ilə üstünə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində olan hər hansı qanunsuz əşyaların könüllü surətdə təqdim olunmasını təklif etmişlər. O, əynində olan naxışlı sviterin sol qoltuğunun altında gizlətdiyi bir ədəd içərisində narkotik vasitə marixuana olan bağlamanı çıxararaq polis işçilərinə təqdim etmişdir. Həmin narkotik vasitə marixuana müdafiəçi və iştirakçıların iştirakı ilə qablaşdırılaraq DİN-nin 168 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, müdafiəçi və iştirakçılar tərəfindən düzgünlüyü imzalarla təsdiqlənmişdir. Əvvəllər məhkum olunmuş, lakin hazırda barəsində cinayət işi olmamışdır. O, nə narkoloji, nə vərəm və nə də psixo-nevroloji dispanserdə qeydiyyatda olmamışdır. O, həmin narkotik vasitəni özü qəbul etmək üçün saxlamışdır. Marixuananı özü qəbul etmək üçün həmin gün yəni xx.xx.2018-ci il tarixdə radələrində “Kubinka” adlanan yerdən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 50 manata almışdır, əlavə olaraq bildirmişdir ki, ilkin izahat və ifadəsində narkotik vasitəni xx.xx.2018-ci il tarixdə saat 16:00 radələrində “Kubinka” adlanan yerdən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi kişi cinsli şəxsdən 50 manata aldığını bildirsə də, üzərinə keçirilən şəxsi axtarış zamanı videoçəkiİişdə narkotik vasitəni xx.xx.2018-ci il tarixdə saat 17:00 radələrində aldığını bildirmişdir. Çəkiliş zamanı isə həyəcanlandığından saatı səhv olaraq 17:00 olaraq bildirmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qeyri-qanuni olaraq əldə olunması və qəbulu ilə məşğul olması barədə Yasamal RPlnin 27-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, bundan sonra həmin məlumat bölmənin rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o, və Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru polis baş leytenantı Şahid2 daxil edilmişdir. Onlar Yasamal RPl-nin 27-ci PB-nin inzibati binasından çıxıb ünvan 2 saylı ünvanın qarşısına yollanmışlar. Orada müşahidə mövqeyi tutmuş, bir qədər gözlədikdən sonra zahiri görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin gəldiyi görüb yaxınlaşmışlar və özlərini təqdim etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək üzərində heç bir sənəd olmadığını bildirmiş, buna görə polis bölməsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs, razılaşaraq onlarla birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə getmiş, daha sonra sonuncunun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman hüquqlarının müdafiəsi üçün vəkil və şəxsi axtarış və götürmə aparılan texniki vasitə olan “İphone7” markalı kobil telefonun video çəkilişindən istifadə olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakları ilə şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşya varsa təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan naxışlı sviterin sol qoltuğunun altında gizlətdiyi politilen torbanın içərisində olan narkotik vasitəyə bənzər maddə çıxardaraq könüllü təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin politilen torbanın içərisində olan maddənin narkotik vasitə marixuana olduğunu və həmin günü saat 16:00 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka" adlanan yerdən adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 50 manat pul ödəyərək aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi politilenin içərisində olan maddə zərfə qoyularaq qablaşdırılmış, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2018-ci il tarixli, 6761 №saylı ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “saxlanılan şəxs imza Təqsirləndirilən şəxs....” sözləri yazılmış kağız bağlamada bir ədəd sellofan torbada təmiz çəkisi 455,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (ilkin tədqiqat zamanı narkotik vasitənin xalis çəkisi 455,0 qram olmuşdur, tədqiqata istifadə edildikdən sonra sonda qalıq çəkisi 454,95 qram təşkil edir). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2018-ci il tarixli 856 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur.Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop mad-də-lərin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında gös-tə-rilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündəcəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və X2 arayışından və hökmün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə AR Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Beləliklə, cəzasını çəkib qurtardığı gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2018-ci il tarixdə tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Yasamal rayon prokurorunun xx.xx.2018-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin uzadılması barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. xx.xx.2018-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli,iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 08 ay (biril səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. İbtidai istintaq dövrü həbsdə saxlanıldığı 03 ay müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay (bir il beş ay) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəlixx xxxx 2019-cu iltarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 89 manat (səksən doqquz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 454,95qram narkotik vasitə olan-marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar