Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-28/2025 26.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Əhmədağa oğlunun və onun müdafiəçisi Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1999-cu ildə ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, Ucar rayonu Gəraybəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Şahid2 ilə qabaqcadan cinayət əlaqəsinə girib əlbir olaraq qrup təşkil etdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 A ünvanın yaxınlığında saxlanılmış «Toyota Corolla» markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan X1 məxsus qiyməti 330 manat olan “Samsung A12» markalı qara rəngli mobil telefon aparatı, həmin telefon aparatının üzərində olmuş qiymətinin 10 manat olan telefon qoruyucusu (çexol-üzlüyü), qiyməti 5 manat, balansında 2 manat danışıq konturu olan ***-***-**-** GSM mobil nömrəsi, telefon qoruyucusunun arxasına yerləşdirilmiş 1170 manat pulu, “Kapital banka» aid balansında 16 manat 35 qəpik pul olan plastik karti və balansında pul olmayan adi plastik kartı gizli talayaraq zərərçəkmiş şəxs X1 ümumilikdə 1533 manat 35 qəpik miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, telefonu maşından götürmüşdür. Bu hissə ilə razıdır. Telefonun arxasında 2 ədəd plastik kart olmuşdur. Lakin telefonun arxasında pul olmamışdır. Hadisənin digər təfərrüatları ilə razıdır. Plastik kartları atmışdır. Kartların içində pul olub-olmadığını yoxlamamışdır. Yekunda əməlini etiraf etmiş, peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, üzərindən xeyli vaxt keçib. İstintaq ifadəsini təsdiq edir. Şamaxinkada maşını saxlamışdır. Maşının şüşəsı aşağı idi. 5 metr qabağa gedib, işini görüb qayıdıb. Qayıdanda görüb ki, telefon yoxdur. Polisə xəbər verib. Şikayətini bildirib. Gəlib kamera görüntüsünü çıxardıblar. Qrup olublar iki-üç nəfər. 29-cu polis bölməsindən çağırıblar izahatlarını alıblar. Deyiblər ki, iş məhkəməyə göndəriləcək. Arxasında deyilən qədər pul olub. Kaburanın içində olmuşdur. Kartdan da istifadə etmişdir. Pulun telefonun arxasına sığması üçün xüsusi rezindən istifadə edib. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanını tələb edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 20 Yanvar metrosu tərəfdə Velotrekdə Sony telefon mağazasında işləyir. xx.xx.2023-cü il tarixdə işdə olarkən saat 20 radələrində əvvəllərdə müştəri qismində mağazaya gələrək telefon satan, həmçinin telefon alan Sənan adlı şəxs mağazaya daxil olmuş və ona əlində olan özünə məxsus Samsung A12 markalı mobil telefonu olduğunu və satmaq istədiyini bildirmişdir. Telefona baxdıqda 95 manata ala biləcəyini bildirdikdə Sənan razılaşmış və telefonu ona satmışdır. Onun şəxsiyyət vəsiqəsinin surətini götürdükdən sonra 95 manat pulu Sənana vermişdir Sənan sağollaşıb çıxdıqda çöldə bir nəfər tanımadığı şəxsində onu gözlədiyini görmüşdür. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini istintaqa təqdim edəcəkdir, telefonu ona satan şəxs Şahid2dur.Həmin mobil telefonu 10 gün sonra tanımadığı müştəriyə 130 manata satmışdır. Telefonu satdıqda alıcının sənədini götürmədiyi üçün həmin şəxsin şəxsiyyətini bilmir. Şahid2 ona həmin telefonun özünə aid olmasını və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6414 №-li rəyinə əsasən, 01 ədəd «Samsung A12» markalı qara rəngli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200 manat, bir ədəd telefon qoruyucusu (çexol-üzlük) təxminən 3 manat, bir ədəd ***-***-**-** GSM mobil nömrə 4 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Şahid2 ilə qabaqcadan cinayət əlaqəsinə girib əlbir olaraq qrup təşkil etdikdən sonra xx.xx.2023-cü il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 75 A ünvanın yaxınlığında saxlanılmış «Toyota Corolla» markalı ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan X1 məxsus qiyməti 330 manat olan “Samsung A12» markalı qara rəngli mobil telefon aparatı, həmin telefon aparatının üzərində olmuş qiymətinin 10 manat olan telefon qoruyucusu (çexol-üzlüyü), qiyməti 5 manat, balansında 2 manat danışıq konturu olan ***-***-**-** GSM mobil nömrəsi, telefon qoruyucusunun arxasına yerləşdirilmiş 1170 manat pulu, “Kapital banka» aid balansında 16 manat 35 qəpik pul olan plastik karti və balansında pul olmayan adi plastik kartı gizli talayaraq zərərçəkmiş şəxs X1 ümumilikdə 1533 manat 35 qəpik miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6414 №-li rəyinə əsasən, 01 ədəd «Samsung A12» markalı qara rəngli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200 manat, bir ədəd telefon qoruyucusu (çexol-üzlük) təxminən 3 manat, bir ədəd ***-***-**-** GSM mobil nömrə 4 manat müəyyən edilmişdir. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd «Samsung A12» markalı qara rəngli mobil telefon aparatının qiymətinin 330 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 24 avqust 2024-cü il tarixli 9/6414 saylı rəyində həmin telefonun 200 manat olması müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 01 ədəd «Samsung A12» markalı qara rəngli mobil telefon aparatını oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 200 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin 1(009)-25/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-41/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 3 il 6 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.1ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2025-ci il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-41/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vəsatət və təqdimat təmin edilməmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 1 gün həbsdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yenidən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə MSY-dən azad edilmiş, həmin tarixdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Beləliklə o, ümumilikdə 3 gün həbsdə olmuşdur. İş materiallarına əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-41/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə o, CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Şahid2 pasportunun surəti və “Kapital Bank”a aid plastik kartın hesabından pulların çıxarılmasına dair çıxarışın surəti cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)–41/2025 saylı hökmü ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 6 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 3 il 11 ay 24 gün (üç il on bir ay iyirmi dörd gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)–41/2025 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid2 pasportunun surəti və “Kapital Bank”a aid plastik kartın hesabından pulların çıxarılmasına dair çıxarışın surəti cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-28/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-28/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver