Məhkəmə qərarları › İş №1(004)-280/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-280/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-280/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 20 avqust 1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Xocalı rayonu, Kosalar kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Kəpəz rayonu, 2 saylı Yeni Qəsəbədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə qismində” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Rzaoğlu küçəsində yerləşən fərdi yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Qeyestri Xidmətindən çıxarış alacağına dair yalan vəd edib aldadaraq 22 iyul 2024-cü il tarixdə ünvan 1 ünvanında 1500 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 1500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Həmin vaxt Ülviyyə özünə torpaq sahəsi alıb ev tikdirmiş, lakin torpağın sənədləri olmamışdır. Bu zaman o, Ülviyyəyə 1.500 manat pul müqabilində evin sənədlərini düzəldə biləcəyini bildirmiş, Ülviyyə də onun təklifi ilə razılaşmışdır. Sonradan o, dəqiq xatırlamadığı tarixdə Ülviyyə ilə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən Əmlak Komitəsinin qarşısında görüşərək yaşadığı evə çıxarış düzəltməkdən ötrü 1.500 manat pulu Ülviyyədən almışdır. Bundan sonra onlar birlikdə daha bir neçə dəfə Əmlak Komitəsinə getmişlər, ona evin sənədlərinin düzəlməsinin bir neçə ay vaxt çəkəcəyini bildirmişlər. Daha sonra evin bəzi sənədləri hazır olsa da, Ülviyyə həmin sənədləri istəmədiyini bildirib ondan 1.500 manat pulunu geri tələb etmiş, o isə həmin pulu qaytara bilməmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmasını nəzərə alaraq məhkəmədən ona azadlıqda məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 10 ilə yaxın tanıdığı Afaq adlı rəfiqəsinin vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt yaşadığı fərdi yaşayış evinin sənədləri olmamış, Cəmşid adlı şəxs isə evin sənədlərinin düzəlməsi ilə bağlı ona kömək edəcəyini bildirmişdir. Sonradan Cəmşid onunla əlaqə saxlayıb evə sənəd düzəltməkdən ötrü 1.500 manat pul verməli olduğunu bildirmişdir. O, Cəmşidlə razılaşaraq Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində görüşmüş və Cəmşidə evin sənədlərini düzəltməkdən ötrü 1.500 manat pul vermişdir. Həmin vaxt Cəmşid orada yerləşən Əmlak Komitəsinə daxil olub-çıxdıqdan sonra ona yaxınlaşaraq 480 manat əlavə pul lazım olduğunu bildirmişdir. Lakin o, Cəmşidə əlavə pul verməyəcəyini bildirərək Cəmşiddən verdiyi pulu geri istəmişdir. Lakin Cəmşid ona verdiyi pulu qaytarmamışdır. Sonradan Cəmşiddən pulunu tələb etdikdə Cəmşid müxtəlif bəhanələr gətirərək onu aldatmış və verdiyi pulu qaytarmaqdan boyun qaçırmışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İfadənin yerində yoxlanılması haqqında” 08 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirdiyi hadisə yeri ünvan 1 ünvanında yerləşir. (i.v. 61-63) “Diskə baxış keçirilməsi haqqında” 08 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış danışıqların əks olunduğu 01 ədəd “CD” diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin “WhatsApp” mobil tətbiqi vasitəsiilə Zərərçəkmiş şəxs arasında Daşınmaz Əmlakın Dövlət Reyevst Xidmətindən çıxarış alınmasına və pul vəsaitinin istənilməsinə dair müxtəlif məzmunlu səsli yazışmaların aparılması müəyyən olunmuşdur. (i.v. 64) Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs dəymiş 1500 manat ziyandan 300 manatını ödəmişdir. (i.v. 101) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 1500 manat maddi ziyandan 300 manatını ödəmişdir. (i.v. 102) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 27 mart 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd “CD” disk maddi sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 124-128) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onlar barışmışlar, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə təsdiq etdiyi ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi 146934 nömrəli vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. (i.v. 77) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 17 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 99-100) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Ağsu Şəhər Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-n 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən cəzası 01 il 07 ay azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə Gəncə Apelayasiya Məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixli qərar ləğv edilərək 01 il 08 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 52-1.5-cü maddələri ilə 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2024-cü ildə cəzanın sonu ilə azad olunmuşdur. (i.v. 103-105) Xankəndi Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(065)-11/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 11 fevral 2025-ci ildən 13 fevral 2025-ci ilədək həbsdə olduğu 2 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş və həmin müddət hazırkı hökmlə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. “Cinayət işi üzrə icraata xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında” 19 noyabr 2018-ci il tarixli qərarından görünür ki,Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən X1 Cəmşid Rizvan oğlu ilə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə Cinayət Məcəlləsinin müvafiq norması baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs daha əvvəl bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən, hazırkı cinayət işi üzrə onun cinayət məsuliyyətindən azad olunması istisna edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməklə cəzalandırılmalıdır. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini Xankəndi Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(065)-11/2025 saylı hökmündən əvvəl törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, müharibə veteranı olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması, onun himayəsində bir azyaşlı övladının olması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs CM-nin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 66.2 və 66.5ci maddəsinə əsasən Xankəndi Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(065)-11/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən toplanılmaqla qəti cəza müəyyən edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 11 fevral 2025-ci ildən 13 fevral 2025-ci ilədək 02 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, 04 (dörd) gün müddət cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132). Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 35 (otuz) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən Xankəndi Şəhər Məkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına qismən toplanılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək 02 (iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi subut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 35 (otuz) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar