Məhkəmə qərarları › İş №1(004)-281/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-281/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-281/2021 12.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə, təxminən saat 16:20 dəqiqədə qonşusu Zərərçəkmiş şəxs yüksək səslə mahnıya qulaq asması səbəbindən sonuncunun yaşadığı, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gedərək, orada şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən əlləri ilə boğaz və qolundan tutub sıxmaqla – dartmaqla, eləcə də təpik zərbəsi vurmaqla sonuncuya boyunun sıyrıqları, sol bazu oynağı nahiyyəsinin hematoması (yumşaq toxumaların arasına qan yığılması), qarının qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edib özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı evin pəncərələri qonşusu Kəmalə adlı qadına məxsus, kirayənişin Zərərçəkmiş şəxs ailəsi ilə yaşadığı evin həyətinə açılır. 20.06.2021-ci il tarixdə baş vermiş hadisədən təxminən 10 (on) gün əvvəl qonşusu Zərərçəkmiş şəxs kompüter vasitəsi ilə mahnıya qulaq asarkən ucadan səsləndirdiyinə görə ev sahibi Kəmalə xanıma zəng edib Zərərçəkmiş şəxs yaratdığı səs-küydən evdə rahat yata bilmədiyini və sonuncuya mahnının səsinin azaltmasını deməsini xahiş etmişdir. Bu söhbətdən sonra həmin gün Zeynəb onu səsləyərək çağırsa da, sonuncuya cavab verməmişdir. Daha sonra Zeynəb həmin gün onun mobil telefonunun “Whatsapp” nömrəsinə yazaraq narazılığın ona deyil, ev sahibinə deyilməsinin səbəbini soruşmuşdur. O, sonuncuya evlərinə gəlib söhbət edəcəyini bildirib Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gedərək orada qarşılıqlı anlaşma şəklində söhbət etmişlər və mehriban ayrılmışlar. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, evini təmir etdirdiyi, həmçinin havalar isti olduğu üçün evinin havalandırılmasından ötrü pəncərəni açıq saxlayır, eləcə də evdə televizora baxır. 20 iyun 2021-ci il tarixdə, saat təxminən 16:20 radələrində qonşusu Zərərçəkmiş şəxs onu açıq vəziyyətdə olan pəncərədən səsləyərək televizorun səsini almasını bildirdikdə ona “xoşun gəlmir, get evinin içində otur” demişdir. Bu səbəbdən Zeynəb onunla mübahisə etmiş və ona böhtan ataraq evinə yad kişilər gətirib əxlaqsızlıqla məşğul olduğunu bildirmişdir. Bundan sonra o, söhbət etməkdən ötrü Zeynəbin yaşadığı evin həyətinə getmiş, sonuncu tərəfindən nalayiq ifadələrlə təhqir olunması səbəbindən əsəbiləşərək əlini uzadıb Zərərçəkmiş şəxs köynəyindən tutub dartmış, eləcə də sol qolundan tutub özünə tərəf çəkərək dediklərini sübut etməsini bildirmiş, həmin vaxt Zeynəb dartındığı üçün onun boğazına əlini ataraq cırmış və təpiklə bir dəfə onun qarnına zərbə vurmuş və daha sonra oradan çıxıb evinə getmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsdən üzr istəməklə barışıq əldə etməyə cəhd göstərməsini nəzərə almaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında kirayədə yaşayır. Qonşusu Təqsirləndirilən şəxs yaşadığı evin 3 pəncərəsi onun həyətinə açılır. 20.06.2021ci il tarixdə baş vermiş hadisədən təxminən 10 (on) gün əvvəl saat təxminən 12:30 radələrində memarlıq-inşaat kursuna getməsi ilə əlaqədar yaşadığı evin həyətində kompüter vasitəsi ilə kurs təlimi ilə məşğul olarkən qonşusu Təqsirləndirilən şəxs ondan xəbərsiz yaşadığı evin sahibi Kəmalə xanıma mobil telefon vasitəsilə yazaraq onun yaşadığı evdən ucadan səs-küy gəldiyini və yata bilmədiyini demişdir. Ev sahibi Kəmalə xanım ona zəng edərək Təqsirləndirilən şəxs narazılıqları barədə bildirdikdə o, yaşadığı evin həyətinə açılan Pərvanənin evinin pəncərəsindən onu çağırdıqda sonuncu ona cavab verməmişdir. Bu səbəbdən də istifadəsində olan mobil telefon nömrəsinin Whatsapp" mobil əlavəsi vasitəsilə Pərvanəyə “niyə bu barədə mənə yox, ev sahibinə demisən?” yazmış, Pərvanə cavabında “sizin səsinizdən mənzilimdə rahat yata bilmirəm” yazmış, o da Pərvanəyə “əgər səsimiz ucadan gəlirsə, pəncərəni bağla” mesajını yazıb telefonunu söndürmüşdür. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs onun yaşadığı mənzilə gələrək qonşuya əsəbiləşdiyini və bilmədən ona hirsləndiyini, bu məsələnin ona heç bir aidiyyətinin olmadığını demişdir. Həmin gündən sonra Təqsirləndirilən şəxs yaşadığı evin pəncərəsini açıq qoyaraq yüksək səslə mahnıya qulaq asmış, bununla bağlı sonuncuya irad bildirdikdə "yaxşı edirəm, öz evimdir, nə istəyirəm edərəm" demişdir. 20 iyun 2021-ci il tarixdə saat təxminən 16:20 radələrində yaşadığı evin həyətində tək oturub yemək yeyərkən Təqsirləndirilən şəxs pəncərəni açaraq ucadan mahnı oxutmuş, bu barədə Pərvanəyə narazılığını bildirdikdə sonuncu onunla mübahisə edib yaşadığı evin həyətinə gələrək onun üzərinə hücum edib əlləri ilə əynində olan köynəyini dartıb cırmış, boynunda olan boyunbağını qırmış, həmçinin əl ataraq boğaz nahiyəsini cırmış, sol qolundan tutub özünə tərəf dartmış, daha sonra qarın nahiyyəsinə bir dəfə təpik zərbəsi ilə vuraraq onu döymüş və bundan sonra çıxıb evinə getmişdir. Sonuncu getdikdən sonra o, da evdən çıxıb getmiş və yolda olarkən Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib baş verənlər barəsində məlumat vermişdir. O, ifadəsində əlavə olaraq göstərmişdir ki, qonşular arasında gedən söhbətlərdən sonradan öyrənib bilmişdir ki, Təqsirləndirilən şəxs onun haqqında böhtan xarakterli və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onu hər kəsə əxlaqsız kimi təqdim etmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs ilə barışmaq niyyətində olmadığını bildirmiş və məhkəmə çıxışında sonuncu barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X1 Yasamal rayon şöbəsinin 21 iyun 2021-ci il tarixli 536 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs almış olduğu boyunun sıyrıqları, sol bazu oynağı nahiyyəsinin hematoması (yumşaq toxumaların arasına qan yığılması), qarının qançırı xəsarətləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 20 iyun 2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarətləri Zərərçəkmiş şəxs yıxılması və özü-özünə yetirə bilməsi inkar olunur. (iş vər.: 16-18) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 25.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər.: 53) İş materiallarında olan 20 iyun 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən müəyyən edilir ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətidir. (iş vər.: 8-12) İş materiallarında olan 21 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. (iş vər.: 19) İş materiallarında olan 21 iyun 2021-ci il tarixli digər protokoldan görünür ki cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. (iş vər.: 20) Beləliklə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi şəxslərin özlərinin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nın 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını da nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyəti, eləcə də cəzanı yüngülləşdirən hallar, həmçinin cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar