Məhkəmə qərarları › İş №1(004)-281/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-281/2022

29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-281/2022 29.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 fevral 2022-ci il tarixdə saat 07 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi gözəllik salonunun giriş qapısından gözəllik salonunun içərisinə, yəni binaya qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 2 ədəd hər birinin dəyəri 250 manat təşkil edən oturacaqları, 1 ədəd 20 manat dəyərində “Samsung” markalı mobil telefonu, 2 ədəd ümumi dəyəri 25 manat təşkil edən markaları məlum olmayan ətirləri, 1 ədəd 35 manat dəyərində markası məlum olmayan havalandırma cihazını, 2 ədəd hər birinin dəyəri 60 manat təşkil edən markaları məlum olmayan donları, 1 ədəd 35 manat dəyərində cins şalvarı, 1 cüt 30 manat dəyərində markası məlum olmayan idman ayaqqabılarını və 1 cüt 55 manat dəyərində markası məlum olmayan qış ayaqqabılarını gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 820 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda daimi yaşayış yeri olmadığı üçün adətən Yasamal rayonunun ərazisində yerləşən tikilməkdən olan binaların zirzəmisində yaşayır. O, 25 fevral 2022-ci il tarixində, gecə saatlarında içkili vəziyyətdə Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən və təmir işləri aparılan gözəllik salonlarından birinin qapısının açıq olmasından istifadə edərək həmin gözəllik salonuna daxil olmuşdur. Onun ora daxil olarkən, əvvəlcə, oğurluq niyyəti olmamışdır. Həmin vaxt gözəllik salonunda heç kim olmamış və o, içəridə yalnız emusiya vedrələri, “ariston” qızdırıcı cihazı, boru və kafellər görmüşdür. Daha sonra orada sellofana bükülmüş vəziyyədə olan əşyalar onun diqqətini cəlb etmiş və o, yaxınlaşaraq həmin sellofan örtükləri qaldırmış, orada yerləşən iki ədəd kreslonu bəyəndiyi üçün oğurlamaq qərarına gəlmişdir. O, həmin kresloları salondan bayıra çıxararaq müvəqqəti yaşadığı 2 saylı Tibb kollecinin arxa hissəsində olan həyətə aparmışdır. Bundan sonra elə həmin gün, yəni 25 fevral 2022-ci il tarixdə səhər saat 07 radələrində oğurladığı kresloları polis əməkdaşlarına təhvil vermişdir. O, həmin gözəllik salonunun sahibini əvvəllər tanımamış və həmin salona icazəsiz daxil olmuşdur. ünvan 2 ünvanında yerləşən gözəllik salonundan 2 kreslodan əlavə heç bir əşya oğurlamamışdır. Əməlindən peşmandır. Yekun olaraq o əməlindən peşman olduğunu və zərəçəkmiş şəxslə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, gözəllik salonu açmaq məqsədilə iki otaqlı boş bir obyekt icarəyə götürmüş və orada təmir işləri aparmağa başlamışdır. 24 fevral 2022-ci il tarixdə o, həmin salonun qapısını açarla bağlayaraq çıxıb getmiş, növbəti gün, yəni 25 fevral 2022-ci il tarixdə isə yenidən salona baş çəkdiyi zaman oranın qapısının açıq olduğunu görüb salonun içərisinə daxil olaraq oradakı əşyaların yerində olub-olmamasını yoxlamağa başlamışdır. Bundan sonra hər birinin dəyəri 250 manat olan iki ədəd göy rəngli oturacağın, 20 manat dəyərində bir ədəd “Samsung” markalı mobil telefonun və iki ədəd ümumi dəyəri 25 manat olan qadın ətirlərinin, 35 manat dəyərində olan havalandırma cihazının və hər birinin dəyəri 60 manat olan 2 ədəd donun, 35 manat dəyərində 1 ədəd cins şalvarın və 30 manat dəyərində bir cüt idman ayaqqabısının və 55 manat dəyərində bir cüt ayaqqabının yerində olmaması ona məlum olmuşdur. O, 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Bundan sonra o, qonşuluqda yerləşən dükanın müşahidə kameralarına düşən video görüntülərə baxdığı zaman 25 fevral 2022-ci il tarixdə səhər saat 07 radələrində bir nəfər naməlum şəxsin ona məxsus salona daxil olub salonda olan əşyaları çıxararaq aparmasını görmüşdür. Müşahidə kameraları salonun qapısını əhatə etmədiyindən həmin şəxsin qapını necə açdığını görə bilməmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 820 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra ona məlum olmuşdur ki, qeyd edilən oğurluq əməlini Təqsirləndirilən şəxs törətmişdir. Təqsirləndirilən şəxs tərəfindən hər birinin dəyəri 250 manat olan iki ədəd göy rəngli oturacaq ona geri qaytarılmış, yerdə qalan əşyaların isə heç biri ona qaytarılmamışdır. Son olaraq o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam ödənilməsədə ondan oğurladığı əşyaları tələb etmədiyini və ona qarşı heç bir şikayətinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında baş vermişdir. (i.v. 6-7) “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, diskdə iki ədəd videofaylın olduğu görünür. Birinci videofayla baxış zamanı məlum olur ki, orada əks edilmiş görüntülərdə bir nəfər üzü saqqallı, arıq bədənli, sağ ayağı axsayan kişi cinsindən olan şəxs binanın altına daxil olur və bir qədər sonra orada əlində oturacaq çıxararaq həmin binanın qarşısındakı həyətdə yerə qoyur, sonra isə həmin oturacağı götürüb naməlum istiqamətdə aparır. İkinci videofayla baxış zamanı görünür ki, birinci videogörüntülərdə olan şəxs əlində oturacağı aparmaqla yoluna davam edir. Baxış zamanı iştirak etmiş E. Əliyev bildirmişdir ki, görüntülərdə olan həmin şəxs onun özüdür, əlindəki oturacağı isə o, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Yasamal rayonu D.Bünyadzadə küçəsində yerləşən yaşayış binasının altında olan gözəllik salonundan götürmüşdür. Bununla bağlı protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. (i.v. 30) “Əşyaya baxış keçirilməsi haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, həmin iki ədəd kreslolara Zərərçəkmiş şəxsnm iştirakı ilə baxış keçirilmiş, sonuncu həmin kresloları əlamətlərinə görə tanıyaraq özünə məxsus olduğunu təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilərək fotoşəkil ilə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. (i.v. 38) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2022-ci il tarixli, 9/1514 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ayaq hissəsi təkərli, qalxıb enən, üzəri süni dəridən olan salonlarda istifadə edilən kreslonun köhnəlməsi nəzərə alınmaqla hadisə baş verən tarixə orta bazar qiyməti təxminən 220 manat müəyyən edilir. (i.v. 76-79) X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 02 ədəd kreslonu məhkəməyədək saxlanılması üçün təhvil almışdır. (i.v. 82) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər oğurluq və narkotik vasitələr saxladığına görə bir neçə dəfə məhkum olunmuşdur. Hazırda oğurluq etdiyinə görə barəsində Yasamal rayon məhkəməsində cinayət işinə baxılır, axtarışda olduğundan həmin iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşləmir, oğurluq etməklə özünü dolandırır. 25 fevral 2022-ci il tarixində saat 07 radələrində o, Yasamal rayonu D.Bünyadzadə küçəsi ilə yol gedərkən yaşayış binasının yanından keçirmiş, bu zaman həmin binanın altında yerləşən bir obyekt onun diqqətini çəkmişdir. O, yaxınlaşaraq pəncərədən içəri baxmış və görmüşdür ki, həmin obyekt gözəllik salonudur, içərisində müxtəlif avadanlıq, mebel və məişət əşyaları var. O, həmin salonun plastik qapısını yoxladıqda qapının açıq olduğunu görmüş və içəri daxil olmuşdur. Salonda heç kəs yox idi. Bundan istifadə edərək o, orada qoyulmuş iki ədəd kreslonu götürüb bir-bir küçəyə çıxarmış, sonra isə təzədən salona qayıtmış və oradan iki ədəd qadın ətiri, don, şalvar, ayaqqabılardan ibarət müxtəlif geyim əşyalarını, bir ədəd markasını bilmədiyi mobil telefonu və 1 ədəd havalandırma cihazını götürərək salondan çıxmışdır. Bundan sonra o, həmin əşyaları bir yerdə gizlətmiş, həmin kresloları bir-bir daşıyaraq aparıb müvəqqəti yaşadığı 2 saylı Tibb kollecinin arxa hissəsində olan həyətə qoymuşdur. Ayağında olan ağrılara görə o, güclə yeriyirmiş və bu səbəbdən oğurladığı digər əşyaların dalınca həmin vaxt qayıda bilməmiş, bir az istirahət edib sonra gedəcəyini düşünmüşdür. Həmin tarixdə axşam saatlarında o, oğurladığı digər əşyaları gedib gizlətdiyi yerdən götürmək istəsə də, onların artıq gizlətdiyi yerdə olmadıqlarını aşkar etmişdir. Bir qədər sonra o, polis əməkdaşları tərəfindən saxlanılmış, sonunculara həmin oğurluğu etiraf etmiş və oğurladığı iki ədəd kresloları təqdim etmişdir. (i.v. 27-28) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 13 may 2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı əldə edilmiş baş vermiş hadisəni törətmiş şəxsin videogörüntüləri əks edilmiş 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş iki ədəd kreslo iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs məxsus oğurlanmış əşyaların ümumi dəyəri sonuncunun ifadəsində göstərdiyi qiymətlərlə əsas götürülməklə, ona hadisə nəticəsində ümumilikdə 820 (səkkiz yüz iyirmi manat) məbləğində maddi ziyan vurulması nəzərə alınmışdır. Təqsirləndirilən şəxsin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, baxış və götürmə protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq sənədləri iş üzrə sübut növü hesab edilmişdir. (i.v. 97-102) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etməməsi, yəni yalnız iki ədəd kreslonu oğurlaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Əliyev X4 Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən xx.xx.2016-cı il tarixdə cəzadan azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 67-70) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-74/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs tutulduğu 05 dekabr 2021-ci il tarixdən 07 dekabr 2021-ci il tarixədək 2 (iki) gün və həbsdə saxlanıldığı 26 fevral 2022-ci il tarixdən 13 may 2022-ci il tarixədək olan 02 (iki) ay 17 (on yeddi) gün, cəmi 02 (iki) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesablanmaqla, 05 (beş) ay 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 13 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 93-94) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarı elan edilmişdir. Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da saxlanılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin 29 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-74/2022 saylı hökmü Bakı Şəhər Probasiya İdarəsinin icratına daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış malların iki dənəsi qaytarılıb, onlar iki kreslodur. Yerdə qalan malların heç biri qaytarılmamışdır. O həmin malların təqsirləndirilən şəxsdən tələb etmir. Heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi və cinayətləri törətmiş şəxs heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edıimış, əsaslar uzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə həmin cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinəyət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azerbaycan Respublikası məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum olunmuş şəxsin barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş 16 mart 2022-ci il tarixli tələbnamədən və Yasamal rayon məhkəməsinin 13 may 2022-ci il tarixli hökmündən görünür ki, Əliyev X5 Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 177.2.3-cü madəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 02 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 18.4.2 və 18.4.4-cü maddəsinə əsasən onun əməli cinayətin residivi hesab olunmur. Lakin onun törətdiyi əməl Yasamal Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qərarından əvvəl törədildiyindən ona Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş zərərin qismən ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-74/2022 saylı hökmü ilə ona təyin edilmiş 02 il 06 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, qəti cəza müəyyən olunmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)-74/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1 maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 02 il 06 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti cəza müəyyən edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 24 noyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd kreslo Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2na dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2na məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-74/2022 saylı, 13 may 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 03 (üç) ay 11 (on bir) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən toplanılsın və üzərində qəti olaraq 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 02 ədəd kreslo Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X2, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE**********0002088501, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar