Məhkəmə qərarları › İş №1(004)-283/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-283/2021

27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-283/2021 27.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 18 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, eyni ünvanda yaşadığı qonşusu Zərərçəkmiş şəxs əvvəllər onun barəsində həqiqətə uyğun olmayan məlumatlar danışması, bu kimi məlumatları digər şəxslərə yayması, həmçinin özünün barəsində hüquqazidd davranışlar etməsini, o cümlədən, onun guya anası Şahid8 ilə cinsi yaxınlığının olmasını, Şahid8 bankdan kredit yolu ilə borc pul götürüb ona verməsini və sair bu kimi rüsvayedici məlumatları Zərərçəkmiş şəxs özündən və digər şəxslərdən eşidərək sonuncu ilə münasibətlərini aydınlaşdırmaq məqsədi ilə 04 may 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində Zərərçəkmiş şəxslə görüşərkən, sonuncu yenə də onu söyüb təhqir edərək oradan uzaqlaşıb Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən «24 saat market» adlı ərzaq dükanına daxil olduqdan sonra o da, qeyd edilən dükana daxil olub özü ilə gətirdiyi taxta parçası, həmçinin, əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona baş-beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə nahiyəsinin əzilmiş yarası, sağ alın, sol ənsə nahiyəsinin qançırları, sol çiyin, kürək nahiyəsinin yumşaq toxumalarının əzilməsi kimi Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ümumilikdə sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evli olmaqla ailə üzvləri ilə birlikdə Yasamal rayonu, S.Əsgərova küçəsi, dalan 1, ev 5 ünvanında yaşayır. Həmin ünvanda lakin bir mərtəbə aşağıda Zərərçəkmiş şəxs da ailə üzvləri ilə birlikdə yaşayır. Qonşuları ilə eləcədə Zərərçəkmiş şəxs atası və anası ilə münasibətləri həmişə normal olmuşdur. Lakin bir müddətdir ki, Nicat ilə münasibətləri gərgin vəziyyətdədir. Zərərçəkmiş şəxs narkotik vasitələrin təsiri altında olduğu zaman dəfələrlə onunla münaqişə etmiş, ona böhtan ataraq guya anası Sevincin bankdan 10.000 manat kredit götürərək ona verdiyini, anası ilə onun yaxınlığının olduğunu və sair bu kimi həqiqətə uyğun olmayan təhqiramiz ifadələr işlətməklə onu özü ilə münaqişə etməyə sövq etmişdir. Dəfələrlə Zərərçəkmiş şəxs ona qarşı irəli sürdüyü böhtan xarakterli ittihamların yalan olduğunu izah etmiş, bu cür hərkətlərdən çəkinməsi və onu ətrafda təhqir etməməsi barədə xəbərdarlıq etmiş, lakin Nicat öz hərəkətlərini davam etdirmişdir. Hadisədən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs zəng edərək yenidən ona bildirmişdir ki, ona qarşı etdiyi hərəkətlərdən əl çəkməlidir. Nicat isə onunla görüş təyin etmiş lakin oraya gəlməmişdir. Nicatın hərəkətlərindən tamamilə təngə gəldiyindən 04 may 2021-ci il tarixdə Nicatın nənəsigildə olduğunu bilib onunla söhbət etmək məqsədi ilə ora yollanmışdır. Həmin ünvana çatdıqda Nicatın özünə məxsus “Vaz 2121” markalı avtomobildə əyləşdiyini görüb ona yaxınlaşmış, sakit şəkildə onunla söhbət etməyə başlamış lakin Zərərçəkmiş şəxs onu təhqiramiz ifadələrlə söyərək oradan uzaqlaşmışdır. Bundan daha da əsəbiləşərək Nicatın arxasınca getmiş və onun «24 saat market» adlı dükana girdiyini görmüşdür. Taksi sürücüsü olduğundan daima avtomobilində özünü müdafiə etmək üçün gəzdirdiyi taxta parçasını götürərək mağazaya daxil olmuşdur. Həmin taxta parçası ilə ilk növbədə Nicatın baş nahiyyəsinə zərbə endirmiş, sonra isə Nicat başını əlləri ilə tutduğu üçün ardıcıl olaraq kürək nahiyyəsinə bir neçə zərbə vurmuşdur. Bu vaxt mağazaya daxil olan əmisi oğlu Şahid3 əlindəki taxta parçasını ondan almış, o isə təpik və yumruqlarından istifadə etməklə Zərərçəkmiş şəxs baş və bədən nahiyyələrinə daha bir neçə zərbə endirmişdir. Bundan sonra Ziya və mağazada olan iki nəfər tanımadığı şəxs onu mağzadan çıxarmış, o isə oradan uzaqlaşmışdır. Daha sonra o xəbərdar olmuşdur ki, Nicat aldığı xəsarətlərə görə Respublika Kliniki Xəstəxanasına yerləşdirilmişdir. Lakin sonradan nə baş verdiyi və Ziyanın kim tərəfindən xəstəxanaya aparılması barədə məlumatlı olmamışdır. Onun Nicata xəsarət yetirməsinin səbəbi etdiyi hərəkətlərə görə onu cəzalandırmaq olmuşdur. Yekun olaraq zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda qonşu mənzillərin birində isə Təqsirləndirilən şəxs öz ailə üzvləri ilə birlikdə yaşayır. Pərviz ilə münasibətləri həmişə normal olmuş, aralarında mehriban qonşuluq münasibətləri hökm sürmüşdür. Həbsdən azad edildikdən sonra o, Pərvizlə anası Sevincin arasında hansısa konfliktli münasibət olmasından şübhələnmiş, lakin hər hansı bir hadisənin şahidi olmadığından bunun səbəbini öyrənməyin ən yaxşı yolunun anasından soruşmaq olduğunu düşünmüşdür. Anası Şahid8 nə üçün məyus olması barədə bir neçə dəfə soruşsa da heç bir məlumat əldə edə bilməmişdir. Bundan sonra “Whatsapp” mobil tətbiqinin “story” xidmətində söyüşlə anasına qarşı hər hansı bir neqativ hərəkət edən şəxs barəsində ümumi paylaşım etmişdir. Lakin həmin paylaşımda o, hər hansı bir şəxsin adını göstərməmiş və ya kiməsə bu barədə konkret işarə etməmişdir. Bundan əlavə onun Pərvizlə bu barədə təklikdə heç bir söhbəti olmamışdır. Hadisədən bir neçə gün əvvəl o Pərvizlə həm zəng, həm də sms vasitəsi ilə əlaqə saxlayaraq görüşmək istəmiş lakin bu görüş baş tutmamışdır. 04 may 2021-ci il tarixdə Yasamal rayonu, N Nərimanov prospekti 127 ünvanında yerləşən “24 saat market” adlı mağazanın qarşısında dayanaraq idarə etdiyi “Vaz 2121” markalı avtomobildən enərək həmin mağazaya daxil olmuşdur. Həmin vaxt mağazada iki nəfər həmin mağazanın əməkdaşı olmuşdur. Su götürmək üçün soyuducuya yaxınlaşdıqda arxadan Pərvizin səsini eşitmiş, bundan sonra Pərviz onu təhqiramiz ifadə ilə söymüş və başına bilmədiyi küt bir əşya ilə zərbə endirmiş, o isə zərbənin təsirindən huşunu itirmişdir. Bundan təxminən 7-8 saat sonra o, özünə gəlmiş və bilmişdir ki, Respublika Kliniki Xəstəxanasındadır. Daha sonra ona məlum olmuşdur ki, Pərviz əlində olan taxta parçası ilə onun baş nahiyyəsindən və bədəninin digər nahiyyələrindən xəsarətlər yetirmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxslə aralarında hər-hansı bir münaqişə olmamış, onu və ailə üzvlərini təhqir etməmiş, anasının Pərvizlə əlaqəsi olmasını, anasının bankdan kreditə pul götürərək sonuncuya verdiyi barədə heç kəsə bir söz deməmişdir. Son olaraq o, Təqsirləndirilən şəxs tərəfindən həmin hadisə ilə bağlı ona dəymiş ziyanın tam ödənildiyini, onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 5 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 127 ünvanında yerləşən və 24 saat fəaliyyət göstərən ərzaq dükanında satıcı, Şahid4 isə kassir kimi fəaliyyət göstərir. 04 may 2021-ci il tarixdə saat 21:13 radələrində mağazada yalnız o və Elçin olduğu vaxtda bir nəfər üzdən tanıdığı lakin adını bilmədiyi 25-30 yaşlı şəxs mağazaya daxil olaraq su soyuducusuna yaxınlaşmış, dərhal sonra isə təxminən 35-40 yaşlı, müştəri kimi əvvəllər dükana gəlib-getmiş, üzdən tanıdığı şəxs aqressiv şəkildə mağazaya daxil olaraq bir qədər əvvəl mağazaya girmiş şəxsə “bura gəl” deyərək əlindəki taxta parçası ilə əvvəlcə onun başına vurmuş və həmin şəxs zərbədən özünü müdafiə etmək istəyərkən isə onun kürək nahiyyəsinə bir neçə ardıcıl zərbələr vurmuşdur. Bu zaman o əlində taxta parçası olan şəxsin hərəkətlərinə maneə olmaq istəsə də buna müvəffəq olmamışdır. Daha sonra tanımadığı bir şəxs mağazaya daxil olaraq sonradan adının Pərviz olduğunu bildiyi şəxsin əlindəki taxta parçasını almış, elə həmin anda Pərviz sonradan adının Nicat olduğunu bildiyi şəxsi yerdə uzanıqlı vəziyyətdə olarkən də təpiklə baş nahiyyəsinə və yumruqla sifət nahiyəsinə zərbə ilə bir neçə dəfə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 da şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini öz ifadəsində bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur, həmçinin Pərviz və Nicat da onunla qonşu evlərdə ailələri ilə birlikdə yaşayır. Pərvizin öz deməsinə görə son bir neçə ayda onun bir qonşu kimi Nicatla aralarında konfliktli münasibətlər yaranmışdır. Belə ki, Pərviz ona bildirmişdir ki, Nicatın deməsinə görə guya Nicatın anası Sevincin bankdan 10.000 manat kredit götürərək Pərvizə vermiş, Pərvizin onun anası ilə yaxınlığı olmuş, Nicatın sevdiyi qadından ayrılmasına Pərvizin əsas olduğunu və sair bu kimi həqiqətə uyğun olmayan təhqiramiz ifadələr işlətməklə Pərvizi onunla münaqişə etməyə sövq elmişdir. Hətta Pərvizin həmin ərəfədə bir neçə dəfə Nicatla sözlə mübahisəsi olmuşdur. Pərviz dəfələrlə Nicatdan bu hərəkətlərindən çəkinməyi xahiş etsə də, Nicat buna məhəl qoymamış, hətta “Whatsapp” mobil tətbiqinin “story” xidmətində söyüşlə anasına qarşı hər hansı bir neqativ hərəkət edən şəxs barəsində ümumi paylaşım etmişdir ki, bunun da Pərviz haqqında olması onun hərəkətlərindən məlum olmuşdur. 04 may 2021-ci il tarixdə saat təxminən 21:13 radələrində əmisi oğlu Pərvizin əlində idman taxtasına bənzər taxta tutaraq «24 saat market» adlı dükana girdiyini görmüşdür. O, Pərvizin bu kimi hərəkətini kənardan görüb narahat olaraq təcili şəkildə onun arxasınca həmin dükana daxıl olmuşdur. Elə bu vaxt Pərvizin əlində olan taxta parçası ilə Nicatın başına vurduğunu, Nicatın zərbədən özünü müdafiə etmək istəyərkən isə sonuncunun kürək nahiyyəsinə bir neçə dəfə bir-birinin ardınca zərbə vurduğunu görmüşdür. O, dərhal Pərvizin əlindən taxta parçasını alaraq onu sakitləşdirməyə çalışsa da, Pərviz onun əlindən çıxaraq yerdə uzanıqlı vəziyyətdə olan Nicatın təpiklə baş nahiyəsinə və yumruqla sifət nahiyəsinə zərbə ilə bir neçə dəfə vurmuş, daha sonra Pərvizi dükandan küçəyə çıxarmışdır. Bu zaman Nicat yerdə hərəkətsiz vəziyyətdə uzanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid7 və Şahid5 da şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək hər biri onun dediklərini öz ifadələrində bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, dalan 1, ev 5 envanında əri Hətəm və oğlu Nicatla birlikdə yaşayır. Həmin ünvanda binanın ikinci mərtəbəsində yaşayan Təqsirləndirilən şəxs və onun ailə üzvüləri ilə aralarında mehriban qonşuluq münasibətləri vardır. Lakin son dövrlərdə oğlu Nicatın Pərvizlə münasibətləri gərgin vəziyyətdə olmuşdur. Nicat əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə həmçinin narkotik vasitə istifadəçisi kimi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, 06 mart 2021-ci il tarixdə azadlığa buraxılmışdır. 04 may 2021-cı il tarixdə saat təxminən 21:15 radələrındə o və əri Hətəm evlərində olarkən Nicat evdə olarkən Hətəmin mobil telefonuna zəng gəlmiş və zəng edən şəxsin qonşuluqda yaşayan Saleh olması ona məlum olmuşdur. Bu zaman X7 Pərviz tərəfindən döyülərək xəsarət aldığını və hazırda qonşuluqda yerləşən «24 saat» marketdə olduğunu bildirmişdir Hətəm təcili şəkildə evdən çıxaraq piyada həmin yerə getmiş, təxminən 15-20 dəqiqə sonra sonuncu onun mobil telefonuna zəng edərək Nicatın baş və bədən nahiyəsindən müxtəlif küt xəsarətlər aldığını bildirmiş, o da dərhal həmin xəstəxanaya getmişdir. Sonradan Nicatın, Pərvizin deməsinə və əldə etdiyi sair məlumatlara əsasən ona məlum olmuşdur ki, Pərvizlə Nicatın arasında olan gərgin münasibətlərin davamı olaraq həmin gün saat 21 radələrində Pərviz Nicatla görüşüb onunla aralarında olan münaqişəli vəziyyəti aydınlaşdırmaq istədikdə, Nicat yenə də Pərvizi söyərək yaxınlıqda olan N.Nərimanov prospekti 127 ünvanında yerləşən «24 saat» market adlı dükana daxil olmuş, bu zaman Pərviz özü ilə götürdüyü idman təyinatlı taxta parçası ilə Nicatın arxasınca dükana daxil olaraq orada qeyd edilən əşya ilə sonuncunun baş və bədən nahiyəsinə, həmçinin əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Pərvizin əmisi oğlu Ziya dükana girərək Pərvizin əlindən taxta parçasını alaraq sonuncunu küçəyə çıxarmışdır. Bundan sonra qonşulardan Saleh, Rəhman, Hüseynağa adlı şəxslər gələrək birlikdə Nicatı mağazadan halsız vəziyyətdə küçəyə çıxarmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 da şahid qismində dindirilmiş Şahid8 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini öz ifadəsində bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 04 may 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 127 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “24 saat market” adlı ərzaq dükanıdır. (i.v. 6-9) “Videoyazıya baxış keçirilməsi haqqında” 06 may 2021-ci il tarixli protokoldan görünür ki, təhlükəsizlik kamerasında videoyazı 04.05.2021-ci il, saat isə 21:13:27-dən etibarən başlayır. Səhifəyə baxışla müəyyən edilir ki, dükanda kassa arxasında kişi cinsli satıcı, həmçinin əynində açıq göy rəngli cins materialdan olan gödəkcə, cins materialdan olan şalvar və qara rəngli papaq olan arıq bədən quruluşlu kişi cinsli şəxs və dükanın içərisində digər bir kişi cinsli şəxs vardır. Videoyazının davamında başında qara rəngli papaq olan şəxs qapının arxasında olan su soyuducusuna yaxınlaşarkən dükana əynində qara rəngli qısa qol köynək və qara rəngli şalvar, üz nahiyəsində saqqal olan, orta bədən quruluşlu digər bir kişi cinsli şəxs sağ əlində taxta parçası tutmuş vəziyyətdə iti addımlarla daxil olur. Həmin əlində taxta parçası olan şəxs başında qara rəngli papaq olan şəxsi arxadan tutaraq sol əli ilə özünə tərəf çəkib sağ əlində olan taxta parçası ilə həmin şəxsin baş nahiyəsinə, sağ ayağının diz nahiyəsi ilə sağ yan aşağı ətrafına, həmçinin həmin təqibə məruz qalmış şəxs yerə əyildikdən sonra isə taxta parçası, ayaq və əl zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə bir-birinin ardınca dəfələrlə zərbə endirir. Videoyazının davamında dükanın qapısından içəri əynində - kürək nahiyəsində "Volt" yazısı yazılmış digər kişi cinsli şəxs daxil olaraq əlində taxta parçası tutmuş şəxsin əlindən həmin əşyanı alaraq, sonuncunun tutub dükanda bayıra çıxarmaq istəsədə, həmin şəxs yenə də qeyd edilən hərəkətlərini törətməkdə davam edir. Göstərilənlərdən sonra əlindən taxta parçası alınmış şəxs qeyd edilən şəxsin təkidi ilə dükandan küçəyə çıxarılır. Bundan sonra əynində göy rəngli qısaqol köynək və tünd rəngli şalvar olan arıq bədən quruluşlu şəxs dükana daxil olaraq əlində mobil telefonla harasa zəng etmək istəyir, sonra dükana digər əynində qara rəngli köynək və şalvar olan arıq bədən quruluşlu, həmçinin əynində ağ rəngli zolaqlı qısaqol köynək və qara rəngli şalvar olan arıq bədən quruluşlu kişi cinsli şəxslər bir-birinin ardınca daxil olur. Sonradan dükana daxil olmuş 3 nəfər qeyd edilən şəxslər və dükana qayıdan əynindəki gödəkçəsinin arxasında «volt» yazısı olan şəxs birlikdə yerdə uzanıqlı vəziyyətdə olan, xəsarət almış şəxsi dükandan bayıra çıxarırlar. (i.v. 51-52) “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 07 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 68-69) 14 iyun 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Zərərçəkmiş şəxs da Ş.Amalovun dedikləri ilə razı olaraq sonuncunun ifadəsində göstərdiklərini təsdiq etmişdir. (i.v. 97-99) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 24 may 2021-ci il tarixli, 357 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - baş beyin silkələnməsi ilə müşayiət olunan alın-təpə nahiyəsinin əzilmiş yarası, sağ alın, sol ənsə nahiyəsinin qançırları, sol çiyin, kürək nahiyəsinin yumşaq toxumaların əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 04.05.2021-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə baş beyin silkələnməsi ilə müşayiət olunan alın - təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, digər xəsarətlər isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər bədənin müxtəlif nahiyələrində yerləşdiyindən o, bu xəsarətləri alarkən xəsarəti yetirənlə müxtəlif vəziyyətlərdə ola bilərdi. (i.v. 100-103) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 may 2021-ci il tarixli arayışından görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin 03.03.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 114) Abşeron Rayon Məhkəməsinin 03.03.2011-ci il tarixli 1(012)-30/2011 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona, qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. (i.v. 118-120) Bakı Şəhər probasiya İdarəsinin 03.06.2021-ci il tarixli 21-1/129 nömrəli məktubundan görünür ki, Əliyev X4 Rayon Məhkəməsinin 03.03.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri növündə cəzaya məhkum olunmuş və barəsində “Azərbayca Respublikası Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 17.05.2013-cü il tarixli Qərarının 1.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. (i.v. 94) “Sübutların qiymətləndirilməsi barədə” 21 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda qeydə alınmış və özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən videogörüntüləri əks etdirən 01 ədəd «DVD-R» markalı, 4,7 gb yaddaş tutumu olan disk cinayat işi üzrə maddi sübut əhəmiyyətli olduğundan, maddi sübut kimi tanınmışdır. İş üzrə olan təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə, "hadisə yerinə baxış keçirilməsi haqqında" "videoyazıya baxış keçirilməsi haqqında", "ifadenin yerində yoxlanılması" haqqında protokollar, ekspertiza rəyi, digər istintaq hərəkətlərinin protokollari və əhəmiyyət kəsb eden sənədlər istintaq materialları ilə ziddiyyət təşkil etmədiyindən sübut növü kimi qəbul edilmişdir. (i.v. 121-133) Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir, əməlindən peşmandır, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun sağlamlığına dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət, tələbi yoxdur və onlar artıq barışmışlar. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CMin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 65 (altmış beş) saata görə 390 (üç yüz doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** olan hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar