Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-283/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əliağa oğlunun iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, Beyləqan rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin İlkin Səhiyyə Xidmətləri şöbəsində şöbə müdiri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2də “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 29,178.2.3, 29,178.2.4, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməyə cəhd etmiş, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektorunun xx.xx.2012-ci il tarixli 68-K nömrəli və xx.xx.2021-ci il tarixli 179-K nömrəli əmrləri ilə 2012-ci il tarixdən həmin İnstitutun mamalıq və ginekologiya kafedrasında professor vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə elmi dərəcə almasına köməklik etmək məqsədilə 2021ci ilin may ayında özünə müraciət etmiş tanışı Zərərçəkmiş şəxs özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan suiistifadə edərək Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə onun 2018-ci ildə müdafiə etdiyi dissertasiya işi üzrə Ali Attestasiya Komissiyası tərəfindən elmi dərəcə almasını təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni onun elmi dərəcə alması üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 13.000 (on üç min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin iyun ayı ərzində ünvan 3 ünvanında yerləşən Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunda görüşləri zamanı Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 2021-ci ilin iyun ayının əvvəlində Bakı şəhəri Nəsimi rayonu ərazisində «M.Əcəmi» metrostansiyası yaxınlığında müvəqqəti kirayədə yaşadığı evdə öncədən razılaşdıqları məbləğ üzrə Zərərçəkmiş şəxs ilkin olaraq şəxsən 8.000 manat, bir neçə gün sonra eyni niyyətlə ünvan 4 ünvanında cinayətdən xəbərsiz olan Şahid vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus 2.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 10.500 (on min beş yüz) manat pul vəsaitini vahid niyyətlə ələ keçirib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Zərərçəkmiş şəxs aldadıldığını başa düşərək razılaşdırılmış 13.000 manat məbləğində pul vəsaitinin qalan hissəsini ona verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib sonuncuya məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 13.000 (on üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 29, 178.2.3, 29, 178.2.4, 178.2.3 və 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs CM-in 29,178.2.3, 29,178.2.4, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında, cəhdə görə isə 10% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək hazırda onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirdi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4, 13 və 30-cu hissəsi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb üzərində 01 il 04 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdiririlib hökmlə təyin edilmiş əsas cəza 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılıb və üzərində 02 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 29) “Qətimkan tədbiri seçilməsi haqqında” 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 172-173) İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyanı tamamilə ödədiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, habelə dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 8771 nömrəli "xxxx" ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2878 manat Maliyyə Nazirliyi – X1 ödənilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığı və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi, başa çatmayan cinayətə görə isə on faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən, bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i və başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın 10%-i miqdarı miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncuların Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 29,178.2.3, 29,178.2.4, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut, mülki iddia, həmçinin məhkəmə məsrəfləri yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əliağa oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əliağa oğluna məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə və 72-ci maddənin qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.3, 29,178.2.4, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əliağa oğluna məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-283/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-283/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver