Məhkəmə qərarları › İş №1(004)-284/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-284/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-284/2025 04.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X2, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında Xəzər RPİ-nin inzibati binasında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdir. Belə ki, o, 11 fevral 2025-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,486 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən o, 12 fevral 2025-ci il tarixdə saat 10:00-da ünvan 3 ünvanının qarşısında şübhəli bilindiyindən saxlanılaraq, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət edilmiş və həmin gün 26-cı Polis Bölməsinin inzibati binasında saat 11:45-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,486 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisidir, psixotrop maddə metamfetamin istifadə edir, onu narkotik vasitə istifadə etməyə heç kim məcbur etmir, belə ki, 11 fevral 2025-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 10 manat pulun müqabilində 01 büküm psixotrop maddə metamfetamin almış, istifadə etmək üçün həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibində gizlətmiş, həmin gün, yəni 12 fevral 2025-ci il tarixdə, saat 10:00-da ünvan 3 ünvanının qarşısında olarkən, iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşlarını olduqları bildirib ona suallar verdikdə həmin vaxtı onun üzərində 01 büküm psixotrop maddə metamfetamin olduğu üçün qorxduğundan özünü şübhəli aparmağa başlamış, polis əməkdaşlarının suallarına qeyri-səmimi cavab vermiş, bu hal polis əməkdaşlarının diqqətini cəlb etdiyi üçün onu Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmiş, o da etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə yollanmış, yolda olarkən xidməti avtomobildə polis əməkdaşlarından birinin diqqəti onun üzərində olduğu üçün o, üzərində saxladığı, içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü özündən kənara atmaq imkanı olmamış, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində onun hüquqlarının müdafiə olunmasından ötrü vəkil dəvət olunaraq ona təqdim edilmiş, o, həmin vəkilə hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirmiş, sonra Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ildə şübhəli şəxs qismində tutularaq, şübhəli şəxs qismində tutma haqqında qərarla tanış edilmiş, sonra polis əməkdaşları vəkilin, tərcüməçinin və bir nəfər qadın iştirakçının iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməyini təklif etmişlər, o, artıq ifşa olunduğunu başa düşərək, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, qızılı rəngli kağıza bükülmüş, içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmiş, o, həmin bükümün içərisində «patı» kimi tanıdığı, psixotrop maddə metamfetamin olmasını, həmin narkotik vasitəni saxlanılmazdan əvvəl, yəni 11 fevral 2025-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 10 manat pulun müqabilində alıb üzərində saxladığını bildirmiş, sonra üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, onun təqdim etdiyi 01 ədəd büküm açılıb baxış keçirildikdə içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik maddə olması aşkar edilmiş, həmin büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüş, həmin zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, sonra onun üzərinə şəxsi axtarış aparılması haqqında protokol tərtib edilərək iştirakçılar və onun tərəfindən imzalanmışdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin baş əməliyyat müvəkilli, polis kapitanı Şahid1 istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, 12 fevral 2025-ci il tarixdə, saat 10:00-da o, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə ünvan 6 ünvanda xidmət apararkən bir nəfər qadın cinsli şəxsin özünü şübhəli aparmasını diqqətini çəkdiyi üçün həmin şəxsə yaxınlaşıb, özlərini təqdim edərək narkotik vasitələrin istifadəsində şübhəli bildiklərinə görə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər, həmin şəxs buna etiraz etməyib, onlarla birlikdə 26-cı Polis Bölməsinə gəlmiş, Polis Bölməsinə gəldikdə həmin şəxsin xx.xx.2004-cü ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında Xəzər RPİ-nin inzibati binasında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, sonra Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmiş, sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızılı rəngli kağız büküm açılıb içərisinə baxış keçirilərkən içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə mənzər maddə olması aşkar edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində «patı» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni saxlanılmazdan əvvəl, yəni 11 fevral 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» deyilən ərazidən üz tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızılı rəngli kağız büküm sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd ağ rəngli kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılıb möhürlənərək götürülmüş, həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməliyyat müvəkilli, polis leytenantı Şahid2 cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 24-cü vərəqəsində olan 12 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 83-84-cü vərəqələrində olan “təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” Yasamal rayonu prokuroru Elman Süleymanovun 14 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 85-86-cı vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında 14 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 48-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-6/644/2025 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində “...Şübhəli şəxs (imza)...” sözləri yazılmış zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,486 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə memamfetamindir. Cinayət işinin 49-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 81 (səksən bir) manat təşkil etmişdir. Cinayət işinin 114-121-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,436 qram çəkidə olan psixotrop maddə-metamfetamin və 01 (bir) ədəd DVD disk sübut kimi tanınmış, psixotrop maddə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 823 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opiolidlərin və Psixotimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dipanser qeydiyyatındadır. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edir, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızılı rəngli kağız büküm açılıb içərisinə baxış keçirilərkən içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotrop maddə metamfetaminə mənzər maddə olması aşkar edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində «patı» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni saxlanılmazdan əvvəl, yəni 11 fevral 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Nəsimi rayonunda yerləşən «Kubinka» deyilən ərazidən üz tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını bildirir, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilmir, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızılı rəngli kağız büküm sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd ağ rəngli kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılıb möhürlənərək götürülür, həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Cinayət işinin materiallarında olan tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş və Yasamal Rayon Məhkəməsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(004)- 284/2025 saylı cinayət işinin icraatı təzələnmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 12 fevral 2025-ci il tarixdən 14 fevral 2025-ci il tarixədək 02 (iki) gün, 23 iyul 2025-ci il tarixində 01 (bir) gün, ümümilikdə isə 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx.xx.2025-ci il tarixli, 823 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun 27 may 2024-cü il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dipanser qeydiyyatında olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,436 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 fevral 2025-ci il tarixdən 14 fevral 2025-ci il tarixədək 02 (iki) gün, 23 iyul 2025-ci il tarixində 01 (bir) gün, ümümilikdə isə 03 (üç) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və və onun 27 may 2024-cü il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dipanser qeydiyyatında olması nəzərə alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,436 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar