Məhkəmə qərarları › İş №1(004)-285/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-285/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-285/2022 20.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Ağababa oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 dekabr 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 31/38 nömrəli binada yerləşən "xxxx" MMC-nin ofisinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 məxsus 1200 manat dəyərində “HP Envy 15k253ur” markalı kompüteri və 150 manat dəyərində kompüter çantasını gizli olaraq talamaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1350 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 80 saylı binada yerləşən “Mega City” idman kompleksində olan Zərərçəkmiş şəxs3 iş otağına qanunsuz daxil olmaqla oradan sonuncuya məxsus daxilində 150 manat dəyərində 050 ***-**-** nömrəsi olan, üzərində 30 manat dəyərində qoruyuçusu olan 370 manat dəyərində Samsung A02 markalı mobil telefonu tamah məqsədi ilə gizli olaraq talamaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 550 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanda yerləşən informasiya kommunikasiya texnologiyaları laboratoriyasının tədris otağından vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 1600 manat dəyərində “Acer Nitro 5 AN515-55-53 AG” markalı kompüteri gizli olaraq talamaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ailəli olmaqla himayəsində 1 azyaşlı uşağı olmuşdur. 2021-ci il axırlarında onun uşağı ağır xəstəliyə tutulmuş və bu səbəbdən onun pula ehtiyacı yaranmışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində pula ehtiyacı olduğu üçün oğurluq etmək məqsədi ilə ünvan 3 ünvanında yerləşən üzərində «Tədris kursları» yazılmış ofisə daxil olmuş, otaqlardan birini qapısının açıq olduğunu və içəridə heç kəsin olmadığını görüb həmin otağa daxil olub masanın üzərində “HP" markalı komputeri görüb onu götürüb yanındakı çantaya qoyub oradan çıxmışdır. Bundan bir müddət sonra həmin komputeri bir necə gün əvvəl yerdən tapdığı Şahid4 Etibar oğluna məxsus olan hərbi biletlə Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən komputer təmiri mağazasna yaxınlaşıb 400 manata satmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixdə oğurluq etmək məqsədi ilə Z.Xəlilov küçəsi 80 ünvanında yerləşən “Mega City” idman sağlamlıq mərkəzinə daxil olaraq guya mərkəzin şəraiti ilə maraqlanmaq istədiyini bildirib, 2-ci mərtəbəyə qalxmış, orada heç kimin olmadığını görüb masanın üzərində olan “SamsungA02” markalı mobil telefonu götürərək oradan çıxmışdır. Oğurladığı mobil telefonu həmin gün Nəsimi rayonun ərazisində yerləşən “Şamaxinka” adlanan yerdə olan mobil telefon mağazasına gedib X3 adına olan şəxsiyyət vəsiqəsini göstərərək özünün şəxsiyyət vəsiqəsi olduğunu deyib 70 manata onlara satmışdır. X5 məxsus şəxsiyyət vəsiqəsi isə o bir müddət əvvəl yerdən tapmışdır. Bundan əlavə xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsi 75 saylı ünvanda yerləşən ATS-ni inzibati binasına daxil olub kursla bağlı maraqlanmaq istədiyini söyləyib binanın 3-cü mərtəbəsindəki kurs keçirilən yerə baxmışdır. Orada otaqlardan birinin qapısının açıq olduğunu və otağın içərisində olan masanın üzərində “Acer” markalı komputerin olduğunu görüb həmin kompüteri götürüb əynindəki gödəkçənin arxasında gizlədərək binadan çıxmışdır. Həmin gün kompüteri aparıb Nəsimi rayonu, “28 may” adlanan yerdə Şahid4 Etibar oğlunun adına olan sənədlə 500 manata satmışdır. Qeyd olunan telefon və kompüterləri satdıqdan sonra əldə etdiyi pulları xəstə uşağının dərmanlarına və öz şəxsi ehtiyaclarına xərcləmişdir. Yekun olaraq o həbsdə olduğu üçün zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəyə bilmədiyini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, təxminən iki aydır ki, ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeçiliyində olan laboratoriyada yerləşən tədris kursunda proqramlaşdırma üzrə kursa gedir. Həmin kursa özünə məxsus «Acer Nitro 5 AN515-55-53 AG» markalı kompüterinidə aparırmış. xx.xx.2022-ci il tarixdə o, səhər saatlarında yenidən tədris üçün kursa gəlmişdir. Özünə məxsus kompüterini işə salmış və kursda qeydlərini aparmışdır. Saat təxminən 15 radələrində o, özünə məxsus kompüteri sinif otağında qoyaraq yaxınlıqda yerləşən mağazaya getmişdir. Təxminən 5-10 dəqiqə sonra geri qayıtdıqda sinif otağında özünə məxsus kompüterin olmadığını aşkar etmişdir. Bundan sonra o, baş vermiş hadisə barəsində DİN-nin 102 xidmərinə zəng vurub məlumat vermişdir. O, oğurlanmış «Acer Nitro 5 AN515-55-53 AG» markalı kompüteri hadisə baş verməmişdən təxminən 3 ay əvvəl 1600 manata almışdır. Bu səbəbdən oğurluq hadisəsi nəticəsində ona 1600 manat məbləğində maddi ziyan dəymişdir. Yekun olaraq o Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Ağababa oğlu ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanda yerləşən “Mega City” idman sağlamlıq mərkəzinin direktorudur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində bir nəfər müştəri qismində olan şəxs kompleksə daxil olaraq oranın şəraiti ilə tanış olmaq istəmişdir. Bu zaman o, özünə məxsus 550 manata almış olduğu “Samsung A02” markalı mobil telefonunu sağlamlıq mərkəzində olan şəxsi otağında masanın üzərində qoyub oradan çıxmış və ona kompleksi göstərmişdir. Bir müddət sonra onun diqqəti yayınmış və həmin şəxs özü kompleksi gəzməyə başlamışdır. Təxmiən 5-10 dəqiqə sonra o, öz otağına keçən zaman ona məxsus «Samsung A02» markalı mobil telefonunun yerində olmadığını aşkar etmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 550 manat maddi ziyan dəymişdir. Son olaraq bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməsədə ona qarşı heç bir şikayəti və tələbi yoxdu, onunla barışmışdır, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 125-126 və 190-191-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, təxminən 10 ildir ki, ünvan 6 ünvanda yerləşən "xxxx" MMCnin ofisində işləyir. Həmin ofisdə musiqi dərnəyi və tikinti layihələrinin icrası işləri həyata keçirilir. Onunda həmin ofisdə şəxsi otağı vardır. Adətən otaqdan çıxdıqdan sonra o, öz xidməti otağını bağlayır. Lakin gün ərzində yaxın məsafələrə gedən zaman öz otağını bağlamır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində otağından çıxmış, həmişəki kimi özünə məxsus bir ədəd «HP Envy 15k253ur» markalı kompüterimi otaqda qoymuşdur. Gedəcəyi yer qısa məsafədə olduğu üçün o, otağının qapısını kilidləməmişdir. Həmin gün işləri çox olduğuna görə saat 22 radələrində işlədiyi ofisə qayıtmışdır. İş otağına daxil olan zaman özünə məxsus «HP Envy 15k253ur» markalı notebokun masamın üzərində olmadığını görmüşdür. Bundan sonra o, kompüterinin naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. Həmin kompüterin içərisində ona məxsus şəxsi məlumatlar, həmçinin işi ilə əlaqəli məlumatlar olmuşdur. ünvan 7 ünvanda yerləşən "xxxx" MMC-nin ofisində olan iş otağına otağa kənar şəxslərin girişi qadağandır. Məhkəməəmtəəşünaslıq ekspertizasında göstərilən qiymətlə razıdır. Oğurlanmış «HP Envy 15k253ur» markalı kompüterin dəyərini ilikn ifadəsində 3200 manat qiymətləndirmiş, lakin 2 il istifadə etmiş, oğurlanan an onun 1200 manat ola bilər. «HP Envy 15k253ur» markalı kompüter ilə birlikdə oğurlanmış kompüter çantasını təzə almışdır, az istifadə olunmuş, həmin çantanı 150 manat qiymətləndirir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, o, ünvan 8 ünvanda yerləşən obyektdə kompyuter təmiri və reklam işi ilə məşğuldur. xx.xx.2021-ci ildə axşam saatlarında iş yerində olan zaman bir nəfər ona yaxınlaşaraq özünə məxsus “HP” markalı kompüteri və həmin kompütera aid çantanı pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, həmin kompüterə baxıb həmin şəxsdən neçəyə satdığını soruşmuş, o, 500 manata satdığını bildirmişdir. O, həmin şəxsə satdığı kompüteri 400 manat ala biləcəyini bildirmiş və onlar razılaşmışdır. Bundan sonra ondan sənəd istəmiş və o, Şahid4 adına olan hərbi bileti təqdim edərək Orxan olduğunu bildirmişdir. O, ondan soruşmuşdur ki, hərbi biletdə olan şəkil ona oxşamır, həmin şəxs isə cavabında şəkili çoxdan, yəni gənc yaşlarında çəkildini, ona görədə indi ki vəziyəti ilə şəkil arasında fərgin olduğunu bildirmişdir. O, buna inanıb 400 manat pulu ona ödəmiş və təqdim etdiyi sənədin surətini çıxararaq hərbi bileti özünə qaytarmışdır. Çıxarılmış hərbi biletin üzərində Orxan kimi təqdim edən şəxs öz xətti ilə müvafiq qeydlər aparmış və həmin kağızı o, özündə saxlamışdır. Bundan təxminən 2 gün sonra aldığı kompüteri çantala ilə birlikdə tanımadığı şəxsə 480 manata satmışdır. Bir müddət sonra ona Yasamal RPİ-nin 28-ci PB-nin polis əməkdaşlarından məlum olmuşdur ki, aldığı kompüter oğurluq yolu əldə edilmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Şamaxinka adlanan ərazidə mobil telefonların və aksesuarlarının alqı-satqısı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə işdə olan zaman mağazaya bir nəfər şəxs müştəri qismində daxil olaraq özünə məxsus “Samsung A02” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Bu zaman o, həmin şəxsdən telefonu götürmüş və texniki vəziyyətdən işlək olduğunu bildikdən sonra 70 manata ala biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxsə telefonu ona məxsus sənəd təqdim etməsini xahiş etmiş, həmin şəxs ona üzərində olan bir ədəd şəxsiyyət vəsiqəsini təqdim etmişdir. O, şəxsiyyət vəsiqəsinə baxmış, orada olan anket məlumatları müştəri ilə dəqiqləşdirmişdir. Sonradan şəxsiyyət vəsiqəsinin kserosurətini çıxartmış və həmin kserosurətdə müvafiq imzalar etməsini xahiş etmişdir. Bu zaman ona mobil telefonu satan şəxs etiraz etməmiş və öz xətti ilə orada qeydiyyatlarını aparmışdır. O, şəxsiyyət vəsiqəsində X7 göstərilən şəxsdən mobil telefonu almış və təxminən 1 gün sonra həmin telefonu 95 manata satmışdır. Aradan təxminən 10 gün keçdikdən sonra işdə olan zaman polis əməkdaşları gəlmişlər və bu zaman ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə aldığı “Samsung A02” markalı mobil telefon oğurluq olmuşdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid4 Ehtiram оğlu ifаdəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. X8 onun qohumudur. O, özünə məxsus “Chevrolet” markalı ** VU *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2021-ci il tarixdə idarə etmək üçün ona vermişdir. O, öz şəxsi işləri ilə məşğul olduqdan sonra həmin gün axşam radələrində ona zəng vuraraq avtomobilindən qeydiyyat şəhadətnaməsi, sürücülük vəsiqəsi, hərbi bilet, xarici passport və həyat yoldaşı X9 məxsus sürücülük vəsiqəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra o, qohumu Elvinə baş vermiş hadisə barədə polisə müraciət etməsini xahiş etmişdir. O, bundan sonra ərazi üzrə Nəsimi RPİ-nin 20-ci PB-nə ərizə ilə müraciət etmişdir. 05 mart 2022-ci il tarixdə ona Yasamal RPİ-dən zəng vuruldu və Təqsirləndirilən şəxs adlı şəxsin onun sənədlərindən istifadə edərək iki ədəd kompüter satdığını bildirib onu RPİ-nə dəvət etmişlər. Nəsimi RPİnə gəldikdən sonra o, həmin şəxsi tanımadığını, əvvələr heç bir münasibətin olmadığını bildirmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid5 оğlu ifаdəsində göstərmişdir ki, 2011-cü ildən DSX-də xidmət edir. 04 mart 2022-ci il tarixdə ona Yasamal RPİ-dən zənq olunaraq Təqsirləndirilən şəxs adlı şəxsin onun şəxsiyyət vəsiqəsindən istifadə edərək mobil telefon satdığını bildirmişlər. Bundan sonra o, həmin şəxsi tanımadığı bildirmiş və idarə etdiyi “KİA” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanç yerinə baxdıqda özünə məxsus şəxsiyyət vəsiqəsinin orada olmadığını müəyyən etmişdir. Lakin həmin şəxsiyyət vəsiqəsinin hansı şəraitdə götürülməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs tanımır, əvvələr heç bir münasibəti olmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid3 оğlu ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 133-134-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu 28 may metrosu yaxınlığında mobil telefonların və kompüterlərin təmiri ilə məşqul olur. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində işdə olan zaman mağazaya bir nəfər şəxs, müştəri qismində daxil olaraq özünə “Acer” markalı kompüterini satmaq istədiyini bildirmişdir. Bu zaman o, həmin kompüteri götürüş və texniki vəziyyətdən işlək olduğunu bildikdən sonra 500 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxsə kompüuteri ona satması barədə sənəd təqdim etməsini xahiş etmişdir. Həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını lakin xarici passportun olduğunu bildirmişdir. O, pasportuna baxdıqdan sonra həmin şəxsin Şahid4 Etibar oğlu olduğunu müəyyən etmişdir. Həmin sənədin surətini çıxartmış və orada kompüteri satması ilə bağlı qeydlərini aparmasını xahiş etmişdir. Həmin şəxs qeydlərini apardıqdan sonra o, ona 500 manat pul vermişdir. Həmin kompüteri “lalafo.az” saytına qoyaraq 600 manata satmışdır. Təxminən 2 gün sonra işdə olan zaman iş yerinə polis əməkdaşları gəlmişlər və bu zaman ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə aldığı “Acer” markalı kompüter oğurluq olmuşdur. O, polis əməkdaşları ilə Yasamal RPİ-nin 28-ci PB-nə gəlmiş və orada ona Şahid4 sənədi ilə kompüter satan şəxsin Təqsirləndirilən şəxs olduğunu və həmin kompüteri xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisində oğurladığını öyrənmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 binada yerləşən “Mega City” idman kompleksində olan Zərərçəkmiş şəxs3 iş otağı olduğu müəyyən olunmuşdur. (i.v. 8-11) “Baxış keçirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanda yerləşən informasiya kommunikasiya texnologiyaları laboratoriyasının tədris otağı olduğu müəyyən olunmuşdur. (i.v. 15-17) “Maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 üzərində «Mən özümə məxsus olan Acer Nitro markalı notbuku öz xoşumla satdım, oğurluq olmadığı, öz xoşumla təstid edirəm» sözləri yazılmış və imzalanmış Şahid4 Etibar oğlunun adma olan pasportun surəti tərəfindən götürülmüş və araşdırma materiallarına əlavə edilmişdir. (i.v. 26-27) “Maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 üzərində «Mən Şahid4 Etibar oğlu öz imzamla təsdiq edirəm HP 15 markalı noutbuq mənə məxsusdur bu noutbuku Şahid1 400 manata satdım, imza, xx.xx.2021, Te. *** *** ** **» sözləri yazılmış və imzalanmış Şahid4 Etibar oğlunun adıma olan hərbi biletin surətini təqdim etdiyindən tərəfindən götürülmüş və araşdırma materiallarına əlavə edilməlmişdir. (i.v. 31-32) “Maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında” 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 üzərində «Mənə məxsus olan Samsung A 02 telefonumu 70 manat məbləğində satdım, xx.xx.2022 352.583.799-177.505-01 öz imzamla təstiq edirəm, *** *** ** **» sözləri yazılmış və imzalanmış Şahid5 adma olan şəxsiyyət vəsiqəsinin surətini təqdim etdiyindən tərəfindən götürülmüş və araşdırma materiallarına əlavə edilmişdir. (i.v. 36-37) “Baxış keçirilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, M.Seyidov küçəsi, 31/38 nömrəli binada yerləşən "xxxx" MMC-nın ofisində olan Zərərçəkmiş şəxs2 iş otağı olduğu müəyyən olunmuşdur. (i.v. 108-109) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli, 9/1250 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların mobil telefonun komplektləşdirilməsinə daxil olan aksessuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri aydada təxminən 2550.0 manat müəyyən edilir. O, cümlədən:

1. 01 ədəd Samsung A02 markalı mobil telefon - 150.0 manat;

2. 01 ədəd Acer Nitro 5 AN515-55-53 AG markalı kompüter -1200,0 manat;

3. 01 ədəd HP Envy 15k253ur markalı kompüter - 1200,0 manat müəyyən edilmişdir. (i.v. 158-160) “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 13 may 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid1 tanınmaya təqdim edilmiş şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq xx.xx.2021-ci il tarixdə özünü Şahid4 kimi təqdim edərək ona bir ədəd “HP” markalı kompüteri və 01 ədəd çantanı satmasını bildirmişdir. (i.v. 200-201) “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 13 may 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid2 tanınmaya təqdim edilmiş şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq xx.xx.2022-ci il tarixdə özünü X1 təqdim edərək ona bir ədəd “Samsung A02” markalı telefonu satmasını bildirmişdir. (i.v. 203-204) “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 13 may 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Şahid3 tanınmaya təqdim edilmiş şəxslərin arasından Təqsirləndirilən şəxs tanıyaraq xx.xx.2022-ci il tarixdə özünü Şahid4 kimi təqdim edərək ona bir ədəd “Acer Nitro” markalı kompüteri satmasını bildirmişdir. (i.v. 206-207) “Sübutların qiymətləndirilməsi haqqında” 13 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Şahid3 götürülmüş üzərində “Mən özümə məxsus olan Acer Nitro markalı notbuku öz xoşumla satdım, oğurluq olmadığı, öz xoşumla təstid edirəm” sözləri yazılmış və imzalanmış Şahid4 Etibar oğlunun adma olan pasportun surəti, Şahid1 götürülmüş “Mən Şahid4 Etibar oğlu öz imzamla təsdiq edirəm HP 15 markalı noutbuq mənə məxsusdur bu noutbuku Şahid1 400 manata satdım, imza, xx.xx.2021, Те. *** *** ** **” sözləri yazılmış və imzalanmış Şahid4 Etibar oğlunun adma olan hərbi biletin surətin və Şahid2 götürülmüş üzərində “Mənə məxsus olan Samsung A 02 telefonumu 70 manat məbləğində satdım, xx.xx.2022 352.583.799-177.505-01 öz imzamla təstiq edirəm, *** *** ** **” sözləri yazılmış və imzalanmış Şahid5 adma olan şəxsiyyət vəsiqəsinin surəti cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsiə kömək edən sənədlər olduğu nəzərə alınaraq iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş üzrə dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirdirən ifadələri, hadisə yerlərinə keçirilmiş baxış, maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında, şəxsin tanınması haqqında protokollarla, maddi sübutlar, məhkəməəmtəəşünaslıq ekspertizanın rəyi, eləcə də tələb edilib cinayət işinə əlavə edilmiş digər sənədlər cinayət işinin faktiki hallarına uyğun olmaqla obyektiv həqiqəti əks etdirdiyindən və ibtidai istintaqla toplanmış digər sübutlarla təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmiş və iş üzrə toplanılmış həmin sübutlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən kifayət hesab edilmişdir. (i.v. 209-220) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 47) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 4(004)- 27/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 91-94) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2020ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 143) Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(012)-30/2020 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 04 gün müddət nəzərə alınmış, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v. 151-156) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CMnin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 Ağababa oğlunun onunla barışmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; CM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 12 yanvar 2022-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Şahid3 götürülmüş üzərində “Mən özümə məxsus olan Acer Nitro markalı notbuku öz xoşumla satdım, oğurluq olmadığı, öz xoşumla təstid edirəm” sözləri yazılmış və imzalanmış Şahid4 Etibar oğlunun adına olan pasportun surəti, Şahid1 götürülmüş “Mən Şahid4 Etibar oğlu öz imzamla təsdiq edirəm HP 15 markalı noutbuq mənə məxsusdur bu noutbuku Şahid1 400 manata satdım, imza, xx.xx.2021, Te. *** *** ** **” sözləri yazılmış və imzalanmış Şahid4 Etibar oğlunun adına olan hərbi biletin surətin və Şahid2 götürülmüş üzərində “Mənə məxsus olan Samsung A 02 telefonumu 70 manat məbləğində satdım, xx.xx.2022 352.583.799-177.505-01 öz imzamla təstiq edirəm, *** *** ** **” sözləri yazılmış və imzalanmış Şahid5 adına olan şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Şahid3 götürülmüş üzərində “Mən özümə məxsus olan Acer Nitro markalı notbuku öz xoşumla satdım, oğurluq olmadığı, öz xoşumla təstid edirəm” sözləri yazılmış və imzalanmış Şahid4 Etibar oğlunun adına olan pasportun surəti, Şahid1 götürülmüş “Mən Şahid4 Etibar oğlu öz imzamla təsdiq edirəm HP 15 markalı noutbuq mənə məxsusdur bu noutbuku Şahid1 400 manata satdım, imza, xx.xx.2021, Te. *** *** ** **” sözləri yazılmış və imzalanmış Şahid4 Etibar oğlunun adına olan hərbi biletin surətin və Şahid2 götürülmüş üzərində “Mənə məxsus olan Samsung A 02 telefonumu 70 manat məbləğində satdım, xx.xx.2022 352.583.799-177.505-01 öz imzamla təstiq edirəm, *** *** ** **” sözləri yazılmış və imzalanmış Şahid5 adına olan şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X6, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar