Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-285/2023 29.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-192/2023 saylı 28 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək (sübhəli şəxs kimi tutulduğu 2 gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla) qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu «Sabunçu bazarı» adlanan ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,450 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımışdır. 21 yanvar 2023-cü il tarixdə saat 05:40 radələrində ünvan 2 ünvanında yerləşən 2-ci Fəxri Xiyabana gələrək məzarların üzərinə qoyulmuş 20 ədəd qərənfil güllərini oğurlayıb oradan uzaqlaşan zaman həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə Polisinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindəki bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 1.450 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. 10 və 11 yaşlarında iki qız övladı vardır. Təxminən 5 il olar ki, narkotik vasitələrdən istifadə edir. Daha əvvəl oğurluq törətdiyi və narkotik vasitə istifadə etdiyinə görə məhkum edilmişdir. Heç bir yerdə işləmir. Müxtəlif vaxtlarda ünvan 4 ünvanında yerləşən 2-ci Fəxri Xiyabandakı məzarların üzərinə qoyulmuş gülləri oğurlayaraq tanımadığı şəxslərə sataraq Sabunçu rayonunda yaşayan Elnur adlı şəxsdən öz şəxsi istifadəsi üçün narkotik vasitə alaraq istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 05:40-da ünvan 5 ünvanda yerləşən 2-ci Fəxri Xiyabandakı məzarların üzərinə qoyulmuş gülləri oğurlayaraq gedən zaman Fəxri Xiyabanın mühafizəçisi onu saxlayaraq Yasamal rayon Mühafizə İdarəsinin polis əməkdaşlarına təhvil vermişdir və polis əməkdaşları onu 28-ci PB-nə dəvət etmişlər. Polis bölməsinə gətirilərkən polis əməkdaşları onu sorğu-sual edərək gülləri niyə oğurladığını soruşduqda bildirmişdir ki, müxtəlif vaxtlarda həmin qəbiristanlıqdakı məzarların üzərindən gülləri oğurlayaraq satıb əldə etdiyi pula öz istifadəsi üçün narkotik vasitə almışdır. O, polis bölməsinə gətirildikdən sonra müdafiəçi dəvət edilmiş və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual verilmişdir. O, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonunda yaşayan əvvəllər də narkotik vasitə aldığı Elnur adlı şəxsdən bir büküm narkotik vasitə olan heroin alıb, daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. Üzərində olan narkotik vasitənin aşkar olacağını başa düşdüyü üçün özü əynində olan göy rəngli şalvarının sağ yan cibində saxladığı içərisində narkotik maddə heroin olan bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman onun içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin vaxt polis əməkdaşları həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini ondan soruşduqda bildirmişdir ki, həmin bükülüdə olan maddə kokos kimi bildiyi narkotik vasitə olan heroindir. Həmin maddəni, o, xx.xx.2023-ci il tarixdə axşam saatlarında Sabunçu bazarı adlanan ərazidə Elnur adlı üzdən tanıdığı, lakin soyad, ata adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. O, narkotik vasitə aldığı Elnur adlı şəxsi ətraflı tanımır, onun Sabunçu rayonu ərazisində yaşadığını bilir. Əvvəllər də ondan narkotik vasitə almışdır. Narkoloji dispanserdə qeydiyyatda deyildir. Əldə eldiyi narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamışdır. Xəstə olduğuna görə həmin narkotik vasitəni alaraq sonradan istifadə etmək uçün üzərində saxlamışdır. Oğurladığı gülləri yolun kənarında dayanaraq tanımadığı şəxslərə 1 manata satmışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özünün qəbul etməsi üçün almışdır. Üzərində aşkar olunmuş narkotik vasitə heroini də şəxsi istifadəsi üçün almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, səmimi olaraq etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayonu Mühafizə İdarəsində mülki mühafizəçi işləyir və ünvan 2 ünvanında yerləşən 2-ci Fəxri Xiyabanda mühafizə xidməti aparır. xx.xx.2023cü il tarixdə 2-ci Fəxri Xiyabanda gecə növbəsində olmuşdur. Həmin gün səhərə yaxın saat 05:40 radələrində 2-ci Fəxri Xiyabanda xidmətdə olarkən şəhid X2 məzarı üzərindən bir nəfər şəxsin qərənfil güllərinin oğurlamasını müşahidə edib gizlincə ona yaxınlaşıb saxlamışdır. Dərhal Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsininin növbətçi hissəsinə məlumat vermiş, növbətçi hissədən ona bildirilmişdir ki, yaxınlıqdakı mühafizə xidmətinin əməkdaşlarına məlumat veriləcəkdir. Gülləri oğurlayan şəxsi 2-ci Fəxri Xiyabanda yerləşən mühafizə məntəqəsinə gətirmişdir. 2-3 dəqiqə keçməmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində 2638 saylı avtomarşrutla xidmət aparan polis nəfərləri Şahid2 və Şahid3 məntəqəyə gəlmişlər və məntəqədə məlum olmuşdur ki, şəhid X2 məzarı üzərindən qərənfil güllərini oğurlayan şəxs xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur və Maştağa qəsəbəsi sakinidir. Həmin məzarın üzərindən oğurladığı qərənfil güllərini saydıqda 20 ədəd olmasını aşkar etmişdir. O, Təqsirləndirilən şəxs və 20 ədəd qərənfil güllərini polis nəfərləri Şahid2 və Şahid3 təhvil vermişdir. Onlar da Təqsirləndirilən şəxs xidməti avtomobillərinə mindirib Yasamal RPİ-nin 28-ci PB-nə aparıb təhvil vermişlər. O, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs üzərinə polis bölməsində şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 polis serjantı rütbəsində Bakı şəhəri Yasamal Rayonu Mühafizə İdarəsinin polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə gecə növbəsində iş yoldaşı polis nəfəri polis serjantı Şahid3 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində 2638 saylı avtomarşrutla xidmət apararkən təxminən saat 05:40-da Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsininin növbətçi hissəsindən radiostansiya vasitəsilə məlumat verilmişdir ki, xidmət etdikləri ərazidə ünvan 2 ünvanında yerləşən 2-ci Fəxri Xiyabanda mülki mühafizə əməkdaşı məzarın üzərindən qərənfil göüllərini oğurlayan şəxsi saxlamışdır. Dərhal 2-ci Fəxri Xiyabanda xidmət aparan mülki mühafizəçi Şahid4la əlaqə saxlayıb 2-ci Fəxri Xiyabana getmişlər. Oradan da 2-ci Fəxri Xiyabanda yerləşən mülki mühafizə xidmətinin məntəqəsinə getmişlər. Orada xidmətdə olan mülki mühafizəçi Şahid4 məzarın üstündən qərənfil güllərini oğurlayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs saxlamışdır və Təqsirləndirilən şəxs da 2-ci Fəxri Xiyabanda qərin üzərində 20 ədəd qərənfil güllərini oğurladığını etiraf elmişdir. Təqsirləndirilən şəxs qəbrin, yəni məzarın üzərindən oğurladığı 20 ədəd qərənfil gülləri ilə birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən tərəflərindən sorğu-sual edilən zaman, o, əvvəllər narkotik vasitələrin aludəçisi olduğunu bildirmişdir. Bu barədə 28-ci Polis bölməsinin rəhbərliyinə baş vermiş hadisə ilə əlaqədar raport yazaraq Təqsirləndirilən şəxs qəbrin üzərindən oğurladığı 20 ədəd qərənfil gülləri ilə birlikdə həmin Polis bölməsinin növbətçi hissəsinə təhvil vermişlər və xidmətlərinə davam etmişdirlər, lakin Təqsirləndirilən şəxs 2-ci Fəxri Xiyabanda qərənfil güllərini hansı məzarın üzərindən oğurladığını, o və Şahid3 orada bilməmişdirlər. Sonradan ona və iş yoldaşı Şahid3 məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə polis bölməsində şəxsi axtarış aparılarkən üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 21 yanvar 2023-cü il tarixdə saat 05:40-da Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən 2-ci Fəxri Xiyabandakı məzarların üzərinə qoyulmuş gülləri oğurlayıb oradan uzaqlaşan zaman Fəxri Xiyabanın mühafizəçiləri tərəfindən saxlanılmış və Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən oğurladığı güllər ilə birlikdə Yasamal RPİ-nə 28-ci PB-nə gətirilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edilərək şəxsin üzərində xx.xx.2023-cü il tarixdə saat 07:05-də şəxsi axtarışın aparılacağını elan edərək axtarışın “İphone X’’ markalı mobil telefon vasitəsi ilə qeydə alınacağını bildirərək bununla əlaqədar vəsatət və şikayətin olubolmamağı barədə soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar heç bir vəsatət və etirazlarının olmadığını bildirmişdirlər. Baş təhqiqatçı Nicat Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs Azər oğluna Azərbaycan Respublikası Cinavəl-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirmişdir, bundan sonra Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını, hansı səbəbə görə PB-nə gətirilməsini bildirməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirərək stolun arxa tərəfində dolabın üzərində qoyulmuş qırmızı rəngli qərənfil güllərini təqdim edərək narkotik vasitə aludəçisi olduğunu, Bakı şəhəri, Yasamal rayonu Fəxri Xiyabanda məzarların üzərinə qoyulmuş güllərdən oğurlayıb yol kənarında satıb əldə etdiyi pulla Sabunçu rayonunda anket məlumatlarını bilmədiyi Elnur adlı şəxsdən şəxsi istehlakı məqsədilə narkotik vasitə əldə edib qəbul etdiyini, xx.xx.2023-cü il tarixdə saat 05:40-da Yasamal rayonu, M.Müşfiq küçəsi 1 ünvanda yerləşən 2-ci Fəxri Xiyabandakı məzarların üzərindəki gülləri oğurlayıb oradan gedərkən mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanıldığını və həmin güllərlə birlikdə polis bölməsinə gətirildiyini bildirmişdir. Baş təhqiqatçı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi qırmızı qərənfil gülləri saydıqda 20 ədəd olmasının aşkar edilmişdir, bundan sonra baş təhqiqatçı Nicat Abdullayev şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkolik vasitə, psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasilə olduğunu bildirərək könüllü olaraq əynindəki göy rəngli şalvarının sağ yan cibindən saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü stolun üstünə qoymaqla təqdim etmişdir. Baş təhqiqatçı Nicat Abdullayev tərəfində həmin bükümə açılaraq keçirilən baxış zamanı içərisində toz şəkilli, spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni də Elnur adlı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra baş təhqiqatçı Nicat Abdullayev tərəfində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Lakin Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra baş təhqiqatçı Nicat Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli siqaret kağıza bükülmüş bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq “Zərflər üçün 167 nömrəli" möhürlə ilə möhürləmişdir. Həmin gün vətəndaş X1 RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət edərək ünvan 6 ünvanda yerləşən 2-ci Fəxri Xiyabanda dəfn olunmuş şəhid qardaşı Nurəhməd Ulubəyovun məzarını xx.xx.2023-cü il tarixdə ziyarət edərək üzərinə güllər qoyduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində Nurəhməd Ulubəyovun məzarını yenidən ziyarət edəndə 1 gün əvvəl məzar daşının üzərinə qoyduğu 20 ədəd qərənfil güllərinin oğurlandığını aşkar etmişdir, baş təhqiqatçı Nicat Abdullayev tərəfindən X5 iştirakı ilə ünvan 2 ünvanda yerləşən 2-ci Fəxri Xiyabanda dəfn olunmuş şəhid qardaşı X2 məzarına baxış keçirilərək protokol tərtib edilmişdir. Keçirilmiş əməliyyat tədbirlər nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatladan müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələri istehlak etmək məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olur, narkomaniyaya qurşanmış şəxsdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması barədə” qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı X3 tərəfindən icraata qəbul edilmişdir. (i.v.1) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün tutulmuşdur. (i.v.20) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutulma vaxtı xx.xx.2023-cü il tarixdən saat 05:40-dan hesablanmışdır. (i.v.23) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, polis bölməsinə gətirilərkən Təqsirləndirilən şəxs ilə söhbət zamanı, o bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir və hal-hazırda da üzərində narkotik vasitə vardır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində öz dediyinə görə narkotik vasitə “heroin”-ə bənzər kütlə olan bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində toz şəkilli qəhvəyi rəngli öz dediyinə görə narkotik vasitə olan “heroin”-ə bənzər kütlə vardır. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Sabunçu rayonunda yaşayan, əvvəllər də narkotik vasitələr aldığı Elnur adlı şəxsdən almışdır. xx.xx.2023-cü il tarixdə saat 05:40-da Yasamal rayonu, M.Müşfiq küçəsi 1 ünvanında yerləşən 2-ci Fəxri Xiyabanda məzarların üzərindəki gülləri oğurlayaraq oradan getmək istədikdə Fəxri Xiyabanın mühafizəçiləri tərəfindən saxlanılaraq Yasamal rayon Mühafizə İdarəsinin polis əməkdaşlarına təhvil verilmişdir. Daha sonra polis əməkdaşları onu 28-ci PB-nə gətirmişlər. (i.v.31-32) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/399 nömrəli xx.xx.2023-cü il tarixli ekspertizanın nəticəsində alınmış rəyə əsasən, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,450 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 1,450 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,400 qram. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat olaraq müəyyən edilmişdir. (i.v.46-48) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v.58) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-72/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 86-90) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş iki ədəd doğum haqqında şəhadətnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır: xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X6. (i.v.114) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/830 nömrəli xx.xx.2023-cü il tarixli eskpertizanın nəticəsində alınmış rəyə əsasən, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkil təqdim edilmiş 20 ədəd qərənfil gülünün 2023-cü il yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 10,00 (20 ədəd x 0,50) manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat olaraq müəyyən edilmişdir. (i.v.119-120) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin xx.xx.2023-cü il tarixli 1884 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama nəticəsində alınmış rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.125-126) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-300/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində verilmiş təqdimat və vəsatət təmin edilmişdir və əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla onun barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-72/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-285/2023 saylı xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v.127-128) İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-192/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, onun 22 avqust 2022-ci il tarixdən 24 avqust 2022-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzrərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı olması nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,450 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınması, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 1,400 qram təşkil edən həmin narkotik vasitə heroin cinayət işinin qurtarması ilə əlaqədar proses iştirakçıları cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanılması otağı”-na təhvil verilməsi, şəxsi axtarış və götürmə aparılması prosessual hərəkəti prosesinə dair videoçəkilişi özündə əks etdirən həmin elektron məlumat daşıyıcısı olan “DVD-R” formatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılması ilə bağlı xx.xx.2023-cü il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə haqqında protokolda və həmin protokolda qeyd olunmuş onun özünün ilkin etirafedici şifahi izahatı, yazılı izahatı, ifadələri, şəxsi axtarış və götürmə aparılarkən çəkilərək məlumat daşıyıcısı olan 01 ədəd “DVD-R” diskə köçürülmüş videogörüntü ilə, maddi sübutla, həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid1 və Şahid5 ifadələri, eləcə də iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli, 9/830 nömrəli və ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1884 nömrəli rəylər, eləcə də əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlərin cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. (i.v.135-150) Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 21 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində öz dediyinə görə narkotik vasitə “heroin”-ə bənzər kütlə olan bükülünü çıxarıb təqdim etməsi müşahidə olunur. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunur ki, təqdim edilmiş bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində toz şəkilli qəhvəyi rəngli öz dediyinə görə narkotik vasitə olan “heroin”-ə bənzər kütlə vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması barədə özünün etirafedici ifadəsini, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilir. Bunlara əsasən, məhkəmə hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İslah prosesi məhkumun cəmiyyət tərəfindən təsbit olunmuş normalara uyğun hərəkət edən, cəmiyyətdə birgə yaşayış qaydalarına zidd hərəkətlər törətməkdən çəkinən, ictimaiyyət üçün faydalı hesab edilə biləcək fəaliyyətlə məşğul olan insana çevrilməsi məqsədini güdür. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş qəti olaraq, 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs hal-hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(008)-192/2023 saylı hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs 131 (bir yüz otuz bir) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 1,400 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından iş üzrə Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-285/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5. və 66.2-ci maddələri tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-192/2023 saylı 28 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq üzərində saxlanılmış 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 131 (bir yüz otuz bir) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,400 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-285/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-285/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver