Məhkəmə qərarları › İş №1(004)-286/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-286/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-286/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaqla özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "İnstagram" sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni həmin sosial şəbəkədə hər kəsin görə biləcəyi şəkildə yerləşdirməklə "sunaaliyeva7" adı altında saxta profil hesabı açıb sonuncunun pul müqabilində fahişəliklə məşğul olması barədə rüsvayedici məlumatlar yaymış, Zərərçəkmiş şəxs istifadəsində olan həmin mobil nömrəyə ayrı-ayrı şəxslər tərəfindən zənglər daxil olduğu üçün bu barədə məlumatı olduqdan sonra mesaj yazaraq sözü gedən hesabın onun tərəfindən yaradılmasını yəqin etmiş, 03 noyabr 2022-ci il tarixdə saat 18:25-də ünvan 2 ünvanında yerləşən mənzildə olarkən Zərərçəkmiş şəxs ilə telefon danışığı zamanı sonuncu həmin hesabın silinməsini ondan xahiş etdikdə, o, hesabın "İnstagram" sosial şəbəkəsindən silinməsi müqabilində Zərərçəkmiş şəxs 1000 manat pul tələb etmiş, əks təqdirdə həmin hesabı silməyəcəyini deməklə sonuncunu hədələmiş, Zərərçəkmiş şəxs hədənin real olmasını, bu xarakterli məlumatların yayılmasının onun rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını dərk edərək məcburiyyət qarşısında həmin profil hesabın silinməsi üçün onunla danışıb 120 manat verilməsi müqabilində “İnstagram” sosial şəbəkəsində çoxsaylı şəxslərin izlədiyi “sunaaliyeva7” adlı səhifənin silinməsinə razılaşaraq istintaqla müəyyən edilməyən tarixdə Zərərçəkmiş şəxs "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 1451 0696 seriya nömrəli istintaqa məlum olmayan şəxsə məxsus bank hesabına köçürdüyü 120 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin may ayıdan sonra "İnstagram" sosial şəbəkəsində "alisan.bandos" adı altında qeydiyyatdan keçmişdir. Bundan sonra o həmin sosial şəbəkənin vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuş və onlar yazışmağa başlamışlar. Bir müddət Milanə ilə yazışdıqdan sonra mobil telefonun "Whatsapp" proqramı vasitəsi ilə yazışıb danışmağa başlamışdır. O Minayə ilə görüntülü danışmaq istəsə də, sonuncu ona üzünü göstərmək istəməmişdir. O bir neçə dəfə Milanəyə görüşməyi təklif etmiş, o isə onun bu təklifi ilə razılaşmışdır. 2022-ci ilin iyul ayında o, Bakı şəhərinə gələrək Milanəyə yazıb bildirmişdir ki, Bakı şəhərindədir və onunla görüşüb, söhbət etmək istəyir. Lakin, iki gün Bakı şəhərində olsa da, Milanədən xəbər çıxmamış və bu səbəbdən o yaşadığı Sabirabad rayona qayıtmışdır. Bundan sonra o bir daha Minayənə yazaraq görüşmək istədiyini bildirmiş, lakin sonuncu müxtəlif bəhanələr gətirərək onunla görüşməmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində maddi çətinlikləri olduğuna görə Milanə ona köməklik etmək istədiyini bildirmiş və o, özünə məxsus "Leo Bank" bank kartının şəklini mobil telefon vasitəsilə ona göndərmiş, Milanə isə həmin gün ona 100 manat pul köçürtmüşdür. Bundan bir müddət sonra Milanə onunla görüşmək istəmədiyi üçün ona əsəbləşərək "İnstagram" sosial şəbəkəsində "suna aliyeva" adlanan səhifə açıb həmin səhifəyə əxlaqsız qadınların şəkillərini yerləşdirərək Milanənin nömrəsini qeyd etmişdir. 03 noyabr 2022-ci il tarixdə Milanə ondan həmin səhifənin silməsini xahiş etmiş o isə, Milanəyə bildirmişdir ki, onun kartına 200 manat pul göndərsə, həmin səhifəni silər. Milanə onun bu təklifi ilə razılaşdıqdan sonra təsadüfən çay evində tanış olduğu şəxsin ona vermiş olduğu, hazırda seriya nömrəsini xatırlamadığı "xxxx"-a məxsus olan kartın şəklini Milanəyə göndərmiş, sonuncu 2022-ci ilin noyabr ayının axırlarında həmin karta 120 manat pul göndərdikdən sonra o, “İnstagram” sosial şəbəkəsindəki səhifəni silmişdir. Yekun olaraq o Milanədən 1000 manat deyil cəmi 200 manat pul tələb etdiyini, etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını bildirib məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin may ayının axırlarında “İnstagram” sosial şəbəkəsində təsadüfən "alisan.bandos" profili olan, özünü Əlişan kimi təqdim edən şəxslə tanış olmuş, bundan sonra Əlişanla mütəmadi olaraq dost kimi yazışmağa başlamışdır. Söhbət zamanı Əlişan onunla dostluq əlaqəsi qurmaq istədiyini bildirərək istifadəsində olan mobil nömrəsini istəmiş və o Alişanın sözlərinə inanaraq mobil nömrəsini vermiş ona vermişdir. Bundan sonra onlar “Whatsapp” proqramı vasitəsilə yazışmışlar. Əlişan ona görüşməyi və ya telefonla görüntülü danışmağı təklif etsə də, o buna razılıq verməmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində Əlişan ona, maddi çətinliklərinin olduğunu demiş və o aralarında olan söhbət zamanı Əlişana bildirmişdir ki, kart nömrəsi göndərsin, ona maddi köməklik etmək məqsədi ilə pul göndərmək istəyir. Əlişan onun mobil telefonuna kart şəkli göndərmiş, bundan sonra o həmin karta 100 manat pul köçürtmüşdür. Bundan sonra da Əlişanla danışıqları, yazışmaları davam etmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində Əlişan ona yaşadığı Sabirabad rayonundan Bakı şəhərinə gəldiyini, onunla görüşməyi və yaxından tanış olmağı təklif etdikdə o, buna etiraz etmiş, bu səbəbdən də aralarında narazılıqlar yaranmağa başlamışdır. Ona görə də Əlişandan xahiş etmişdir ki, bundan sonra onu narahat etməsin. Lakin, Əlişan onunla razılaşmamış və onu hədələməyə başlamışdır. Bundan sonra Əlişan, “İnstagram” sosial şəbəkəsində saxta səhifə açıb, həmin səhifəyə əxlaqsız qadın şəkillərini yerləşdirərək onun mobil nömrəsini orada qeyd etmişdir. Bundan sonra ona cox sayda zənglər gəlməyə başlamışdır. O, Əlişandan həmin səhifəni bağlamasını tələb etdikdə sonuncu bunun müqabilində ondan 200 manat tələb etmiş, lakin o Əlişana 120 manat verə biləcəyini demişdir. Bundan sonra Əlişan ona kart şəklini göndərmiş və o, 2022-ci ilin noyabr ayının axırlarında Əlişanın göndərdiyi karta 100 manat pul köçürtmüşdür. Həmin gün Əlişan, onun barəsində yaratdığı saxta səhifəni "İnstagram" sosial şəbəkəsindən silmişdir. Bundan sonra sonra o qorxduğu üçün Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsində Əlişanın hədə qorxu ilə ondan 1000 manat tələb etdiyi qeyd etmişir. Lakin Əlişan ondan cəmi 200 manat tələb etmişdir. Polis İdarəsinə ərizə ilə müraciət etdiyi zaman düşünmüşdür ki, məbləği cox yazsa onun müraciətinə daha ciddi baxilar. Yekun olaraq bildirdi ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində köməklik məqsədi ilə Əlişana 100 manat vermiş, bundan sonra Əlişan ondan hədə qorxu ilə 200 manat tələb etmiş, o isə 120 manat ona vermişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “SMS yazışmalarının götürülməsi və baxış keçirilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən sms mətnləri 07 (yeddi) vərəqədən ibarətdir. Həmin sms yazışmalarına baxış zamanı müəyyən edilmişdir ki, “İnstagram” sosial şəbəkəsində “alisan.bandos” adlı istifadəçinin yazışmaları olmuş, həmin yazışmalardan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralarında tanışlıq münasibəti olduğundan yazışmaları olmuş, həmin yazışmalara əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs görüşmələrini təklif edir və sonuncu bundan imtina edir. Bundan başqa, Zərərçəkmiş şəxs təqdim etdiyi yazışmalardan, Təqsirləndirilən şəxs ondan, adına “İnstagram” sosial şəbəkəsində açdığı saxta səhifənin silinməsi qarşılığında hədə-qorxu ilə pul tələb etməsi öz təsdiqini tapmışdır. (i.v. 30-37) “Mobil telefonun götürülməsi və baxış keçirilməsi haqqında” 29 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin mobil telefonda istintaq üçün əhəmiyyət kəsb edən “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs istifadəsində “alisan.bandos” adı altında olan səhifə ilə Zərərçəkmiş şəxs istifadəsində “sunaaliyeva9” adı altında olan səhifə ilə yazışmalar olmuşdur. Həmin yazışmalarla müəyyən olunmuşdir ki, Zərərçəkmiş şəxs istintaqa kağız üzərində təqdim etdiyi “İnstagram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə aralarında olan yazışmalar sonuncunun mobil telefonundakı yazışmalrda öz əksini tapmışdır. Bundan başqa, həmin yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs Milan Əliyeva ilə tanış olduqdan sonra onunla bir müddət yazışmış və sonradan onu görüşməyə dəvət etmiş, Zərərçəkmiş şəxs isə imtina etmişdir. Bu səbəbdən aralarında narazılıq yaranmış, Zərərçəkmiş şəxs görüşmək istəmədiyinə görə onu sosial şəbəkələrdə şantaj edəcəyi ilə hədələmişdir. Bundan sonra Zərərçəkmiş şəxs adına açdığı saxta səhifənin “İnstagram” sosial şəbəkəsindən silinməsindən ötrü Təqsirləndirilən şəxs ondan 200 manat pul tələb etmişdir. (i.v. 58-59) “Diskə baxış keçirilməsi haqqında” 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən həmin diskdə 02 (iki) ədəd fayl yerləşdirilmişdir. Həmin fayllardan birincisi “Foto”, ikincisi isə “YASAMAL RAYON POLİS İDARƏSİ - Təqsirləndirilən şəxs 409858TDİFKE9628” adlı fayllardır. “Foto” adlı qovluğun içərisində 22 (iyirmi iki) ədəd fayl yerləşir. Həmin fayllarda iş üzrə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə və ünvanlarda pul məxaric etmək üçün nəzərdə tutulmuş, banklar tərəfindən quraşdırılmış aparatların qarşısında çəkilmiş fotoşəkilləri var. Bundan başqa, “YASAMAL RAYON POLİS İDARƏSİ - Təqsirləndirilən şəxs 409858TDİFKE9628” adlı fayla baxış keçirilərkən müəyyən edildi ki, 12 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasında quraşdırılmış terminaldan 100 manat pul məxaric edilmişdir. (i.v. 166-167) “Diskə baxış keçirilməsi haqqında” 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 14 mart 2023-cü il tarixli 5966 nömrəli məktubu ilə daxil olmuş olan ağ rəngli CD formatlı diskə zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 (bir) ədəd “4164xx.xx.2023” adlı qovluq, həmin qovluğun içərisində isə 06 (altı) ədəd fayl yerləşdirilmişdir. Həmin fayllardan birincisi “4164-ant”, ikincisi “4164-k.m.”, üçüncüsü “507329289_SMS”, dördüncüsü “507358465_SMS”, beşincisi “**********89” və altıncısı “**********65” adlı fayllardır. “4164-ant” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, 08 iyun 2022-ci il tarixdən 23 dekabr 2022-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglər Sabirabad, Kürdəmir, Salyan rayonları və Bakı şəhərinin müxtəlif ünvanlarında fəaliyyət göstərən anten dairələrində qeydə alınmışdır. “4164-k.m.” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin faylda müxtəlif abunəşilərin mobil telefon nömrələri və anket məlumatları qeyd edilmişdir. “507329289_SMS” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin faylda 25 iyun 2022-ci il tarixdən 28 noyabr 2022-ci il tarixədək ********** və ********** mobil nömrələrə daxil olan mesajlar qeyd edilmişdir. “507358465_SMS” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin faylda 08 iyun 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək ********** və ********** mobil nömrələrə daxil olan mesajlar qeyd edilmişdir. “**********89” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə saat 17:31 dəqiqədə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon arasında 19 saniyəlik telefon danışığı qeydə alınmışdır. “**********65” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon arasında 02 noyabr 2022-ci il tarixdə saat 13:01 dəqiqədə 40 saniyə, 03 noyabr 2022-ci il tarixdə saat 16:00 dəqiqədə 1411 saniyə, saat 18:25 dəqiqədə 24 saniyə, saat 19:35 dəqiqədə 69 saniyə, 04 noyabr 2022-ci il tarixdə saat 16:33 dəqiqədə 805 saniyə, 01 dekabr 2022-ci il tarixdə saat 12:15 dəqiqədə 221 saniyə, saat 12:52 dəqiqədə 15 saniyə, saat 16:23 dəqiqədə 1378 saniyə, saat 16:51 dəqiqədə 1016 saniyə, saat 19:30 dəqiqədə 37 saniyə, saat 19:31 dəqiqədə 62 saniyə, saat 19:34 dəqiqədə 227 saniyə, saat 19:39 dəqiqədə 534 saniyə, 15 dekabr 2022-ci il tarixdə saat 16:25 dəqiqədə isə 723 saniyəlik telefon danışığı qeydə alınmışdır. (i.v. 189- 190) “İfadənin yerində yoxlanılması haqqında” 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı istintaqa vermiş olduğu ifadəsini yerində göstərərək bir daha təsdiq etmişdir. (i.v. 196-197) “Sübutların qiymətləndirilməsi haqqında” 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, "xxxx" ASC-dən əldə edilmiş 1 ədəd və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd disklər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra ona məxsus “Samsung” və “Katel” markalı mobil telefonlar saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, 02 ədəd disklərin cinayət işinə əlavə edilmişdir. (i.v. 198-209) CM-nin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsaən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "İnstagram" sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni həmin sosial şəbəkədə hər kəsin görə biləcəyi şəkildə yerləşdirməklə "sunaaliyeva7" adı altında saxta profil hesabı açıb sonuncunun pul müqabilində fahişəliklə məşğul olması barədə rüsvayedici məlumatlar yaymış, Zərərçəkmiş şəxs istifadəsində olan həmin mobil nömrəyə ayrı-ayrı şəxslər tərəfindən zənglər daxil olduğu üçün bu barədə məlumatı olduqdan sonra mesaj yazaraq sözü gedən hesabın onun tərəfindən yaradılmasını yəqin etmiş, 03 noyabr 2022-ci il tarixdə saat 18:25-də ünvan 2 ünvanında yerləşən mənzildə olarkən Zərərçəkmiş şəxs ilə telefon danışığı zamanı sonuncu həmin hesabın silinməsini ondan xahiş etdikdə, o, hesabın "İnstagram" sosial şəbəkəsindən silinməsi müqabilində Zərərçəkmiş şəxs 1000 manat pul tələb etmiş, əks təqdirdə həmin hesabı silməyəcəyini deməklə sonuncunu hədələmiş, Zərərçəkmiş şəxs hədənin real olmasını, bu xarakterli məlumatların yayılmasının onun rüsvay olmasına, ləkələnməsinə səbəb olacağını dərk edərək məcburiyyət qarşısında həmin profil hesabın silinməsi üçün onunla danışıb 120 manat verilməsi müqabilində “İnstagram” sosial şəbəkəsində çoxsaylı şəxslərin izlədiyi “sunaaliyeva7” adlı səhifənin silinməsinə razılaşaraq istintaqla müəyyən edilməyən tarixdə Zərərçəkmiş şəxs "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 1451 0696 seriya nömrəli istintaqa məlum olmayan şəxsə məxsus bank hesabına köçürdüyü 120 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib almışdır. İstintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 1000 manat pul tələb etməsi ilə bağlı Ə.Yadiyarova qarşı ittiham vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadələrində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində köməklik məqsədi ilə Əlişana 100 manat vermiş, bundan sonra Əlişan ondan hədə qorxu ilə 200 manat tələb etmiş, o isə ona 120 manat vermişdir. Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinə təqdim etdiyi ərizəsində Əlişanın hədə qorxu ilə ondan 1000 manat tələb etdiyi qeyd etmişdir. Lakin Əlişan ondan cəmi 200 manat tələb etmişdir. Polis İdarəsinə ərizə ilə müraciət etdiyi zaman düşünmüşdür ki, məbləği cox yazsa onun müraciətinə daha ciddi baxilar. Bundan əlavə Təqsirləndirilən şəxs həm ibtidai istintaqda həm də məhkəmə istintaqında zərərçəkmiş şəxsdən 200 manat pul tələb etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus telefona baxış keçirilməsi barədə protokoldan da görünür ki, "İnstaqram" sosial şəbəkəsində olan səhifənin silinməsi üçün 200 manat pul tələb etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hədə qorxu ilə tələb etdiyi pulun məbləği 200 manat olması müəyyən edilməlidir. Lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 may 2017-ci il tarixli 1(089)-188/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 may 2017-ci il tarixli 1(089)-188/2017 saylı hökmünə əsasən azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 15 dekabr 2016-cı il tarixdən 17 dekabr 2016-cı il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 03 (üç) gün təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3282 saylı əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (i.v. 38-39, 136-144) “Şübhəli şəxsin tutulması haqqında” 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00 dəqiqədə tutulmuşdur. (i.v. 49) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(003)-607/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 28 dekabr 2022-ci il tarixdən hesablanmaqla 19 mart 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 84-85) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 may 2017-ci il tarixli 1(089)-188/2017 saylı hökmü ilə 05 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3282 saylı əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 may 2017-ci il tarixli 1(089)-188/2017 saylı hökmü ilə təyin edilmiş 05 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.4 və 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 6 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 27 may 2022-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası şikayəti yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. (i.v. 64) Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi tanınmamış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş 01 ədəd “Samsung” markalı və 01 ədəd “Katel” markalı mobil telefonlar qanuni sahibi Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 28 dekabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 28 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş 01 ədəd “Samsung” markalı və 01 ədəd “Katel” markalı mobil telefonlar qanuni sahibi Təqsirləndirilən şəxs geri qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar