Məhkəmə qərarları › İş №1(004)-286/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-286/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-286/2025 30.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Rusiya Federasiyası, Norilsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə heroin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,339 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və 09 yanvar 2025-ci il tarixdə saat 12:00-da Yasamal RPİ-nin 26-cı PB-nın əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi dalan 6 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,339 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. 09 yanvar 2025-ci il tarixdə polis əməkdaşları yaşadığı mənzilə daxil olaraq özlərini təqdim etmişlər və ona onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər. Daha sonra onu maşına mindirib bölməyə aparmışlar. Polis bölməsində olarkən ona psixoloji təsir göstərmişlər, üzərində narkotik vasitə olmamış, lakin fiziki zor tədbiq edilməmiş və bununla bağlı hər hansı orqana müraciət etməmişdir. O da məcburiyyət qarşısında ona elan olunan ittihamla qorxudan razılaşmışdır. Həmçinin narkotik vasitə istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-nın baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, o, 09 yanvar 2025-ci il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə xidməti ərazidə yəni Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi dalan 6 ünvanda olan zaman bir nəfər şəxsin narkotik vasitə və ya psixotrop maddə aludəçisi olması ilə bağlı şübhəli davranışlar etdiyi üçün onlar ona yaxınlaşıb vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Bundan sonra onlar həmin şəxsi üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmiş və o, onlarla birlikdə polis bölməsinə getməyə razılıq vermişdir. Polis bölməsində onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş apanlmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli kağız büküm içərisində qəhvəyi rəngli kütləni çıxararaq təqdim etmişdir. Həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin aşkar olunmuş maddə nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin maddəni 09 yanvar 2025-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu “Kubinka” adlanan ərazidən anket məlumatlarının bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Yasamal RPİ-nin 26-cı PB-nın əməliyyat müvəkkili polis kapitanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış aparılmazdan əvvəl bu istintaq hərəkətində iştirak edən şəxslərə Azərbaycan Respublikası CPM-in 244.6-cı maddəsinə əsasən təhqiqatçının bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydlər vermək hüququna malik olmaları izah edildi. Şəxsi axtarışda iştirak edən şəxslərdən istintaq hərəkəti qurtaranadək şəxsi axtarış və götürmənin aparıldığı yeri tərk etməmələri, habelə öz aralarında və digər şəxslərlə ünsiyyətdə olmamaları xahiş edildi. Qərarı elan etdikdən sonra götürülməli olan əşya və sənədləri könüllü surətdə verməsi Təqsirləndirilən şəxs təklif edildi. Həmin şəxs bununla razı olduğunu bildirdikdən sonra geyindiyi göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli kağız bükülü çıxardaraq təqdim etdi və üzərində başqa heç bir əşya və ya predmetin olmadığını bildirdi. Daha sonra isə Təqsirləndirilən şəxs geyindiyi paltarlarında şəxsi axtarış nəticəsində gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək başqa hər hansı bir əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Onun geyindiyi göy rəngli cins şalvarının sağ yan cibindən çıxardaraq təqdim etdiyi qızılı rəngli kağız bükülünü açıb içərisinə baxarkən orada qəhvəyi rəngli, toz şəkilli və spesifik qoxuya malik narkotik vasitəyə oxşar maddə aşkar edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin gün, yəni 09 yanvar 2025-ci il saat 10:00 radələrində Nəsimi rayonundakı “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat pul vəsaiti müqabilində əldə edərək geyindiyi şalvarın cibində saxlayıb daşımaqla gəzdirdiyini bildirdi. Qızılı rəngli kağız bükülüdə aşkar edilmiş narkotik vasitəyə oxşar maddə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürüldü, istintaq hərəkətinin bütün iştirakçılarına nümayiş etdirildi, qablaşdırıldı və «Zərflər üçün №170» möhürü ilə möhürləndi (i.v. 27-28). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2025-ci il tarixli, 6/91 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Həmidli Anar (imza)..” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,339 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i.v. 35-39). “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 22 yanvar 2025ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X3, icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 85, 236.1-cı maddələrinin tələblərini rəhbər tutub tərtib etmişdir həmin protokolu Bakı şəhəri Yasamal RPİ-nin inzibati binasında yerləşən xidməti otağında cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət verilməsi məqsədi ilə Yasamal RPİ-nin 26-cı PB-də həmin fakt üzrə toplanmış materiallarla birlikdə daxil olmuş gümüşü rəngli DVD-R formatındakı disk məlumatlarına baxış keçirmiş, baxış zamanı DVD-R diskdə olan məlumatlara “ACER” markalı kompüterdən istifadə edilərək baxılacaqdır. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: ağ rəngli 1 ədəd DVD disk «ACER» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda müəyyən edildi ki, Yasamal RPİ-nin 26-cı PB-nın inzibati binasında təhqiqatçı, polis mayoru, X7 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X5, Yasamal RPİ-nin 26-cı PB-nın əməliyyat müvəkkili, polis mayoru Şahid1, əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəng cins şalvarın sağ yan cibində saxladığı bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə maddənin narkotik vasitə heroin olduğunu, bu maddəni 09 yanvar 2025-ci il tarixdə 10 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidən anket məlumatlarının bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində polis əməkdaşlar tərəfindən Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi dalan 6 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan 1 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. Bununla da 1 ədəd DVD diskə baxış keçirilməsi başa çatdırıldı. Baxış zamanı texniki yazan vasitələrdən yalnız kompüterdən istifadə edildi (i.v. 80). “Maddi sübut kimi tanımaq haqqında” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,339 qram olan narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi tanınması və tədqiqatlardan sonra qalıq qalmış 0,289 qram narkotik vasitə heroinin məhkəmə baxışınadək saxlanması üçün Yasamal RPl-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (i.v. 81). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 mart 2025-ci il tarixli, 1448 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən Bakı şəhəri Respublika Narkoloji Mərkəzində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 104-105). “Sübutların qiymətləndirilməsi haqqında” 31 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 11 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Yasamal rayon məhkəməsinin hakimi X4 tərəfindən seçilmiş 03 ay müddətinə həbs qətimkan tədbirinin nəzərə alınması, iş üzrə xx.xx.2025-ci il tarixdə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234- cü maddəsinin qeyd hissəsinin 1-ci bəndinin tətbiq edilməməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən materialın ayrılması və müvafiq əməliyyat tədbirlərinin davam etdirilməsi məqsədilə Yasamal RPİ-nin 26-cı polis bölməsinə göndərilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərində xx.xx.2025-ci il tarixdə, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD-R formatmdakı diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasının nəzərə alınması, Təqsirləndirilən şəxs məxsus məxsus təmiz çəkisi 0,339 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,289 qramlıq hissəsi məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması, iş üzrə şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 6/91 nömrəli rəyi, ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1448 nömrəli rəyi, əhəmiyyət kəsb edən digər sənədlərin iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qəbul edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 106-144). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis bölməsində olarkən ona psixoloji təsir göstərdiklərini, o da məcburiyyət qarşısında ona elan olunan ittihamla qorxudan razılaşdığını, həmçinin narkotik vasitə istifadə etdiyini və polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitənin olmadığını, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Həmçinin ona qarşı irəli sürülmüş ittihamdan narazı (qanunsuz) olduğu barədə məhkəməyədək icraat dövründə prokurorluq orqanlarına və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəng cins şalvarın sağ yan cibində saxladığı bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə maddənin narkotik vasitə heroin olduğunu, bu maddəni 09 yanvar 2025-ci il tarixdə 10 radələrində Nəsimi rayonu “Kubinka” adlanan ərazidən anket məlumatlarının bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli və məsuliyyətdən yaxa qurtarmaq üçün edilən cəhd kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraatıma qəbul edilərək ibtidai istintaqı aparılması qərara alınmışdır (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2025-ci il tarixdə, saat 12:00 dəqiqədən tutulmuş hesab edilmişdir (i.v. 17). “İstintaq aidiyyəti üzrə göndərilmə haqqında” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Yasamal RPİ 26-cı Polis bölməsindi qeydə alınmış 09 yanvar 2025-ci il tarixli 52 №-li məlumat əsasında toplanmış yoxlama materiallarının istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır (i.v. 40). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 49). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-28/2025 saylı, 11 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 73-75). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 21 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 91-92). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-204/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 21 sentyabr 2023-cü il tarixdən 23 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 02 fevral 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməsi, dərhal məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir (i.v. 93-99). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-281/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 29 aprel 2025-ci il tarixədək uzadılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin eyni maddəsi ilə məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmadığı və ağırlaşdıran halların olduğu, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş 0,289 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 132 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar