Məhkəmə qərarları › İş №1(004)-287/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-287/2021

21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-287/2021 21.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 10.08.1971-ci il tarixində Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 21 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində "Papanin” kimi adlanan yaşayış sahəsindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,514 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata əldə edib üzərində saxlayaraq 21 oktyabr 2020-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Yasamal RPİ-nin NMB-nin va CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,514 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin aludəçisidir, bədənində ağrılar olan zaman inyeksiya yolu ilə narkotik vasitə hesab olunan heroin qəbul edir. 21 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Yasamal rayonu "Papanin” adlanan əraziyə gedib orada üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 20 manat pul verib şəxsi istifadəsi üçün bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibində saxlamışdır. Həmin narkotik vasitəni satmaq niyyəti olmayıb onu ancaq özünün istifadə etməsi üçün əldə etmişdir. Həmin tarixdə təxminən saat 13:00 radələrində qardaşı Şahid1, dostları Saday Atakişiyev və Cehun Əmirovla birlikdə yaşadığı evin həyətində, yəni ünvan 4 ünvanında olan zaman dörd nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini Yasamal RPİnin əməkdaşları kimi onlara təqdim etmişlər və bundan sonra məhkəmə qararını təqdim edib onun yaşadığı mənzildə narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək evə baxış keçirəcəklərini bildirmişlər. Həmin vaxt onun ailə üzvləri və qonşuluqda yaşayan qadınlar polis əməkdaşlarına mane olduqlarına görə polis əməkdaşları bu səbəbdən evində baxış apara bilməmişlər. Evə baxış aparsaydılar belə evində narkotik olmamışdır, o, evdə narkotik saxlamamışdır. Buna görə polis əməkdaşları onu, onun qardaşı Şahid1 va adlarını dediyi dostlarını Yasamal Polis İdarəsinə dəvət etdikdə onlar razılaşaraq polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin inzibati binasına getmişdirlər. Orada xidməti otaqların birində, onun hüquqlarını müdafiə etmək üçün dövlət hesabına dəvət olunmuş müdafiəçinin və polislərin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt təhqiqatçı ondan üzərində qanunsuz əşya və predmetlərin olub-olmadığını soruşmuş və olduğu halda könüllü olaraq təqdim etməyi ona təklif etmişdir. Bundan sonra o, əynindəki tünd göy rəngli idman şalvarının sol yan cibində saxladığı bir ədəd sellofan bükülünü çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofanın içərisində heroin olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, qardaşının hazırda həbsdə olduğunu, habelə anasının yaxın vaxtlarda rəhmətə getdiyini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. NMB-yə 10 avqust 1971-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və evində narkotik vasitə saxlaması barədə əməliyyat məlmatı daxil olmuşdur. Əməliyyat marağı kəsb etdiyindən məlumatın yoxlanılması və həmçinin Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Onun tərəfindən raportla Yasamal RPİ-nin rəisinə məruzə edilmiş və RPİ-nin rəisi tərəfindən 17 oktyabr 2020-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar təsdiq edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, əməliyyat qrupuna onun özü, Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, CAŞ-ın əməliyyat müvəkkilləri Şahid4 oğlu və Şahid5 daxil edilmişdir. Bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs barəsində dəqiq əməliyyat məlumatı daxil olduğundan onun şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında baxış aparılmasından ötrü müvafiq məhkəmə qərarının alınması məqsədi ilə Yasamal rayon prokurorluğu qarşısında Yasamal RPİ-nin rəisi tərəfındən vəsatət qaldırılmış və prokurorluq tərəfındən həmin vəsatət təmin edilmiş və eyni zamanda Yasamal Rayon Məhkəməsi tərəfindən 20 oktyabr 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı qrup üzvləri ilə birlikdə 21 oktyabr 2020-ci il tarixdə saat 12:30 radələrində həmin ünvana gedilmiş, həmin ünvanda Təqsirləndirilən şəxs va sonuncunun qardaşı Şahid1 müəyyən edildikdən sonra qrup üzvləri özlərini Yasamal RPİ-nin əməkdaşları kimi təqdim etdikdən sonra onlara yaşadıqları evdə qanunsuz olaraq narkotik vasitə saxlamaları barədə məlumat olduğunu və bu məqsədlə Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qararına əsasən evdə baxış aparılması izah edilmişdir. Buna baxmayaraq həmin ünvanda olan qadınlar məhkəmə qararının icrasına mane olduqları üçün evdə baxışın aparılması mümkün olmamışdır. Bundan sonra həmin ünvanda olan Şahid1, Təqsirləndirilən şəxs, sonradan şəxsiyyəti məlum olan X3 və X7 narkotik vasitələrin qanunsuz olaraq əldə edilərək saxlanmasında şübhəli bilindikləri üçün Yasamal RPİ-nin inzibati binasına gətirilmişlər və bu barədə onun tərəfındən Yasamal RPİ-nin rəisinə raportla məruzə edilmişdir. Onların üzərlərinə şəxsi axtarış aparılması zərurəti yarandığından raport əsasında araşdırmanın aparılması Yasamal RPİ-nin TŞ-nın təhqiqatçısı Elnur Hacıyevə həvalə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldığına görə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün RPİ-yə müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs onun üstünə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılacağı diqqətinə çatdırılmış və daha sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların hüquq və vəzifələri təhqiqatçı tərəfındən izah edilmişdir. Belə ki, şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində və əşyalarında qanunsuz əşya və narkotik vasitələrin olub-olmadığını soruşmuş, olduğu halda isə təqdim etməsini ona izah etmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən sellofan kəsiyi bükümünü çıxarıb həmin bükümdə narkotik vasitə heroin olduğunu və 21 oktyabr 2020-cil tarixdə səhər saatlarında Papanin adlanan ərazidən tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu aşkar edilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində başqa heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd büküm qablaşdırılaraq götürülmüş, müvafiq protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin satışı ilə bağlı məşğul olması baradə NMB-yə əməliyyat məlumatı daxil olmayıb. Təqsirləndirilən şəxs və Şahid1 yaşadıqları evdə baxışın aparılmasına etiraz etməsələr də, qadınlar etiraz etmişlər. Belə ki, qadınlar nə ona, nədə ki, digər polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq etməmişlər. Qadınlar özlərinə xəsarət yetirəcəklərini dediklərinə görə onlar baxış aparmadan saxlanılan şəxsləri Yasamal RPİnin binasına gətirmişlər. Belə ki, qadınların özlərinə xəsarət yetirəcəklərindən ehtiyat etdikləri və qadınların sağlamlıqlarını düşündükləri üçün məhkəmə qərarının icrasını təmin etməyi qadınlardan tələb etməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili Şahid3, Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid4 oğlunun və 28-ci polis bölməsinin təhqiqatçısı Şahid5 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, onlar Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı X5 tərəfindən tərtib edilmiş və Yasamal rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid2, NMB-nin baş əməliyyat müvəkkili Şahid3, Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkilləri Şahid4 oğlu və Şahid5, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi1 tərəfindən imzalanmış 21.10.2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə aparılmasından əvvəl ona üzərində olan qeyriqanuni əşyaları və maddələri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oğlu əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş maddəni çıxararaq təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddənin olduğu aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu təqdim etdiyi kütlənin nə olması, haradan, kimdən və hansı məqsədlə alması barədə sual verildikdə bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir və onu öz şəxsi istifadəsi üçün Yasamal rayonu Papanin adlanan ərazidə tanımadığı şəxsdən 20 manata almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin digər hər hansı qeydi-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələr zərfə qoyaraq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 42 nömrəli möhürü ilə möhürlənmişdir (1-ci cild səh 48-49). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 21 oktyabr 2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,514 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2020-ci il tarixli, 6/2333 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs: Təqsirləndirilən şəxs oğlu....” yazısı olan zərfdəki, 1 (bir) ədəd bükümdə, ümumi təmiz çəkisi 1,458 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir (2-ci cild səh. 25-28). İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 01.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlundan aşkar edilərək götürülmüş 1,514 qram olan narkotik vasitə olan heroinin tədqiqat keçirildikdən sonra qalan 1,348 qram çəkidə hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına verilməsi qərara alınmışdır. Həmçinin iş üzrə madi sübut növü kimi tanınmış 01 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir (3-cü cild səh. 19-36). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 21.12.2020-ci il tarixli, 3510 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild səh. 181-182). İş materiallarına əlavə olunmuş məhkəmə psixiatrik ekspertizasının 01.03.2021-ci il tarixli, 448 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işində anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda pisxi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağlllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli törətdiyi zaman anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (2-ci cild səh. 234-235) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.07.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1 və 143-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın mahdudlaşdırılması və 300 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.10.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddasinə əsasən təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.12.2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 01 il müddətinə endirilmiş və 13.01.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hal-hazırda məhkumluğu yoxdur (1-ci cild səh. 241-242). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 21.10.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.10.2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.01.2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddəti 01 (bir) ay 01 (bir) gün olmaqla, yəni 22.02.2021-ci il tarixədək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18.02.2021-ci il tarixli qərarı ilə həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və o, məhkəmə zalından azad olunmuşdur (1-ci cild səh 38, 210-214). İş materiallarına əlavə olunmuş 18.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində 18.02.2021-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (2-ci cild səh. 195-198). İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 201387 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, təqsirləndirilən şəxsin anası X4 25.06.2021-ci il tarixində ölmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 21.10.2020-ci il tarixdən 18.02.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 28 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X8 barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablanmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,348 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.07.2021-ci il tarixli, 1(004)-287/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 45 (qırx beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 45 (qırx beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21.10.2020-ci il tarixdən 18.02.2021-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 1,348 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar