Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-288/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1960-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, Masallı rayonu, Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 aprel 2022-ci ildə saat 08:45 radələrində Bakı- Kənar- Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən 5,8-ci kilometrliyində idarə etdiyi Mercedes Benz E 220 minik markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Bakı şəhəri istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə hərəkət etdiyi istiqamətdə dayanmış avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafəsi saxlayaraq onun yanından keçib getməli, lazım gəldikdə isə vaxtında tormozlama əməliyyatı aparmaqla həmin avtomobilə çatmadan dayanmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X8» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, qarşıda həmin zolaqda hərəkətdə olarkən HOWO yük markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində yaranan nasazlıq səbəbindən avtomobili idarə edən sürücü X3 tərəfindən dayandırılmış həmin avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə Mercedes Benz E 220 minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan başın-beyinin alın payı nahiyəsinin subdural qansızması ilə müşayiət olunmuş başın təpə nahiyəsinin əzilmiş yarası, sağ bazu sümüyünün cərrahi boyunun və sağ bud sümüyü boyunun qapalı sınıqları xəsarətini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, onun nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ vardır və ona xx.xx.2019-cu ildə xx.xx.2029-cu ilədək etibarlı olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. xx.xx.2022 ci ildə saat 06:30 radələrində yaşadığı Masallı rayonunun Təzə Alvadı kəndindən öz şəxsi avtomobili olan Mercedes Benz E 220 minik markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə yola düşmüşdür. Cəlilabad rayonu ərazisində yolun kənarında dayanmış bir şəxsi də yolüstü götürmüşdür. Sonradan həmin şəxsin adının Ariz olduğunu bilmişdir. Həmin gün saat 08:45 radələrində Bakı-Kənar-Dairəvi yolunda sağdan birinci zolaqda idarə etdiyi avtomobillə 80-90 km/saat sürətilə hərəkətdə olarkən qarşıda, yəni hərəkətdə olduğu zolaqda yük avtomobilini görüb onun hərəkətdə olduğunu güman etmişdir. Lakin yaxınlaşdıqda həmin **-JO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili yolun sağ kənarında dayandığını, yəni hərəkət etmədiyini görmüşdür. Bu zaman idarə etdiyi avtomobili sol zolağa çəkib keçmək istəmiş, lakin çatdıra bilməmişdir. Avtomobilinin nisbətən sağ hissəsi həmin yük avtomobilinin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs xəsarət aldığı üçün onu TTY avtomobili ilə xəstəxanaya yola salmışdır. Hadisə baş verən anda sərxoş olmamış, avtomobili hadisə öncəsi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobildə yalnız 1 nəfər, yəni Zərərçəkmiş şəxs sərnişin qismində olmuşdur və o, qabaq sağ oturacaqda oturmuşdur. Həmin faktla əlaqədar ilkin araşdırma zamanı Zərərçəkmiş şəxs onunla barışdığı üçün toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Arizin müalicəsi və digər xərclərə görə sağalması üçün ümumilikdə 6000 manata qədər pul xərcləmiş və ona 1500 manat pul sığorta yolu ilə verilmişdir. Həmçinin zərərçəkmiş şəxsin ondan hazırda pul istəsə də, həmin pulu ödəməyə maddi imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinə günəmuzd işləmək məqsədi ilə 16 aprel 2022-ci ildə saat 07:30 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərində yolun kənarında dayanıb avtomobil gözləyərkən əvvəllər tanımadığı və heç bir münasibəti olmayan, hazırda tanqıdığı Masallı rayonunun Təzə Alvadı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E 220 minik markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə orada dayanmışdır. Əliağa ona demişdir ki, əgər Bakı şəhərinə gedirsə onu 10 manat gediş haqqı müqabilində idarə etdiyi avtomobillə Bakı şəhərinə apara bilər. Onunla 8 manat gediş haqqı vermək barədə razılaşaraq sərnişin qismində avtomobilin arxa oturacağında oturmuşdur. Qabaq sağ oturacaqda başqa bir sərnişin oturmuşdur. Bundan sonra sürücü Əliağa avtomobili idarə edərək Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qabaqda oturmuş sərnişin kişi avtomobildən düşdüyü üçün keçib qabaq sağ oturacaqda oturmuşdur. Sürücü Əliağa bundan sonra avtomobili idarə etməklə yolu davam etmişlər. Yolda yuxulayıb yatmışdır. Ayıldıqda sərnişini olduğu avtomobilin dayanmış yük avtomobilinin arxa hissəsi ilə toqquşduğunu bilmişdir Həmin yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarət nəticəsində yuxudan ayılmış və bu zaman hadisə yerində, yəni Bakı-Kənar-Dairəvi yolunda sərnişini olduğu avtomobilin hərəkətinin əksi istiqamətinə dayanmış təcili tibbi yardım avtomobilini görmüşdür. Hadisə yerindən həmin təcili tibbi yardım avtomobili ilə Bakı şəhərindəki X6 aparılmışdır. Orada 9 gün müalicə aldıqdan sonra ambulator müalicəyə evə buraxılmışdır. Həmin faktla aparılan ilkin araşdırma zamanı sürücü Əliağa ona maddi cəhətdən müalicəsi üçün, yəni sağalmasından ötrü kömək edəcəyini bildirdiyinə görə onunla barışmış və bu səbəbdən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə təhqiqatçı Tural Mustafayev tərəfindən qəbul edilmiş 16 may 2022-ci il tarixli qərar özünə təqdim edilmişdir. Sığortadan müəyyən edilmiş pul vəsaitini almış və xəstəxanada olduğu müddətdə Əliağa ona demişdir ki, müalicəsi ilə əlaqədar 400 manat xərcləmişdir. Bundan başqa Əliağa tərəfindən ona heç bir maddi köməklik olunmamışdır. Ona görə də Əliağanın cinayət məsuliyyətinə cəlb olunmasından ötrü DİN-ə ərizə ilə müraciət etmişdir. Hazırda da Əliağanın cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Çünki xəstəxanadan sonra da yenə də xərcləri çıxmışdır. Həkimdən nevroloq tələb etmişdir, nevroloq onun başına baxmamışdır. Onun icazəsi olmadan onu əməliyyat etmişlər. Həmçinin təkcə Əliağanı deyil hadisədə əməli olan bütün şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsmini tələb edir. Orqanlarını həkimlərlə Əliağa birləşib satıblar, sümüyünün iliyini də satıblar, külli miqdarda pul əldə ediblər. əgər əliağa bunları etiraf edərsə, onda 250.000 manat təzminat istəyəcək, əgər etiaf etməzsə 500.000 manat təzminat istəyəcəkdir. Bu səbəbdən də Əliağanı cəzalandırmağı tələb edir. Məhkəmə istintaqı zamanı ifadə verən şahid X3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022 ci ildə saat 06:20 radələrində yol vərəqəsi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus olan HOWO yük markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Kənar-Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən mühərrikdə yaranan nasazlıq səbəbindən avtomobili yolun sağ zolağında dayandırmışdır. Həmin yerdə yolun ehtiyat hissəsi olmamışdır. Avtomobildə təxminən 10 ton mişar daşı olmuşdur. Mişar daşlarından avtomobilin arxa hissəsindən təxminən 10 metr aralı düzmüşdür ki, arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri avtomobilin dayanmış vəziyyətdə olduğunu başa düşsünlər. Bu barədə telefonla avtomobilin məxsus olduğu "xxxx" MMC-nin qaraj müdirinə məlumat vermiş, özü isə su almaq üçün yolun əks tərəfində yerləşən yanacaqdoldurma məntəqəsinin mağazasına getmişdir. Avtomobili dayandırdıqdan təxminən 10-15 dəqiqə sonra yaxınlıqdakı mağazada olarkən toqquşma səsi eşidərək səs gələn tərəfə, yəni yola baxdıqda görmüşdür ki, dayandırdığı avtomobilin arxa hissəsi ilə minik avtomobili toqquşub. Yaxınlaşıb görmüşdür ki, həmin toqquşan nəqliyyat vasitəsi Mercedes Benz E 220 minik markalı 90ZV947 dövlət qeydiyyat nişanlı avtomobildir. Toqquşma nəticəsində həmin avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində oturmuş kişi xəsarət almışdır. Orada məlum olmuşdur ki, həmin avtomobili hadisə zamanı idarə edən şəxs, yəni hadisə yerində olan sürücü Təqsirləndirilən şəxsdur. Bundan sonra hadisə ilə əlaqədar təhqiqatçı tərəfindən araşdırma aparıldıqda hadisə ilə bağlı izahat vermişdir. Həmin hadisə nəticəsində HOWO yük markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi səbəbindən dəymiş ziyanın MMC-yə ödənilib-ödənilməməsini bilmir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 419 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - başınbeyinin alın payı nahiyəsinin subdural qansızması ilə müşayiət olunmuş başın təpə nahiyəsinin əzilmiş yarası, sağ bazu sümüyünün cərrahi boyunun və sağ bud sümüyü boyunun qapalı sınıqları küt əşyanın təsirindən xx.xx.2022-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 05 may 2022-ci il tarixli 8/1031 nömrəli rəyindən görünür ki, Mercedes Benz E 220 minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs ailəli olmaqla, xx.xx.1985-ci il təvəllüdlü Esmira adlı qızı vardır. O, yetkinlik yaşına çatmışdır və uşaq hesab edilmir. Həmçinin iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin çəkdiyi xərclərlə bağlı hər hansı bir ödəniş etmək üçün zəərərçəkmiş şəxslə barışığa gəlmək istəmir, hesab edir ki, ilkin hadisə zamanı xəstəxanada çəkdiyi xərclər kifayət edir, bundan sonrakı xərcləri çəkməyə imkanı yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E 220 minik” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" MMC-yə məxsus olan “HOWO yük” markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 il (bir il) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış avtonəqliyyat vasitələrinin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-288/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-288/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver